Frida... Dieqo... Və əzablar!
Kiçik
bir haşiyə: 2002-ci ildə rejissor Culi Teymor Frida Kalo
haqqında “Frida” adlı film çəkib. Bu
film rəssam xanımın günümüzdə də
populyarlığını itirməməsinə, daha artıq
tanınmasına səbəb olub. İstedadlı
aktrisa Salma Hayekin canlandırdığı Frida rəssamın
real görünüşünə, xarakterinə xeyli
uyğunlaşdırılıb. Süjet də
demək olar ki, reallığı əks etdirir. Və mənə görə filmin ən təsirli səhnəsi,
məhz Trotskinin Fridanın evini tərk etdiyi məqamdı.
Dieqo - heç nə anlamıram, axı, o niyə
getdi? - deyəndə Frida onluğa
vuran cavab verir: “Çünki o yanındakı qadının
hisslərinə hörmət edir”. Məhz bu
cümlə Fridanın revanşı sayıla bilər.
Frida Kalo
- dünyaca məşhur meksikalı rəssam qadın. O rəssamlıq
tarixində qeyri-adi avtoportretləriylə qalıb. Və bu rəsmlərə,
Fridanın özünün çəkdiyi “Fridalara” baxanda istər-istəməz
sual yaranır: bütün tablolardan (biri də istisna deyil!)
görünən bu kədərli baxışlara, son dərəcə
ciddi və dərdli simaya, göz yaşına səbəb nədi?
Nə üçün gerçək həyatda
şux, şən, əyləncələrə meyilli olan,
mahnılar oxuyan, şıltaq, dəcəl qadın
özünü yalnız qəmli, ciddi, ağrılı
çəkirdi? Nə, yaxud nələr
idi ona əzab verən? Fridanın tənhalığı,
ağrıları, gözündəki kədər həm
fiziki, həm də mənəvi “qəza”larıyla
bağlıydı.
Avtobus qəzası...
Özüylə təkbətək!
Sonsuz
sayda avtoportretlərinin səbəbini Frida belə izah edirdi:
“Mən
daha çox öz rəsmlərimi çəkirəm... Ona görə ki, əsasən tək qalıram,
özümlə oluram. Həm də Frida mənim
ən yaxşı bələd olduğum mövzudu!”
O, hələ
uşaqikən poliomielit (onurğa beynin iflici) xəstəliyi
keçirmişdi. Xəstəliyin fəsadları
da qalmışdı, bir ayağı o birindən nazik idi, həm
də axsayırdı. Əzablara meydan
oxumaq da o vaxtdan, uşaqlıqdan vardı Fridada. Dostlarının onu “taxtaayaq” deyə ələ
salmasına, yaxud çox gəzəndə, qaçanda yaranan
dözülməz ağrılara fikir vermirdi. Oğlanlara qoşulub idman edirdi, qaçırdı,
atılıb düşürdü. Hə,
bir də məktəb divarlarında freskalar çəkən
şişman rəssama, Dieqo Riveraya atmacalar atırdı, “yekəqarın”
- deyib gülürdü. O zaman artıq məşhur olan
Dieqo bu balaca qızın dəcəlliyindən hirslənmişdi
də... Amma nə biləydi ki, hələ o
vaxt balaca Frida “Dieqoya ərə gedəcəm” - deyib məqsəd
qoymuşdu qarşısına. Belə də oldu! Ancaq o məşum avtoqəza olmasaydı, “ona
oğlan doğacam” arzusu da həyata keçərdi.
18
yaşlı yeniyetmə qız məktəbdən evə
qayıdanda dəhşətli qəza keçirir. Avtobus tramvayla toqquşur. Sevgilisi
Alexandro yüngül yaralanır. Frida isə
ömürlük şikəst olur.
