Nağıl adam
Dostum
Aydın Tağıyev bir ara hər
görüşümüzdə həsbi-haldan sonra şəhərin
- Şabranın Əmirxanlı deyilən məhəlləsindəki,
bəlkə də qədim Şabranın özü qədər
yaşı olan köhnə qəbiristanlıqda hasarın
sökülməsindən söz salar, uçulan köhnə
çəpərə bir əl gəzdirməyin vacibliyini
özünəməxsus yumşaq tərzdə, bəzən də
dolayısı ilə diqqətimə çatdırmaq istəyirdi.
Mən də
hər belə söhbət düşəndə dostumun
qayğılarını ölçüb-biçib ərklə:
-
Əşi, köhnə qəbiristanlıqdı, qoy
qayğısını da səndən qabaq orada
ölüsü uyuyanlar çəksinlər də, - deyərdim,
- məgər oraya hökmən gərək ağ
daşdan hasar çəkilə, mərmərdən qapı
qoyula, - deyərək real vəziyyəti
ölçüb-biçmək üçün vaxt
qazanmağa çalışır, fürsət olanda bu
işə bir əncam çəkməyi
düşünürdüm...
Son
günlərdə isə kişi az qala
üzə durub, ərklə təkid edirdi:
- Nə
olsun ee, yüz ildir ki, orda kimsə ölüsünü dəfn
elətdirmir. Allaha da xoş gedər, tapşırın, oraya
da bir balaca əl gəzdirib baxsınlar, çal-çəpərini
sahmana salsınlar...
Günlərin birində Dəvəçi
çayının üstündəki körpünü
üzü Gəndov kəndinə tərəf ötüb
keçəndə Aydının köhnə qəbiristanlıqla
bağlı nigaran-narahat danışdıqları yadıma düşdü. Çiynim
üstdən başımı sol tərəfə çevirib
elə maşının pəncərəsindən qəbiristanlıq
tərəfə boylandım. Açığı,
ilk baxışda elə bir şey diqqətimi cəlb eləmədi.
Bir az da irəli gedəndən sonra
gördüm ki, aha, çəpərlərin piyada yolunu nəqliyyat
yolundan ayıran istinad divarının arxasındakı bir hissəsi,
sən demə, dağılıbmış, daha doğrusu,
ağıldan kəm, qolu zorlu qədirbilməzlər tərəfindən
uçurulub-dağıdılıbmış.
Handan-hana
mənə aydın oldu ki, ay dili qafil, Aydın hər gün
evinə gedib-gəldiyi yolun üstündəki bu mənzərəni
səhər-axşam görür, hələ bəlkə bir
ah da çəkir, köks ötürürmüş...
İşə bax ee. Kişidə səmimiyyətə,
özünə və özününkü bildiklərinə
diqqətə, tərəfkeşliyə bax... Bəlkə
də elə bu keyfiyyətinə görə o, hamı tərəfindən
sevilir.
Həmin
qəbiristanlığın hasarlarını
dağıdanların - bir özgəsinin yox, məhz öz həmyerlilərinin
- nadanlıqlarına, bəzilərinin isə... nə bilim,
Allahı, imanı tanımadıqlarına görə etdikləri
bu hərəkəti “ağılları-başları yerində
olan həmyerlilərinə” yaraşdırmayan Aydın,
“uşaq-muşaq işidir”deyib məni də buna
inandırmağa çalışar, oraların “çəpər-çoluğuna”
vaxt tapıb bir diqqət yetirməyi ərkyana xahiş edərdi.
Təbii
ki, Aydının dost kimi etdiyi xahişdən, həm də,
yeri gəlmişkən, şəhər bələdiyyəsinin
bir üzvü kimi verdiyi bu məlumatdan sonra, təbii ki, bəzi
tədbirlər də görüldü.
lll
Bir
neçə il bundan əvvəl, daha dəqiq, 60 yaşı ərəfəsində,
Şabranda yaşayıb-yaradan Aydın Tağıyev
haqqında “Aydın özü və sözü” adlı bir
yazı yazmışdım. Və o yazıya
heç bir rəng-filan da qatmamışdım. Ozümə və daha çox ona qarşı səmimi
olmağa çalışmışdım. O yazını
Aydın özü də çox sevmişdi, bizim müştərək
dostlarımız da...
Aydının
elə indicə danışdığım bu əhvalata
münasibətində abırdan-həyadan belə
ölçülü-biçili don geyməyi, özünə
və yoldaşına qarşı həssas münasibəti, ədəbi
yaradıcılığının da əsas qayəsi olan səmimiyyəti,
saflığı məni içimdən tərpətdi və
vaxtın-zamanın, hansısa bir qələm əhlinin dediyi
kimi, “vaxt, bəzən qızıl kimi sən də
tapılmırsan” həddinə gəldiyi bu dövrdə
dostum haqqında daha bir yazı yazmağa stimul verdi.
Bu yazımda da çalışıram ki, səmimi olum,
qələm əhlinin bəzək-düzəklərindən
yan keçərək, real hadisələri, görüb
eşitdiklərimi eynilə yazıya köçürüm.
