Vyanada Azərbaycan
pianoçularının konserti olub
Vyanada Azərbaycan
Mədəniyyət Mərkəzində
gənc musiqiçi istedadları öz ətrafında birləşdirən
“T.Prime” musiqiçilər
birliyinin konserti və ilk diskinin təqdimatı olub.
Tədbiri giriş sözü
ilə açan Mərkəzin rəhbəri
Leyla Qasımova görkəmli pianoçu
və musiqi pedaqoqu, professor Stanislav Tixonovun öz yetirmələri ilə Azərbaycan Mədəniyyət
Mərkəzində konsert
verməsindən məmnun
olduğunu bildirib. S.Tixonovun şagirdləri arasında istedadlı azərbaycanlı pianoçu
Müşfiq Quliyevin də olduğunu qeyd edən L.Qasımova rəhbərlik
etdiyi mərkəzin əsas hədəflərindən
birinin gənclərin
iştirak etdiyi layihələrə dəstək
göstərməkdən ibarət
olduğunu deyib: “Konsertdə həmçinin
Azərbaycanın Avstriyadakı
keçmiş səfiri
Fuad İsmayılovun xatirəsinə həsr olunmuş videoklip nümayiş olunacaq. Azərbaycan ilə Avstriya arasında dostluq əlaqələrinin inkişafına
çalışan peşəkar
diplomat Fuad İsmayılovun
çoxsaylı ideyalarından
biri də Vyanada Azərbaycan mədəniyyətini layiqlə
təbliğ edəcək
mərkəzin yaradılması
idi. Bu gün
həmin Azərbaycan Mədəniyyət Mərkəzi
təkcə Azərbaycan
mədəniyyətini tanıtmaqla
kifayətlənmir, müxtəlif
ölkələrdən olan
yaradıcı insanların
görüşdüyü, dialoq qurduğu və birgə layihələri həyata keçirdiyi multikultural bir məkana çevrilib”.
Stanislav Tixonov bu konsert
üçün yaradılan
şəraitə görə
Azərbaycan Mədəniyyət
Mərkəzinə təşəkkür
edib və rəhbərlik etdiyi “T.Prime” təşkilatı
haqqında məlumat verib. O qeyd edib ki, gənc musiqiçiləri
üzə çıxarmaq
və onları dəstəkləmək üçün
yaradılmış təşkilat
qeyri-kommersiya xarakteri daşıyır. Hazırda 11 gənc
pianoçunu öz ətrafında birləşdirən
“T.Prime” artıq onların ifasında yazılmış “XX əsrin
piano musiqisi” adlı ilk
diskini təqdim edir.
Konsertdən əvvəl Azərbaycanın
Avstriyadakı keçmiş
səfiri Fuad İsmayılovun xatirəsinə
çəkilmiş videoklip
təqdim olunub. Gənc rejissor
İsmayıl Zeynalovun
çəkdiyi klipdə
pianoçu Müşfiq
Quliyev bəstəkar Qara Qarayevin “İnsan məskən salır” bədii filmi üçün bəstələdiyi əsəri
ifa edib.
Sonra konsertdə
Azərbaycan, İran,
ABŞ, Almaniya, İsveç,
Belarus və digər ölkələrdən S.Tixonovun
tələbələri konsert
proqramı ilə çıxış ediblər. Konsertdə
Qara Qarayev, Adil Bəbirov, Mauris Ravel, Corc Kramb, Oyqen Suxon,
Sergey Prokofyev, Aleksandr
Skryabin, Rodion Şedrin və digər bəstəkarların
fortepiano üçün əsərləri
səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 24 oktyabr.- S.16.