Dəmir
tutacaq qarnını deşib keçmişdi, (buna görə
Frida heç vaxt ana ola bilmədi) sonsuz
sayda sınıqlar, daxili orqanların zədələnməsi,
bütün bunlara tab gətirmək asan deyildi. Həkimlər
də qızın sağ qalacağına inanmırdılar,
sadəcə, möcüzə gözləyirdilər. Fridanın iradəsi, özünəinamı, həyatdan
bərk-bərk yapışması həqiqətən
möcüzəyə səbəb oldu. Az
qala bir il yataqdan qalxmayan, bütün bədəni gips
içində olan qızcığaz sağaldı, gəzməyə
başladı. Bu bir ildə Frida üçün tale əhəmiyyətli
bir neçə hadisə baş verdi; o,
sevgilisi Alexandronu itirdi, qorxaq aşiq Fridanın
ömürlük şikəst qalacağını
düşünüb qaçdı. Amma ən
böyük qazancı “fırça, molbert, kətan, rənglər,
rəsmlər”, bir sözlə, rəssamlığı oldu.
İndiyə kimi bu istedadına ciddi
yanaşmayan Frida zamanını çarpayısına birləşdirilmiş
xüsusi molbertlə, tavana yapışdırılmış
güzgüylə təkbətək keçirirdi. Onun silsilə avtoportretləri də, rəssam
bioqrafiyası da burdan - xəstəlikdən,
çarpayıdan başlanırdı.
Bir il keçdi! Dieqo... ailə!
Fridanın qətiyyətli, mübariz xarakteri, iradəsi
onun bioqrafiyasındakı bir çox hadisələrdə
özünü göstərir. Amma mənə görə
ən təsirlisi yataqdan qalxıb gəzməyə
başlayan kimi bir ildə çəkdiyi rəsmləri
götürüb Dieqo Riveranın yanına getməsidi. Yəni balaca qızın “ona ərə gedəcəm”
- deməsi sadəcə, söz, ya da şıltaqlıq
deyilmiş. Fridanın məqsədi var və
ayağa duran kimi bu məqsədinə doğru getməsi xeyli
düşündürücüdü. Özündən
21 yaş böyük, “yekəqarın” Dieqodan nə istəyirdi
bu “sınıq-salxaq” (həm ruhən, həm də fiziki cəhətdən!)
qız? Keçirdiyi əzablar,
yaşadığı qəzalar, xəstəliklər
azmış kimi, başını daha bir cəncələ
salması nəyə lazım idi? Məncə, Frida sadəcə,
özünü axtarırdı, ruhunu axtarırdı və
hansısa fəhmlə o ruhun məhz bu qoca, kifir kişidə
yuva saldığını hiss edirdi... Bir də axı
Fridanın çoxlu cavabsız sualları vardı: rəssamdırmı,
rəsm çəkməyə davam etməlidirmi, istedadı
varmı bu sahədə, Qadındımı, xoşbəxtlik
varmı, ana ola bilərmi, dünya nə rəngdədi???
Bütün bu sualların cavabı Dieqoda idi.
O, Fridanın avtoportretlərini ilk baxışdaca dəyərləndirir.
Onun qeyri-adi rəssamlıq istedadı haqqında sonralar
deyirdi:
“Onun rəsmləri həyati hisslər ifadə edir. Bu hissləri
sərt və güzəştsiz müşahidə qabiliyyəti
tamamlayır. Mən aydın başa
düşürdüm ki, bu qız anadangəlmə rəssamdı...”
Frida ilə Dieqonu çox şeylər
bağlayırdı. Onlar hər ikisi kommunist idilər. Dieqonun siyasi baxışlarıyla Fridanın
düşüncələri üst-üstə
düşürdü. Sənətə
münasibətləri də eyniydi. Frida
Dieqonun peşəkarlığına, Dieqo Fridanın həssaslığına,
zərif ürəyinə heyran idi. Amma
bütün bu hisslərin, münasibətlərin şirəsi,
mayası sevgiydi. Dieqo onun qayğısını
ana kimi çəkən balaca qızcığaza
vurulmuşdu. Frida ipə-sapa yatmayan kişini ram etmək,
özününküləşdirmək istəyirdi. O vaxta qədər
Dieqo iki dəfə ailəli olmuşdu. İkinci
xanımı meksikalı yazar, model, əsrarəngiz gözəlliyə
malik Quadalupe Marindən iki qızı vardı. Amma bütün bunlar maneə deyildi. Daha ciddi maneə, daha böyük çətinlik
Dieqonun xarakteriydi. Onun üçün “vəfa”,
“etibar” deyilən məhfum, ümumiyyətlə, yox idi. Bu xeyli dərəcədə onun əqidəsindən,
kommunist baxışlarından gəlirdi. Qadın-kişi
münasibətlərinin, daha çox da intim
yaxınlıqların aşağılanıb, kiçildilib
sadə, adi, gündəlik işə çevrilməsi, “bir
stəkan su” (yəni fiziki yaxınlıq, sadəcə, su
içmək qədər sadə bir ehtiyac təminatıdır)
prinsipi, xəyanətin “əl sıxmağa” bənzədilməsi
o dövrün, daha doğrusu bu əqidəyə xidmət edən
mühitin eybəcərliklərindən biriydi. Frida bütün bunları qəbul etdiyini, Dieqodan
sadiqlik, etibar gözləmədiyini bildirdi və onlar evləndilər.
