Elmlər Akademiyasının
yaradılması prosesi və ilk tərkibi
Azərbaycan Milli Elmlər Akademiyası
xalqımızın milli sərvətidir. Bu sərvəti
qoruyub saxlamalıyıq.
Heydər
Əliyev, Azərbaycan xalqının ümummilli lideri
Azərbaycanda
müstəqil elmi-təşkilati qurumun yaradılması
işinə XX əsrin əvvəllərində, daha dəqiq
desək, 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin
təşkili ilə başlanmışdır. Bu
təşkilatın fəaliyyəti ölkədə elmi-tədqiqat
işlərini istiqamətləndirmək, ekspedisiyaları təşkil
etmək, müzakirələr keçirmək
baxımından ilk böyük addımlar olsa da, sistemli və
fundamental tədqiqatların aparılmasına və tətbiqinə
geniş imkan verə bilməmişdir. Bunun ardınca 1929-cu
ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin
nəzdində yaradılmış Azərbaycan Dövlət
Elmi Tədqiqat İnstitutu Tədqiq və Tətəbbö Cəmiyyətinin
funksiyalarından bir qədər irəli getmiş, lakin
institutun əsas istiqaməti siyasi və iqtisadi vəzifələrin,
tədris-metodiki işlərin həllinə yönəldildiyi
üçün ölkə üzrə elm sahəsində
xüsusi bir canlanma yaratmaq mümkün olmamışdır.
Bununla belə, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti,
habelə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu
respublikada elmi fəaliyyətlə məşğul olan
yaradıcı qüvvələri bir yerdə cəmləşdirmək,
onların elmi fəaliyyətlərini müəyyən
olunmuş istiqamətlər üzrə əlaqələndirmək
baxımından bir çox faydalı addımlar atmaqla gələcək
Akademiya üçün müəyyən zəmin
hazırlamışdır. Bu mənada 29 dekabr
1932-ci ildə yaradılmış SSRİ Elmlər
Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi
respublikada o vaxta qədər mövcud olmuş elmi bazanın əsasında
təşkil olunduğu üçün səmərəli
şəkildə fəaliyyətə
başlamışdır. İttifaq Akademiyasının
Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində
yaradılmış Sektorlar konkret olaraq ayrı-ayrı
ixtisaslar üzrə elmi araşdırmaların
aparılması işlərini təşkil etmiş, buna
görə də az sonra Akademiyanın tərkibində
müstəqil elmi-tədqiqat institutlarına çevrilə
bilmişdilər. SSRİ Elmlər Akademiyası Zaqafqaziya
Filialının Azərbaycan Şöbəsində rəhbərlik etmiş tanınmış alimlər
Frans Yulyeviç Levinson - Lessinq (1861-1939), Ruhulla Axundov
(1897-1938), Əhəd Yaqubov (1908-1979), Cəfər Kazımov
(1897-1968), Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889-1938), Heydər Hüseynov (1908-1950), Aleksey
Alekseyeviç Klimov (1894 -?), Vəli Xuluflu (1894-1939), Yakov
Dmitriyeviç Kozin (1896-1973) və başqaları ilk növbədə
konkret elm sahələri üzrə Sektorların
yaradılması vəzifələrini həyata
keçirmiş, ölkə miqyasında elmi fəaliyyətə
maraq göstərən yaradıcı qüvvələri
işə cəlb etmişdilər. Lakin mövcud strukturun
çoxmərtəbəli tabelik prinsipləri əsasında
fəaliyyət göstərməsi idarəetmədə
müəyyən çətinliklər
yaratdığından az sonra mərkəzi
təşkilatla birbaşa əlaqəli işləyən yeni
qurumun yaradılması zərurətini meydana
çıxarmışdır.
Beləliklə, 25 oktyabr 1935-ci ildə akademik Frans
Yulyeviç Levinson - Lessinqin (1861-1939) rəhbərliyi ilə
SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan
Şöbəsinin bazasında birbaşa mərkəzi elmi
qurumla çalışan Azərbaycan Filialı
yaradılmışdır. SSRİ Elmlər
Akademiyasının Azərbaycan Filialının təşkil
edilməsi ilə Azərbaycanın artıq Akademiyada
şöbə qismində deyil, filial statusunda fəaliyyət
göstərməsinə meydan açılmışdır.
