Tarixin müasirliyi və ya “Baş”ın metafizikasından “O”nun apokalipsisinə

 

 

 

Xalq yazıçısı Elçinin yeni romanını - “Baş”ı əlyazmasında oxudum və belə qərara gəldim ki, kitab şəklində nəşri ərəfəsində ilkin təəssüratlarımı bildirim...

 

Hər şeydən əvvəl onu deməliyəm ki, roman həm mövzusuna (tarixi- informativ fakturasına), həm ideya- məzmununa, həm də poetexnologiyasına görə yalnız Azərbaycan deyil, ümumən dünya ədəbiyyatında hadisə sayıla bilər. Və dərin inamımıza görə, romanın çoxlu dəyərləri, məziyyətləri içərisində əsası odur ki, böyük yazıçı- mütəfəkkir Tarixi zədələmədən, hadisələrin mürəkkəb dinamik sistemini bütün təbiiliyi ilə alaraq ona müasir (modern!) sosial- fəlsəfi təfəkkür səviyyəsindən baxmaq təcrübəsi vermişdir ki, bu baxış nə qədər tarixidirsə, bir o qədər də müasirdir.

 

Fikrimizcə, müəllifin öz yeni romanını atasının - böyük yazıçı- mütəfəkkir İlyas Əfəndiyevin xatirəsinə həsr etməsi yalnız Oğulun Ataya Ehtiramı ilə məhdudlaşmır. Hər şeydən əvvəl ona görə ki, romanda təsvir olunan hadisələr, onların gedişi,çoxşaxəliliyi və nəticələri barədə vaxtilə İlyas Əfəndiyev özünün ədəbi-ictimai mühitdə geniş rezonans doğurmuş (bu gün də diqqət mərkəzində olan) dəyərli mənbə- əsərlərini yaratmışdı... İkincisi isə, mövzuya dərindən bələdliyi, çox az yazıçılarla müqayisə olunması heç bir şübhə doğurmayan İlyas Əfəndiyevin həmin mövzu ilə bağlı məlumat “cəbbəxana”sı, yəqin ki, bilavasitə Oğula da keçmiş, ona görə də Elçin cəmiyyətə ya az məlum olan, ya da məlum olmayan çoxlu tarixi faktlara istinad etmək imkanı qazanmışdır... Və nəhayət, görünür, romanın mərhum yazıçının xatirəsinə həsr olunmasının bir mühüm səbəbi də İlyas Əfəndiyevin heç zaman unudulmayacaq (və artıq böyük bir obraza çevrilmiş!) Qarabağ, ümumiyyətlə bütöv Azərbaycan sevgisidir ki, əsərin ruhuna hopmuşdur.

 

Romanın epiqrafında müəllif xəbərdarlıq edir ki, “buradakı tarixi qəhrəmanlar da müəllif üçün qeyri- tarixi qəhrəmanlar səviyyəsində “özününküdür”.

 

Tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla, ayrı- ayrı tarixi epizod və məqamlarla bağlı arxivlərdə axtarışlar aparmasınlar, çünki heç nə tapmayacaqlar!” Bununla belə onu da əlavə edir ki, “müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst- üstə düşən və müəllifin fikrincə, tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil”.

 

Fikrimizcə, müəllifin bu xəbərdarlığı sözün həqiqi, yaxud müstəqim mənasında xəbərdarlıqdan daha çox, bir növ, metodoloji məzmun daşıyır... Əslində, yazıçı deyir ki, onun məqsədi Tarixi köçürmək, çox hallarda səhih olub- olmadığı bilinməyən, açıq- aşkar şübhə doğuran, lakin tarix kitablarının səhifələrini hələ də “bəzəyən” faktların arxasınca getmək, çox müxtəlif məqsədlərlə, yaxud biri digərinə daban- dabana zidd olan mövqelərdən, “təəssübkeş” (və subyektiv!) tarixçi- münşilərin yazıb qalaq- qalaq yığdıqları “mənbələr”i hərfi- hərfinə qəbul etmək (çox təəssüf ki, bizim bir çox mötəbər əsərlərimiz məhz bu üsulla qələmə alındığından bu gün, demək olar ki, konyuktur “əhəmiyyət”ini itirmişdir) deyil. Romanla tanışlıq da göstərir (və israrla sübut edir) ki, “Baş” müəllifinin məramı tarixin məntiqini, hadisələrin, talelərin, uğrunda mübarizə aparılan, başlar kəsilən, qanlar tökülən ideyaların metafizikasını - reallığını və irreallığını (mistikasını!) aşkarlamaqdan ibarətdir. Və müəllif, etiraf etmək lazımdır ki, tarixin metafizikasının, mahiyyətinin geniş miqyasda şərhinə (və ümumiləşdirilməsinə) də romanda təqdim olunan (eləcə də təqdim olunmayıb, ancaq yazıçıya bütün təfsilatı ilə məlum olduğu heç bir şübhə doğurmayan) küllü miqdarda tamamilə dəqiq, yaxud bu və ya digər dərəcədə mübahisəli tarixi faktların bir peşəkar tarixçi - intellektual səviyyəsində təhlil və müqayisəsindən gəlir...

