İblisin Madonnasının yandırılmazdan öncəki nitqi  

 

 

 

Ey möhtərəm Zadlar və Zadələr! Yandırılma mərasimimə xoş gəldiniz... İndiyə qədər məni tək-tək dindirib məhşər ayağına çəkirdiniz. Sizi bu çağadək bu şəkildə-sürü halında heç görməmişdim.

 

Miskinliyinizin “möhtəşəmliyini” anlatmağa sözümün qüdrəti yetməz, məni məzur görün. Az sonra alışdırılacaq ölüm tonqalımın ətrafında sizi görməkdən nə qədər məmnun olduğumu da danmıram. İlahi bir lütflə mənə son söz haqqını iltifat etmisiniz. Necə də ədalətlisiniz, bəylər! Necə də mərhəmətlisiniz, xanımlar! Gərgin zəhmət və səyləriniz  hesabına sorğularınıza aldığınız cavablardan sonra “xalis ifritə” olduğum qənaətinə gəldiyiniz anda mən də İblisin mövcudluğuna inandım, gözünüz bir daha aydın olsun.

 

Aranızdakı Zadların ən böyüyü məhz yandırılmaqla cəzalandırılacağımı söyləyəndə sevindim desəm, gülməyin. Əzəl başdan soyuğu, soyuqluğu sevməmişəm mən. Bu soyuqbaşlı, qurdağızlı, tülküxislətli cahil qövmün arasına atəş kimi düşdüm, alov kimi yaşadım, qoy ölümüm də oddan olsun. Bu soyuğun günündə bir azdan alışdıracağınız tonqal ehtiraslı, zəbanə çəkən alov dilləri ilə vücudumu saranda o alovun yerində olmaq istəyi ilə sizin də daxilən necə qıvır-qıvır  yanıb qovrulacağınızı aydın təsəvvür eləyirəm...

 

Necə deyim ki, bu halınızı yenə və yenidən görəcəyimdən şad deyiləm?  Dürlü-dürlü günahlarım varmış mənim -  qadın doğulmağım və əsl qadın kimi yaşamaq istəyim, yalnız kişilər üçün nəzərdə tutulduğunu güman elədiyiniz qarşısıalınmaz azadlıq eşqimin mövcudluğu, gözəllik, ağıl və istedadın eyni vücudda vəhdəti tam bir ifritə olduğuma dəlalət edirmiş... Bir halda ki, son sözü lütf eləmisiniz, deyim, heç birimizin ürəyində qalmasın: Mən ifritə deyiləm, Qadınam. Qadın!  Özünəməxsus sözü, azad fikri, özgüvəni, sevmək istedadı olan və bunu riyakarlıq pərdəsi ilə  gizlətməyə lüzum görməyən, öz həqiqi dəyərini anlayan Qadın!

 

Belə bir Qadınla İfritənin fərqi yerlə göy qədərdir. Bu Qadın başında Zad və Zadələrin dayandığı kütlə üçün ifritədən daha təhlükəlidir! Yandırılmaq qərarını düz vermisiniz, alqışlayıram! Amma deyim, biləsiz, oddan qorxum yoxdu, çün, mən bu tonqaldan öncə yandırılmışdım artıq...Sadəcə özüm olduğum üçün, sizdən fərqləndiyim üçün məni bu tonqala gətirən yola qədər bu zavallı kütləylə qarşılaşdığım hər gün, hər saat yanmışam. Sizin kimi olmaq istəməyib də, olduğum kimi görünmək arzumu nifrət dolu baxışlarınızın alovu ilə yandırmısınız... İyrənc qeybətlərinizlə əjdahanın püskürdüyü alov kimi qarsmısınız... Hər rastlaşdığımızda bəbəklərinizdə yuva quran kinlə, baxışlarınızı zəbt eləmiş nifrətlə daş-qalaq eləmisiniz... Bəs mən neyləyirdim cavabında? Sanki təbiətin lütfü kimi, məni sizin qaramat nəzərlərinizdən, həris baxışlarınzdan qorumağa çalışarcasına tez-tez üz-gözümə dağılan uzun saçlarımı arxaya atıb sadəcə ürəkdən gülümsəyirdim hamınıza... Gözlərinizdə qaynaşan ilanları, ürəklərinizdə qımıldaşan qurdları, beyninizdə dolaşan tülküləri görürdüm... Heyvanları çox sevirəm, amma insan vücudunun müxtəlif yerlərində yox, sərbəst şəkildə  təbiətin qoynunda yaşayan azad yaradılış nümunəsi kimi...