Son dərəcə həssas insan olan Aydın həm də
duyğusal adamdır. İllah da, kövrələndə
körpə kimi məsum olur. İnanclı bir şəxs
olan dostumuz hərdən, əlbəttə, yeri gələndə,
tanrıya, övliyalara asta-asta, ürəkdən elə and
içir ki, gündə neçə dəfə - şəffaf
da olsa, zəqqum kimi acı - o “saf su” ilə öpüşən
dodaqlarından sanki şərbət, bal tökülür.
lll
Bizim bu Şabranda Gülşahnaz adlı bir qız
vardı. Ruhi xəstəydi. Onu hər
gün şəhərin baş küçəsi ilə
aşağı-yuxarı neçə dəfə yellənə-yellənə
keçib gedən görmək olardı. Bəzən
də oğrun-oğrun şəhər parkında gəzişərdi.
Xəstə də olsa, nikbin idi, hərdən
qarşılaşdığı adama salam
da verərdi. O halına rəğmən kimsəni narahat edib
dindirməz, heç kəsə “ilişməzdi”. Şəhər sakinlərindən də ona irad
tutan, dəyib-dolaşan olmazdı. Hərdən
yol gedə-gedə öz-özünə nəsə
danışıb ucadan şaqqanaq çəkərdi. Görünür, dili də qüsurluydu ki, dediklərini
aydın başa düşmək olmurdu.
Ruhi xəstə
olsa da, geyim “stilini” elə öz ağlına uyğun tez-tez dəyişməsindən,
qadın olmağını anladığı bilinirdi...
Hamı kimi o da mobil telefon gəzdirirdi. Bəzən
qulağında telefon küçə ilə “öz
anlamında” uzun-uzadı danışa-danışa gedirdi.
Kim idi ona zəng vuran? Ruhi xəstə də
olsa, kim bilir, bəlkə də
görüntü yaradırdı ki, guya ona da zəng edən
var və o da kiminləsə telefonla söhbətləşir...
Gülşahnazın
küçə ilə gedə-gedə ucadan telefonla
danışmağına tamaşa edən
“ağıllı”ların özlərinin də nə vaxtsa o
halətdə ola biləcəyinə dair nəticə
çıxarmaları üçün bu, bir ibrət idi.
Ancaq
hayıf, orasını da eşitmişdim ki, bəzən kimlərsə
öz “əziz”lərinə hirslənəndə acıqla: - Sən
də Gülşahnazsan, - deyə
çığırırlar. Təəssüf,
Allahın yarımçıq, qüsurlu bəndəsinə gərək
şəbədə etməyəsən.
...Bu
günlərdə səhər-səhər iş yerimdə
eşitdiyim ilk xəbərlərdən biri də
Gülşahnazın elə o baş küçədə gecə
maşınla vurulub dünyasını dəyişməsi
oldu.
Belə xəbərləri tez-tez eşitməyə
alışsam da, Gülşahnazın qəzaya
düşüb belə qəfil ölməsi mənə
çox ağır təsir elədi.
Bərk təsirləndim. Elə bu məqamda: -Aydın müəllim
gəlib, sizinlə görüşmək istəyir,- dedilər.
Onun bu gəlişi yerinə düşmüşdü. Ürəyimcə oldu, bir az dərdləşib yüngülləşərəm,
düşündüm.
Aydın içəri girəndə rəngi-ruhundan
duydum ki, dostumun əhvalı elə də yaxşı deyil.
Əl uzadıb görüşəndə kövrəldiyini,
gözlərinin yaşardığını gördüm. “Nə olub?
Niyə kefin yoxdur”, - soruşanda:
- Yəqin
eşitmisiz də, - dedi, - ruhi xəstə qız var idi ee,
Gülşahnaz, baş küçə ilə, parkda gəzib-dolaşan
qız. Bu gecə biri onu maşınla vurub, yazıq qız
ölüb...
Sonra da
dostum yaşarmış gözlərini dəsmalıyla silərək:
- Axı, onun kimsəyə zərəri-sədəməsi
toxunmurdu, bədbəxtin biri idi, yazığın qismətinə
bax ee, - deyib dərindən bir köks ötürdü.
Bəli, elə mənim də yaşadığım
küçədə Gülşahnaz kimi ruhi xəstə olan
Mövlud adlı ortayaşlı bir adama hekayə həsr
etmiş Aydın indi də kimsəsiz, ruhi xəstə
Gülşahnaz üçün qəm-qüssəyə
batıb ağlayırdı.
lll
Bəri
başdan deyim ki, Aydın Tağıyevlə şəxsi
tanışlıqdan qabaq, necə deyərlər, onun
yaradıcılığı ilə ünsiyyətdə
olmuşam...
Aydının yaradıcılığında,
“nağıl dilli” hekayələrində kökü
folklorumuzun zəngin qatlarına, etnoqrafiyamızdan gələn
məna çalarlarına söykənməyən hansısa
söz, ifadə tapmaq çətindir.
