Dilçilikdə yeni istiqamət:
"Qeyri-səlis dilçilik təcrübəsi" üzərində
düşüncələr
"Sözlərin mənasını müəyyən
edin və onda dünyanı yanlışlığın
yarısından xilas edərsiniz".
Rene de
Kart
Tanınmış
dilçi-alim Sərxan Abdullayevin "Qeyri-səlis dilçilik
təcrübəsi" əsəri çapdan
çıxıb. Müəllifin özünəməxsus
bir təvəzökarlıqla "qeyri-səlis dilçilik nəzəriyyəsi
yaratmaq səyindən" bəhs etməsinə rəğmən
qarşımızda sözün həqiqi mənasında
yaxşı düşünülmüş, hərtərəfli
və dərindən əsaslandırılmış bir elmi
sistem -qeyri-səlis dilçilik nəzəriyyəsi durur.
İlk təcrübə kimi nöqsanlardan da
xali olmayan bu əsər birinci növbədə
orijinallığı, yeniliyi, qeyri-standartlığı ilə
diqqəti cəlb edir. Mütəxəssislər
kitabı təkcə Azərbaycanda deyil, bütün
dünyada ilk qeyri-səlis dilçilik nümunəsi
adlandırırlar.
"Qeyri-səlis dilçilik təcrübəsi"
monoqrafiyası öz orijinallığı, yeniliyi, təhlil
metodu ilə seçilən və bu vaxta qədər linqvistik
arenada toxunulub öyrənilməmiş qeyri-səlis
dilçilik probleminin tədqiqi məsələsinə həsr
edilib.
Monoqrafiyanın müəllifi dünya səviyyəsində
böyük bir alim kimi tanınan Lütfi Zadənin "Qeyri-səlis
çoxluqlar" və "Qeyri-səlis məntiq" nəzəriyyələrinin
postulatlarından yaradıcı şəkildə bəhrələnərək
dərin məzmunlu, fundamental bir dilçilik əsəri
yazmağa nail olub.
Həcmi 596 səhifədən ibarət olan "Qeyri-səlis
dilçilik təcrübəsi" əsəri giriş, səkkiz
fəsil və istinad edilmiş ədəbiyyat
siyahısından ibarətdir. Əsərin
"Gizli-aşkar dil" adlanan giriş hissəsində
müəllif qeyri-səlis dilçiliyin postulatlarını,
prespektivlərini, işarələrin, xüsusilə dil
işarələrinin aspektlərini fəlsəfi, linqvistik,
linqvopsixoloji yönlərdən təfsir edir, yeri gəldikcə
onları elmi-nəzəri baxımdan bir növ təftiş də
edir. Bununla əlaqədar müəllif işarələr
sistemini, xüsusilə dil işarələrini,
bütövlükdə dil-nitq sistemini qeyri-səlis məntiq
nəzəriyyəsi işığında təhlil edilməsinin
mahiyyət və perspektivlərindən bəhs edərək
yazır ki, "qeyri-səlis çoxluqlar və qeyri-səlis
məntiq nəzəriyyəsi müəyyənliklə
qeyri-müəyyənliyin, konkretliklə mücərrədliyin,
keçici ilə daimiliyin, sabitliklə dəyişkənliyin,
hələ məlum olanla məlum olmayanın, gerçəkliklə
fantaziyanın əlaqə və keçidlərini öyrənmək,
aşkarlamaq üçün geniş perspektivlər
açır". Həmin nəzəriyyələr
bizim dərketmə imkanlarımızın genişliyini, əsl
həqiqətdə nəhayətsizliyini, hüdudsuzluğunu,
eyni zamanda dayanaqsızlığını, nihilizmi
açıb göstərir.
Müəllifin fikrincə, linqvistik işarələr həm
gerçəklikdən geri qalır, həm də
adlandırılandan, situasiyadan önə keçir, öz
reallıq və illuziyalarını formalaşdırır,
duyğu orqanlarının verdiyi informasiyaları özünəməxsus
şəkildə dəyişdirir, transformasiya edir. Adlandırmanın
özünü aşaraq subyektiv münasibət və meyllərlə
bağlı, situasiyaya uyğunlaşmaq, yaradıcı
başlanğıc kəsb etmək xisləti sözün
semantik qruplaşmalarında, metafora və perifraz
formalarında özünün pik həddinə, kulminasiya
nöqtəsinə çatır.