 

Sizin günah elan elədiyiniz şeylər içinizdə yuva salmış qorxulardı. Yazığım gəlir sizə. Ölüncəyə qədər həqiqi azadlıq nə olduğunu bilmədən qondarma alicənablıq görüntüsü, saxta kübarlıq göstərgəsi ilə riya dolu həyatınızı sürməyə məcbursunuz...

 

“Saçlarım çox uzunmuş”...Və bu “uzun saçlarla Kainatın enerji mənbəyinə nüfuz eləmək imkanım varmış...” da, bilməmişəm. “Uzun saçlı qadın hər kəsi idarə edə bilərmiş...” də, anlamamışam... Məsələ başqaydı. Kainatın enerji mənbəyi sizin uydurmanız idi. Kainat zatən bu qədərini bir yerdə verməklə mənim özümü bir enerji mənbəyinə çevirmişdi. Və siz də bu mənbəyə nüfuz eləmək üçün sinov gedirdiniz. Sizi ayağımın ucu ilə hər dəfə yolumdan kənara atanda  ehtirasqarışıq  qəzəblə əl atıb o uzun saçlarımdan yapışma istəyinizi aydınca oxuyurdum miskin baxışlarınızdan... Daim onun-bunun işinə pəl qatmaq üçün istifadə elədiyiniz, əsl insan təmasına həsrət barmaqlarınızı o tellərə daraq etmək üçün nə hoqqalardan çıxırdınız... Sizdən bolluca üzr istəyirəm, amma alınmadı cənablar, alınmaz! Nə pərişan, uzun saçlarımı, nə də mükəmməllik rəmzi vücudumu və ruhumu içinizin xıltından kir bağlamış o əllərə etibar etmərəm mən. Əynimdəki tikələnmiş, dizlərimi belə örtməyən tunikanı da dəyişməyə icazə vermədiniz. Açıq çiyinlərə dağılan saçların, yarıçılpaq bədəni görməyin son zövqünü yaşamaq istəyirsiniz? Olsun, yaşayın. Uzunsaçlının ahı ağır olur-deyirlərmiş. Ahhh...Həsrətində olduğunuz, amma əlinizin yetmədiyi o saçlardan geriyə dərin bir “ah” miras qoyuram, sizin olsun...

 