Sözlər bayatılarımızda,
laylalarımızda səsə çevrilərkən əriyib
ilahi bir şərbət kimi necə ruhumuza
qarışırsa, Aydının hekayələrindəki təhkiyə
də eləcə bayatı, layla timsallı olduğundan
oxucunu təsirinə salıb alıb özüylə
aparır.
“Dəvə Şirvan yolunda”, “Alma oğurlayan divlər”
kitablarına qoyduğu bu adları, bəlkə heç
özü də fərqinə varmadan, necə də gözəl
seçib. Bu adlar elə Aydın Tağıyevin özünə
də çox yaraşır. “Dəvə Şirvan
yolunda” kitabında toplanan əhvalatlar sanki karvanlarla uzaq yollar
qət edən, neçə ellərdən, məmləkətlərdən
keçən dünyagörmüş bir yolçunun, lap elə
Aydının özünün başına gələnlərdir.
Nəql etdiyi hekayətlərdəki qəhrəman
sanki onun özüdür. Bəlkə də elə
Aydının özünə nağıl qəhrəmanı
igidlərə öyüd verib nəsihət edən,
möcüzələr yaratmağın yolunu göstərən
“nağıl adam” demək daha dəqiq
olardı.
Aydının
“Alma oğurlayan divlər” hekayəsində təsvir etdiyi
bağbanın gəzib-dolaşdığı bağdakı
ağacları çağırdığı adlar elə
orijinaldır ki, öz-özlüyümdə
düşünürəm, bəlkə bundan sonra bu ağacları
elə beləcə
- bu hekayədə sadalanan kimi çağıraq?!
Yaşlı
bağban ağacların arası ilə gəzib-dolaşdıqca
hər birinin yanında ayaq saxlayır, üzünü onlara
tutub, qoz ağacına: -”Sabahın xeyir kənək
qardaş”; heyva ağacına: - “Necəsən, sarı gəlin”;
nar ağacının budaqlarını əlləri ilə
oxşayıb: “Siz necəsiniz, güleyşə qızlar”, -
deyərək keçib əncir ağacının altında
dayanır. “Əyri-üyrü, gövdəsi
boyu insan əlləri kimi qırış-qırış
damarları çıxan ağacı nənəsinə
oxşadır”. “Xoş gördük ay nənə!”, - deyir.
Beləcə, içindən gələn adlarla
çağırdığı hər ağacın
yanında da o adların özünəbənzər elə
şirin hekayələr qurub danışır ki,
yaratdığı təəssüratdan bir oxucu kimi hələm-hələm
ayrıla bilmirsən. O şirin nağıl qurtarmasın deyə, sanki elə
özün də ağacların haləsinə dönüb
yerindəcə sakit duraraq şirin bir xəyala dalırsan, bu
halətdən qopa bilmirsən.
Aydın Tağıyevin vətənpərvərlik ideyalarıyla cilalanan, müharibə, döyüş şöhrəti, torpaq qeyrəti, vətən borcu ilə bağlı uzun yaradıcılıq dövrünün müxtəlif mərhələlərindən boylanan məzmunlu, duyumlu hekayələri var. Adətən, belə mövzularda əsərləri hələ oxumağa başlamamış, əvvəlcədən ürəyimizin “guppultusunu” duyub bir növ özümüzü səfərbər edirik. Belə əsərlər məzmunu və mahiyyətinə görə oxucuda mütləq bir həyəcan doğurur. Qələmə aldığında yetərli qədər dramatizm olmasa, şübhəsiz, yazıçı əsərdəki mövzunun həllində məqsədinə çatmaz, oxucunu qane edə bilməz, bezdirər, əsəri yarımçıq kənara qoymaq məcburiyyətinə salar.
Aydının belə hekayələrində isə güclü dinamizm, qoyduğu məqsəddən doğan gərginlik, həyəcan varsa da, dilinin rəvanlığı, ifadələrinin siqlətli ahəngi o həyəcanı, gərginliyi elə yumşaldıb şirinləşdirir ki, oxucu az qala lirik hekayədə olduğu kimi həzin bir əhvala köklənir.
Elə “Alma oğurlayan divlər” kitabındakı “Püşk” hekayəsinin əvvəlinə nəzər salaq: “Kəndə birdən-birə elə bir sakitlik, elə bir sükut çökmüşdü ki, kimə desən, qətiyyən inanmazdı ki, çox yox, vur-tut iki-üç saat bundan qabaq güllələrin, top mərmilərinin, ağır tankların tırtıllarının səsindən buralarda yer-göy lərzəyə gəlib qulaq tutulurdu.
Göy üzünü qara buludlar bürümüşdü. Yay günü idi. Səhər-səhər göy üzü tərtəmiz, masmavi idi. Güllələrin, mərmilərin qara his-pası, od tutub yanan evlərin qara tüstüsü idi ki, qurğuşun kimi ağ buluda çevrilib indi göydən asılmışdı... “
Güclü fırtınadan qabaq yupyumşaq, səhər mehi kimi məhzun, ancaq gileyli bir mənzərə sanki sənə astadan, pıçıltıyla:
- Hazır ol ha, - deyir.