Dil
işarələrinin, ümumən, insan nitqinin qeyri-səlisliyinin
digər bir səbəbini işarələrin əlaqə və
tətbiq imkanları olan sintaktika, semantika və məxsusi
olaraq praqmatika, qəlişən semantika və siqmatika ilə
şərtləndiyini qeyd edən müəllif yazır:
"Dil işarələri səlis məntiqin son qütblər,
sərhədlər kimi tanıdığı linqvistik qiymətləri,
onlar arasındakı çoxlu sayda, bəzən saysız
sayda aralıq, keçid pillələri mükəmməl
dolğun şəkildə verballaşdıra, təsbit edə
bilmədiyindən digər əlavə alternativlər-sintaksis,
mətn semantikası və praqmatikası işə
salınır. Müəllifə görə, bu
sayaq linqvistik texnologiya ilə səlis məntiqlə qeyri-səlis
dil arasında olan əkslikləri, antonomiyaları
çözmək, dəf etmək olar".
Dilin
bioloji xarakterə malik olmasından və onun insanın daxili
aləminə neqativ (agressiv) impulslarla təsir göstərməsindən,
onun insanın instinktinə çevrilməsindən, işarə
substratının duyğu orqanlarının mühüm,
genetik əlavəsindən çıxış edən
müəllif dildə ümumi və xüsusi
yayğınlığın bir-birindən fərqləndirilməsi
qənaətinə gəlir və qeyd edir ki, yalnız bu əsasda
ümumi və xüsusi yayğınlıq, qeyri-səlis nəzəriyyədən
bəhs etmək olar.
Təbii dil ilə süni dillərin xüsusiyyətlərini
müqayisə edən müəllif təbii dilin bir çox
parametrlərdə üstünlüyünü qeyd edərək
yazır ki, təbii dildə bir ümumilik, universallıq
özünü göstərir. Eyni işarə müxtəlif
referentləri, aktual dinotatları nişan
verir və ya əksinə, eyni denotat müxtəlif işarələrlə
adlandırılır. Süni dillərdə, digər
oxşar, mümkün semiotikalarda belə ikilik,
üçlük, ambivalentlik, asimmetriya mümkün ola bilmir. Bu qəbildən olan
situasiyaları təbii dilin həm gücü, həm də
müəyyən mənada qüsuru, süni dilin isə birtərəfliyi,
çatışmazlığı kimi qeyd edən müəllif
çoxmənalılığı, sinonim və antonimliyi,
metaforikliyi və növbənöv semiotikanı təbii dilin
mövcudluq vəziyyəti kimi qiymətləndirir.
Əgər monoqrafiyanın ayrı-ayrı fəsilləri
geniş şəkildə təhlilə cəlb edilərsə,
belədə kitabın həcminin yarısı qədər
bir kitab alınmış olardı. Bunu nəzərə
alaraq fəsillərin məzmununun əsas məqamlarını
önə çəkməyi məqsədəuyğun hesab
etdik.
"Çoxmənalılığın yalanı və
dilin min bir dili" adlanan birinci fəsildə müəllif
dil işarələrində yalan və aldanışların
formalaşdığı yeri dilin leksik sistemində gizləndiyini
və çoxmənalılığının hüceyrələrinin
ən çox dil işarəsinin bu sistemində,
qatınıda qərar tutduğunu qeyd edir və fikirlərini
çoxlu sayda faktiki dil materialı əsasında təhlil edərək
sübuta yetirməyə çalışır. Çoxmənalılığın
məzmununu leksik-semantik və qeyri-səlis məntiq müstəvisində
təfsir edən müəllif yazır ki, çoxmənalı
sözlərdə potensial fərdi işlənmə məqamlarının
toplanması, vahid səs qabığı içərisində
müxtəlif leksik-semantik variantların cəmlənməsi
faktı, digər tərəfdən, bir çox hallarda
adlandırmanın özünün qeyri-adekvatlığı,
gerçəklik dəyərlərinin və linqvistik qiymətlərin
yayğınlığı qeyri-səlisliyin yalan və
aldanışların reallaşmasına imkan, əsaslar
yaradır.
Müəllifə
görə, söz semantikasının əsas əlamətləri
(genişlik, yayğınlıq, sosiallıq, mücərrədlik)
sözün mənasının fərdi işlənmə məqamlarının
meyarı kimi qəbul edilmiş situasiya, kontekst, hətta həcmcə
geniş tutumlu mətn müstəvisində belə tənzimlənə
bilmir, öz qeyri-müəyyən, qeyri-adekvat xarakterini
sistemin üst qatına nəql edir onu daima qidalandırır.