 

Yazıçının Tarixə, onun məntiqinə (fəlsəfəsinə!) bələdliyi, aşinalığı, onun “ürəyinin ritmini” hiss etməsi hətta o yerə çatır ki, mötəbərliyi hər hansı rəsmi arxiv materialı ilə müqayisə oluna biləcək, nə qədər təxəyyül məhsulu olsa da, adekvatlığı heç bir mübahisə doğurmayan “tarixi mənbələr” yaradır... Biz heç bir şübhə etmirik ki, Qafqazın Rusiya Sərdarı Pavel Sisianov əgər Rusiya imperatoru 1-ci Aleksandra, yaxud Sankt-Peterburqdakı yaralı dostu qraf N.İ.Timofeyev - Boqoyevlenskiyə Qafqazdakı vəziyyəti təsvir edən məktublar yazmışdısa məhz bu cür - bu məzmunda, bu üslubda və bu əda ilə yazmışdı.

 

Romandakı tarix (o tarix ki, XIX əsrin əvvəllərində Azərbaycanın, yaxud Cənubi Qafqazın hər yerində - hər bir xanlığında, demək olar ki, eyni cür cərəyan edirdi) Bakı xanı Hüseynqulu xanın Rusiyanın Qafqazdakı işğalçı qoşunlarının baş komandanı Sərdar Pavel Mixayloviç Sisianovun Bakını təhvil vermək tələbi qarşısındakı iztirablarının təsvirilə başlayır...

 

“...Vəhşi heyvan ki meşədə öz balalarını necə qorumağa çalışırdı, onları gizlədirdi, tez- tez yuvasını dəyişirdi ki gecə- gündüz şikar axtaran başqa vəhşi heyvanlar bu balaları tapıb parçalamasın, Hüseynqulu da xanlığı eləcə qorumağa çalışırdı, ancaq bu daha mümkün deyildi...

 

...Hüseynqulu xan çiyninə saldığı kürkün yaxalarını sinəsinə çəkdi - əməlli- başlı üşüyürdü - son illər onun gücü və ağlı daima seçim qarşısında idi: ruslar, yoxsa Qacarlar və bu seçimin heç biri də, aydın məsələdir ki, onun üzünə gülmürdü, çünki o, hər iki divin ayağının altındakı qarışqa idi, əvvəl- axır basıb əzəcəkdilər”.

 

Bakının Qoşa Qala Qapısının ağzında knyaz Sisianovun öldürülməsi, zahirən belə görünə bilərdi ki, heç olmasa qısa bir müddətə olsa da Hüseynqulu xana özünə gəlmək, Bakının - xanlığın xilası üçün tədbirlər görmək imkanı verəcəkdir, ancaq belə olmur, xan əvvəlkindən də dəhşətli bir psixoloji vəziyyətə düşür. Və yazıçı həmin vəziyyəti yalnız ustad sənətkarlara məxsus bir qələmlə (ürəklə!) təsvir edir...

 

“Məşvərət otağına o qədər qorxu- hürkü dolmuşdu, əhli-məclisin fikri o qədər təşviş və məchulluq içində idi ki, heç kim Hüseynqulu xanın hüzurunda Mahmud bəyin belə bir ötkəmliyinin fərqinə varmadı.

 

Xanın isə içində dünyanın faniliyi, bu fani dünyada da insanların hiylə və ikiüzlülüyü ilə bağlı təzə bir şeir də doğulurdu və əslində bu şeirin qəhrəmanı elə Hüseynqulu xanın özü idi: xan yalnız indi özü-özünə etiraf edirdi ki, ürəyinin dərinliyində bilirdi, hiss edirdi ki, Sərdar Sisianovla görüşdə Mahmud bir oyun çıxaracaq, ancaq Sərdarın pişvazına Mahmudu da, onun atlılarını da özü ilə götürdü və içinə dolmuş şeirdə burası da var idi ki, yox, dayan, dur, kimi aldadırsan? - sən nəinki bunu duymuşdun, sən bunu istəyirdin...

 

...Və bir tərəfdən çaşqınlıq, bir tərəfdən də özü özündən çəkdiyi o xəcalət hissi xana fikirlərini toplamağa imkan vermirdi və bütün ömrü xanlıq taxtına sahib olmaq və bu taxtı saxlamaq uğrunda gündəlik mübarizə içində, siyasət aləmində keçən bu adam bu dəqiqələrdə qorxurdu ki, birdən durub qaçar: hardasa bir otaq tapıb, o otağın qapısını kip bağlamaq, heç kimi görməmək, bütün dünyadan təcrid olmaq, həyatının qorxu ilə dolu səhifələrinin hamısını yaddaşından pozmaq və gecə- gündüz şeirlər yazmaq - ancaq daha fanilikdən, zinadan, xəyanətdən, hiylə- fəsaddan yox, güldən və bülbüldən, pərvanə və şamdan, aşiq və məşuqdan yazmaq...”