“Çiçəkli çölün sarı gülləri” hekayəsindəki ilk cümlə belədir:
“Çiçəkli çölün sarı gülləri solmuşdu”.
Məgər sarı rəng elə solğunluğun rəmzi, əslində özü deyilmi?...
Ancaq Aydının bu ifadəsində Gülüstan yaylalarına bənzəyən sarı güllər sanki al-əlvan, hər biri elə bir xonça boyda lalələrdir və xəzan olub solmaqları təəssüfdən çox, qəm, qəhər çaları yaradır.
“Kazım kişinin bir vaxt adnan deyilən bağında payız ağacların yarpaqlarını bir hala salmışdı ki, sanki bağ-bağat sarılıq xəstəliyinə tutulmuşdu. Və sarılıq xəstəliyinə tutulan ağacların bu azardan sağalıb duracaqlarına, nə vaxtsa yarpaqlayıb təzədən yaşıllaşacaqlarına adamın heç inanmağı gəlmirdi...”
Bax, indi anlayırsan ki, sən demə, payızmış, solan da elə payız yarpaqlarıymış.
“Elə bu qüssə-qəmdən idi ki, haçandan bəri ağacların birinə söykənib lal-dinməz duran Nəsibin ürəyi birdən-birə sıxıldı və həm də ona elə gəldi ki, indi, işdir-şayət, bir güzgü tapıb baxsa, elə öz sir-sifətini də beləcə sapsarı görər.
Nəsib asta-asta bağı gəzib dolaşmağa başladı. Yeridikcə ayaqları altında qalan xəzəl olmuş yarpaqların da xışıltısı ona can üstdəki çarəsiz bir xəstənin iniltisini xatırlatdı və Nəsib bu dəfə üşəndi...
Elə üşənə-üşənə də bağın bağbanı Kazım kişini xatırlayıb yadına salmağa çalışdı və saçları daraq görmədiyindən həmişə pırtlaşıq olan, aylarla ülgüc dəymədiyindən üz-gözünü tük basan başı havalı Kazım kişi ilə özünü üzbəüz gördü”.
Bax, indi hazırsan, şirin bir nağıl dinləyəcəksən. Nəsibin, altında dayandığı alma ağacının adından danışılan “Çiçəkli çölün sarı gülləri” hekayəsi sanki əsrlərin yaddaşından süzülüb gələn əsl xalq nağılıdır.
Göydən üç alma düşdü və oğlunun qatilini - çil-çil ilanı düyünlü dəyənəyi ilə öldürəndən sonra Kazım kişinin illərlə yasaq etdiyi, əliaçıq, səxavətli olsa da, ciddi-cəhdlə qoruduğu o qırmızı alma ağacını azadlığa çıxarıb bir kənara çəkilməsi - hekayənin qısaca süjeti, bax, budur.
Ancaq bilirsən ki, elə Kazımın özünü xatırladan, ağacların birinə söykənib duran, yeridikcə xəzəllər ayaqları altında xışmalanıb onu üşəndirən Nəsib də Kazımın qırmızı alma ağacına yaxın qoymadığı uşaqlardan biridir.
Oxucu onu da fəhm edir ki, oğul nisgili ilə yaşayan, sevimli övladının itkisindən havalanan Kazım qırmızı almaları yox, uşaqları oğlunu bəlaya gətirən, həyatına son verən ilanın xətasından qoruyurmuş...
“Bir gün də Kazımı əlində meyvə tingi qəbiristanlığa tərəf gedən görürlər.
Qabağına çıxıb əlindəki alma tinginə maddım-maddım baxanlara Kazım kişi ağlar səslə:
- Alma ağacıdır, -dedi, - oğlumun qəbri üstə əkəcəyəm...
Bir ağsaqqal öyüd-nəsihət verdi:
- Qəbiristanlıqda meyvə ağacı əkməzlər, ay Kazım”.
Olduqca ibrətamiz, dərin məntiqli bu epizod oxucuya ənənələrimizdən bilgi verir, o ənənələrin məntiqinə varmaq üçün düşündürür: qəbiristanlıqda meyvə ağacı əkməzlər...
Hekayənin sonuna yaxın müəllif məzarlıqdakı o alma ağacını qəbiristanlıqda elə Kazımın övladının məzarı üstündə ustalıqla “göyərdir”. Ağac meyvə də gətirir, ancaq o ağacın meyvələri sapsarıdır...
Müəllif bu epizodda da oxucuya mifoloji düşüncəyə dalmaq, mifologiyamızın dərin qatlarına enmək, səyahət etmək həvəsi yaradır.
Hekayədə Kazımın oğlu ağacdan qırmızı almanı dərib yemək istəyəndə duyduğu vahimədən, keçirdiyi hədsiz gərginlikdən və ya çil-çil ilanın sancması səbəbindən ölməsilə bağlı tərəddüddə qalırsan.