Çoxmənalı sözlərin bu cəhətini əsas
götürən müəllif sözün
semantikasının əsas əlamətlərinin
nomenklaturasının tam olmadığını qeyd edir və
ona "ümumilik" və "şərtilik" kimi əlamətlərinin
əlavə edilməsinin zəruriliyini vurğulayır. Bunun səbəbini müəllif onunla izah edir ki, mətn
semantikası yalnız məhdudlaşdırmaya, dəqiqliyə,
fərdilik və konkretliyə deyil, həm də şərtilik
və nisbi müstəqilliyə, mətin yaratdığı
yeni reallığa uyğunlaşmağa can atır.
Çoxmənalı sözlərin paradiqmatik və
sintaqmatik müstəvidə təhlilindən müəllif
belə bir nəticəyə gəlir ki, hər iki planda təzahür
edən linqvistik qiymətlər çoxluğun dilin fundamental
əlamətlərindən biri kimi qəbul etmək lazım gəlir. Digər tərəfdən,
praqmatik relyativizm, nisbilik düşüncəsi konstantlıq
və variativlik hədləri içərisindən dil yeni, fərqli
bir qarşılaşdırma münasibətlərinə,
semantik-koqnitiv paradiqmaya-dil azadlığına daxil olur.
Bununla əlaqədar müəllif yazır: Dili öz sistem
mahiyyətinə görə sosial, hər dəfə hərəkətə
gətirilməsi, işlənməsi etibarilə fərdi hadisə
hesab etmək olar. Dil fərdin maraq və meyllərini
ifadə edərkən sanki müvəqqəti olaraq
sosiallığını itirir.
Sanki kollektivin, sosiumun nəzarətindən
çıxararaq fərdin ixtiyarına keçir, konkret
situasiya daxilində sırf subyektiv, praqmatik maraq və məqsədlərə
köklənir, fərdin ümumi qlobal
azadlığının bir elementinə çevrilir".
"Omonin
aldanışları müxtəlif şeyləri eyni cür
adlandırma çoxluqları kimi" adlanan ikinci fəsildə
omonimlər, çoxmənalılıq və sinonimlər kimi
semantik söz qruplarına və onların məzmunca fərqləndirilməsi
məsələlərinə toxunan müəllif omonimləri
sadə söz qrupları kimi deyil, onları dildə məzmun
variativliyinin, məna hüdudlarının şərti-nisbi mənada
son həddi, geniş planda bir forma məzmun
aldanışı, şəkil-obraz transformasiyası kimi yeni
rakursda nəzərdən keçirir. Omonimləri
bu müstəvidə sinonimlərlə və çoxmənalıqla
müqayisə edən müəllif sinonimlərdə forma
variativliyi, omonimlərdə isə məzmun variativliyinin son həddə
çatdığını diqqətə
çatdırır. Çoxmənalığa
gəlincə, onları məna və məna variativliyinin
yayğınlığı, omonimliyə isə bu
yayğınlığın müvəqqəti olaraq kəsilməsi,
qeyri-səlisliyin konkret yarusda aradan qalxması, silinməsi kimi
yanaşır. Omonimlərin məzmununa
dair söylənmiş mövcud fikirlərlə
razılaşmayan müəllif qeyd edir ki, omonimlərə sadəcə
olaraq forma eyniliyi və məzmun müxtəlifliyi kimi
yanaşmaq doğru deyildir. Omonimlərin
işlənmələrinin potensiyasını
praqmatik-üslubi və koqnitiv müstəvidə təfsir edən
müəllif onların iki aspektdən yanaşmağı zəruri
hesab edir. Belə ki, omonimlər iki müxtəlif
söz kimi qavranılsa da, onlar maddi əsasda, səs sahəsində,
səs qavrayışında birləşir. Müəllifə
görə, birinci halda omonimlər daha çox
aldanış-yalan hərəkətləri, ikinci halda isə
ikibaşlı (ambiqutiv - F.Z) məna və söz oyunları,
alternativ çoxluqlar doğurmaq üçün əlverişli şərait
hazırlayır. Müəllif müxtəlif
nitq hissələrindən ibarət olan omonimləri geniş
diapozonda təhlil edərək belə nəticəyə gəlir
ki, omonimlər dilin ilkin genetik qatlarını üzə
çıxarır.