Amma ...
Növbəti
QƏZA!
“Həyatımda iki qəza olub - biri avtobusla tramvay
toqquşanda, biri də - Dieqo”.
...Bunu Frida Kalo deyirdi. Amma mənə görə Dieqo daha
böyük, daha ağır qəza idi. Əgər
avtobus qəzasının fəsadları sadəcə,
müalicəylə, yatağa düşməklə
keçdisə, Fridaya fiziki ağrılar miras qoydusa, Dieqonun
vurduğu qəlb yaraları, verdiyi ruh əzablarıydı.
Bunlarınsa müalicəsi sənətdədir.
Və heç şübhəsiz, Fridanın
çağdaş zamanda milyon dollarlarla dəyərləndirilən
rəsmlərinin, avtoportretlərinin səbəbi bu əzabları,
ağrılarıydı. Bu məqamda onun bir tablosu gəlir
gözümün önünə: çılpaq bədəninə
korset geyinib, onurğa sütunu çat-çatdı,
bütün vücuduna mismarlar çalınıb. Baxdıqca
havalanır adam. Xəstə,
fiziki və mənəvi ağrılar içində
çabalayan, əzablardan xilas yolu axtaran qadını bundan
gözəl necə təsvir etmək olardı görəsən?!
Heç necə! Dieqonun modellərlə və əsasən
də “keyfiyyətsiz” qadınlarla bitib-tükənməyən
xəyanətlərini “mənəvi terrorizm” də
adlandırmaq olar. Frida zərbənin, əzabın
birindən qurtulmamış növbətisi gəlirdi. Cənab
Rivera müsahibələrindən
birində deyirdi:
“Frida mənim hansısa üstün, qeyri-adi qadına
meylimi bağışlayardı. Amma özümə
layiq olmayan, aşağı səviyyəlilərlə əlaqələrimi
anlaya bilmirdi. Ancaq nə edim, bu məndən asılı
deyil, qadını nə qədər çox sevirəmsə,
o qədər də
iztirab çəkməsini istəyirəm”.
Bu yerdə “sinik”ləri necə yada salmayasan?! Dünyaya
abırsız, insan münasibətlərinə həyasız
yanaşma aşılayan cərəyandı, “sinizm”
sözü də məhz burdan gəlir. Axı
insan hisslərinə bu cür oyunbaz münasibəti ayrı
necə yozmaq olar?! Yaxud da “mərhum” Markiz
de Sadı xatırlamayıb nə edəsən?! Çünki sevdiyin, məhz Sevdiyin insanı incitmək
ehtiyacına, istəyinə başqa ad tapmaq olmur.
Və bu yerdə Fridanın sevgisinin qəribəliyi,
Dieqoya aid hisslərinin əndrəbadiliyi haqda
düşünürəm. Axı, qadın təbiətən
başqa cür yaranıb. O sığınmağa,
söykənməyə meyillidi, rahat bucaq, isti yuva istəyir. Kişi isə genetik olaraq “qoruyan”dı, “yuva”dı.
