Xalq Artisti Cavanşir
Məmmədovun 100 illiyi qeyd olunub
Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru, Xalq Artisti Cavanşir Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsində sənətkarın ömür yolundan və çəkdiyi ekran əsərlərində söz açılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də Nizami Kino Mərkəzində təşkil olunan xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev Xalq Artistinin sənətə olan sevgisindən və professional sənətkarlıq qabiliyyətinin ona dünyada şöhrət qazandırmasından söz açıb. Bildirib ki, sənətkar sənədli filmlərlə yanaşı, bədii filmlərin çəkilişində də özünü layiqincə sübut edib. Cavanşir Məmmədovun çəkiliş apardığı bütün kadrlarda poetik və romantik tezislərin olmasını diqqətə çatdıran natiq, sənətkarın bu istiqamətdə gördüyü işlərin kino mədəniyyəti sahəsində bir məktəb olduğunu vurğulayıb.
Qeyd olunub ki, Cavanşir Məmmədov tamaşaçıların rəğbətini qazanmış “Xəzər neftçiləri haqqında dastan”, “Dənizi fəth edənlər” , “Xəzər dənizçiləri” , “416-cı”, “Təbiətin dostları”, “Keçmişin şahidləri”, “Azərbaycan mədəniyyətinin baharı”, “Azərbaycan elmi”, “Lənkəran”, “Lahıc dağlarında əks-səda” sənədli, “Görüş”, “Mahnı belə yaranır” bədii filmlərini və digər ekran əsərlərini çəkib. O, respublikada xronika və sənədli filmlərin əsasını qoyub. Çəkdiyi müxtəlif filmlər mövzu, sənətkarlıq baxımından həmişə fərqlənib, milli koloriti, maraqlı detalların tətbiqi ilə diqqəti cəlb edib.
Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə Cavanşir Məmmədov haqqında olan xatirələrini bölüşərək onun 60 il kinematoqrafiya sahəsinə xidmət etdiyini diqqətə çatdırıb.
Sənətkarın avtobioqrafiyası ilə bağlı qonaqlara məlumat verən A.Kazımzadə deyib ki, Cavanşir Məmmədov onlarla tammetrajlı filmlərdə çəkiliş aparıb və bu əməyi ona dünya şöhrət qazandırıb.
Cavanşir Məmmədovun qızı Almaz Məmmədova tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sonda sənətkarın operatoru olduğu "Xəzər
neftçiləri haqqında dastan" sənədli
filminin yeni bərpa olunmuş nüsxəsi nümayiş
olunub.
Abdullayeva S
525-ci qəzet.-
2015.- 24 oktyabr.- S.16