 

Bakı xanlığının taleyinin həll olunduğu (və bu taleyin faciəliliyinin, demək olar ki, heç kəsdə şübhə doğurmadığı - əgər Mahmud bəyin türk “romantika”sını ciddi hesab etməsək) günlərdə Hüseynqulu xanın siyasi (və mənəvi- duyğusal!) fərariliyinin qarşısını, nə qədər müvəqqəti (və şübhəli!) olsa da, Bakının nüfuzlu ruhanisi Molla Müzəffər Ağanın təklifi alır. Və qərara gəlinir ki, Sisianovun başı kəsilib Tehrana - rusların düşməni Fətəli şaha hədiyyə göndərilsin. Məqsəd isə bu olur ki, “başının üstünü yenə də qapqara duman bürümüş Bakı camaatı” Fətəli şahın - İranın simasında, qısa bir müddətə də olsa, özünə himayəçi əldə etsin... Lakin Hüseynqulu xan (eləcə də digərləri) yaxşı bilirdi ki, insana yaraşmayan (və Yaradana xoş getməyən!) həmin təşəbbüs (və hərəkət) nə İranı müttəfiq (himayəçi) edəcək, nə də Rusiyanın qəzəbi qarşısında hər hansı müqavimət üçün müvəqqəti də olsa şərait yaradacaq. Bununla belə, suda batan saman çöpündən imdad gözləyir... Və Sərdar Sisianovun başı Tehrana göndərilir.

 

Tehrana gedən heyətin tərkibində olan Molla Müzəffər Ağanın həm insani, həm də ruhani yaşantıları, tərəddüdləri romanın çoxlu sayda maraqlı səhifələrindən sayıla bilər. Başın kəsilib Fətəli şaha göndərilməsini təklif edən bu nüfuzlu, müqəddəs insan yol boyu özünə haqq qazandırmağa çalışır...

 

“Başın sahibi indi cəhənnəm alovlarında yanırdı - buna şübhə ola bilməzdi və bu da onun öz əməllərinin nəticəsi idi - sən öz yurd- yuvandan çıxıb gəlib başqasının torpağında (təbii ki, Molla Müzəffər Ağa bilmirdi ki, Tehrana aparılan başın sahibi, əslində, hansı torpağın övladıdır - N.C.) qan tökəsən, ev yaxasan, kəndi, şəhəri topa tutub yetim-yesirin çörəyinə bais olasan və bunlara görə cavab verməyəsən? - bu mümkün olan iş deyil, çünki göydə hər şeyi görən və hər şeyin qiymətini verən var, dünya özbaşına deyil”.

 

Hüseynqulu xanın mərd, cəsur, lakin siyasətdən baş çıxarmayan təcrübəsiz qardaşı oğlu Mahmud bəy çıxış yolunu bütün milləti ayağa qaldırmaqda görür ki, bu romantik gənc “millət” dedikdə yalnız Abşeron camaatını yox, hətta yalnız bütün xanlıqlar da daxil olmaqla Azərbaycan əhalisini yox, dünyada yaşayan bütün türkləri nəzərdə tuturdu...”

 

Mahmud bəyin türkçülüyü heç bir hədd-hüdud tanımayan, heç bir siyasi- ideoloji, hətta intellektual əsaslara dayanmayan, yalnız dövrün amansız (vəhşi!) psixologiyasının təsiri altında formalaşmış belə bir qəddar (və perspektivsiz, antihumanist!) qənaətdir ki, “Allah mənə bir qılınc verəydi ki, bir həmləylə yer üzündəki bütün rusları, Avropadakı o firəngləri, ingilisləri, o birilərini, hamısını o qılıncdan keçirəydim!.. Elə farsları da!.. Ərəbləri də !.. Həbəşləri də!..Mahmud bəy onun üçün bu sözləri deyir ki, onun qəti inamına görə, “bütün dünya bizimlə düşməndi!”

 

Türkçülük hissiyyatları, inersiyası (ideologiyası yox! Bu ideologiya XIX əsrin ortalarından sonra formalaşmağa başlayacaqdı) Mahmud bəyin ruhuna o qədər hakim kəsilmişdi ki, dayısı Hüseynqulu xanın yeganə varisi kimi Bakı xanlığının taxtında oturacağı tamamilə real olduğu halda, onu çox kiçik bir şey sayıb taxtla maraqlanmırdı da...

 

Ancaq türk birliyi uğrundakı cəhdləri də elə ilk addımlarından uğursuzluqlara düçar olurdu...

 

“Mahmud bəy üç il bundan əvvəl əqidə dostu hesab etdiyi üç- dörd nəfəri başına yığıb İstanbula getmişdi - vəziyyəti başa salmaq, Osmanlını türk birliyinə çağırmaq istəyirdi, istəyirdi ki, Osmanlı dövləti bu birliyin başında dursun, Azərbaycanı rusların əlindən xilas etmək üçün onlardan kömək umurdu, ancaq Sultan Səlim onu heç qəbul da etmədi. Bir Sultan ki təmiz türk olmadı, bir Sultanın ki, anası avropalı kafir qızıdı, ondan nə gözləmək olar?..

 

Problem (nə qədər böyük olsa da!) yalnız bununla bitsə idi, yenə dərd yarı olardı...