Qadın kişinin yanında özünü
beşiyindəki kimi rahat, qayğısız hiss etmirsə,
onun qoynunda dərdlərini unutmursa, əksinə, əlavə
dərd, yeni ağrı qazanırsa, hansı sevgidən
söhbət gedə bilər?! Amma Frida
klassik Qadın obrazına, xarakterinə uyğun idimi? Məncə,
yox... Onun xarakterində kişi başlanğıcı, kişi elementləri
daha üstün idi. Bütün fiziki və mənəvi əzablara
dözümündə məhz kişi iradəsini
sezmək olar. Bu xarakter onun yaşam tərzinə
də təsir edirdi. Çoxlu içirdi,
əsasən də tekila içməyi sevirdi, fasiləsiz
siqaret çəkirdi, hələ üstəlik arabir
qadınlarla da əylənirdi. Dieqonun əlindən
aldığı, özünə aşiq etdiyi qadınlar da
vardı. Və bu gündəlik əyləncələr,
haylı-küylü məclislər, içki mərasimləri
xəyanətləri çox da ürəyinə salmamağa
kömək edirdi. Amma... O gün ki, Frida kiçik
bacısı Kristinanı Dieqo ilə eyş-işrət
üstündə yaxaladı... O gün ki, Frida sadəcə,
xəyanət yox, satqınlıqla üz-üzə durdu... Hər
şey sındı, dağıldı, məhv oldu... Dieqonun
sonsuz sərbəstliyini başa düşən, dərk edən,
bağışlayan qadın məhz bunu başa düşə,
bağışlaya bilməzdi... Bağışlamadı da! Boşandılar.
Rəsmlərə
həkk olunmuş kədər...
Frida Kalo gözəl deyildi. Əməliyyatlardan, xəstəliklərdən
ən müxtəlif fiziki qüsurları da
qalmışdı. Axsayırdı,
simmetrik olmayan bədən quruluşunu, ayaqlarını gizlətmək
üçün uzun ətəklər geyinirdi. Amma onun qalın, çatma qaşlarında, gur
saçlarında sirli bir obraz, qadınlıq, zəriflik
duyulurdu. Dieqodan ayrılan kimi isə ilk
olaraq saçlarını kəsdi. Uzun,
qalın hörüklərindən azad oldu.
Oğlansayağı saç düzümü etdi, kişi kostyumu geyindi. Psixologiya elminin
düşünməli, araşdırmalı olduğu məqamdı
bu; depressiyaya düşən qadınların
saçlarını kəsməsi, qısaltması, kişi kostyumları geyinməsi. Bəlkə dərdli qadın sadəcə, zəriflikdən,
incəlikdən, zəiflikdən imtina edirdi bununla?! Bu boyda zərbədən sonra nə qadınlıq,
nə zəriflik, nə saç, nə hörük?! Amma Fridanın dünyanın da, taleyinin də,
Dieqonun da zərbələrinə qarşı ciddi
“silahı”, fırçası vardı. O öz
avtoportretlərində ən adi, kiçik detallarla
böyük iztirablarını ifadə edirdi. Depressiyada
olduğu günlərdə mətbuatdan oxuduğu kiçik xəbər
növbəti şedevrinin ideyasını vermişdi. “Çarpayıda qadın cəsədi. Bədəni qan içindədir, sonsuz sayda
bıçaq izləri var. Çarpayının yanında əlində
bıçaq tutmuş kişi”. Rəsmin adı isə
belədi: “Sadəcə bir neçə zərbə...” Qadına sonsuz sayda bıçaq zərbəsi
endirib onu qətlə yetirən caninin müsahibəsindən
təsirlənib rəssam. Cani
“qadını niyə öldürdünüz?” sualına, “mən
neylədim ki? Sadəcə bir neçə
zərbədir də...” - deyə cavab verib. Nə qədər maraqlı simvoldu, deyilmi?