"Siyasi
diskursda omonim işləmələr haqqında" söz
açılan üçüncü fəsildə müəllif
omonim işləmələri faktının ictimai-siyasi
diskursda siyasi-ideoloji termin yaradıcılığında ən
yüksək həddinə çatması və onun çoxmənalıqla
birləşərək yalan və manipulyasiyanın ən dərin
və gizli nöqtələrini, iç qatının üzə
çıxdığını qeyd edərək və
göstərir ki, siyasi diskursda eyni fonetik quruluşa malik olan
söz yalnız bir-biri ilə əlaqələnən mənaları
ifadə etmir, həm də bir-birilə tamamilə uzaq, fərqli
anlamaları bildirir, hətta antonimlik işləmə
hallarına qədər gedib çıxır. Omonim
işləməni qeyri-səmimi nitq davranışının
əsas formalarından biri, xüsusilə siyasi dilin təməl
daşı hesab edən müəllif, omonim işləməni
qeyri-səmimi davranış prinsipi kimi deyil, siyasi diskursun məcazlı
prinsipi kimi şərh etməyə üstünlük verir.
Siyasi diskursda söz-işarələr çox
halda öz ilkin-etimoloji mənalarda siqnifikativ anlamda işlənmir,
bunların arxasında bir-birindən tamamilə fərqli
çox uzaq fenomeloji keyfiyyətlər nəzərdə tutulur.
Müəllif siyasi diskursda omonim işləmələrinə
dair apardığı hərtərəfli təhlildən belə
qənaətə gəlir ki, bu diskurs növündə
sözün, terminin ilkin-etimoloji mənasından diametral şəkildə
aralana-aralana antonimlik hüdudlarına çatır və ən
aktual ictimai-siyasi anlayışlar bu prosesdə daha intensivliyə
məruz qalır, sözlərin, işarələrin mənalarına
yeni çalarlar, rənglər əlavə olunur, səs
substansiyası sanki ifrat ağırlığa tab gətirməyib
deformasiyaya uğrayır.
Dördüncü fəsil "Sinonim çoxluqları
və ya eyni şeylərin müxtəlif cür
adlandırmanın yalanı" adlanır. Dil sistemində
sinonimlik anlayışının məzmununu təfsir edən
müəllif qeyd edir ki, sinonimlər obyekti, predmet və hadisələri
daha geniş və əhatəli, daha dəqiq, aydın və
səhmanlı şəkildə ifadə və dərk ehtiyacının
qanunauyğun nəticəsi olaraq meydana gəlmişdir.
Dil sistemində sinonimliyi, sinonim sözlərinin müsbət
və mənfi tərəflərinə münasibət bildirən
müəllif qeyd edir ki, sinonimlər bir tərəfdən,
sözün məfhumi-semantik şüalanmalarının
funksional-praqmatik məntiqinin aydın, müəyyənləşmiş,
hüdudlaşmış əlamətə malik olduğu kimi
qiymətləndirir, digər tərəfdən isə,
onların geniş konturlarda qavranılması, dərketmənin
qeyri-adekvatlığına, qeyri-mütənasibliyinə gətirib
çıxardığını qeyd edir. Müəllif
sinonimlərlə bağlı bir paradoksal halı
vurğulayaraq yazır ki, dil işarələri semantik sahə
və əhatəliyə can atdıqca yayğınlıq,
nisbilik daha da artır.
S.Abdullayev
yazır: "Adətən, hər bir sinonim variant, hər bir
tapıntı Bizi predmetin, hadisənin mahiyyətinə
yaxınlaşdırdığı kimi, həm də eyni dərəcədə
və bəlkə daha artıq əsl mahiyyətin dərk
olunmasından uzaqlaşdırır, yayındırır. İnamla demək olar ki, hər bir sinonim
axtarışı həm də dərketmənin tərəddüdlərini
əks etdirir. Hər bir təkrar, təkidli
qavrayış aktı əvvəlkindən dəqiq olmayan, həmişə
ondan fərqlənən, bəzən onu təkzib edən təkrar
təəssürat və təhriflərə gətirib
çıxarır".