 

“...Mahmud bəy yenə İstanbul səfərini yadına saldı: onun o əqidə dostları İstanbula çatandan sonra məlum oldu ki, ərəb, həbəş, erməni, yunan qızlarının göbək rəqsi və ciblərində nə varsa o qızlara xərcləyib, o qızlarla birlikdə rakı içə- içə kef məclisləri qurmaq, qəlyanxanalarda su qəlyanı çəkmək hərisliyi onlar üçün daha artıq imiş, nəinki onları İstanbula gətirən o mənasız və yalançı əqidələri. Sonra da Mahmud bəyi tək qoyub, hərəsi bir tərəfə qaçıb itdi və indi nə gündəydilər, Allah bilir - İstanbul onları o udandı udub”.

 

Bu məzmun-mündərəcəli (və təəssüf ki, səciyyəvi!) epizodda, gəlin, nə qədər ağır olsa da, etiraf edək ki, müəllif tarixin hansısa qaranlıq bir küncündə qalmış hadisədən danışmır və onun sözləri kifayət qədər (hətta bəlkə də, o illərdəkindən daha çox!) müasir səslənir.

 

Avropada təhsil almış, bir neçə il Rusiya imperiyasının paytaxtında yaşamış, hazırda isə Hüseynqulu xanın dilmancı Şərif bəy dünyada baş verən proseslərdən yaxşı baş çıxardığına görə təkidlə xana məsləhət bilir ki, Rusiyaya qoşulmaq lazımdır, çünki “dünya artıq Avropanındır, Rusiyanındır. Sankt-Peterburq bizim üçün Avropaya açılan bir pəncərə ola bilər, ağalar... Rusiya yalnız sisianovlardan ibarət deyil, bunu bilməyiniz vacibdir. Rusiyada açıq fikirli insanlar çoxdur, onların cəmiyyətdə nüfuzları sisianovlardan az deyil və Rusiya bu gün böyük bir intibah ərəfəsindədir, ağalar... Rusiyada yollar çəkilir, sənaye, inşaat və ticarət inkişaf edir, yeni-yeni vasitələr yaranır ki, bu inkişafa yeni də keyfiyyətlər gətirir. Rusiyada darülfünunlar yaradılır, təzə məktəblər açılır...”

 

Bakı xanlığının dilmancı Şərif bəyin tarixi taleyini müəllif, fikrimizcə, tamamilə düzgün (tarixin məntiqinə uyğun!) həll edir...

 

“...Provaslavlığı qəbul edib, Mixail adını almış Mixail Şərif bəy Peterburq Universitetinin şərqşünaslıq kafedrasının müdiri, professordur və O, şam yandırıb xaç çəkə-çəkə dua edən professor Mixail Şərif bəyin Yaradandan nə istədiyinin fərqində deyildi, çünki bu ONU qətiyyən maraqlandırmırdı...

 

” Romanın baş qəhrəmanı əsərdə cərəyan edən, yaxud müəllifin tarix “xaos”undan çıxararaq təqdimini (və təsvirini) mühüm hesab elədiyi hadisələrdə sözün həm real, həm də irreal (mistik) mənasında başı ilə iştirak edən Pavel Sisianovdur. O Pavel Sisianov ki, dünyaya bütün Qafqazı Rusiya imperiyası qarşısında diz çökdürmək missiyası ilə gəldiyinə öz varlığı qədər inanır... Yalnız inanmaqla da qalmayıb həmin missiyanı inamla həyata keçirir...

 

“Knyaz Sisianov Gəncəyə Yelizavetta Alekseyevnanın adını verdi, Bakıya isə Aleksandrın adını verəcəkdi - Bakı yox, Aleksandropol! - ola bilsin ki, əlahəzrət özü buna etiraz edəcəkdi, ancaq Sisianov mütləq buna nail olacaqdı, necə ki, Gəncənin adını dəyişməyə nail oldu”.

 

Göründüyü kimi, bu gürcü mənşəli Rusiya generalı Qafqazın təkcə coğrafiyasını yox, ruhunu zəbt etmək istəyir... Və paradoks da bundan ibarətdir ki, onun (və ailəsinin) ruhu da bir zamanlar Rusiya tərəfindən işğal olunmuşdu, “axtalanmışdı”...

 

“Əlli il əvvəl, 1725-ci ildə - o zaman ki, Rusiya imperiyası taxtının sahibi Anna İvanovna idi - Pavelin babası, gürcü knyazı Paata Sisişvili çar 6- cı Vaxtanqla birlikdə Tiflisi tərk edib mühacirətə Rusiyaya gəlmişdi, onda Paatanın uşaqlıq dostu Babua Arçil də onları müşayiət edənlərdən biri idi və Rusiyaya köçdükdən sonra Paata Sisişvili Pavel Sisianov oldu...”

 

Babua Arçil (Arçil baba) Sisianovları heç zaman tərk etmir və nəvə Pavel Sisianova da uzaqdan- uzağa babalıq edir, çalışır ki, onun genetik gürcü yaddaşı heç olmasa sona qədər sönməsin...

 

“Babua Arçil:

 

- Bax belə! - dedi, - yadında saxla, Paata, “Xmerti” gürcü dilində Yaradan deməkdir. Sən gərək Yaradanın adını sənin ulu babalarının dediyi kimi deyəsən! Eşidirsən, Paata, “Xmerti!”