Axı Dieqo da “mən neyləmişəm ki?”, “Sadəcə,
fiziki yaxınlıqdı, əl sıxmaq bundan daha emosional
işdir” - deyirdi. Bir sözlə, Fridanın
bütün şəxsi həyatı qısa müddətdə
tablolarında əksini tapırdı. Onun
rəsmlərini gözdən keçirmək bütün
bioqrafiyasına nəzər salmaq deməkdi. O həkimini
də, Stalini də, atasını da kətan üzərinə
“köçürürdü”... Öz
düşüncəsindən, təfəkküründən
keçirərək edirdi bunu. Onun
qadın bioqrafiyasının ən kədərli tərəfi
- üç dəfə uşaq itirməsi də məşhur
tablosunda əksini tapıb. Frida itirdiyi
uşağı, daha doğrusu, hələ
formalaşmamış embrionu şüşədə, maye
içərisində saxlayırdı. Amma o öz
“övlad”ının rəsmini də çəkmişdi:
Frida çarpayıda qan içində, gözüyaşlı,
embrion və qadının sonsuzluğunu ifadə edən
müxtəlif detallar damarlarla ona birləşib. Dieqo bu rəsmi görəndə
hönkürtüylə ağlamışdı. Axı həqiqətən bu qədər iztirab
olmaz?! Frida canından ayrılan, qopan, tələf olan
övladını Dieqoya bənzər çəkib...
Bütün
bu qəmli taleyi və kədərli tablolarıyla
yanaşı, Fridanın həyata sevgisini, nikbinliyini göstərən
məqamlar da az deyil. Elə onun
özünün gündəliklərində xarakterinin bu tərəflərini,
yaşamaq eşqini ifadə edən qeydlər var. O,
yazırdı: “Gülüşdən önəmli heç nə yoxdu. Gülüş
vasitəsiylə özündən ayrılmaq, çəkisiz
olmaq mümkündü”. Başqa bir yerdə isə qeyd edirdi ki, “dünyada ən
gülməli şey - faciədi”. Görünür,
Frida öz faciələrinə gülə-gülə öyrənmişdi
bunu... Həm də onun düşüncəsində iki Frida
vardı: biri hamının gördüyü,
tanıdığı - güləyən, şən, şux,
içki içən, hay-küylü zarafatlar edən, əyləncələrdən
başı açılmayan... Digəri,
yalnız özünə bəlli olan - dərdli,
ağrılı, gözləri qəmli, ürəyi
yaralı Frida. Rəssam xanım bu Fridaların ikisini də
təsvir edən tablo da çəkmişdi... İki
Frida əl-ələ tutub oturublar. Birinin
paltarında qan izləri də var. O biri al-əlvan geyinib.
İkisi də ciddidir, gözlərindəki ifadə
düşündürücüdü. Ən
əsası isə hər ikisinin ürəyinin
açıqda, göz önündə olması təsirlidi.
Xəyanətə
xəyanət...
Dieqo ilə Fridanın birgəliyi, yaxud
ayrılmağı elə ciddi fərqlənmirdi. Evli olanda
çox vaxt ayrı-ayrı yerlərdə
yaşayırdılar. Boşanandan sonra da
ünsiyyətləri kəsilməmişdi. Dieqo Fridanın rəsmləri haqda yüksək
fikirlər deyir, onu ruhlandırırdı. Frida hər uğuru haqda Dieqoya məktublar
yazırdı.
Dieqonun dostu, məşhur kommunist, Stalin rejimində
çox şeylərlə razılaşmayıb Rusiyadan
qaçan Lev Trotski Mexikoya gəlib sığınacaq axtaranda
rəssam öz dostunun təhlükəsizliyi
üçün məhz Fridanın evini seçir. Frida eks ərinin
qonaqlarını məmnuniyyətlə qəbul edir. Hər
an təhlükəylə üz-üzə
olan Trotskinin təmkini, eyni zamanda sənətə, daha
çox da Fridanın rəsmlərinə münasibəti rəssam
xanımı yaman həyəcanlandırır. Və
çox güman ki, Lev də qapılarını
açıb ona sığınacaq verən, heyran olan
qeyri-adi, çılğın qadına biganə qala bilmir.
Frida Trotskinin dəmir təmkinini pozur, onu
özünə aşiq edir. Lakin Levin
xanımı ərinin halını başa düşüb
etirazını bildirir, onlar Fridanın evini tərk etməli
olurlar.
Həyatın
sonu, karyeranın başlanğıcı
Fridanın avtobus qəzasından başlayan fiziki əzabları
həyatının sonuna doğru artırdı,
çoxalırdı. Ömrü boyu 32 əməliyyat
keçirmişdi, illərlə gipsdə qalmışdı.