Müəllifə görə, sinonimlərin və
onların variantlarının, qeyri-adekvatlığı məsələlərin
öyrənilməsi ümumidil sinonimlərinin öyrənilməsi,
xüsusilə kontekstual sinonimlərin məcazi
çoxluqlarının mətn düzəltmə, arxitektonik
funksiyaların araşdırılması kommunikativ
dilçilik, üslubiyyat, linqvistik praqmatika və
koqnitivistikanın həllini gözləyən mühüm
problemləridir.
Müasir
dilçilikdə sinonimlik ideyasına bir fiksiya, linqvistik nonsens kimi yanaşmaların
olduğunu qeyd edən müəllif leksik və sintaktik
araşdırmalarından belə bir mühüm nəticələrə
gəlir ki, sinonimlər qeyri-səlis çoxluqların
leksikoloji təməlini, linqvistik qiymətlərin əsasını təşkil edir və onları
yerli-yerində rasional şəkildə istifadə
olunmasını praqmatik motiv və maraqlar, fərdi üslubla
tənzim edir.
"Təkrar
qiymətləndirmə çoxluqları: dəyişən
yayılanlıq hədləri" adlanan beşinci fəsildə
perifraz şəkillərini sinonimlərin müvazi-alternativ
adlandırmaların davamı kimi nəzərdən keçirən
müəllif elmi-nəzəri ədəbiyyatda dar və
geniş mənada iki növ perifrazın fərqləndiyini
qeyd edir və perifrazların zəngin funksional üslub
imkanlarına malik olduğunu, kontekstual situativ şaxələnmələri,
qeyri-səlis nitq çoxluqları, təsviri nominasiyaları
onları yeni kəmiyyət və keyfiyyət sferasına daxil
edir və mətndə əlavə tamamlayıcı və
bütövləşdirici valentlik yerləri, törədicilik
perspektivləri açdığını göstərir.
Müəllifə
görə, perifraz ünsiyyət prosesində
danışanın istəyini nəzərdə tutduğu məcraya
yönəltsə də, intensiya, kommunikativ məqsəd
özünə yol açsa da, nitqin koqnitiv təməli
bütövlükdə xeyli zəifləsə,
yayğınlaşsa da, nitqin təsir effekti, praqmatik səmərəsi
kifayət qədər güclənir bu da linqvistik qiymətləndirmənin
qeyri-səlisliyinin yayğınlığını
qaçılmaz edir, çünki burada birliyin konkret sərhədləri
deyil, dil işarələrində əks olunan həqiqətlərin
yayğınlığı ifadə olunur.
Müəllifə görə, daha təsirli və
effektiv perifrazalar yaratmaq üçün adı sıravi dil
daşıyıcısı olmaq çox vaxt kifayət etmir. Xüsusi poetik istedad,
koqnitiv yaradıcılıq intellektual səylər, dil
üslub həssaslığı tələb olunur, perifrazlar
eyni cür şeyləri müxtəlif cür adlandırma
alternativ olan sinonimləri davam, əlavəsi olsa da, onların yalan aldanış və
manipulyasiya imkanları zənginliyinə, rəngarəngliyinə
görə çoxmənalıqla müqayisə etmək
olur.
Perifrazlar dünyanın dil mənzərəsinin
genişliyini və rəngarəngliyin qavrayışın həcmi
və miqyaslarını əks etdirir, dərketmənin sərhədlərinə
imkan verir, dil şüurunun inkişafına təsir göstərir.
Metaforik və metonomik perifraz qavrayışa sanki
peridikativ genişlik, daxili bir hərəkət, kommunikativ
güc bəxş edir, çətin ifadə olunan
anlayışları da, yığcam tutumlu və operativ ifadəsinə
mümkün edir.
"Qeyri-səlis
çoxluqların ierarxiyası: yayılanlığın
hüdudları" adlanan altıncı fəsildə
kiçiltmə və zəifləmə fiqurunu qeyri-səlis
çoxluqlar, qeyri-səlis məntiq və təxmini
mühakimələr nəzəriyyəsi prizmasından
araşdıran müəllif qeyd edir ki, elmi ədəbiyyatda
litota kimi qeyd olunan minimallaşdırma hadisəsi müəyyən
bir əşyanı, faktı, predmeti onların əks
münasibətini inkar etməklə daha aydın nəzərə
çarpdırmaq və ya əksinə, nəzərdən,
görüş bucağından yayındırmaqla zəiflətmək,
kiçildilmiş, azaldılmış formada təqdim etmək
üsulundan başqa şey
deyildir.
