Çin - qədim sivilizasiya və
müasir möcüzələr ölkəsi
(Əvvəli
ötən şənbə sayımızda)
Mayın 30-da vətənpərvər tələbələr
Şanxayda antiimperialist nümayişi təşkil etdilər
və xarici polislə toqquşdular. Britaniya kapitanı
öz stansiyasına hücum ehtimalına
inandığından polisə əmr etdi ki, kütləyə
atəş açsın. Tələbələr
daxil olmaqla 12 çinli öldürüldü. Bu, milli etiraz dalğası əmələ gətirdi
və Şanxaydakı ümumi tətilə yol açdı.
İyunun 23-də fransız və Britaniya dənizçiləri
çinli kadetlərlə atəş mübadiləsi
apardılar. 52 çinli
öldürüldü, onlardan çoxu mülki adamlar idi.
Ən azı 117 nəfər isə
yaralanmışdı. Bu tətillərlə,
Britaniya, Fransa və Yaponiya əleyhinə boykotla nəticələndi.
Lakin sonralar yalnız britaniyalılara
qarşı olmaqla boykot bir qədər daraldı. Tətilə və boykota kommunistlər rəhbərlik
edirdi, 16 ay ərzində davam etməklə tətil Honkonqun
ticarətinə mənfi təsir göstərdi. Bu hadisələr nəticəsində Qomindan
üzvlərinin sayı 200 minə çatdı. ÇKP də həmçinin fayda götürməmiş
qalmadı, onun üzvlərinin sayı 1925-ci ilin
mayındakı 1.000 nəfərdən ilin sonuna 10.000 nəfərə
çatdı.
İki partiya millətçi siyasəti istiqamətləndirmək,
kütləvi təşkilatlara nəzarət etmək və
özlərinə üzvlər cəlb etmək üstündə
rəqabət aparırdılar. Rusların məşqçiliyi
altında Kommunist partiyası Qomindandan ayrılmağa cəhd
edirdi, özündən mühafizəkar üzvləri qovurdu
və daha çox radikal kursa tərəf dönürdü.
1925-ci ilin avqustunda Kantondakı Qomindan mühafizəkarları
sol meyli dayandırmağa cəhd etdilər. Qomindanın Rusiya istiqamətli ən möhkəm tərəfdarlarından
biri olan Liao Çun-kay qətlə yetirildi. Şimaldakı Qomindanın veteranlar qrupu Borodinin və
kommunistlərin qovulmasına göstəriş verdilər,
onlar Şanxayda özlərinin rəqib Qomindan qərargahlarını
yaratdılar.
Milli İnqilabi ordunun yeni komandanı Çan Kayşi
kommunistləri cilovlamaq üçün addım atdı və
bir neçə rus zabitini, özünə qarşı Uan
Çinq-ueylə birlikdə qəsd hazırladıqlarına
inandığından ordudan tərxis etdi. Kommunistlərə
artıq mərkəzi qərargahlarda yüksək vəzifə
tutmağa icazə verilmirdi və Uan Fransaya istirahətə
yollandı. Çan özünün
baş hərbi müşaviri olmuş Qızıl Ordu
generalı V.K.Blyuxerin (gələcək Sovet İttifaqı
Marşalı olmaqla 1938-ci ildə güllələnmişdi)
geri qaytarılmasını tələb etdi. O, Çanla
1924-cü və 1925-ci illərdə işləmişdi və
Milli İnqilabi ordunun formalaşmasında iştirak
etmişdi. Blyuxer mayda Kantona qayıtdı və
Şimal ekspedisiyası planlarının dəyişdirilməsinə
kömək etdi, bu yürüş iyunda başladı və
Çan bu vaxt baş komandan kimi çıxış etdi.
İki ayın içərisində Milli İnqilabi ordu
Hunan və Hupeh üzərində nəzarəti əldə
etdi. 1927-ci ilin yazında inqilabi qüvvələr Nankinə
və Şanxaya hücuma hazırlaşırdı, lakin siyasi
şərait qeyri-stabil idi. Hunan və
Hupehdə kəndli üsyanları mülkədarlara qarşı
zorakılıqla əlamətdar olmaqla baş vermişdi.
Sənaye və kommersiya mərkəzləri olan Yantszı
vadisində və şəhərlərdə tətillər
dalğası ilə biznes az qala iflic vəziyyətinə
düşmüşdü. Kommunistlər və
Qomindanın solçuları bu sosial inqilaba
başçılıq edirdilər. Britaniya
hökuməti Şanxaydakı mühüm mövqelərini
himayə etmək üçün ekspedisiya göndərməyə
hazır idi. Əcnəbilər və
çinlilərin yüksək siniflərindən olanların
çoxu millətçilərin nəzarətində olan əyalətlərdən
qaçırdılar. Şimal orduları
cənublulara qarşı ittifaq yaratmağa
başlamışdılar.