Azərbaycan Filialı respublikada elmi qüvvələrin
təşkilatlanması üçün xeyli dərcədə
irəli getmişdir. Qısa müddət ərzində
Azərbaycan Filialında Kimya, Geologiya, Tarix, Etnoqrafiya və
Arxeologiya, Botanika, Zoologiya, Energetika, Fizika və
Torpaqşünaslıq Sektorları təşkil olunmuşdur.
Statusun artması Azərbaycan Filialının tərkibində
ayrı-ayrı elmi-tədqiqat institutlarının yaradılmasına imkan
vermişdir. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat
İnstitutu, az sonra Dilçilik, Ədəbiyyat
institutları, Coğrafiya İnstitutu, Neft və Kimya
İnstitutu məhz həmin tarixi mərhələdə
açılmışdır. Elmi-tədqiqat
institutları səviyyəsində aparılmış tədqiqatlar
daha sistemli və ardıcıl olmuş, ölkənin
sosial-iqtisadi inkişafının və mədəni
mühitinin tələblərinə cavab verərək Azərbaycanda
gedən inkişaf proseslərinə özünün müsbət
təsirini göstərmişdir. Xüsusən,
kimya, geologiya, coğrafiya, botanika, energetika istiqamətləri
üzrə əldə edilmiş mühüm elmi nəticələr,
meydana çıxmış böyük təşəbbüslər
SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına
böyük nüfuz qazandırmışdır. Bundan
başqa, eyni zamanda, Humanitar və ictimai elmlər sahəsində
çalışan yaradıcı qüvvələrin
böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan
olmasının 800 illik yubileyinə hazırlıq sahəsində
gördükləri geniş miqyaslı tədqiqat, tərcümə
və çap işləri keçmiş Sovetlər
İttifaqı miqyasında diqqəti cəlb edən
mühüm hadisəyə çevrilmişdir. Bu
dövrdə tarix, arxeologiya, dilçilik, etnoqrafiya üzrə
də sistemli elmi tədqiqatların möhkəm bünövrəsi
yaradılmışdır. Azərbaycan
Respublikasının ilk dəfə olaraq geoloji xəritəsinin
hazırlanması, vilkanologiya tədqiqatlarına
başlanılması, mezozoy dövrünün öyrənilməsi
üzrə birinci addımların atılması, müalicəvi
əhəmiyyətə malik olan Naftalan neftinin aşkara
çıxarılması, Mingəçevir su-elektrik
stansiyasının, Samur-Dəvəçi kanalının
yaradılması planlarının meydana çıxması,
Azərbaycan florasına həsr edilmiş 3 cildlik materiallar
toplusunun, coğrafiya atlasının nəşr edilməsi
SSRİ Elmlər Akademiyası Azərbaycan filialının həyata
keçirdiyi mühüm elmi layihələr sırasında
xüsusi yer tuturdu.
