ORDA,
“ŞİMAL” QRES-də...
Altmışıncı illərin ikinci yarısı. Mən, cavan ailə sahibi, gənc rus arvadımla (mənim Smolensk əsilli, Samara - o zaman Kuybışev ellərində doğulmuş Moskva məhəbbətim) Bakı-Mərdəkan avtobusuna otururuq və hövsələ ilə Şüvəlana qədər yırğalana-yırğalana gedirik və sonra “Şimal” QRES-əcən təpik döyürük. Əli Qafarov, Vova Kalinin, Valeri İvçenko, nasir ərindən fərqli olaraq şeir yazan arvadıyla bizimlədir. Burada QRES-in yanında qayalıq adacıq, laqunda, bizim qoruq zonamız, ətraf akvatoriya - dəniz ovçularımızın yerləridir.
İvçenko adətən sualtı yarğanlarda dolaşan berşin ustasıdı. Qafarov və Kalinin yırtıcı Qara dəniz balığı olan, kim tərəfindənsə Xəzərə gətirilən və indi nərə körpələri ilə bəslənən kefal ovlayırlar. Last geymiş ovçular, maskada, nəfəsalma borusu ilə suya girirlər və uzun səyahətə yollanırlar, borular suyun səthində periskoplar kimi dik durur. Bu, bir saatdan tez başa gələn iş deyil. Biz hövsələ ilə onları adada qənimətləriylə gözləyirik, Penelopa Odisseyi gözlədiyi kimi.
Laqundan keçib adaya çıxmağa bizə Əli kömək etmişdi (biz ona Alik deyirdik). O bizim yükümüzü alır, başı üzərinə qaldırıb, ciyərlərinə hava yığır, suyun altında adayadək gedir, nəfəs dərmək üçün iki-üç dəfə tullanırdı. O, bir parça torpağacan yükümüzü (quru!) çatdırırdı.
Alik idmançı sayaq, cəld idi, yüzmetrəni 11 saniyəyə qaçırdı. Əgər xatırlasaq ki, nə vaxtsa respublika rekordu 10,8 saniyə olub (Xandadaş Mədətov), bu yüksək sürət idi. Futbol üzrə SSRİ yığmasının üzvü Slava Metreveli, müqayisə üçün 100 metri elə həmin on bir saniyəyə qaçırdı. Bax belə sprinterimiz var idi!
Cənub günəşi istisini bolluca, hətta çox səxavətlə yayırdı. Dəniz yosun, yodlu sərinlik qoxuyurdu və dənizin bu sərin nəfəsi yayın bürküsüylə ziddiyyət təşkil edir, qızmış qaya daşlarının istisini azaldırdı.
... “Periskoplar” hardasa
uzaqda idi. Sonra qayıtmaları. Qəniməti bölüşürdük - məftilə
keçirilmiş berşlər,
kefallar. Az-maz evə
aparırdıq. Lakin əsas
- dənizi hiss etmək,
qüdrətli, sakit, sirli və tükənməz
təbiətlə təmasdı.
Qədim tikililərlə, ətrafdakı
türbələrdəki qəbir
yazıları ilə
kölgələnmiş azadlıq,
ilkin sərbəstlik hissi. İnsanlara möcüzəli şəkildə şəfa
verən, onlara ümid aşılayan əfsanəvi Ətağanın
özü burda uyuyur. İvçenkonun köhnə Şüvəlan
qəbiristanlığı haqda hekayəsi vardı. İndi ora zəvvarların
ziyarət etdiyi ibadətgahdır. Məşhur mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin
son sığınacağı yaxınlıqdadır. Bakılılar indiyənəcən şollar
suyu içir və bunun üçün
Hacının nəcib
təşəbbüsünə və vəsaitinə minnətdardırlar.
...Mən Əli Qafarovla bizim hələ “Şimal” QRES-inə gəzintilərimizdən
əvvəl tanış
idim. Vladimir Kalininlə
“Bakınskiy raboçiy”də
görüşüb tanış olmuşuq,
İvçenko cütlüyü
ilə ümumi yaxınlarımız sayəsində
görüşürdük.
Alik Azərbaycan Dövlət Universitetində oxumuş,
sonra Moskvaya, Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna
keçmişdir, ardıyca
Xruşov qeylü-qalı
başlamış və
hansısa ideoloji yanlışlıqlara görəsə
Alik digər “fərqli düşünən”lərlə
birlikdə gəlib
KOMİ-yə düşmüşdü.
Ordan şeirlə məktublar yazırdı. Və biz onun
Bakı filfakından kurs yoldaşı Kamil Rəhimovla Qasım İsmayılov küçəsində (indiki
- Zərgərpalan) rayon milis
bölməsinin yanında
kirayə yarızirzəmidə
bunları oxuyurduq.
Təəssüf ki, şeirləri yadıma sala bilmirəm. Onların ahəngi, əlbəttə,
qəmli idi. Sonra xəbər tutduq ki, Alik Sibirə,
İrkuts ellərinə
yollanıb, yəqin, Sovet ideologiyası keşikçilərinin korladıqları
qeyri-loyal bioqrafiyasını
düzəltmək üçün.
Orda o evləndi,
sonra ailəsi dağıldı.
Bu müddətdə mən,
universitet məzunu yenidən, Moskvada Qorki adına
Ədəbiyyat İnstitutunda
oxumaq qərarına gəldim. Orada mən bir-iki
dəfə, o zaman artıq Sibirdən qayıdıb Ssenarist və Rejissorların Ali Kurslarına, Aleksey Kaplerin
emalatxanasına daxil olmuş Aliklə görüşə bildim.
