Bu dünyanın dərdi
özündən ağır...
İctimai xadim və şair
Babulla Səlimov
1945-ci ildə anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Bakı Ali Partiya Məktəbini fərqlənmə
diplomu ilə bitirib. Mühəndis-mexanik, politoloqdur.
Uzun illər neft sənayesində çalışıb,
Əli Bayramlı (indiki Şirvan) Neft Texnikumunun direktoru, Şəhər İcraiyyə Komitəsinin
sədr müavini, sədri, Əli Bayramlı Şəhər
Sovetinin sədri, icra başçısının
müavini kimi bir çox məsul vəzifələrdə
çalışıb. Şəhərin quruculuğunda yaxından iştirak edib, milli memarlıq ənənələrinin təbliğinə
və tətbiq edilməsinə xüsusi qayğı göstərib.
Onun “Səməd Vurğun dühası xalqa məxsusluğun abidəsidir”
layihəsi əsasında
1987-ci ildə Əli Bayramlı şəhərində
Səməd Vurğun
parkı salınıb,
şairin abidəsi ucaldılıb.
“Kitabi-Dədə Qorqud” dastanının
1300 illik yubileyi şərəfinə onun
işlədiyi layihə
əsasında Əli
Bayramlı şəhərində
“Dədə Qorqud meydanı” salınıb, Dədə
Qorqud abidəsi ucaldılıb, dastanın
motivləri və coğrafiyasını özündə
əks etdirən abidələr kompleksi tikilib.
Babulla Səlimov, eyni zamanda, neft-mədən avadanlıqlarının təkmilləşdirilməsi
ilə bağlı 42
səmərəli təklifin
müəllifidir.
Ötən əsrin 70-ci illərindən
başlayaraq o, respublikanın
dövri mətbuatında Babulla
imzası ilə həm elmi-publisistik, həm bədii yazılarla çıxış
edib, hər yazısında xalqımızın tarixi ilə bağlı taleyüklü problemlərə
toxunub.
Onun 20 Yanvar
şəhidlərinə həsr
olunmuş “Xiyabandan gələn səslər”
şeirlər kitabı
1991-ci ildə, “Yaddaşın
abidəsi” fəlsəfi-publisistik
kitabı 2000-ci ildə,
“Sonam” xatirat kitabı isə 2013-cü
ildə nəşr edilib.
Bir çox
dövlət təltifləri
ilə, medallarla mükafatlandırılıb, “Yaddaş”
Milli Mükafatına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin
üzvü, tanınmış
şair və ziyalı Babulla Səlimovun 70 yaşı tamam olur. Bu münasibətlə
Babulla müəllimi ürəkdən
təbrik edir, ona can sağlığı,
yeni yaradıcılıq
uğurları arzulayırıq.
Bu dünyanın dərdi özündən ağır,
Bu dünyanın dərdli sözü bilinməz!
Bu dünyanın teşti bağlamaz paxır,
Bu dünyanın odu, közü bilinməz!
Bu dünyanın şirini az, dadı
çox,
Bu dünyanın doğması
az, yadı
çox,
Bu dünyanın toyundan fəryadı çox,
Bu dünyanın ağlar gözü bilinməz!
Bu dünyanın ərşə
çatar kəməndi,
Bu dünyanın təntiməmiş
səməndi,
Bu dünyanın sərhədsizdir
sərhəddi,
Bu dünyanın kimdir
özü? Bilinməz!
Bu dünyanın “müştərisi”
çoxalmış,
Torpaq, insan, qan hərisi
çoxalmış,
Dünya
bizə verdiyindən çox almış,
Bu dünyanın dağı,
düzü bilinməz.
Bu dünyanın möcüzəsi
qədərsiz,
Tapmaq olmur bir insanı
kədərsiz,
Bu dünyadan köçüb
getsən xəbərsiz,
Bu dünyanın tərsi, düzü bilinməz!
Bu dünyanın harayına
hay desən,
İnamınla imansızı teyləsən...
Dünya
sənə: - “Dünyadaşım!”
söyləsə,
Bu dünyanın dönük
üzü bilinməz!
Xocalı
soyqırımı bütün
dünyanı xoflandırdı...
Haqqın,
ədalətin silinir izi,
İlahi,
xoflanıb Məkanla Zaman!
Ya çək zənbilinlə
göylərə bizi,
Ya da zühur etsin
Sahibi-Zaman!
Yerdə
də, Göydə də qalmayıb dözüm,
Qov kimi alışır min ilin qarı,
Özündən küsübdür dünyanın
özü,
Manqurtluq sürünür bəşərə
sarı.
Bu qədər təriqət,
bu qədər məzhəb,
Oturtmur yerində
bici, gədanı.
Fəryad
fələkdədir, çarə
qıl, ya Rəbb,
Çuvalda gizlətmək olmaz cidanı.
Ey Haqq! Sən iblisi oddan yaradıb,
Bəla göndərmisən yer övladına.
Adəmi
cənnətdən didərgin
salıb,
İndi də əl atıb övladlarına.
Əcinnə məkrində düz
bəndən yesir,
Toy vaya qarışıb,
o, öz işində.
Bu fitnə-fəsaddan vücud
ürpəşir,
Buzlaşır dünyanın buz gərdişində.
Dinsiz ədalətdən yenə dərs deyir,
Nəfsisə tuşlanıb özgə malına.
Ağ yalan “ağappaq, bəyaz” don geyir,
Niyə yanan yoxdu bəşər
halına?!
Pozulub büsbütün mizan-tərəzi,
Dünyanın üzünə ağ olur qorxaq.
Fitnəyə tuşlanıb onun
mərəzi,
Ədalət, həqiqət - qəbahət, yasaq!..
Hər işdə başdadır
bədxahın əli,
İnamın ayağı sürüşkən
olub.
Dünyanın ağzından qan
iyi gəlir,
İnsafın xırmanı göyə sovrulub.
Müsəlman bəndənəm - hiylədən
uzaq,
Allah, küfrə yazma
bu şikayəti.
Axı qudurubdu şeytan qurumsaq,
İndi əl atmaqdır sənə niyyəti.
Haqqın,
ədalətin silinir izi,
İlahi, xoflanıb Məkanla Zaman.
Ya çək zənbilinlə
göylərə bizi,
Ya da zühur etsin
Sahibi-Zaman!..
BABULLA
525-ci qəzet.-
2015.- 24 oktyabr.- S.29