Böyük Vətən müharibəsi dövründə
elmin, ziyalıların böyük rolunu və əhəmiyyətini
dərindən hiss edən Sovet rəhbərliyi SSRİ Elmlər
Akademiyasının imkanlarının və səlahiyyətlərinin
daha da genişləndirilməsi zərurətini nəzərə
almalı olmuşdu. Hələ müharibə bitməmiş
SSRİ-yə daxil olan müttəfiq respublikalarda İttifaq
Akademiyasının filiallarının bazasında mərkəzləşdirilmiş
qaydada idarə olunan müstəqil akademiyaların
yaradılması işinin davam etdirilməsinə diqqət
yetirilmişdir. Bu, 1937-ci illər repressiyasından
sonra dövlət səviyyəsində ziyalılara yeni
dönüş idi. Beləliklə, 1941-ci ildə
Gürcüstanda, 1943-cü ildə Ermənistanda, 1944-cü
ildə Özbəkistanda SSRİ Elmlər Akademiyasının
həmin respublikalardakı filialları əsasında Elmlər
Akademiyaları yaradılmasının ardınca Azərbaycanda
da filialdan müstəqil elmi qurumun təşkil edilməsinə
keçmək qərara alınmışdır. Bu məqsədlə
Sovet dövlətinin rəhbərlərinin
tapşırığı ilə SSRİ Elmlər
Akademiyasının prezidenti, akademik V.İ.Komarov 1944-cü
ilin oktyabr ayında Bakıya gələrək Azərbaycan
filialının fəaliyyəti ilə şəxsən tanış olmuş, mövcud imkanları
öyrənmişdir. Bütün bunlardan sonra o, 24 oktyabr
1944-cü il tarixdə SSRİ Xalq
Komissarları Sovetinin sədr müavini Vyaçeslav
Mixayloviç Molotova Azərbaycanda Elmlər Akademiyasının
yaradılmasının mümkünlüyü barədə təqdimat
yazmışdır. SSRİ Elmlər Akademiyasının
prezidenti, akademik V.İ.Komarovun təqdimatında deyilirdi:
“Bakıda olduğum müddətdə SSRİ Elmlər
Akademiyası Azərbaycan filialının və onun elmi-tədqiqat
institutlarının fəaliyyəti ilə tanış oldum. Qeyd etməliyəm ki, SSRİ Elmlər
Akademiyasının Azərbaycan filialı inkişaf etmiş,
möhkəmlənmiş, özündə onlarla görkəmli
alimləri birləşdirən və Azərbaycan SSR-dəki
sahə elmi-tədqiqat institutlarının işini koordinasiya
edən həqiqi elmi mərkəzə çevrilmişdir.
Bütün bunlar Azərbaycan xalqının
qarşıdan gələn Azərbaycan SSR-də Sovet hakimiyyətinin
qurulmasının 25 illiyinə töhfə olaraq Azərbaycan
SSR Elmlər Akademiyasını yaratmasına haqqı
çatdığı barədə fikir söyləməyə
əsas verir.
Ona
görə də Sizin icazənizlə SSRİ Elmlər
Akademiyası Azərbaycan filialının və
respublikadakı digər elmi-tədqiqat institutlarının
bazasında Azərbaycan SSR Elmlər Akademiyasının təşkil
edilməsi haqqında təklifi baxılmaq üçün
SSRİ Xalq Komissarları Sovetinə təqdim edim.
SSRİ Elmlər Akademiyasının prezidenti, Elmlər
Akademiyasında Bazalar və Filiallar Şurasının sədri,
akademik V.İ.Komarov”.
Bu
uğurlu təqdimatdan az sonra, 23 yanvar
1945-ci il SSRİ Xalq Komissarları Soveti Azərbaycanda Elmlər
Akademiyasının yaradılması haqqında 131 saylı qərar
qəbul etmişdir.
SSRİ hökumətinin qərarının icrası ilə
əlaqədar Azərbaycanın rəsmi dövlət
qurumlarında və Azərbaycan filialında zəruri
hazırlıq işlərinə
başlanılmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin tapşırığı əsasında
respublikanın ali məktəblərindən
və elmi-tədqiqat institutlarından Azərbaycan SSR Elmlər
Akademiyasının ilk təsisçilərini və həqiqi
üzvlərini seçmək üçün təkliflər
alınmışdır. Bu məqsədlə 1945-ci ilin fevral-mart aylarında
respublikada çalışan 41 nəfər
tanınmış alimin namizədliyi haqqında təkliflər
hazırlanmışdır. Biz hələlik
həmin 41 nəfərdən 33 nəfərinin adlarını
müəyyən edə bilmişik. Azərbaycan
SSR Elmlər Akademiyasının ilk təsisçiləri və
ilk akademikləri olmağa namizəd göstərilənlər
aşağıdakı şəxslər idilər.
1.
Abramoviç Mixail Vladimiroviç - Əməkdar elm xadimi,
geologiya-mineralogiya elmləri doktoru, professor
2.
Əzizbəyov Şamil Əbdülrəhim oğlu -
geologiya-mineralogiya elmləri doktoru, professor
3.
Əmirxanov Həbibulla İbrahim oğlu - fizika-riyaziyyat elmləri
doktoru, professor
4.