Həyatının sonuna doğru dözülməz
ağrılarını yalnız narkotik vasitələrlə
sakitləşdirirdi. Eyni vaxtda həm dərmanlar
qəbul edir, həm də tekila içirdi. Ayağında başlanan qanqrena amputasiya ilə nəticələndi.
Ancaq yenə də Frida həyatla, sevgiylə
dolu idi. O öz sərgisinə xəstəxanadan
birbaşa gəlsə də, mahnılar oxuyur, zarafatlar edirdi. Bir sözlə Fridanın sınmış, əzilmiş,
həyatdan bezmiş halını görmək hər adama nəsib
olmadı. Onun bir həyata, bir də Dieqoya
sevgisi sirrdi. Sonralar xeyli populyarlaşan, surəti
çıxarılıb yayılan məşhur gündəliyində
ən çox rast gəlinən söz, ad “Dieqo” idi:
“Dieqo -
başlanğıç, Dieqo - övladım, Dieqo - dostum,
Dieqo - rəssam, Dieqo -atam, Dieqo - sevgilim, Dieqo - anam, Dieqo - mən
özüm, Dieqo - hər şeyim”.
Dieqonun
onun həyatındakı yerini müəyyənləşdirmək
üçünsə aşağıdakı qeydini oxumaq kifayətdi:
“Ağzımın
suyunda,
Kağızda,
Qarabasmada
bütün sətirlərdə,
Bütün
rənglərdə,
Bütün
kuzələrdə
Köksümün
içində,
çölündə...
Dieqo - dodaqlarımda, ürəyimdə, dəliliyimdə, yuxularımda, basma kağızda, qələmin ucunda, peyzajlarda, yeməkdə, metalda, xəyallarımda, xəstəliklərimdə, vitrinlərdə... Fəndlərində, gözlərində, dediklərində və yalanlarında!”
Bir də Frida bir rəsmində alnının ortasında Dieqonu əks etdirib. Və Dieqonun özünün də təpəsində bəsirət gözü açıqdı. Məncə, məhz yuxarıdakı sözlər və bu tablo Dieqonun əbədi bir “avtoritet”, ilahi varlıq kimi göstərir. Yəni Fridanın düşüncəsində o beləydi...
Boşanandan bir neçə il sonra Dieqo ilə Frida yenidən evlənmişdilər. Şübhəsiz ki, heç nə dəyişməmişdi. Dieqo öz modelləriylə qısamüddətli eşqlərini yaşayır, Frida bunları bilir, amma artıq sakit yanaşırdı, təmkinlə baxırdı. “Dieqo həm iblisdi, həm də mələk...” - deyirdi. Və məhz bu mərhələdə Fridanın karyerası, rəsmlərinin qəbul olunması, Parisdə sərgidə göstərilməsi, hətta Luvr muzeyinin onun bir rəsmini alması da həlledici məqamdı. O, sürealist olduğunu qəbul etmirdi. Ancaq hər halda sürealistlər onu özlərindən biri sayırdılar və bu, onun rəssam kimi tanınmasına kömək oldu.
Frida öz zəhmətinin bəhrəsini - bir-iki xırda uğurları, Paris səfərini çıxsaq - çox az gördü. Ölümündən sonra rəsmləri milyonlara satılırdı, indi də auksionerlər onun işlərinə külli miqdarda pul təklif edirlər. Görünür, bu da böyük sənətkarlığın qəribə ştrixlərindəndi: gerçək dəyərin məhz ölümündən sonra verilməsi. Ölümünü isə Frida sevə-sevə gözləyirdi: “Gedişimi sevinc içində gözləyirəm, ümid edirəm ki, daha heç vaxt qayıtmayacağam!”
“Bu vicdansız bədəni yandırarsız” -
demişdi bir də... Və bu vəsiyyətin özündə
nə qədər böyük ağrı var?! Həyatı
boyu ağrı, xəstəlik, əzab daşımış
bədəndən heç nə qalmasını istəmirdi
Frida... O əzablardan dünyaya miras qalan isə
yaratdığı rəsmlər, çəkdiyi şəkillərdi.
Bir də əfsanəyə çevrilmiş sevgisi!
PƏRVİN
525-ci qəzet.- 2015.- 24 oktyabr.-
S.20-21