1927-ci ilin yanvarında ÇKP Mərkəzi Komitəsinin
qəbul etdiyi qətnamədə partiyaya qarşı əksinqilabi
dalğanın başa düşüldüyü göstərildi. Onlar
Qomindanın daxilindəki koalisiyadan və onun imperialist
dövlətləri ilə ittifaq bağlamasının
mümkün olmasından qorxurdular. Mərkəzi
rəhbərlik Qomindanın rəhbərliyinə hər
cür dəstək verməyi qərara aldıqda, ÇXP
daxilində bəziləri, xüsusən Mao Tszedun bununla
razılaşmadı. Onlar
inanırdılar ki, kütləvi inqilab öz xətti ilə
getməyə həvəsləndirilməlidir.
Mühafizəkar Qomindan liderləri, bəzi ordu
komandanları və Şanxaydakı çinli olan biznes liderləri
Çana məsləhət gördülər ki, kommunistləri
qovsun və Şanxay ümumi həmkarlar ittifaqını əzsin. Aprelin 12-13-də
banditlər və qoşunlar qan axıtmaqla ümumi həmkarlar
ittifaqını əzdilər və çox sayda kommunistləri
həbs etdilər. Buna bənzər hadisələr
Kantonda, Nankində və başqa şəhərlərdə
də baş verdi. Qomindan mühafizəkarları
bu vaxt Nankində rəqib millətçi hökumət
qurdular.
ÇKP üsyana qalxdı. Dekabrda kommunist liderlərinin
Kantonda başladıqları üsyan Kanton Kommunası kimi
(1871-ci ilin Paris Kommunasını xatırladaraq) tanınır.
Onlar qan axıtmaqla və qarətçiliklə
şəhəri işğal etdilər. Lakin bu bunt
tezliklə, həm də çoxsayda olan qətllərlə
yatırıldı.
1928-ci il oktyabrın 10-da millətçilər rəsmi
olaraq paytaxtı Nankində olmaqla Çin Respublikasının
yenidən təşkil edilmiş Milli Hökumətini qurdular.
Yeni hökumət hərbi separatizm kimi çox
ciddi problemlə üzləşdi. Hökumət
qərbi Çin kimi geniş ərazidə və hətta
müstəqil rejimlərin hökmranlığı altında
olan şərqi Çin regionlarında hakimiyyətə malik
deyildi. Millətçilər çox
çalışdılar ki, müasir hökumət, aydın
monetar və bank sistemi yaratsın və vergiləri
yaxşılaşdırsın. Bu hökumət
ilk bir neçə ildə hakimiyyətdə olanda Çinin
suverenliyinin təşkil edilməsində müəyyən
uğur qazandı. Bir neçə
konsessiya ərazisi Çinin nəzarətinə
qaytarıldı.
Mancuriya Çinin nəhəng və varlı zonası
idi, burada Yaponiya geniş iqtisadi imtiyazlara malik idi, cənubi
Mancuriya dəmir yolu vasitəsilə bu zonanın
iqtisadiyyatının çox hissəsinə nəzarət
edirdi. Yaponiya üçün Mancuriya həyati strateji və
iqtisadi əhəmiyyətə malik idi. Yaponların
çoxu belə bir düşüncəyə malik idi ki,
Yaponiya Qərbin əleyhinə Asiyaya rəhbərlik etməlidir.
Yaponiya hökuməti addımbaaddım
Mancuriyanın işğalına və Mancuqo kimi tanınan
rejimin yaradılmasına girişdi. Bu həyati
zonanı tutmaqda Yaponiyanın qarşısını almağa
Çin qadir deyildi. 1932-ci illər ərzində
Yaponiya Mancuriya sərhədindəki ərazilərin
çoxunu tutdu.
Bu vaxt kommunistlər mərkəzi Çində 15 kənd
bazası yaratdılar və 7 noyabr 1931-ci ildə onlar Sovet
hökuməti qurdular. Yaponların Mancuriyanı işğal etməsi və
1932-ci ildə Şanxayda müharibənin
lokallaşdırılması millətçilərin diqqətini
yayındırdı və kommunistlərə genişlənmək
və konsolidasiya olunmaq üçün qısa bir imkan verdi. Millətçilər
tezlikilə Qızıl Orduları öz bazalarını tərk
etməyə və geri çəkilməyə məcbur etdilər.
Sonrakı kommunist liderləri, Mao Tszedun, Çju De, Çjou
Enlay, Lü Şaotsi və Lin Byao də daxil olmaqla, qərbi
Çinə getməli oldular. Onlar öz
yolları boyu vuruşurdular. 1936-cı ilin
ortalarında Qızıl Ordular, onların qalıqları
şimali Şensidəki yoxsullaşmış zonada
toplaşdılar, sonralar bura Yenan regionu kimi tanındı.
