Vaqif Bəhmənlinin 60
yaşına
Azərbaycan ictimaiyyəti onu
ilk növbədə “bizlərə”,
“onlara”, “hamıya” xitabən ünvanladığı
səmimiyyət dolu şeirləri ilə seçilən, çağdaş
poeziya aləminin görkəmli nümayəndəsi
kimi tanıyır. O Qarabağ ruhunu,
havasını, nəfəsini
yazılarına hopdurmuş
və mükəmməl
yaradıcılıq qabiliyyətinə
malik bir şeir-sənət ustası
kimi sözün qüdrət zirvəsini fəth edənlərdəndir.
Əsərlərində ana
dilimizə həssaslıqla
yanaşaraq “sözün
də bir nemət olduğunu” çoxsaylı oxucularına
anlatmağa nail olmuşdur.
Onun müdrik
kəlamlarla zəngin
şeirləri, halalı
haramdan ayıran publisistik yazıları, radioda eşidilən səsi, televiziya ekranlarından boylanan nurlu siması həyatın mənasını
dərk etməyə çalışan hər
kəsin düşüncə
yoluna bir işıq salır. Çünki bir çoxları onu hələ uşaqlıq illərindən
bəri həyatın
sərt sınaqlarına
mətinliklə sinə
gərərək sınmayan
və həmişə
qamətini dik tutan, öz zəhməti və əməksevərliyi sayəsində
İnsanlıq zirvəsinə
ucalmış bir şəxsiyyət kimi tanıyır. Əsərlərini oxuduqca həssas və kövrək ruhlu poeziya nümunələrində
qayğıkeşlik və
doğmalıqla yanaşı
tərbiyəvi və
maarifləndirici yanaşmanın
şahidi olursan.
Öz qələminə xitabən
“Özünə ayrı
yol ara”
söyləyən Vaqif
Bəhmənli şeir-sənət
aləmində özünəməxsusluğu
ilə seçilən
bir poetik üslub formalaşdıra
bilmişdir. Şeiri özünə Vətən
sayan şairin ədəbiyyata və yaradıcılığa bağlılıq
hissi bütün yazılarında öz əksini tapır. Məncə onu bir çoxlarından
fərqləndirən əsas
xüsusiyyətlərdən biri də təkcə
özü üçün
deyil, həm də hamı üçün yazmasıdır.
Bu illər ərzində
35-dən çox kitabı
işıq üzü
görüb. Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Jurnalistlər
Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvüdür.
Əsərlərinin bir çoxu
müxtəlif dillərə
tərcümə olunmuş
və ölkə hüdudlarından çox-çox
uzaqlara adlamışdır.
Azərbaycan Respublikasının
Əməkdar Mədəniyyət
işçisi fəxri
adına, bir sıra nüfuzlu
mükafatlara layiq görülməsi isə
yaradıcılığına verilən qiymətin göstəricisidir.
Vaqif Bəhmənli
həm də hər zaman fəal vətəndaşlıq
mövqeyində dayanaraq
respublikamızda gedən
mühüm ictimai-siyasi
proseslərə biganə
qalmamaqla ölkə rəhbərliyinin apardığı
siyasi kursun təşəkkül tapması
üçün öz
səy və bacarığını əsirgəməyənlərdəndir.
“Azərbaycan fotoalbomu”nu, “Azərbaycan Dövlət Kitabı”nı onun təqdim etdiyi mətnlər müşayiət edir. “Heydər Əliyev adına” əsəri
bu adın əbədiləşdirilməsi istiqamətində həyata
keçirilən siyasi
kursa sədaqətin nümunəsidir. “Vətənin İlhamı
-ömürdən reportaj”
əsəri isə ölkə rəhbərinin
mədəniyyətin inkişafına
yönəlik fəaliyyətinə
münasibəti yeni baxışlarla zənginləşdirir.
İşgüzar bir insan kimi müxtəlif zamanlarda mətbu orqanlarda rəhbər vəzifələrdə və dövlət orqanlarında çalışarkən yaradıcılıqla yanaşı yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş və bu gün də çox əhəmiyyətli dövlət qulluğu vəzifəsinin öhdəsindən layiqincə gəlməkdədir.
Hamı kimi mən də onu saf, təmiz qəlbli, təvazökar insan, etibarlı dost, gözəl ailə başçısı, ziyalılar və söz-sənət adamları arasında böyük nüfuz sahibi kimi tanıyıram.
Bunun bariz nümunəsini isə bir daha oktyabrın 22-də Gənc Tamaşaçılar Teatrında şairin 60 illik yubileyinə həsr olunmuş “Beş damla” adlı poeziya və musiqi axşamında iştirak edərkən gördüm.
Gördüm və əmin oldum ki, “Söz” adlı Qüdrət nərdivanının pillələrində, özünün təbirincə desəm, qocala-qocala ucalan Vaqif şeiri yenə də əvvəlki tək gənc və müasirdir.
İnsan qəlbinə yaxın və zərif, təfəkkürləri silkələyəcək qədər həqiqi və şərtdir.
Bir sözlə, həyatın özü kimi aydın və realdır.
Çox hörmətli Vaqif müəllim! Sizi 60 ilin zirvəsini və poeziya həvəskarlarının qəlbini fəth etdiyinizə görə təbrik edir, xeyirxahlıq, nəciblik, vətənpərvərlik duyğuları aşılayan yaradıcılığınızı bundan sonra da daha uğurla davam etdirməyinizi arzulayıram.
Qoy bundan sonra da uzun illər boyu ilhamınız və qələminiz həm sənətin, həm də dilimizin saflığının keşiyində ayıq-sayıq dayansın.
Tanrı
Sizi qorusun!
Bahar
MURADOVA
Azərbaycan Respublikası Milli
Məclisi Sədrinin müavini, Siyasi elmlər üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2015.- 24 oktyabr.- S.17