“Oxuduğum hər kitabla, aldığım hər bilgiylə, öyrəndiyim hər məlumatla şeytanın laboratoriyasına girib onunla ittifaq bağlayırammış...” Əlbəttə, əslində mənim işim sizin istədiyiniz kimi vaxtında ərə gedib evdə mənim, çöldə başqasının üzünə gülən riyakar ər tapmaqdan, sonra da özünü tam bir əxlaq müdərrisi bilən həmin o çoxüzlüyə dalbadal körpə doğub-böyütməkdən, vaxtaşırı, deyəlim ki, ildə ən azı iki dəfə uşaq saldırmaqdan, zərif çiyinlərimə ağırlıq qaldırmaqdan və nə bilim daha nə “...dırmaqdan”, “...durmaqdan” ibarət olmalı idi. Amma mən sizin istədiyinizi eləmədim, cənablar. Sizin yaşadığınıza şərik olmaq istəmədim, xanımlar. Çünki bu, mənim həyatımdı. Sorğu-sual dövründə əlimdən dartıb aldığınız o kitablar ki vardı, onda şeytanla ittifaq bağlamırdım, sadəcə siz məni o kitablardan uzaq tutub şeytanla-yəni sizlə ittifaq bağlamağa məcbur etmək istəyirdiniz. Hər gün, hər saat yaşamaq adına elədiklərinizdən, “ac qalmamaq üçün” yarlığı yapışdırdığınız əclaflıqlarınızdan, heyvani ehtiraslarınızın təcəssümündən  şeytan belə heyrətə gəlmişdi, xəbəriniz olsun. Kor tərəfi də açılıb, indi o zavallı bərəlmiş gözlərlə sizi süzməkdədir...Baxın, düz yanımda dayanıb. İndi ürəkdən gülməyim sizi çaşdırmasın, doğrudan deyirəm! Demirdinizmi, şeytanla ittifaqdayam. Şeytan solumdadır  indi, kəsdirib yanımı, mən yandırılan kimi külümü ətrafa səpələyəcək ki, o qırıntıların düşdüyü hər yerdən mənim kimi ifritələr yetişsin! Bütün elədiklərinizdən sonra necə deməyim ki, lənət şeytanı lənətləyənlərə?

 

“Çox baxımlıyammış və özümə güvənim sonsuzmuş... Demək ki, məni körükləyən şeytan imiş” sizin aləminizdə. Mənə bu güvəni öyrənmək və bilmək həvəsi verirdi. Hər an, həmişə, hər yerdə öyrənmək arzusu, bilmək diləyi məni rahat buraxmırdı. “Niyə” sualıyla araşdırdıqlarım və əldə etdiklərim məni güclü eləmişdi. O qədər güclü ki, indi külümü göyə sovuraraq canınızı məndən qurtarmaq istəyirsiniz. Xarakterinə yenik, özgüvəni düşük, zavallı kişiciyəz və qadıncığazlar! Bir az kənara çəkilin, qorumdan üstünüzə düşər, od tutarsınız... Ümumi düşmənə qarşı birləşmisiniz indi: Qarşınızda İblisin cazibədar Madonnası dayanıb. Heç bu qədər güldüyüm olmamışdı! İblis özü güldürsün sizi! Çevrə-çevrə yaşayan yazıqlar. Bu çevrədə o birisi çevrədəkilərin, o birisində buradakıların qeybətini edib ətini yeyən yamyam toplusu. Bir-birinin üzünə gülüb fürsət düşən kimi bir-birinin ayağının altını qazıyan, ölümcül zəhərini saxta gülüşlər altında gizlətməyə çalışan, kişisi qadınından, qadını kişisindən seçilməyən ilan sürüsü. Bunları deyərkən nifrət də hiss eləmirəm. Sadəcə simanızın cizgilərini özünüzə göstərməkdi məqsədim. Nifrət belə sizin üçün böyük lütf olardı...

 