Əlizadə Ələşrəf Əbdülhüseyn
oğlu - Stalin mükafatı laureatı, geologiya-minerologiya
elmləri doktoru
5.
Balakişiyev Abdul Hüseyn oğlu - Əməkdar elm xadimi,
tibb elmləri doktoru, professor
6.
Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu -SSRİ
xalq artisti, prosessor
7.
Qrossheym Aleksandr Alfonsoviç - SSRİ Elmlər
Akademiyasının müxbir üzvü, biologiya elmləri
doktoru, professor
8.
Hüseynov Heydər Nəcəf oğlu - fəlsəfə
elmləri doktoru, professor
9.
Dadaşov Sadıq Ələkbər oğlu - Stalin
mükafatı laureatı, Əməkdar elm xadimi, SSRİ
Memarlıq Akademiyasının müxbir üzvü, professor
10. Yeqorov
Konstantin Aleksandroviç - Əməkdar elm xadimi, texnika elmləri
doktoru, professor
11.
Yeşman İosif Qavriloviç - Əməkdar elm xadimi,
texnika elmləri doktoru, professor
12. Qarayev
Abdulla İsmayıl oğlu - Əməkdar elm xadimi, tibb elmləri
doktoru, professor
13.
Qaşqay Mirəli Seyidəli oğlu - geologiya-mineralogiya elmləri
doktoru, professor
14.
Makovelski Aleksandr Osipoviç - Əməkdar elm xadimi, fəlsəfə
elmləri doktoru, professor
15. Məmmədəliyev
Yusif Heydər oğlu - kimya elmləri doktoru, professor
16. Məmmədov
Şamxal Əliməmməd oğlu - kimya elmləri doktoru,
professor
17. Məlikov
Malik Məmmədhüseyn oğlu - Əməkdar elm xadimi,
tibb elmləri doktoru, professor
18.
Mirqasımov Mirəsədulla Mirələsgər oğlu -
Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
19. Vəkilov
Səməd Vurğun Yusif oğlu - İki dəfə Stalin
mükafatı laureatı, Əməkdar incəsənət
xadimi, şair
20.
Topçubaşov Mustafa Ağabəy oğlu - Stalin
mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri
doktoru, professor
21. Useynov
Mikayıl Ələsgər oğlu - Stalin mükafatı
laureatı, Əməkdar incəsənət xadimi, tibb elmləri
doktoru, professor
22.
Şirəliyev Məmmədağa Şirəli oğlu - filologiya elmləri
doktoru, professor
23.
Şirokoqorov İvan İvanoviç - SSRİ Tibb Elmləri
Akademiyasının həqiqi üzvü, Əməkdar elm
xadimi, tibb emləri doktoru, professor
24. Yaqubov
Əhəd Ələkbər oğlu - Stalin mükafatı
laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor
25.
Qutırya Viktor Serafimoviç - kimya elmləri doktoru, professor
26.
Rusanova Valentina Nikolayevna - biologiya elmləri doktoru, professor
27.
Derjavin Aleksandr Nikolayeviç - biologiya elmləri doktoru,
professor
28.
Solovkin Andrey Nikolayeviç - geologiya-mineralogiya elmləri
doktoru
29.
Sultanov Əzəl Cavad oğlu - geologiya-mineralogiya elmləri
doktoru
30. Yaqubov
Mirxaliq Mirqasım oğlu - Əməkdar elm xadimi, tibb elmləri
doktoru
31. Klimov
Aleksey Alekseyeviç - etnoqraf, professor
32. Məmmədov
Zülfüqar Mehdi oğlu - tibb elmləri doktoru, professor
33.
Əliyev Şıxbala Əbülfəz oğlu - kimya elmləri
doktoru, professor.
Adları qeyd edilən alimlərdən sıra ilə ilk
24 nəfəri müzakirə üçün
hazırlanmış siyahıda öz əksini
tapmışdır. Qalan 9 nəfərin isə Azərbaycan Elmlər
Akademiyasına həqiqi üzv seçilmək haqqında
ayrı-ayrı elmi-tədqiqat institutları və ali məktəblər tərəfindən verilmiş
təqdimatlar arxiv materialları içərisindən əldə
edilmişdir. Hələlik adlarını müəyyən
edə bilmədiyimiz daha 8 nəfər haqqında məlumatları
tapıb üzə çıxarmaq, ehtimal olunan
siyahını tamamlamaq elm xəzinəmizi
araşdıranların qarşısında duran vəzifədir.