 

Ancaq o “Xmerti” sözü səkkiz- doqquz yaşlı Pavelin xoşuna gəlmirdi, bu söz ona nəinki tamamilə yad idi, hətta ona gülməli gəlirdi - necə yəni “Xmerti”? - və bir müddətdən sonra bu söz tamam onun yadından çıxdı”.

 

Rusiyaya mühacirət etməyə məcbur olsa da, gürcü ruhunu daşıyan, gənc nəslə onu təbliğ edən, hətta evlənməsə belə, “deyilənə görə... Moskva gözəllərinin övladları arasında... uşaqları az” olmayan Babu Arçil “yeganə adam idi ki, gürcü ləhcəsi ilə rus dilində danışa- danışa Tiflisdən, Tiflis bazarından, kentolardan, Tiflisin azərbaycanlılar yaşayan Şeytanbazar məhəlləsindəki gözəl aşxanalardan, o aşxanalarda çalınan gözəl musiqilərdən, Tiflisdən keçən Kür çayından, Gürcüstanın dağlarından, bağlarından söhbət açırdı və onun o söhbətləri Sisianovların evində artıq çox uzaq, uzaq olduğu qədər də nağılvari bir dünyadan xəbər verirdi”.

 

Babua Arçil hansısa mistik bir hissin təsiri altında (bəlkə də, təsadüfən!.. Ancaq təsadüfi sayılan çox şeylər, nəticə etibarilə, zərurətə çevrilib insanın boğazından yapışmırmı?) Şeytanbazarda kəsilən başlardan da (əgər mistikadırsa, nə fərqi var, ya qoyun başı olsun, ya da insan başı?.. Pavel Sisianovun da başı Bakıda Qoşa Qala Qapısının ağzında qəssab tərəfindən məhz ət kötüyü üstündə kəsilmədimi?) söhbət açır...

 

“Babua Arçil deyirdi ki, Tiflisdəki ən ləzzətli qış yeməklərindən biri “Kəllə-paça” idi və əla “Kəllə-paça” Şeytanbazarda bişirdi. “Kəllə”- yəni qoyunun başı, “paça”- ayaqları və Tiflisə gələn xaricilər - ruslar, ingilislər, fransızlar o kəllə-paçadan o qədər yeyirdilər ki, üstündən soyuq su içib panos olurdular”.

 

Səkkiz-doqquz yaşlı, dədə-baba gürcü yaddaşını itirmiş Pavelin bu söhbətə reaksiyasında da onun gələcək məşum (faciəli!) taleyinə təhtəlşüur bir reaksiya var...

 

“Babua Arçil bunları danışa- danışa uğunub gedirdi, ancaq kəsilib qana bulaşmış o qoyun kəlləsi Pavelin gözlərinin qabağına gəlirdi və onu vahiməli bir heyrət bürüyürdü ki, bu cür qanlı başı necə yemək olar və bunu danışa- danışa Babua kimi necə gülmək olar?”

 

Sən demə, bu dünyadan hər şey gözləmək olarmış!..

 

Romanın (və müəllifin) metafizikasına görə, general Sisianov yalnız amansız bir işğalçı deyil...

 

“Bəli, o, - knyaz Sisianov - Böyük Rusiyanı Zaqafqaziyaya qılıncla gətirirdi, ancaq vaxt gələcək, bu yerlər başqa bir Rusiyanı da tanıyacaq - maarifçi Rusiyanı. Rusiya Avropa mədəniyyətini və maarifini özü əxz edə-edə, özündən keçirib bu yerlərə də gətirəcək və əlbəttə, o zaman xəncərlərini bellərindən açıb boyunlarına bant bağlamış Cənubi Qafqaz aborigenlərinin heç ağlına da gəlməyəcək ki, şəstlə əyinlərində gəzdirdikləri o frakları Zaqafqaziyaya knyaz Sisianovun qılıncı gətirib”.

 

Bir vaxtlar F.Engels, K.Marksa məktubunda həmin mövqeyi müdafiə edərək yazmışdı:

 

“Rusiya Şərqə münasibətində doğrudan da proqressiv iş görür. Bütün alçaqlığına və slavyan zir-zibilinə baxmayaraq Rusiyanın hökmranlığı Qaradəniz və Xəzər dənizi regionları üçün, həmçinin Mərkəzi Asiya üçün də, başqırd və tatarlar üçün də sivilizator işi görür”.

 

Knyaz Sisianov Rusiya imperiyasının mənafelərini yalnız Qafqazda müdafiə etməklə kifayətlənən bir əsgər deyil. Və imperiyanın taleyi onu bütün (beynəlxalq!) miqyası ilə düşündürür...

 

“...Bonapartın üçbucaq papağı qaranlıq içində onun gözlərinin qabağına gəlirdi və elə bil bu üçbücaq papaq bir quzğun kimi Rusiya imperiyasının xəritəsinə soxulmaq istəyirdi.

 

...Napaleon nə qədər öhdəliklər versə də, sazişlər imzalasa da gec- tez Rusiyaya hücum edəcəkdi.

 

Ancaq Rusiya buna hazır idimi?

 

Kim Rusiyaya kömək edəcəkdi? Heç kim.