Çan
Kayşinin ordularından çox sayda adam
kommunistlərin “çinlilər çinlilərə
qarşı vuruşmayacaqdır” şüarına rəğbətlə
yanaşırdı, onlar Yaponiya ilə vuruşmağı
seçirdilər. Bu hiss Mancuriya ordusunda xüsusilə
güclü idi. 1936-cı ilin dekabrında
Çan Kayşi Siana qaçdı ki, antikommunist kampaniyasını
təzələsin.
İki Çin partiyası bir-birinə tərəf
yönəlirdi və əlaqə yaratmaq üçün
gizli danışıqlar başlandı. Hər biri bu
danışıqlarda güzəştə gedirdi. Bu, Çin-yapon müharibəsi başlanandan sonra
da, 1937-ci ilin sentyabrına qədər davam etdi. Milli hökumət Sun Yatsenlə birlikdə xalqın
üç prinsipi uğrunda vuruşmaq barədə
ÇKP-nin vədlərini dərc etdi. Bundan
məqsəd Çindəki Sovet hökumətini ləğv
etmək və kommunist qoşunlarını hökumətin
komandanlığı altına keçirmək idi.
Çin-yapon
müharibəsi
7 iyun
1937-ci ildə Pekin yaxınlığında yaponlar və
çinlilər arasında kiçik toqquşma baş verdi və bu, nəticədə iki milləti
müharibəyə cəlb etdi. İyulun
sonlarında yeni vuruş başlandı. Yaponlar
tezliklə Pekini (millətçilər onu Peypin
adlandırırdılar) tutdular. Avqustun 13-də
Şanxayda qızğın döyüş getdi. Bu vaxtdan etibarən iki millətin prestiji riskə məruz
qaldı və onlar artıq müharibədə üz-üzə
dayanmışdılar.
Çinlilər xarici düşmənə qarşı
birləşdilər. Çinin nizami ordusu 1,7 milyon nəfərdən
ibarət idi, 0,5 milyonluq da ehtiyat var idi. Yaponiyanın
hərbi-dəniz və hərbi-hava qüvvələrinin
üstünlüyü şübhə doğurmurdu. Yapon ordusunun başlıca narahatlığı Sovet
İttifaqından olsa da, bu vaxt hərbi-dəniz qüvvələri
üçün başlıca qayğı Birləşmiş
Ştatlar idi. Ona görə də Yaponiya
Çindəki kampaniyaya bütün gücünü qoy bilməmişdi.
Elan olunmamış müharibənin birinci ilində
Yaponiya çinlilərin inadkar müqavimətinə baxmayaraq
bir-birinin ardınca qələbələr qazanırdı. Dekabrın
sonunda Şanxay və Nankin tutuldu. Lakin
Çin müdaxiləçilərə müqavimət
göstərmək barədə qətiyyətini bütün
dünyaya nümayiş etdirdi. Bu isə
xarici dəstək almaq üçün hökumətdən
ötəri vacib əhəmiyyətə malik idi. Sovet İttifaqı silah, sursat, hərbi məsləhətçilər
və Sovet təyyarəçiləri ilə yüzlərlə
təyyarə göndərdi. Yapon qüvvələri
mühüm qələbələr çalmaqda davam edirdi.
1938-ci ilin ortalarında yaponlar dəmir yol xəttlərinə
və şimali Çindəki əsas şəhərlərə
nəzarət edirdilər.
Müharibənin birinci fazasında Milli hökumət
özünün müasir ordularının ən
yaxşılarını, hərbi-hava qüvvələrini və
cəbbəxanalarını, Çinin müasir sənayesini və
dəmir yollarının əksəriyyətini, əsas vergi
resurslarını və bütün limanlarını itirdi. Bu limanlara isə
hərbi sursat və mülki təchizat malları idxal edilə
bilərdi. Çin müqavimətini davam
etdirdikcə, Yaponiyanın işğal etdiyi ölkənin
şərq ərazilərinə nəzarəti xeyli çətinləşməli
idi.