Qeyd etmək lazımdır ki, müəyyən
olunmuş namizədlər müvafiq dairələrdə
müzakirə edildikdən sonra onlardan 24 nəfəri daha
yüksək səviyyədə baxılmaq üçün
tövsiyə edilmişdir. Həmin 24 nəfər
yuxarıda təqdim etdiyimiz Abramoviç Mixail
Vladimiroviçdən başlanan siyahıda sıra üzrə
Əhəd Yaqubovun da daxil olduğu şəxslərdən
ibarət olmuşdur. Təqdim edilən adlı siyahı
rəsmi dairələrdə təhlil edilib müzakirələrdən
keçdikdən sonra artıq Azərbaycan SSR Elmlər
Akademiyasının ilk həqiqi üzvlərinin və təsisçilərinin
müəyyən edilməsi üçün konkret elm sahələri
üzrə namizədlərin siyahısının tərtib
edilməsi tövsiyə olunmuşdur.Bu dəfə 24 nəfərin
sıralarından 4 bölmə üzrə 14 nəfərin
siyahısı və onlar haqqında məlumatlar
hazırlanaraq aidiyyatı olan dövlət orqanlarına
göndərilmişdir. Bu sənəd həm də
yaradılmaq ərəfəsində olan Azərbaycan SSR Elmlər
Akademiyasında hansı elmi bölmələrin təşkil
edilməsinin nəzərdə tutulmasını müəyyən
etmək baxımından da əhəmiyyətlidir. Bu, 1945-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyasının həqiqi üzvlüyünə ən
şanslı olan alimlərin və ziyalıların təqdimatıdır.
Həmin siyahı aşağıdakı kimi idi:
“Azərbaycan
SSR-in ali təhsil, elmi-tədqiqat müəssisələri və
ictimai təşkilatları tərəfindən təqdim
olunanlardan Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi
üzvlüyünə nəzərdə tutulanların
SİYAHISI
I.Geologiya-Coğrafiya
Elmləri və Neft Bölməsi
Neft
geologiyası üzrə
1.
Əlizadə Ələşrəf Əbdülhüseyn
oğlu
2. Yaqubov
Əhəd Ələkbər oğlu
Mədən
geologiyası üzrə
1.
Əzizbəyov Şamil Əbdülrəhim oğlu
2.
Qaşqay Mirəli Seyidəli oğlu
Neft
kimyası üzrə
1. Məmmədəliyev
Yusif Heydər oğlu
II.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi
Fizika
üzrə
1.
Əmirxanov Həbibulla İbrahim oğlu
Texnika
üzrə
1.
Yeşman İosif Qavriloviç
III.
Biologiya və Kənd təsərrüfatı Elmləri
Bölməsi
Biologiya
üzrə
1.
Qrossheym Aleksandr Alfonsoviç
Tibb
üzrə
1.
Mirqasımov Mirəsədulla Mirələsgər oğlu
2.
Topçubaşov Mustafa Ağabəy oğlu
IV.İctimai
Elmlər Bölməsi
Ədəbiyyat
və incəsənət üzrə
1. Vəkilov
Səməd Vurğun Yusif oğlu
2.
Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu
Fəlsəfə
və filologiya üzrə
1.
Hüseynov Heydər Nəcəf oğlu
2.
Makovelski Aleksandr Osipoviç”.