Müəllif ustalıqla nəticəni açıq təsvir edir, uşağın ağzında qana bulaşmış almadan bir dişlək almamış ölməsi, ilanın isə işin içindən çıxıb görünməməsi, ən daşqəlbli oxucunu da kövrəldə bilər...
Yalnız hekayənin sonunda Kazım elə öz övladı yaşında olan uşaqlar həmin qırmızı alma ağacından meyvə dərərkən onlara hücum edən o ilanın başını həmişə əlində gəzdirdiyi düyünlü çomağı ilə bədənindən ayırır. İlanın başsız bədəni quyruğu üstə hələ bir qədər dik durub dirəniş də göstərir. Aydının hekayələrində alt qat, sətiraltı çalarlar o qədər güclüdür ki, oxucunu uzun müddət beləcə öz təsirində saxlayır.
Ümumiyyətlə, Aydının yaradıcılığında bir ləngər var. Bədii əsəri hansı ahənglə başlayırsa, elə o ahənglə də sonlandırır. Süjetlər o qədər ölçülü-biçili olur ki, nə əsər qəhrəmanı mətndən zərrəcə kənarda hiss edilir, nə də sanki sapa düzülmüş, muncuq-muncuq sözlərin düzümü pozulur.
Aydının, xüsusən, hekayələrində o qədər ahəngdarlıq var ki, mətnin hansı hissəsindən bir abzası, bir cümləni götürüb başqa bir səhifədəki abzasla, cümlə ilə ard-arda qoysan, ahəng pozulmaz, biri o birisinin davamı kimi olar.
Onun dili, üslubu sadə və səmimi olduğu qədər də koloritli, duyğulu, siqlətlidir. Aydın özünəməxsus formada obraza elə qatlar verir ki, adi saydığım bir epizodun alt qatı, düşündükcə, daha dərin məna çalarları ilə açılır. Mövzu rəngarəngliyi ilə seçilən bütün hekayələrində dərin məntiq, düşündürücü alt qatlar var.
Əsasən ənənəvi üslubda yazan Aydının “Yuxuda qətl” povestini oxuyanda onun ədəbi pryomlardan necə məharətlə istifadə etməsinə bir oxucu kimi heyrətlənməyə bilmirsən. “Bir bazar günü”, “Dan üzü ölən adam”, “Yay gününün uzun gecəsi” və neçə-neçə duyumlu, dərin məzmunlu hekayələri elə bu qəbildəndir.
Hər bir oxucunun hər hansı yazıçı və bədii əsər haqqında özünəməxsus təəssüratı, duyumu və fərdi dəyərləndirməsi olur. Mənə görə, Aydının hekayələri könlü xoş duyğularla boyayan bir rəngdi, nəfis naxışdı, ruhu oxşayan ozan nəğməsidi.
Bəzən düşünürəm ki, qədimdən-qədim, kökü-quruluşu, dirilişi, təşəkkülü minilliklərdən ötüb gələn bu ağır Şabran elləri bu torpağı bağrına basan, ulu keçmişimizin müdrik söz, söhbət xəzinəsinin incilərini, toplayıb əlvan boğça bağlayan Aydınsız necə də kasıb olardı!
Beləcə, Aydının yazılarına baş vurub onların söz tutumundan, ədəbi mahiyyətindən, qayəsindən daha geniş söhbət açsam, əlimdəki işdən qalacağam. Axı mən Aydının özündən deyib-danışmaq istəyirəm. Aydın Tağıyevin hekayə yaradıcılığı isə nəsrimizin klassik ənənələri ilə yoğrulmuş dəyərli bir ədəbi irsdir, oxucular tərəfindən çox sevildiyi kimi söz xiridarları tərəfindən də qiymətləndirilir və qiymətləndiriləcək.
lll
Qələm adamı olan Aydın sözün əsl mənasında həm də hal əhlidir. Hal əhli sözünü bizlər, əsasən, “yeyib-içən” kişilərə aid edirik. Ancaq mən özlüyümdə düşünürəm ki, hal əhli olmağın məziyyətləri lap çoxdur. Fəal həyat tərzindən başlamış, ta qayğıkeşlik və comərdliyə qədər. Aydında bu keyfiyyətlərin hamısı var, həm də geninə-boluna.
Lakin hələ ki, sözümün bu yerində dostumun “hal əhli kimi” yeyib-içməkdəki “fərasətindən” söhbət açmaq istəyirəm.
Qələm dostumuz, filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin də qeyd etdiyi kimi, Aydın dostluğa, yoldaşlığa çox etibarlı, sədaqətli adamdır.
Qabaqlar Bakıya yolu düşəndə Aydın, işi oldu-olmadı, AYB-yə baş çəkməyi, köhnə dostu, gözəl şairimiz, əvvəl “Ulduz”, sonralar “Qobustan” jurnalının baş redaktoru olan Ələkbər Salahzadə ilə görüşüb hal-əhval tutmağı, dərdləşməyi özünə borc bilirdi. Aydın Ələkbər müəllimin, belə desək, “Özü və Sözü” haqqında ürəkdolusu elə danışırdı ki, mən də onu özümə yaxın bilirdim. Necə deyərlər, dostumun dostu mənim dostum idi.