Müəllifə görə, litota bir növ sinonimliyin
alternativ çoxluqların zəiflətmə, kiçiltmə
perifrazları ilə davam etdirilməsi, daha da genişləndirilməsidir. Qeyri-səlis
çoxluqların ierarxiyası leksik, fonetik, mətn sintaksisi,
linqvopsixoloji, praqmatik, koqnitiv müstəvidə geniş, hərtərəfli
araşdırıb təhlil edən müəllif göstərir
ki, söyləmin gerçəkliyə uyğunluq dəyərlərinin
müəyyənləşməsində üç amilin nəzərə
alınması zəruridir: 1)linqvistik qiymətlər və
onların yayılanlıq hədləri, keçidləri;
2)danışanın dünya bilikləri və konkret situasiya
haqqında təsəvvürləri; 3)hadisə və
faktların subyektiv qiymətləndirmə anı. Müəllifə
görə, subyektiv qiymətləndirmə anı isə hər
an dəyişə bilər. Belə ki, insan ən müxtəlif situasiya və
psixoloji vəziyyətlərdə ən müxtəlif qərar
qəbul edə bilər, əlavə təxminlər, ehtimallar
irəli sürə bilər, bir qiymətləndirmə
paradiqmasından başqa birinə keçə bilər, tamam
fərqli qayda və motivlərlə idarə oluna bilər.
Müəllif yazır ki, litota tərəddüdlərin
həqiqi, real gərçəkliyi dilə təqdim olunan
gerçəkliyə dəyişmək psixologiyasının
ifadəsidir.
Bu halda obyektin, hadisənin həqiqətdə
olduğundan kiçik, zəifləndirilmiş,
azaldılmış formada göstərilməsi fərqli bir
dünya və dil mənzərəsi yaradır. Bu
baxımdan litotaya inkarın inkar simvollarına dildə "mədəniləşmənin",
güzəşt və optimal, ifadə olunan məqsəd
strategiyasının, bir çox hallarda qeyri-səmimi, qeyri-təbii
olsa da, hər halda daha praqmatik, uyğun-adekvat dil
davranışının, nitq hərəkətlərinin təzahürü
kimi yanaşmaq münasibdir.
S.Abdullayev,
perifraz formalarının, o cümlədən, dərinlik
perifrazalarının, fərdi metafora kimi, şərh olunan
kinayə strukturlarının ümumən sintaktik
çoxluqlar kontekstdə, sintaktik sinonimlik, omonimlik prespektivləri bağlamında,
onlarla sıx əlaqədə və vəhdətdə
araşdırılmasını qeyri-səlis sintaksisin,
bütövlükdə qeyri-səlis qrammatikanın işlənib
hazırlanmasında mühüm rol oynadığını
xüsusi olaraq qeyd edir .
"Linqvistik
qiymətlərin səviyyələri: artan yayılanlıq hədlərini"
adlanan yeddinci fəsildə mübağilə fiqurunu qeyri-səlis
çoxluqlar, qeyri-səlis məntiq nəzəriyyəsi
prizmasından araşdırıb təhlil edən müəllif
qeyd edir ki, perifrazların ən geniş yayılmış
növlərindən biri olan mübağilə-şişirtmə
əşyanın, hadisənin, situasiyanın söylənilən
fikir predmetin olduğundan fərqli, adətən üstün,
aşağı xarakteristikasının yaradılmasına xidmət
edən bu üslub fiqurunda gerçək vəziyyəti bu və
ya digər dərəcə də dəyişmək, təhrif
etməklə onları fərqli fokus və görüş
bucağını təqdim etdiyindən mübağilə
qavrayışında təbii olaraq bir aldanış-yalan motiv
gizlənir. Mübağilənin digər obrazlı
dil-üslub elementlərinə münasibətindən bəhs
edən müəllif qeyd edir ki, təsvir və ifadə vasitələrinin
bir çoxunun da real, gerçək situasiyada olduğundan daha
parlaq və qəsdən artırılmış,
böyüdülmüş kəmiyyət hədlərində
təqdim olunması geniş mətndə mübaliğələri
dilin əsas energetik mərkəzlərindən, effektiv təsir
fəndlərindən birinə çevirir, odur ki, bu fiqur bəzi
mənbələrdə kəmiyyət münasibətləri əsasında
formalaşan metonim kimi nəzərdən keçirilir.