Araşdırmalar göstərir ki, təsisçilərin
müəyyən edilməsinə təxminən cəmisi bir
neçə gün qalmış hazırlanan bu siyahı da
son qəti qərarı ifadə edə bilməmişdir. Azərbaycan
SSR Elmlər Akademiyasının yaradılması haqqında
Xalq Komissarları Sovetinin qərarı imzalanmaq
üçün təqdim edilərkən ən yuxarı səviyyədə
məsələyə yenidən baxılmış və
müəyyən dəyişikliklər edilmişdir. Azərbaycan
SSR Elmlər Akademiyasının ilk tərkibinə son məqamda
edilmiş ixtisarlar və əlavələr
aşağıdakılardan ibarət olmuşdur:
İXTİSARLAR:
Adları
həm ilk 41 nəfərin və 24 nəfərin
siyahısında, həm də 14 nəfərlik yekun
siyahıda olan, bütün müzakirələrdən
keçmiş Stalin mükafatı laureatı,
geologiya-minerologiya elmləri doktoru, SSRİ Elmlər
Akademiyası Azərbaycan Filialının direktoru, professor
Əhəd Yaqubovun, Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat
elmləri doktoru, professor Həbibulla Əmirxanovun və Əməkdar
elm xadimi, fəlsəfə elmləri doktoru, professor Aleksandr
Makovelskinin adları yekun siyahıdan
çıxarılmışdır.
ƏLAVƏLƏR:
Qalan 11 nəfərlik
heyət Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində
ayrı-ayrı elmi bölmələri təşkil etmək
baxımından yetərli olmadığından
“Siyahı”ya daha 4 nəfərin adı əlavə
olunmuşdur. Əlavə olunanlardan 3 nəfər
şanslı elm xadimi adı əvvəlcə tərtib
edilmiş siyahılarda olan, lakin hansı səbəbdənsə
axırıncı 14 nəfərlik yekun siyahıya daxil edilməmiş
aşağıdakı alimlər idilər:
1.
Dadaşov Sadıq Ələkbər oğlu - Stalin
mükafatı laureatı, Əməkdar elm xadimi, SSRİ
Memarlıq Akademiyasının müxbir üzvü, professor
2. Useynov
Mikayıl Ələsgər oğlu - Stalin Mükafatı
laureatı, Əməkdar incəsənət xadimi, SSRİ
Memarlıq Akademiyasının müxbir üzvü, professor
3.
Şirokoqorov İvan İvanoviç - SSRİ Tibb Elmləri
Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru,
professor
Azərbaycan
SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə
27 mart 1945-ci ildə seçilmiş ən şanslı namizəd
əvvəllər tərtib edilmiş heç bir siyahıda
adı göstərilməmiş, bir gün qalmış, bəlkə
də elə həmin gün son siyahıda yer alan
tanınmış yazıçı, filologiya elmləri namizədi
Mirzə Əjdər oğlu İbrahimov olmuşdur. Mirzə
İbrahimov bu zaman “Giqantlar ölkəsində” kitabı
(1935), Azərbaycan teartlarında böyük uğurla
tamaşaya qoyulan “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət”
(1941) pyesləri, bir çox hekayələri və məqalələri
ilə tanınır, artıq ölkə miqyasında qəbul
olunurdu. O,1935-1937-ci illərdə SSRİ
Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq
İnstitutunun aspiranturasında təhsil almış, görkəmli
Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin
demokratik görüşləri haqqında namizədlik
dissertasiyası müdafiə etmişdi. Mirzə
İbrahimovun 1939-cu ildə nəşr edilmiş “Böyük
demokrat” kitabı elmi-ədəbi mühitdə böyük
maraq doğurmuşdu. O vaxta qədər Xalq
Komissarları Soveti yanında İncəsənət işləri
idarəsinin rəisi, Xalq Maarif Komissarı vəzifələrində
çalışmış Mirzə İbrahimov cəmiyyətdə
aparıcı mövqeyə malik olan şəxsiyyətlərdən
biri kimi də nüfuz qazanmışdı.
Beləliklə,
1945-ci ilin 23 yanvarından başlanan axtarışlar, yoxlamalar
və müzakirələr iki aydan çox davam etmiş və
nəhayət, Azərbaycan SSR Elmlər Akademiyasının 15
nəfərlik ilk təsisçiləri - birinci akademikləri
müəyyən olunmuşdur. Azərbaycan SSR Xalq
Komissarları Sovetinin sədri Teymur Quliyevin
imzaladığı və işlər idarəsinin müdiri
A.Bokovetsin təsdiq etdiyi “Azərbaycan SSR Elmlər
Akademiyasının yaradılması haqqında”kı 27 mart
1945-ci il tarixli, 316 saylı qərarla ölkəmizdə Elmlər
Akademiyasının təsis edilməsi rəsmiləşdirilmiş,
Akademiyanın ilk Nizamnaməsi təsdiq olunmuşdur.
