Babək Abbaszadənin “Ümid
işığı”
“BU FİLMİN MƏNİ BÖYÜK KİNOYA APARAN UĞURLU BAŞLANĞIC OLACAĞINA İNANIRAM”
Bugünlərdə redaksiyamızda çox gənc bir qonaqla
həmsöhbət olduq. Dostlardan
birinin poçtuma göndərdiyi 20 dəqiqəlik
“Ümid işığı”
adlı filmə tamaşa etdikdən sonra ilk baxışdan gələcək uğurlar
haqqında proqnoz verən bu qısa
ekran əsərinin hələlik aztəcrübəli
rejissorunu tanıtmaq istəyimi oxucular istedadlı və müvəffəqiyyətə iddialı
gənclərin təbliği
yönündə bir addım kimi də qəbul edə bilər.
Babək Abbaszadə 1993-cü ildə
Bakıda dünyaya gəlib. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində
kinorejissorluq ixtisasını
bitirib. “Keçmişin
gələcəyi”, “Onun
uğursuz günü”,
“Sonuncu qərar”, “Payız” kimi qısametrajlı filmlərin
rejissoru olub. “Ümid işığı”
B. Abbaszadənin diplom
işidir. Sərvər
Əliyev, Şəfəq
Əliyeva, Firuz Xudaverdiyevin rol aldığı filmin operatoru Fərid Qədirli, prodüserlər
Aslan Abbas, Nicat Nəbiyev, montajçı Kamran Məcidovdur. Film Rəşad
Məcidin “10 sentyabr” hekayəsinin motivləri əsasında çəkilib:
“Əli taksi sürücüsüdür. O, uzun axtarışlardan sonra övladının müalicə olunması üçün tanış
bir həkim tapa bilir. Əməliyyat xərclərini nisbətən
ucuz razılaşan həkim ona övladının tam sağala
biləcəyini vəd
edir. Əli kasıb olsa
da, qürurludur.
Bir dəfə onun maşınına iki xarici müştəri əyləşir. Xariciləri mənzil
başına çatdıran
sürücü sonradan
xəbər tutur ki, onların içində böyük
məbləğ olan pulqabı maşında qalıb. Təcili pula ehtiyacı olan
sürücünün vicdanı
yol vermir ki, özgəsinə məxsus olan qazancı mənimsəsin.
Xariciləri tapıb pulu
onlara çatdıran
sürücü onların
zəhməti müqabilində
verəcəyi hansısa
məbləğə ümid
bəsləyir. Digər
tərəfdən onun
iş yoldaşları
olan başqa taksi sürücüləri
ondan bu pul müqabilində qonaqlıq verməsini gözləyirlər. Çıxılmaz vəziyyətdə qalan Əli xaricilərdən heç bir pul almadıqdan sonra öz cibindən
dostlarına qonaqlıq
verir. Onun son ümid yeri
Allahdır. O, Allaha
sığınır və
bir daha heç bir yerdə spirtli içki içməyəcəyinə
söz verir”.
B. Abbaszadə söhbət zamanı vurğuladı ki, diplom işi
çəkmək ərəfəsində
tələbələrə həmişəki kimi öz ssenariləri ilə deyil, hansısa müəllifin əsəri əsasında
film çəkmək tapşırığı
verilib: “Tapşırıqdan
sonra axtarışlara
başladım. Xeyli müəllifin
əsərini oxudum.
Nəsə ürəyimə yatanı olmadı. Bir gün tam təsadüfən
Azərbaycan yazıçıları
haqqında bir toplu əlimə keçdi. Orada Rəşad Məcidin
bioqrafiyasını gördüm.
İndiyədək Rəşad Məcidi
qəzet baş redaktoru kimi, mahnı mətnlərinin müəllifi kimi tanıyırdım. Həmin avtobioqrafiyadan
nəsr və publisistika kitabının olduğunu da öyrəndim. Bundan sonra
Rəşad Məcidin
“10 sentyabr” kitabını
axtarıb tapdım.
Eyniadlı hekayəni rejissor
gözüylə oxudum.
Mütaliədən sonra
hiss elədim ki, axtardığım budur: hekayədə film materialı
var, ancaq ekranlaşdırmaq üçün
kiçik düzəlişlər
lazımdır. Özüm də
təəccübləndim ki,
bu qədər müəllifin sırasından
məhz indiyədək
heç oxumadığım
yazıçının əsəri
xoşuma gəldi.
O hekayədə bəlkə
bir az
antiamerika xətti sezilir, burası mənə lazım deyildi, orada məni insanların düşdüyü çətin
vəziyyət maraqlandırırdı.
Dramaturji
nöqteyi-nəzərdən maraqlı mətn idi. Dediyim birinci xətti
geri plana atıb ikinci xətti qabartmağa çalışdım. Ssenariyə müvafiq
düzəlişlər etdik,
bəzi məqamlar əlavə olundu, bəziləri çıxarıldı.
Təbii,
ssenari yazılanda belə şeylər olur. Ədəbi ssenarini üç
variantda müəllimlərlə
bir yerdə işlədik. Bu, həm də mənim peşəkar aktyorlarla çəkdiyim
ilk müstəqil işim
idi. Diplom müdafiəsi də
uğurlu oldu - həm haqlı iradlar söylənildi, həm də təqdir olunası məqamlar vurğulandı.
Filmi çəkdikdən
sonra hərbi xidmətə yollandım. Ona görə
də filmin sonrakı taleyində bir qədər boşluq yarandı. Hərbi xidmətdəykən
fikirləşirdim ki,
nə isə eləmək lazımdı.
Qayıtdıqdan sonra
müəllimlərim məsləhət
gördülər ki,
“Ümid işığı”nı
bu il Ailə,
Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,
Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkil etdiyi “Azərbaycan ailəsi” 7-ci beynəlxalq
film festivalına təqdim
edim. Doğrusu, filmi tərəddüdlə
təqdim eləmişəm,
amma müəllimlərim
inandırdı ki, uğura ümid edə bilərəm.
İlk dəfə qatıldığım
bu festivalda bu ekran işinin
hansı nəticəni
əldə edəcəyindən
asılı olmayaraq “Ümid işığı”nın
böyük kinoya aparan uğurlu başlanğıcım olacağına
inanıram”.
S. ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 24 oktyabr.-
S.14.