Tarixi abidələrimiz İraq mətbuatında
İraqın məşhur “Əl-Muraqib
Əl-İraqi” qəzetində
jurnalist Mutəzz Muhy Əbdülhəmidin Azərbaycan haqqında məqaləsi dərc edilib.
Məqalədə Azərbaycana səfəri zamanı gördüklərindən, Bakının gözəlliyindən, zəngin mədəniyyətindən və tarixi keçmişindən söz açan müəllif şəhərin Qafqazda təkcə öz zəngin nefti ilə məşhur olmadığını oxucu ilə bölüşür. Bakının memarlıq incilərindən danışan müəllif burada əslən iraqlı olan dünya şöhrətli memar Zaha Hadid tərəfindən yaradılmış Heydər Əliyev Mərkəzinin binasını xüsusilə qeyd edir. Məqalədə Azərbaycan memarlığının Şərq və Qərb elementlərini birləşdirərək inkişaf etdiyi bildirilir, Qız qalası, Şirvanşahlar sarayı, UNESCO-nun dünya irs siyahısına salınmış Qobustan Dövlət Qoruğu, Möminə Xatun türbəsi, Şəki Xan sarayı və bu kimi incilərin insanı öz ağuşuna alaraq keçmişə apardığı vurğulanır. Nizami adına Ədəbiyyat Muzeyi, Suraxanı Atəşgahı, digər tarixi abidələr barədə məlumatlar da məqalədə yer alıb.
Məqalədə, həmçinin Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika qurduğu, onun qısa ömür sürməsinə baxmayaraq mühüm nailiyyətlər əldə edə bildiyi vurğulanır. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi ilk illərdə bir sıra sosial-iqtisadi və təhlükəsizlik problemləri ilə, ən başlıcası, Ermənistanın təcavüzü ilə üzləşdiyi qeyd edilir. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkənin müstəqilliyinin gücləndirildiyi və iqtisadiyyatın inkişaf etdiyi diqqətə çatdırılır. Müəllif “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və onların ölkə iqtisadiyyatının inkişafında roluna da toxunub. Azərbaycanın artıq donor ölkəyə çevrildiyini yazan müəllif ölkə iqtisadiyyatının rəqabət indeksində dünya dövlətləri arasında 38-ci yerdə qərarlaşdığını vurğulayıb.
Ermənistanın Azərbaycan ərazisinin 20 faizini qəsb etməsi, nəticədə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi məqalədə xüsusilə qeyd edilib. Müəllif Ermənistanın hələ də beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlər etdiyini, Azərbaycanın problemi sülh yolu ilə həll etməyə səy göstərdiyini oxucuların diqqətinə çatdırıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 24 oktyabr.- S.16.