Qərarda adları yuxarıda göstərilmiş
görkəmli alimlər Azərbaycan SSR Elmlər Akademiyasının
ilk təsisçiləri və birinci akademikləri
seçilmək şərəfini qazanmışlar. Azərbaycan
SSR Elmlər Akademiyasının ilk akademikləri həm Azərbaycanda,
həm də Sovetlər İttifaqı miqyasında tanınan,
qəbul olunan alimlərdən ibarət idi. Azərbaycanda akademik elmin qızıl fondunu təşkil
edən həmin görkəmli alimlərin elm sahəsindəki
xidmətləri ilə yanaşı, yüksək dövlət
mükafatları, fəxri adları və ya məsul vəzifələrdə
çalışmaları da nəzərə
alınmışdı. Onlardan 6 nəfəri Stalin
mükafatı laureatı, 1 nəfəri həm də SSRİ
xalq artisti, 6 nəfəri eyni zamanda Əməkdar elm xadimi, 4 nəfəri
isə Əməkdar incəsənət xadimi idilər. Heç şübhəsiz, Azərbaycan rəhbərliyinin
təqdim etdiyi namizədlər Kreml rəsmiləri və
SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti ilə
də razılaşdırılmışdı. Beləliklə, Azərbaycan SSR Elmlər
Akademiyasının ilk tərkibi 15 nəfərlik
aşağıdakı adlı-sanlı alimlərdən təşkil
olunmuşdu. Rus dilində yazılan siyahı kiril əlifbasının
sırası üzrə tərtib edilmişdi:
1.
Əzizbəyov Şamil Əbdülrəhim oğlu -
geologiya-mineralogiya elmləri doktoru, professor
2.
Əlizadə Ələşrəf Əbdülhüseyn
oğlu - Stalin mükafatı laureatı, geologiya-mineralogiya
elmləri doktoru
3. Vəkilov
Səməd Vurğun Yusif oğlu - İki dəfə Stalin
mükafatı laureatı, Əməkdar incəsənət
xadimi, şair
4.
Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu - Stalin
mükafatı laureatı, SSRİ xalq artisti, Əməkdar incəsənət
xadimi, professor
5.
Qrossheym Aleksandr Alfonsoviç - SSRİ Elmlər
Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru,
professor
6.
Hüseynov Heydər Nəcəf oğlu - fəlsəfə
elmləri doktoru, professor
7.
Dadaşov Sadıq Ələkbər oğlu - Stalin
mükafatı laureatı, Əməkdar elm xadimi,SSRİ Memarlıq Akademiyasının
müxbir üzvü, professor
8. Yesman
İosif Qavriloviç - Əməkdar elm xadimi, texnika elmləri
doktoru, professor
9.
İbrahimov Mirzə Əjdər oğlu - Əməkdar incəsənət
xadimi, yazıçı
10.
Qaşqay Mirəli Seyid Əli oğlu - geologiya-mineralogiya elmləri
doktoru, professor
11. Məmmədəliyev
Yusif Heydər oğlu - kimya elmləri doktoru, professor
12.
Mirqasımov Mirəsədulla Mirələsgər oğlu -
Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
13.
Topçubaşov Mustafa Ağabəy oğlu - Stalin
mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri
doktoru, professor
14. Useynov
Mikayıl Ələsgər oğlu - Stalin mükafatı
laureatı, Əməkdar incəsənət xadimi, SSRİ
Memarlıq Akademiyasının müxbir üzvü, professor
15.
Şirokoqorov İvan İvanoviç - SSRİ Tibb Elmləri
Akademiyasının həqiqi üzvü, Əməkdar elm
xadimi, tibb elmləri doktoru, professor.