“Gözəllik, ağıl və istedadın vəhdət halındakı şeytani təcəllası ilə kişiləri yoldan çıxarma, qadınlara pis örnək olma ehtimalı yüksək” imiş... Sizimi yoldan çıxaracaqdım bəylər? Bəyəm siz yolunuzdasınız ki? Sizin yaşama yolunuz budurmu? Elə isə bəlkə o yolun adının nə olduğunu deyəsiniz bunu da bilim ölmədən öncə? Neyləyim, hər şeyi öyrənib bilmə istəyim ölənədək mənimlədir. Qüsuruma baxmayın, cənablar, bu yol məsələsində mənə elə gəlir ki, bir balaca yanılmısınız. Yoldançıxarma sözündə bir az ümid sezilir, deməli, hər halda pis-yaxşı bir yol varmış. Amma nə yazıq ki, sizin yerli-dibli yolunuz olmayıb, yolsuzlar. Sadəcə mənim yoldançıxarma ehtimalımla sizin “o yola” mənim birgə çıxma arzunuz tərs mütənasib idi. Siz yoldan çıxmışdınız artıq, irəliyə isə yanınızda İblisin Madonnası ilə getmək istəyirdiniz. Yanılmıram. Zənnimdə yanılmaq ehtimalım da elə sizin  vaxtsa yolunuza qayıtmaq ehtimalınız kimi sıfırın altındadır... Qadınlarınıza pis örnək olmağımdan qorxurdunuz? Məncə, siz onların gözünün açılıb rəzilliklərinizi görəcəyindən çox ehtiyat eləyirdiniz. Onların da bilgili, savadlı, dünyagörüşlü, azadfikirli olacağından çəkinirdiniz. Yalandan kübar görüntüsü yaradıb əslində sizin tayınız olan bu saxtakar qadınlar da məndən örnək götürə bilməzdilər. Çünki mən yaşadığım həyatım boyu içimlə dışımı bərabərləşdirmişdim, necəydimsə, eləcəydim. Onlarınsa xımır-xımır “yaşadıqlarını” pərdəyələn məsum bir örtükləri vardı...Lütfən, örtüyünüzü qaldırmayın, xanımlar...Onda bu Zadlara misilsiz dərəcədə yaraşırsınız Zadələr!

 

Və bir də sonuncusu- “İblislə sevişmək...” Mən hələ bundan həyəcanlı, bundan ehtiraslı, bundan gözlənilməz, bundan inanılmaz və bundan cəfəng, gülməli ittiham eşitməmişdim. İblislə sevişirəmmiş... Kaş ki elə belə olsaydı desəmmi? Heç olmasa, onun bir İblis ləyaqəti var. Qarşısına məqsəd qoyub, min illərdir bunun üçün çalışır. Güclüdü, qorxmazdı, asidi, özünə dəyər verəndi. Yanlış da olsa, bir prinsipi özünə hədəf eləyib Yaradanına qarşı çıxmaqdan belə çəkinmədi. Məhv olacağını bilə-bilə... Belə bir güc sahibini sevmək də, onunla sevişmək də ürək istəyir. Halbuki sizin dərdiniz başqaydı-nədən biz varkən İblisi seçdi?- məsələsiydi qarınağrınız. Çobanyastığı çiçəklərinin dəmləməsi  kömək eləyirmiş -deyirlər. Qarınağrısına. Məncə, hərdən bu dəmləmədən içməyiniz xeyrinizə olardı... Zatən qarnınıza nəzarətdən başqa nəyisə düz-əməlli bacarmağınız özü belə şübhəlidir, bir o qədər də gülməli...

 

Bilirsinizmi, sizin üçün ən pis olanı nədir? Mən getdikdən sonra da yeniləri doğulacaq. Həm də hər ötən gün onların sayı daha da artacaq. Rahat nəfəs alıb asudə yaşamağa imkan tapmayacaqsınız, qarşıda hələ çox işiniz var, “İfritə ovçuları”...

 

Mən deyəcəklərimi dedim. İsa Məsih necə demişdi?- İlk daşı günahı olmayan atsın? İçinizdən ən məsumu tonqalımı alışdırsın, mən hazıram...

 

Odunlar çox quruymuş, bir andaca alışdı ki...Kiminsə yandırıb- yaxan öpüşlərini, qızmar təmasını hiss edirəm...Heç olmasa, əllərimi arxadan bağlamazdınız, ölüm anımda məni tək buraxmayan, qucağına alıb Tanrıya aparan bu varlığa sarılaydım. Mən bilib ölürəm, siz bilmədən öləcəksiniz. “Heç bilənlə bilməyən bir olarmı?”...

 

Son ricam: Yandırılma mərasimimə gətirdiyiniz o kiçik qızcığazların gözünü bağlayın, görməsinlər bu dəhşəti- böyüyəndə əsl Qadın olmaqdan qorxacaqlar...

 

Yazı “Ulduz” jurnalının oktyabr sayında dərc edilib.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 24 oktyabr.- S.27