Müharibənin ikinci səhnəsi ərzində (1939-1943-cü illər) döyüş xətti azacıq dəyişildi. Yaponiya Azad Çini asılılığa salmaq üçün ərazini bombalamağa cəhd etdi. Hava hücumlarından minlərlə mülki adam həlak olurdu. 1940-cı ildə Nankində Uan Çinq-ueyin başçılığı altında rəqib hökumət yarandı. Yüz minlərlə adam Çinin qərbinə miqrasiya etdi ki, mübarizəni davam etdirsin. Hökumət dağılmış orduları yenidən qurdu və xaricdən sursat almağa cəhd etdi. 1938-1940-cı illərdə Sovet İttifaqı hərbi kömək üçün kreditləri 250 milyon dollara genişləndirdi, bu vaxt Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransa, mülki mallar satın almaq və valyutanı stabilləşdirmək üçün Çinə 263,5 milyon dollar pul verdi. 1940-cı ilin sentyabrında Yaponiya şimali Hind-Çin üzərində nəzarəti əldə etdi və həmin rayonda Çinin təchizat xəttini bağladı. Almaniya 1941-ci ilin iyununda Sovet İttifaqına hücum etdikdə SSRİ-nin Çinə göstərdiyi əksər hərbi yardım faktiki olaraq kəsildi. Birləşmiş Ştatlar isə Çinə 100 döyüş təyyarəsi satmışdı.
Müharibə ÇKP-yə əks-təsir
göstərdi. Kommunist liderlər onillik müharibədən sonra salamat
qalmışdılar. Onlar kəndli əhalini səfərbər
etməyə və partizan müharibəsinə
başlamağa öyrənmişdilər. 1937-ci ildə ÇKP-nin üzvlərinin sayı 70
minə çatmışdı və pis silahlanmış
Qızıl Ordunun 100 min əsgəri var idi. Kommunistlərin şimali-qərbdəki bazaları
üç əyalətin bir hissəsini
örtmüşdü. Onlar
qoşunlarının qalıqlarını birləşdirmiş
və qida ehtiyatı, yeni döyüşçü cəlb
etmək və kiçik yapon qarnizonlarına hücum edən
partizan birliklərinə sığınacaq vermək
üçün əhalini təşkil edirdilər. Başqa tədbirləri də həyata keçirməklə
ÇKP həm də özünü yenidən xeyli
canlandırırdı. Kommunistlərlə
millətçilər arasında düşmən əraziləri
üzərində nəzarət üstündə onların hərbi
qüvvələrinin rəqabəti bir sıra toqquşmalar əmələ
gətirdi. Kommunistlər həm də millətçilərin
ərazilərində təbliğat və gizli təşkilatlanma
yolu ilə öz siyasi təsirlərini genişləndirməyə
çalışırdılar. Hər ki tərəf
Yaponiyaya qarşı müharibə aparsa da, onlardan hər biri
məhz özünün qəti faydası naminə
vuruşurdu.
Hökumət qüvvələri 6 yanvar 1941-ci ildə
Yantszının cənubundakı bazaya hücum edib, sayca
artıq olan kommunistləri məğlub etdilər, 2 min nəfər
əsir götürüldü. Hər iki tərəf ağır
itki verdi, təzələnən vətəndaş
müharibəsi təhlükəsi Çinin mülki liderlərinin
geniş yayılan etirazına səbəb oldu. Nə
Qomindan, nə də Kommunist partiyaçı 1941-ci ildə
münaqişəni açıq vətəndaş müharibəsinə
çevirməyə hazır deyildi.
Amerika
Birləşmiş Ştatlarına məlum oldu ki, Çindəki
müharibə başa çatdıqdan sonra Yaponiya cənubda
Britaniya Malayyasına və Niderland İndiyalarına
(İndoneziyaya) irəliləməyə ümid edir, əvvəlcə
isə cənubi Hindi-Çini və Tailandı işğal
etməyi planlaşdırır. Yaponlar belə bir
cəhəti nəzərə almırdılar ki, bu, Britaniya və
Birləşmiş Ştatlarla müharibə riski
yaradacaqdır. İyulda Birləşmiş
Ştatlar Çinə böyük miqdarda silah və sursat
göndərdi. Millətçi ordu
yaponlarla vuruşmaq üçün pis
silahlanmışdı. 1941-ci ilin
dekabrından Birləşmiş Ştatlar Çinə hərbi
missiya göndərdi, 30 diviziyanı silahlandırmağı
öz üzərinə götürdü. Yaponların 7 dekabr 1941-ci ildə Pyorl-Harboru
(ABŞ-ın Havay adalarındakı hərbi bazasını)
bombalaması Birləşmiş Ştatları Çinin
müttəfiqi etdi. Böyük Britaniya da
öz müstəmləkə ərazilərinə hücum
edildikdə, Sakit okean müharibəsinə qoşuldu. Dekabrın 25-də Honkonq yaponlar tərəfindən
işğal edildikdə, Çin kənar dünya ilə hava əlaqəsini
itirdi. 1942-ci ilin mayın sonundan yaponlar
Birmanın əksər hissəsində britaniyalıları,
hindliləri, birmalıları və Çin müdafiəçilərini
məğlub etməklə, bu ərazini əlində
saxladı. Bu vaxt Çin, demək olar ki,
bütünlüklə blokadaya alınmışdı.
(Ardı
var)
Telman
Orucov
525-ci qəzet.-
2015.- 24 oktyabr.- S.26