SSRİ
Elmlər Akademiyasının prezidenti, akademik L.Komarov Azərbaycan
rəhbərliyinə göndərdiyi xüsusi məktubda
Əşrəf Əlizadə, Mirəsədulla Mirqasımov və
Mustafa Topçubaşovdan birinin yeni yaradılacaq
Akademiyanın prezidenti olmasını təklif etmişdi. Məktubda həmçinin Heydər Hüseynovun
Akademiyanın vitse-prezidentliyinə namizədliyi məqsədəuyğun
sayılmışdı.
Azərbaycan SSR Elmlər Akademiyasının ilk tərkibi
müəyyən edildikdən sonra 31 mart 1945-ci ildə
keçirilmiş birinci Ümumi yığıncaqda təşkilati
məsələyə baxılmış və Akademiyanın
rəhbər heyəti seçilmişdir. Ümumi yığıncaq
Əməkdar elm xadimi, akademik
Mirəsədulla Mirqasımovun Azərbaycan SSR Elmlər
Akademiyasının prezidenti, akademik Şamil Əzizbəyovun
və akademik Heydər Hüseynovun vitse-prezident (prezident
müavinləri), akademik Mirəli Qaşqayın akademik-katib vəzifələrinə
seçilmələri barədə qərar qəbul
etmişdir. Ümumi yığıncaqda həmçinin
aşağıdakı tərkibdə 5 nəfərdən ibarət
olan ilk Rəyasət Heyəti üzvləri
formalaşdırılmışdır: Mirəsədulla
Mirqasımov, Şamil Əzizbəyov, Heydər Hüseynov, Mirəli
Qaşqay və Yusif Məmmədəliyev.
Azərbaycan
akademikləri Ümumi yığıncaqda SSRİ Elmlər
Akademiyasının prezidenti, akademik V.İ.Komarovu və
SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin
üzvü, akademik İ.İ.Meşşaninovu Azərbaycan
SSR Elmlər Akademiyasının fəxri üzvü
seçmişlər.
Azərbaycan SSR Elmlər Akademiyasının ilk Ümumi yığıncağında SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, akademik İvan İvanoviç Meşşaninov təbrik nitqi ilə çıxış etmişdir.
Beləliklə, Azərbaycan SSR Elmlər Akademiyası təsis olunmuşdur. Elmlər Akademiyasının ilk təsisçiləri olan görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri Azərbaycan elminin və ictimai-ədəbi fikrinin inkişafında böyük xidmətlər göstərmişlər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə namizədliyi göstərilən, lakin ilk akademiklətrin sırasında yer ala bilməyənlərin böyük əksəriyyəti sonrakı illərdə Akademiyanın həqiqi və müxbir üzvləri seçilmiş, XX əsr ərzində uzun müddət elm, təhsil və səhiyyə sahələrində rəhbər vəzifələrində çalışmış, dövlət qulluğunda təmsil olunmuşlar. Bir neçə nəfər istisna olmaqla onlar əsasən repressiya burulğanından yan keçmiş yeni dövr Azərbaycan ziyalılarının orta nəslinin tanınmış nümayəndələrindən ibarət olan istedadlı elmi qüvvələr və böyük yaradıcı şəxsiyyətlər idilər.
Azərbaycan Elmlər Akademiyasının yaradılması ölkəmizin elm tarixinin şərəfli hadisəsidir. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələsində Elmlər Akademiyası mühüm rol oynamışdır. Elmlər Akademiyası - ölkəmizdə ziyalı qüvvələrinin formalaşdırılması, qorunub saxlanılması və möhkəmləndirilməsi işinə sanballı töhfələr vermişdir. Elmlər Akademiyası - həmişə azərbaycançılıq məfkurəsinin əsas mərkəzlərindən biri olmaq funksiyasını məsuliyyətlə həyata keçirmişdir. Azərbaycan cəmiyyətində müasirləşmə istiqamətində həyata keçirilən bütün proqramların icrasında Milli Elmlər Akademiyası mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak etmişdir. Milli Elmlər Akademiyası hazırda Azərbayacn Respublikasının Prezidenti İlham Əliyevin apardığı geniş miqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqmətində və ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir.
İsa Həbibbəyli
525-ci qəzet.-
2015.- 24 oktyabr.- S.10-11-12