 

Rusiya tək olub və həmişə də tək olacaq, çünki Rusiya öz xarakteri, daxili təbiəti ilə Avropaya yad idi və şaxtalar, çovğunlar məmləkəti Rusiyanın daxilində, əslində, elə bir hərarət, elə bir sadəlik və mərhəmət var idi ki, o hərarət də, o sadəlik və mərhəmət də heç vaxt Avropada olmayıb və knyaz Sisianov buna tamam əmin idi ki, heç vaxt da olmayacaqdı...”

 

Knyaz Sisianov o qədər ruslaşmışdı ki, onu həmişə hiddətləndirir ki, rus əsgərinə rus olmayan avropalı generallar komanda verir... “...Rus saldatına layiq olmayan generalların sayı layiq olanların sayından, bəlkə də, artıq idi ki, əskik deyildi və Qafqaz ordusunda da o tipli generallar az deyildi. Knyaz Sisianov onların nüfuzlu və vəzifəli qəyyumlarının ciddi-cəhdinə baxmayaraq, bura gələndən sonra o generalların hamısını bir- bir istefaya göndərdi”.

 

“Baş” müəllifi, knyaz Sisianovun fəaliyyəti, hərəkətləri kimi düşüncələrinin, daxili mühakimələrinin təsvir- təqdiminə geniş yer ayırır, onun obrazını bütün tərəfləri ilə olduqca müfəssəl yaradır...

 

“Ülyahəzrət Yekatirina alman idi, bədbəxt Pavelin atası kim idi - bu Yaradanın sirri idi, Aleksandrda rus qanı var idi, yox idi? - bu da bir sirri- xuda idi və o - knyaz Sisianov - hamının bildiyi bu həqiqətləri də özü- özündən gizlətməli idi, ancaq əsas o idi ki, böyük Rusiya var idi və bu böyük Rusiya - Vətən idi.

 

...Knyaz Sisianov rus zabiti idi və rus zabitinin şərəfi müqabilində şəxsi həyatının da,milli köklərinin də onun üçün heç bir əhəmiyyəti yox idi.

 

...İsus Xristosun nəsli kim idi, milliyyəti nə idi - ona səcdə edən milyonlardan bir nəfər üçün belə bunun əhəmiyyəti var?... Yox!”

 

Knyaz Sisianovun Qafqazdakı missiyası yalnız hərbi fəaliyyətilə bitmir, çox geniş ictimai- siyasi məzmun kəsb edir və o, prinsip etibarilə, bu regionun xalqlarının taleyini həll etmək vəzifəsini öz üzərinə götürmüşdür. Odur ki, qraf N.İ.Timofeyev-Boqoyavlenskiyə məktubunda yazır:

 

“Qoy Zaqafqaziyada və bütün Qafqazda insanlar dinc yaşasın, ancaq bu məsələyə biz son dərəcə diqqət və ehtiyatla yanaşmalıyıq, çünki onların mehriban yaşaması, gələcək birlikləri deməkdir, bu isə bizim xeyrimizə deyil. Biz Derjavamızın maraqlarına uyğun olaraq, lazım gəldikdə onların bir-biri ilə ədavətindən, düşmənçiliyindən istifadə etməyi bacarmalıyıq... Başa düşürəm ki, mənim bu mülahizələrim humanizm dediyimiz dəyərlərdən çox uzaqdır, ancaq burada, bu Cənubi Qafqazda və ümumiyyətlə, Qafqazda humanizm dəyərləri ilə nəsə əldə etmək fikri bəsit utopiyadan başqa bir şey deyil”.

 

Rus əsgərini yüksək qiymətləndirən, onun təmənnasız vətənpərvərliyini etiraf edən knyaz Sisianov onun əmrini “müzakirəyə çıxardığına” görə təpədən dırnağa rus kapitan Suxaryova “donuz” deyir. Və bu söz “otuz illik veteranı, rus saldatını,. böyük Rusiya torpağının əsl sahibi”ni təhqir edir.

 

“Donuz!”

 

...Əlbəttə, rus saldatı Baş komandanın gözlərində donuz olacaqdı!

 

O, - kapitan Suxaryov donuz olmasaydı, bu tuzem törəməsi (Sisianov nəzərdə tutulur - N.C.) rus ordusunda Baş komandan ola bilməzdi. Bu “fon”da onun yavəri!..

 

Kapitan Suxaryovun rusçuluğu, müəyyən mənada, Mahmud bəyin türkçülüyünə oxşayır. Və ümumiyyətlə, müqayisələr, paralellər, analogiyalar ustası olan Elçin əsərlərinin çoxunda olduğu kimi “Baş” romanında da bu ədəbi- bədii priyomdan məharətlə istifadə edir.

 

Lakin kapitan Suxaryov Mahmud bəydən daha realistdir, mühakimələri daha geniş dünyagörüşünə əsaslanır...