Biz, yadımdadı, bir dəfə Arbatda “Praqa” restoranında oturduq.
Alikin Sibir səyahətləri “Literaturnaya
Rossiya”da çap olunmuş hekayələrdə
əksini tapdı. Onların birində
söhbət ovdan, tayqa genişliklərindən,
tündməcaz Sibir çaylarından gedirdi. Hekayənin adını unutmuşam,
baş qəhrəman
isə yadımdadır,
onun soyadı Mezentsov idi.
Düşünürəm ki, bütün bu illər Alikin daxilində gərgin iş gedib, o kino “xəstəliyi”nə
tutulub, ssenarilər, nəsr yazırdı. “Sovestki Pisatel”də
“Flaminqo - çəhrayı
quş” kitabını
dərc etdirməyə
imkan tapmışdı.
Amma məncə “imkan tapmışdı” o söz deyil, Alik bu məcmuəni
görmədi, o həyatdan
daha tez getdi...
Bir dəfə İmran Qasımov danışırdı
ki, flaminqo ölərkən tükünün
çəhrayı rəngi
itir, lələk dönüb olur ağ, qansız.
Mən kədərlə
düşünürəm ki, Əli Qafarov
istədiyi zirvəyə
yüksəlmədi, öz
nəğməsini bitirmədi.
Əfsus Bakıda, öz Odisseyasından qayıdan zaman, görünür, həyatı yoluna düşməmişdi, biz təkəm-seyrək,
yolüstü, təsadüfdən-təsadüfə
görüşərdik. Onun, deyəsən
başqa tanışları,
başqa gündəlik
qayğıları var
idi. Həyatdan getməsi indiyədək
qəlbimi sarsıdır.
Bu həyatsevər, mehriban, yüksək dərəcədə tolerant insanın
işıqlı simasıyla
uyuşmayan ağlasığmaz,
anlaşılmayan, müəmmalı
ölümdür. Mən bu
acı itkiyə “Literaturnıy Azerbaydjan”ın
səhifələrində çıxmış
şeir ilə cavab vermişəm.
Suların üstə yük
dolu çanta...
Unudulmaz
dostum Əli Qafarovun işıqlı xatirəsinə
Belində ağır yük,
uzaq Sibirdə
Büdrəyib düşəndə çayın cənginə,
Çırpına-çırpına çıxmışdın
üzə,
Əcəllə rastlaşıb onda
üz-üzə,
Onunla üzləşdin doğma
şəhərdə,
Bacara bilmədin əcəllə
bir də...
Sən çox cəsur idin, təpərli idin,
On bir saniyəyə yüzü keçirdin,
Dağları, dərəni, düzü
keçirdin...
Bakıda
“neft-pambıq” şüarı
altda
Estafet yarışı hay-küy
salanda,
Alqış qazanırdın geniş meydanda.
Yadıma
salıram ülfətimizi,
Moskva , “Praqa”da məhrəm məclisi.
Üç idik. Üçüncü - gözəl rus qızı,
Cavanlıq həvəsi, sözün
qısası...
ADU-dan “VQİK”ə
keçməyin nəhsdi...
Nagahan küləklər yolunu kəsdi...
Komi
çöllərindən gəldi
sorağın.
Sevən ürəyini üzdü fərağın.
Tarix fakültəsin bitirən
dilbər
Bakıdan yurduna getdi, müxtəsər...
Balıq
ovçuluğu haçandan
bəri
Olmuşdu dostların şirin şakəri.
Ovlaq - dəniz idi, məkan - Şüvəlan
Mən də qoşulurdum şux dəstənizə.
Yayda yollanardıq
birgə dənizə.
Bizi ruhlandıran dəniz havası,
Çoşan dalğaların dilavər nazı,
Xəzərlə qoxuyan sərsəri yellər,
İnsan və təbiət adlanan hünər,
“Qoca və dəniz”li
mərd Heminquey
Xəyalda canlanar, səslənərdi
hey...
O günlər, o nağıl
arxada qaldı,
Sahilə çırpınan dalğada
qaldı.
Suların qoynunda yalqız
görünən
Bizə
məskən olan bir ada qaldı...
Biz həmin adaya hey can atardıq
Körfəzi keçərkən ürkək
baxardıq,
Şələ-küləmizi çiyninə alıb,
Ucaya qaldırıb suya dalardın,
Quruya çatdırıb yerə
qoyardın...
Lap bu gün də mənə elə gəlir ki,
Suların altında yük
daşıyırsan,
Zamanla yanaşı addımlayırsan,
Açılan sabahı qarşılayırsan...
10-11 yanvar 1983-cü il
P.S. Bir dəfə altmışıncı illərin
yay günü mən təsadüfən
Aliklə Bakıda küçədə rastlaşdım
və o, təbəssümlə
“Şimal” QRES-inə növbəti həmləsi
zamanı laqunda, gözünə azıb gəlmiş nərə dəydiyindən danışdı:
o, güclü iri balıqla sualtı görüşün və
mübarizənin izlərini
- əlindəki çapıq
və kəsik yerlərini göstərdi.
Nərə var qüvvəsilə
müqavimət göstərmiş,
həyatı uğrunda
çarpışmış və Aliki əməlli-başlı
kəsik-kəsik etmişdi.
İndi qeyri-iradi onunla elə o cür sərt, insafsızcasına
rəftar etmiş Əli Qafarovun taleyi barədə düşünürsən.
Siyavuş Məmmədzadə
525-ci qəzet.-
2015.- 24 oktyabr.- S.25