Alimin
fikrincə, gerçəkliyin, həqiqət dəyərlərinin
üstün, şişirdilmiş formada, adətən
çoxaldılmış kəmiyyət, keyfiyyət hədlərində
qavranılması obyektə, hadisəyə ilkin- emosional
münasibət formalaşdırır, danışanın
psixoloji fəallığından, ünsiyyəti sakit, soyuq məcrada,
tədrici təhlil-tərkib və düşüncə əsasında
deyil, kəskin dönüş və dəyişmələr
yönümündə qurmaq iradəsindən xəbər
verir, belə ki, mübaliğə geniş planda hadisələrə,
predmetlərə daha yüksək və ya daha yaxın
dil-görüş bucağından baxmaq, qavramaq
strategiyası kimi xarakterizə oluna bilər.
Müəllifə
görə, leksik vahidlərin bir-birilə müxtəlif məqamlarda
birləşmələrindən əmələ gələn
yeni keyfiyyət, fərq sonsuzluğunun linqvistik resursları zəngin,
çoxcəhətli, rəngarəng olduğu kimi, canlı
sözün zaman və məkanı olan intonasiya eyni leksik tərkibdə
və sintaktik quruluşda reallaşan fikirləri rəngarəng
forma və şəkildə gerçəkləşdirməyə,
əks etdirməyə imkan yaradır. Gizli-implisit
predikativliyə malik olan tammənalı söz-konseptlər
semantik-assosiativ genişlik və yüksəklik, reaktivlik kəsb
edir, gerçək təəssüratın sərhədlərini
aşaraq dil işarəsini yeni bir funksional-koqnitiv səviyyəyə
qaldırır; dildə onun daxili dainamizmini, elastikliyini təmin
edən məcaz, metafora və perifraz genişliyini
yaşayır. Mübaliğənin yaranmasına və
üslubi cəhətlərinə toxunan müəllif qeyd edir
ki, mübaliğə dil istehlakçısının koqnitiv
fəallığının, sözün psixolinqvistik
enerjisinin üstün həddi, şiddət dərəcəsi
kimi yaranır və ona yalnız bir dil üslub fiquru kimi deyil,
həm də fikir fiqurları, koqnitiv fenomen kimi yanaşmaq onun
əsl mahiyyətini daha yaxşı dərk olunması
üçün geniş imkanlar yaradır.
"Metafora
şəkilləri-obrazlı-assosiativ çoxluqlar kimi"
adlanan sonuncu-səkkizinci fəsildə müstəqim adlandırmaya və
təsvir formalarından fəqli olan, qeyri-müstəqim
formada nitqin geniş yayılmış ifadə şəkillərindən
biri olan məcazların çoxölçülü,
çoxşaxəli və çoxistiqamətli
qeyri-adekvatlığı, qeyri-səlisliyi məsələlərindən
bəhs edilir.
Məcaz növlərinə və onun sinonim
çoxluqlarından fərqinə toxunan müəllif qeyd
edir ki, sinonimi çoxluqlarından fərqli olaraq məcazlarda
sözlər adətən müxtəlif məfhum sahələrinə
aid olur. Bir halda sözlər metafora, ikinci halda isə
metonomiya kimi çıxış edir. Metafora
sadəcə olaraq zahiri və ya daxili oxşarlığa və
ya funksiya eyniliyinə görə ad köçürmə, məna
inteqrasiyası deyil, iki müxtəlif, fərqli məfhum sahələrinə
aid olan anlayışların semantik koordinasiyasıdır,
funksional paralelliyi olub, dil işarəsinin öz
hüdudlarını genişləndirmək səyidir. Məcazların digər mühüm növü olan
metonimiya isə iki müxtəlif məfhumun analogiyası əsasında
müqayisəsi, qarşılaşması yox, bir-birilə əvəz
olunması, müəyyən predmet əlaqələrinə,
yaxınlığına görə əməliyyatıdır.
Müəllif həm metafora, həm də
metonomiya dərketmədəki anlam arasında
çatışmazlığı, natamamlıq
axtarışlarıdır və bu axtarışları yeni
bilik, həqiqət sərhədlərinə, mühakimə və
etimadlara yönəltmək təşəbbüsləri və
ya həmin səylərin bitməsi sona çatması kimi
qiymətləndirir.