 

“...O, iti kəndli ağlı ilə başa düşürdü ki, Avropa yalnız o zaman Rusiyanı qəbul edəcək, Rusiya ilə nəinki barışacaq, hətta Rusiyaya yaltaqlanacaq ki, Rusiya dünyanın hegemon bir dövlətinə çevrilsin, bu isə o vaxt mümkündür ki, Rusiya isti sulara, Hind okeanına çıxsın və kapitan Suxaryov dərk edirdi ki, bu məqsəd üçün Cənubi Qafqaz kampaniyası mühüm bir mərhələ olmalıdır, sonra hərc- mərclik içində olan İrana girmək lazım idi, sonra da - İstanbul, boğazlar”.

 

Göründüyü kimi, kapitan Suxaryovun millətçiliyi (rusçuluğu) dövlətçilik zəminindədir, Mahmud bəyin millətçiliyi (türkçülüyü) isə, əgər belə demək mümkünsə, amorfdur...

 

“Və kapitan Suxaryov ürək ağrısı ilə fikirləşirdi ki, bir azdan Rusiyada Rusiyanın özünə yer olmayacaq. Pyotr kor-koranə Avropanı yamsıladı və rus adət-ənənələrinin axırına çıxdı, özü də milliyyəti bilinməyən bir Pribaltika qəhbəsi ilə evlənib, onu Rusiyanın imperatriçası etdi. Hər hansı başqa bir millətin nümayəndəsi - bir alman, yaxud bir tatar, yaxud da elə bir rus İngiltərənin kralı ola bilər? Onun gö.ünə ağac soxarlar, çünki onlar - ingilislər, fransızlar, almanlar bizim kimi sadəlövh, bizim kimi axmaq deyillər, onların xaça məhəbbəti də özlərinə sevgilərindən sonradır”.

 

Kapitan Suxaryovun mujik məntiqi, mühakimələri hər cür konyukturdan, diplomatiyadan, ikiüzlülükdən uzaq olub Rusiyanın anatomiyasını bütün sadəlövh təfsilatı ilə açıb göstərməklə aydın (və kifayət qədər analitik) təsəvvür yaradır. Elə bir təsəvvür ki, bunu “bic” ziyalı təfəkkür texnologiyaları, metodları ilə vermək mümkün deyil...

 

“...Bu gün Rusiyaya qanı ilə, canı ilə rus olan öz yeni İvan Qroznısı lazım idi və kapitan Suxaryov qəti bu fikirdə idi...

 

...Yemelyan Puqaçov, aydın məsələdir, III Pyotr deyildi, ancaq o, əsl provaslav idi, əsl Don kazakı, rus mujiki idi... Yemelyan İvanoviç gərək yalnız rus provoslav vətənpərvərlərindən ibarət ordu yaradaydı, peşəkar rus hərbçilərini, zabitlərini dəvət edəydi və harın dvoryanlara, rüşvətxor məmurlara, rus xalqının canına daraşmış cürbəcür “fon”lara divan tutaydı. Yemelyan Puqaçovun savadı yox idi - sadə Don kazakı savadı harda alaydı? - adını da yaza bilmirdi, ancaq onun övladı təmiz və savadlı rus olacaqdı və damarlarından axan qan onu Rusiyaya xidmət etməyə çağıracaqdı, ancaq Romanovlarda mərhum Mixail Fyodroviçin qanından nə qalıb?- heç nə”.

 

Romanda bir neçə möhtəşəm siyasi “obraz” yaradılmışdır ki, bunlar XVIII əsrin sonu XIX əsrin əvvəlləri Dünya tarixinin mənzərəsinin beynəlxalq münasibətlər səhnəsinin (teatrının!)aktyorlar”ının obrazlarıdır... Rusiya, Fransa, Osmanlı, İran...

 

İranı Fətəli şahla, onun oğlu - vəliəhd Abbas Mirzə təmsil edirlər...

 

“Abbas Mirzə xalça, xalı, gəbə ilə döşənmiş, soyuq keçməsin deyə hər tərəfi içəridən keçə ilə tutlmuş çadırında rus Sərdarının - general Sisianovun öz qoşununu Bakı xanlığına yeritməsini öz əsabələri ilə müzakirə edirdi və Vəliəhdin şübhəsi yox idi ki, ruslar Bakı xanlığını asanca özlərinə tabe edəcək, Bakı qalasını alacaqdılar. Hüseynqulu xanın Sisianovun qabağına çıxmağa nə yetərincə qoşunu var idi, nə də rəhmətlik Cavad xan kimi yetərincə təpəri və Abbas Mirzə tamam əmin idi ki, Bakı xanlığı əldən getdikdən sonra rus qoşunlarını Şimali Azərbaycandan çıxarmaq indikindən də qat- qat artıq müşkül bir işə çevriləcəkdi”.

 

Abbas Mirzə dünyadan zövq almağı bacaran, realist, iradəli, hökmlü, sözünün ağası olan hərbçi, eyni zamanda gəncliyinə baxmayaraq Şərq tipli klassik (despotik) dövlət adamıdır. Onun idarəçiliyi uzun əsrlərin stabil təcrübəsinə əsaslanır. Və Mahmud bəy kimi türkçülük “romantik”inin düşüncə tərzi, idealları ona tamamilə yaddır...

