“Beş damla” - Vaqif Bəhmənlinin
yubiley gecəsi
Azərbaycan poeziyasında Vaqif Bəhmənlinin öz dəsti-xətti, üslubu
var. İlk qələm
təcrübəsindən, ilk şeirlərindən oxucu
qəlbinə yol tapıb, hansı mövzuya müraciət etməsindən asılı
olmayaraq, yeni söz deyə bilib.
Bəlkə də elə bu səbəbdəndir ki, oktyabrın 22-də Gənc Tamaşaçılar
Teatrına şairin
60 illik yubileyini təbrikə gələnlərin
sayı gözlədiyindən
qat-qat çox idi.
“Beş damla” poeziya və musiqi axşamının həm səbəbkarı,
həm də aparıcısı yubilyar
özü idi. Şair
beş uşağın
vəzifə və şöhrət, sevgi, ömür, məhəbbət,
alın yazısı kimi həyati məqamlar haqqında verdiyi suallara özünün şeirləri
ilə cavab verirdi.
Xanəndələr - Sevinc Sarıyeva, Almaz Orucova, Mələkxanım
Əyyubova, Nizami Abdullayev və Eldəniz Məmmədovun
həzin, ürəyəyatan
ifaları gecəyə
ayrı bir gözəllik qatırdı.
Öz bənzərsiz ssenarisi ilə bütün iştirakçıların qəlbinə
yol tapan yubiley gecəsindən hər kəsin zövq aldığı açıq-aydın hiss olunurdu.
Sonda Vaqif Bəhmənli yubiley gecəsinin təşkilində
dəstək göstərənlərə,
xüsusilə da işlədiyi kollektivə,
tədbirin ideya müəllifi, mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyevə
təşəkkürünü bildirdi.
Şair, tərcüməçi, publisist,
Əməkdar mədəniyyət
işçisi V.Bəhmənlinin
35-dən çox kitabı
işıq üzü
görüb. Çox sayda beynəlxalq
poeziya və ədəbiyyat festivallarında
iştirak edib.
Əsərləri rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü
dillərinə tərcümə
olunub. Vaqif Bəhmənlinin elə şeirləri var ki, yalnız
poetik yox, poetik-fəlsəfi kəşf
sayıla bilər.
70-ci illərdən başlayan
zəngin yaradıcılığının
son iki-üç ilində
yazdığı yüzlərlə
poetik məhsul içərisində ədəbi
yaddaşda qalacaq onlarla nümunə mövcuddur.
Bütün bunlar şairin büllur kimi təmiz, bulaq kimi qaynar istedadının
nəticəsidir.
525-ci qəzet.-
2015.- 24 oktyabr.- S.17.