Hə, sözüm ondadır ki, Aydın, Ələkbər müəllimin ölümündən sonra bir xeyli vaxt Bakıya getmədi, gedəndə də yolunu AYB-dən salmadı, o kişinin - şair dostunun yeri görünür deyə, gen gəzdi. Ancaq... Həyat davam edir... İndi Bakıya yolu düşəndə yenə AYB-yə baş çəkir, Tofiq Mahmudu mütləq axtarmağı özünə borc bilir. Axı, Tofiq də Aydının köhnə dostlarındandır.
Aydın Tağıyevin Tofiq Mahmudla belə görüşlərinin içində qarşılıqlı hal-əhvaldan başlamış, ədəbiyyat “qeybətlərinəcən” köhnə dostların hər mövzuda söhbətləri olur. Tofiq Mahmud da məsul katibi olduğu “Azərbaycan” jurnalının baş redaktoru, çox hörmətli İntiqam Qasımzadənin gözündən oğurlanıb aradan çıxa bilsə, ya Yazıçılar Birliyinə yaxın küçədəki dörd stolluq “Dəyirman”ın zirzəmisinə enir, ya da Bakıdan ölkənin əsasən şimal rayonlarına yola düşən maşınların qədimdən-qədim ad verdikləri “Şamaxinka” deyilən dayanacaqdakı, illərdən bəri elə “hal-əhli”nin az qala “mifləşdirdiyi” məşhur “sosisiçni”də saf, büllur, “ceyran” suyunu bir-birinin üzünə, gözləri bərabəri qaldırıb “əzizləyəndən” sonra ayrılırlar.
Tofiq Mahmud guya ki, jurnalın nəşriyyatdakı işlərinin vəziyyəti ilə bağlı məlumat vermək üçün İntiqam müəllimin yanına, Aydınsa Şabrana, gün ərzində olub-keçənləri, görüb-danışıb saf-çürük etmək, təəssüratlarını bölüşmək üçün mənim yanıma tələsir.
...Və günlərin birində kişilər “canlarını dişlərinə tutub” nahar vaxtı “Dəyirman”ın zirzəmisinə enərək oradakı o vur-tut dörd stoldan birini zəbt edirlər. İçalat qovurması ilə yaxşıca təam edirlər. Saf, təmiz “büllur su” da, əlbəttə ki, öz yerində. “Dəyirman”dan çıxıb sağollaşanda Tofiq Mahmud Aydının “mən ölüm-sən öl”ünə qulaq asmayıb dostunu yola salmaq üçün “uzun yolu qət edərək” Şamaxinkaya qədər gəlir. Şamaxinkaya gələndən sonra da söz-sənət adamlarının çoxuna yaxşı tanış olan məşhur “sosisçini”yə dəyməmiş, istər yay olsun, istərsə də qış, bir parç pivə içmədən ötüb-getməkmi olar? Beləcə, dostlar bu “məşhur ünvana” daxil olub isti yay günündə hərəsi bir parç soyuq pivə götürüb bir nəlbəki noxudla “məzə qıla-qıla” qurtum-qurtum içib yaxşıca da sərinləyirlər. Çölün qorabişirən istisinin havası ötüşəndən sonra könüllərinə birdən-birə sosiska düşür... Sosiskanı da ki, “saf su”suz ötürmək, əlbəttə ki, caiz sayılmaz. Kişilər bir şüşə “saf su” ilə yanaşı yanında da soyuducunun buzxanasından çıxan “Sirab” sifariş edirlər.
Təbii ki, “Sirab”ı əlbəəl, necə deyərlər, bir qurtuma içirlər. “Saf su” şüşəsini də ahəstə-ahəstə yarıyacan boşaldırlar. Axıracan davam etdirməyə (bəlkə də gedəcəyi ünvanlara tələsdiklərindən) macal olmur. İş qalır o yarımçıq şüşədəki “saf su”yun taleyinə. Belə gərəkli dəyərli “matahı” qoyub getməkmi olar?..
Aydın: - Ay Tofiq, əşi, qoy qalsın da, dünyanın axırı deyil ki, qoy arxamızca desinlər, burdan xan keçib, - desə də, Tofiq Mahmudun hələ yarısı ancaq boşalmış şüşəyə hayıfı gəlir. Fikirləşib işin çəmini tapır, “saf su”yun qalan hissəsini içdikləri boş “Sirab” şüşəsinə boşaldıb qapağını da üstufca yerinə taxaraq bağlayır. Yaxınlaşıb süfrəni yığışdıran xidmətçiyə deyir: - Görürsən də, ay oğul, bayırda yer-göy od tutub yanır, evəcən boğazım quruyar, bu şüşəni də götürürəm ki, arada qurtum-qurtum içim...