 

“...İndicə çadırdan çıxan o bakılı bəy bütün türklərin birləşib böyük türk dövləti yaradılmasından dəm vururdu. Cahil insan! Türk birliyindən dəm vuran əbləh bakılı bəy! Sən görmürsən ki, Azərbaycanın bu cırtdan xanlıqları bir- birinin başına nə oyun açır? Ağa Məhəmməd şah kimi bir fateh çalışırdı ki, bütün Azərbaycan xanlıqlarını birləşdirsin, amma nə oldu? Şuşada onu kim qətlə yetirdi? Sən cahil də xəstə xəyalında böyük türk dövləti qurursan! Sənin türkbazlığın arvadbazlıq, şərabbazlıq, quşbazlıq kimi bir şeydir, axmaq oğlu axmaq!”

 

Fətəli şah knyaz Sisianovun başını öz hüzuruna gətirməyə (o bunun üçün məşhur cadugərin “sehr”indən də istifadə etmişdi) nail olsa da, bu hadisənin sonunun nə ilə qurtaracağını təsəvvür edə bilmir, yalnız onunla kifayətlənir ki, çərxi- fələyin taxtında oturub sürprizlərini gözləsin... Çünki onun regionda baş verən mürəkkəb siyasi olaylara təsir etmək imkanı, demək olar ki, yoxdur.

 

Romanda Fətəli şahın baş hərəmi, Qarabağ hökmdarı İbrahim Xəlil xanın qızı Ağabəyim Ağanın obrazı yalnız sənətkarlıqla yox, həm də böyük məhəbbətlə yaradılmışdır...

 

“Tehrandakı məclislərdə, toy- düyünlərdə aşıqların oxuduğu o bayatı:

 

Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ...

 

- şəhərdə yaşayan azərbaycanlıların və nəinki yalnız onların, hətta Azərbaycan dilini yaxşı bilməyən farsların da, ermənilərin, kürdlərin də - bir sözlə, bütün Tehran sakinlərinin dillərinin əzbərinə çevrilmişdi. Qəribədir - bu sadə bayatı nə üçün birdən- birə bu qədər yayılmışdı? - bəlkə də, Tehran sakinləri üçün bu bayatıdakı həsrət, yalnız vətən həsrəti deyildi, bu keşməkeşli dövrdə dinclik, əmin- amanlıq, sakitlik istəyi idi və əlbəttə, burası da var idi ki, bu bayatının müəllifi Fətəli şahın baş hərəmi Ağabəyim Ağa idi - Tehran camaatının sevə-sevə “Ağa Bacı”- deyə çağırdıqları Baş hərəm bu bayatını sinədən gələn bir ah, haray kimi söyləmişdi”.

 

Həm Şərq, həm Qərb dillərini gözəl bilən, istedadlı şairə, geniş dünyagörüşlü, humanist Ağabəyim Ağa, eşidəndə ki, Şuşada onun ata- anasını, bacı-qardaşlarını, qohum-əqrabasını ruslar heç bir günahları olmaya- olmaya gülləbaran ediblər, onu dəhşət bürüyür, knyaz Sisianovun kəsilmiş başına müraciətən canilərə qarğış etməkdən özünü saxlaya bilmir...

 

“- Ya Allah, - deyərək barmağını Başa tuşladı. - Bu, heç!.. Bu, buyruq quluydu!.. Şuşa müsibətinin cəzasını bunların hökmdarına ver! Eşidirsən məni?! Mən ömrümün axırına kimi gecə-gündüz Sənə yalvaracağam ki, Rusiya hökmdarı da öz övladları ilə, xanımı ilə birlikdə, bir-birinin gözü qabağında gülləbaran edilsin!.. - Və Ağabəyim Ağa səsini qaldırdı - bu səsdə xahişdən, yalvarışdan qat- qat artıq dərəcədə bir hökm var idi. - Sən də bunu edəcəksən!.. Eşidirsən məni?! Sən bunu edəcəksən!..”

 

Bu yalvarışın mistik nəticəsini təsəvvür etmək o qədər də çətin deyil: XX əsrin əvvəllərində Rusiyada başlayan iğtişaşlar, inqilablar ona gətirib çıxardı ki, Romanovların son imperatorunun ailəsi Yekaterinburqa sürgün edildi və orada da eynilə Qarabağ xanının ailəsi kimi gülləbaran edildi.

 

Romanda Fransanın - Napaleonun obrazı bilavasitə yox, dolayısı ilə, uzaqdan-uzağa yaradılmışdır. Və Qafqazda meydan sulayan hər bir Rusiya əsgərində Napaleon xofu o qədər güclüdür ki, Fransa imperatoru yada düşəndə qazanılmış qələbələr də gözə görünmür...

 

 

“Baş” yalnız ideya-məzmunu ilə deyil, yüksək sənətkarlıq xüsusiyyətlərinə görə də qeyri-adi bir əsərdir. Sisianovun təsadüfən (doğrudanmı, təsadüfən?!) kəsilmiş başı hadisələri şəffaf bir çəkisizlik (!) içində əvvəldən axıra izləyir, “O” reallıqla irreallığı öz apokalipsisində metafizik bir dəqiqlik (tərəfsizlik!) ilə əks etdirir...

 

2015

Nizami Cəfərov

525-ci qəzet.- 2015.- 24 oktyabr.- S.18-19