Uydurub eləmirəm, bax bunu da sevimli dostum Aydın, həmişə olduğu kimi, belə səfərlərdən qayıdandan bir gün sonra görüşümüz zamanı, necə deyərlər, səfər təəssüratlarını bitdə-bitdə, şirin-şirin danışarkən nəql edib mənə. Deyim ki, Aydının təəssüratları sayəsində o xudmani məclislərdən, bəlkə onlardan da çox, elə mən ləzzət almışam. Özümü də o “həmxanələrlə” bir süfrənin bucağında oturan hiss etmişəm... Sevimli dostum bu əhvalatı danışandan sonra: - Əşi, sən bir işə bax ee, gözünü açandan yeyib-içən olasan, neçə-neçə məclislər görəsən, “burdan xan keçib” desinlər deyə, özünə təsəlli verib nə qədər “saf suyu” stol üstündə qoyub bica yerə bada verəsən... “Saf su”yu aradan çıxarmağın belə “adi bir üsul”u bu vaxtacan heç ağlına gəlməyə! - deyə qövrlənmişdi də.
Dostuma “təsəlli” verməliydim:
- Ay əzizim, Aydın, vallah, “Xan keçib” desən yaxşıydı. Elə qoy “Xan keçib” desinlər, qövrlənmə, Tofiq Mahmudu da işə salma, İntiqam müəllim yəqin ki, hələ bu əhvalatı eşitməyib, qoy aramızda qalsın!..
lll
Hər kəsin əliaçıqlığı, bədxərcliyi, qənaətcilliyi, xəsisliyi də, zənnimcə, ilk növbədə pulu-parası, qazancı ilə ölçülməlidir. Belə məsələlərdə əsas şərt budur. O ki qaldı gəlirlə-çıxarın hesabını tarazlaşdırmağa, bu işdə “yorğanına görə ayaq uzadanlar” filosoflar kimi müdrikliyə can atanlardır. Günümüzün deyim tərzinə görə, belələrinə bəlkə də “günün adamları” deyirlər.
Sevimli dostum Aydında da bu yuxarıda sadaladıqlarımın hamısından var, ancaq hansının çox, hansının bir az kəm olduğunu dəqiqləşdirmək gərəkdir.
Bir mühüm məsələ də var ki, yeri gələndə əliaçıqlıq, bədxərclik edən bu kişinin kimsəyə borcu olmur. Borclu qalmamaq isə ayrı bir keyfiyyətdir və bu keyfiyyət bəlkə də dostumun həyat prinsiplərindən biridir.
Bəli, Aydının borcu olmur, kimsəyə borclu qalmır, deməli, bu kişi hal əhli olmağına, bədxərcliyi və əliaçıqlığına rəğmən sabitqədəm şəxsdir. Yəni, gəliri ilə çıxarının hesabını tarazlaşdıra bilir. Bu mənada, “müdrikliyə can atan adam” adı da bu kişiyə yaraşır...
Dostum Aydının həm də özünəməxsus qonaqpərvərliyi var. Elə bilirəm ki, gəncliyində daha qonaqpərvər olub. Axı, gənclikdə dost-tanışla oturub-durmağın daha çox həvəsində olmuşuq. Bunu dostları, “keçmiş” tanışları ilə bağlı danışdığı, indi yavaş-yavaş uzaqlaşmaqda olan xatirələrdən, söhbətlərindən duymuşam...
Aydın həmin xasiyyətindən heç indi də qalmır. Yenə də qonaqları olur (əlbəttə, qonaq deyəndə, mən bizim Şabrandan aralı, uzaqdan gələnləri nəzərdə tuturam) Burasını da deyim ki, ölkənin tanınan, adlı-sanlı, hörmətli ziyalıları bu sıradadır.
Yaxın zamanların söhbətidir (yəni bir-iki ilin), iş elə gətirir ki, Aydın yazıçı dostumuz Elçin Hüseynbəylini Şabrana qonaq dəvət edir. Elçin də bu dəvəti məmuniyyətlə qəbul edib bir maşın kirayəliyir, yəqin ki, dostumuzun sevdiyi o məşhur ünvanda - Şamaxinkada bir yol maşınına əyləşib Şabrana yollanır.
Elçin yuxudan tez oyansa da, evdən ləng çıxanlardandır. Neyləsin, yazı-pozu adamıdır, işi çox olur, hekayə, roman yazır...
Qərəz, Elçin Hüseynbəyli Bakıdan, Aydın Tağıyev isə yaşadığı Əmirxanlı məhəlləsindən evdən çıxırlar. Görüş yeri üçün də Şabran şəhərindəki məşhur “Saat qülləsi”nin altını seçirlər.
Aydının yolu yaxın, Elçin müəlliminki isə uzaq. Odur ki, Aydın görüşənədək aradakı boş vaxtı doldurmağın götür-qoyunu etməkdəykən köhnə dostu Füzuli müəllimin baş küçədən üzü aşağı, ona tərəf gəldiyini görür. Görüşüb xoş-beş edəndən, həsbi-hal tutandan sonra Füzuli müəllim Aydından burada gözləməyinin səbəbini soruşur, o da qonaq qarşılayacağını deyir.
Aydının köhnə dostlarından olan Füzuli müəllim başlayır dil tökməyə: - Ay qardaş, Bakıdan buracan gör nə qədər yoldur. Sənin gözlədiyin şəxs buraya gələnə qədər, eeey... Gəl, gəl vaxt varkən bu yaxındakı qəlyanaltıya dəyək.
Keçib qəlyanaltıda hərəsi bir çappa stəkan dolusu “saf, şəffaf su”yu siqaretlə məzə edə-edə ötürürlər. “Əla” - deyib qəlyanaltıdan çıxırlar. Füzuli müəllim işinin dalınca, Aydın da Elçin Hüseynbəylini qarşılamağa!
Aradan bir müddət keçəndən sonra Bakıdan gələn qonaq vədələşdikləri ünvana yetişir.
Görüşüb hal-əhval tutandan, bir xeyli gəzib-dolaşandan, parklardan birində yaxşı bir çay içəndən sonra Aydın dostunu rayon mərkəzindən qıraqdakı “bahalı” yeməkxanalardan birinə aparır (Görünür, dostumuzun o günlər “əli yuxarıymış”. Axı, belə restoranlarda hesab da “babat” olur). Yaxşıca, kefin istəyən yeyib-içirlər.
Yemək-içmək uzandıqca Aydın müəllimin səhər-səhər Füzuli müəllimlə acqarına bəh-bəhlə ötürdükləri o çappa stəkan “saf su”yun təsiri yavaş-yavaş özünü hiss elətdirir. Elçin müəllim üçün nə var, maşallah...
Bundan sonrasını isə mənə Elçin müəllim danışıb. Bəlkə də bəzəyib-düzəyib, ancaq düz adamdır, yəqin həqiqəti deyər, amma ola da bilsin, söhbətinə bir azca yazıçı duzu qatmış olar.
Yemək-içməyi bitirəndən sonra Aydın müəllim ev sahibi kimi günün ağır “hesabı” ilə, necə deyərlər, üzülüşür. Sonra otururlar maşına, yola düşürlər rayon mərkəzinə: Aydın evə, onun təkidinə rəğmən, Elçin müəllim də qonaq evinə.
Aydın Tağıyev ev sahibi kimi etiraz etsə də, ehtiram əlaməti olaraq Elçin Hüseynbəyli birinci elə bu kişini evinin qarşısında düşürtmək istəyir. Gəlib Aydın müəllimin həyətinə çatırlar.
Elçin Hüseynbəyli:
- Çatmışıq qardaş, zəhmət olmasa düşün, - deyəndə Aydın elə maşının aynasından alaqaranlıq ətrafa göz gəzdirib: - Yox, qardaş, düşə bilmərəm, bura bizim həyət deyil.
Elçin də and içib aman eləyir ki, əşi, sizin qapıya birinci dəfə gəlmirəm ki, bu sizin evdir də!
Aydın:
- Əşi, sən indi mənə evimin yerini tanıdırsan, mən illərlə yaşadığım, möhrəsini bu əllərimlə (əllərini irəli uzadır) kərpic-kərpic hörüb tikdiyim evimi indi deyirsən tanımıram?
Nəfəsini dərib: - Nə olsun ki, suvağı hələ qalıb, - deyə bir əlavə də edir.
Elçin ha deyir, Aydın az eşidir. Evdən də bir bayıra boylanan, yola çıxan olmur ki, kişilərin mübahisəsinə son versin.
Elçin Hüseynbəyli birdən sürücüyə:
- Ə, qardaş, kişi düz deyir, hələ bir qarşıdakı küçəyə tərəf sür, deyəsən, Aydın müəllimin evi o tərəfdədir.
Maşın hərəkət edir, küçəni dövrə vurub əks tərəfdən yenə eyni evə yaxınlaşırlar. Evin bərabərinə, bir az əvvəl olduqları yerə çataçatda Aydın müəllim:
- Ay sağ ol, bax, indi düz gəlmişik, bizim ev buradır. Di sağ ol, sabah görüşərik, - deyib maşından düşür, elə həmişəki ləngərlə, asta addımlarla evinə tərəf yeriyir.
Yeri gəlmişkən, Elçin Hüseynbəyli hamımıza doğma olan “525-ci qəzet”də çap etdirdiyi “Qardaş” adlı portret yazısında mənim Aydınla dostluğuma işarə edərək yazır: “Onların birgə xatirələri çoxdu, çünki çoxdanın dostudular, hardasa 40 il. Xırdaca sirləri də var, bəzilərini mən də bilirəm, özü də həmin sirlər yumor üstündə köklənib”. Elçinin üstüörtülü dediyi o “sirlər”in biri də elə budur.
Novruz Nəcəfoğlu
525-ci qəzet.-
2015.- 24 oktyabr.- S.22-23;31