S.Abdullayev belə hesab edir ki, məcaz çoxluqları hətta ən konkret və aydın, görümlü olduqları vəziyyətlərdə dil işarələrinin qeyri-adekvatlığının, təxminlik, yayğınlıq və qeyri-mükəmməlliyin yeni mərhələsini əks etdirir. Bu halda, əgər insan lap əvvəldən predmet və hadisələri tam dəqiq və birmənalı şəkildə əks etdirə bilsəydi, hər cür qeyri-müstəqim adlandırma, o cümlədən, məcazlara da ehtiyac qalmazdı. Müəllifə görə, mahiyyət etibari ilə metaforik olmayan heç bir şey yoxdur, sözlərin hər birində ibtidadan, başlanğıcdan bir məcazlıq vardır və hər şey metaforalarına doğru inkişaf edir.
Metaforanın linqvopsixoloji, xüsusilə konseptual və koqnitiv tərəflərinə toxunan müəllif qeyd edir ki, insanın dərketmə prosesində real predmet və hadisələrin özləri deyil, onları adlandıran, təmsil edən dil işarələri ilə düşünür və mühakimə yürüdür. İdrak prosesində sanki hər dəfə yenidən yaranan, yaşanan dil, dil simvolları öz fəal subyektiv-emosional başlanğıcını biruzə veir, yəni, sanki, fərqli energetik güc nümayiş etdirir, təkrar dərketmə aktına çevrilir. Belə ki, dil yalnız fikir ifadə etmir, həm də fikir, məna hasil edir, yeni mühakimələrə ideyalara istiqamətləndirir.
Fiziklərə istinadən kibernetik müstəvidə metaforaların linqvistik əhəmiyyətinə toxunan müəllif vurğulayır ki, bizi əhatə edən canlı və cansız aləmin bütün cisim və hadisələrin arasında daxili əlaqə, vəhdət mövcuddur, onlar arasında aramsız informasiya mübadiləsi gedir. Həmin saysız-hesabsız, yaxınlı-uzaqlı daxili bağları, iç əlaqələri aşkara çıxarmaq, kəşf etmək üçün həqiqi anlayışlar tapana, onları bütövləşdirənə səhmana salana qədər metafora elə fakt, realı rolunu oynayacaq, aralıq mərhələ və axtarışları əvəz edəcək. Bu halda metafora düşüncə, fikir daşıyıcıları, hüdudları kimi qavranılacaq.
Fəsillər üzrə aparılan araşdırmaların məzmununu belə ümumiləşdirmək olar. S.Abdullayev linqvistik çoxluqları (qiymət çoxluqları) ilkin olaraq aşağıdakı qeyri-səlis, yayılan çoxluq sırası kimi təqdim edir, vahid formativin, eyni səs qabığı daxilində birləşən elementlər məna-anlam çoxluqları; müxtəlif şeyləri eyni cür adlandırmaq, işarələmə çoxluqları (omonim formaları); əksinə-eyni şeyləri müxtəlif cür adlandırma, işarələmə çoxluqları (sinonimlər). Müəllif sinonim çoxluqlarının davamı, uzantısı olan perifraz strukturlarını, sözün dar mənasında perifrastik qiymət dərəcələrini, təkrar qiymətləndirmə çoxluqları" kimi təhlil edir, dəyişən yayılanlıq hədlərini ayırmağa çalışır. Sonra meyozis, litota strukturları qeyri-səlis yayılan çoxluqlar kimi təhlilə cəlb olunur. Burada qeyri-səlis, qeyri-dəqiq linqvistik qiymətlərin ierarxiyası, asılılıq münasibətləri önə çəkilir, qeyri-aşkarlığın hüdudlarından, yayılma intensivliyindən bəhs olunur. Daha sonra perifraz çoxluqlarının xüsusi növü olan mübağilə, çoxaltma strukturları linqvistik qiymətlərin səviyyələri kontekstində geniş təhlil olunur, belə çoxluq sıraları artan, yüksələn yayılanlıq hədləri kimi nəzərdən keçirilir, araşdırılır. Əslində konkret təhlil olunan yayılan çoxluqlar sırası kontekstual sinonimlik, müqabillik yaradan variativ formalarla-metafora şəkilləri ilə tamamlanır və bunlar obrazlı-assosiativ çoxluqlar kimi qiymətləndirilir. Burada yeni terminologiyanın yaradılması, "yeni ideyaları ifadə etmək üçün yeni sözlərin toplanması" (H.Hayne) diqqəti cəlb edir.
Təqdirəlayiq cəhətdir ki, müəllif gələcək perspektivləri mümkün araşdırma istiqamətlərini də göstərməklə sintaktik çoxluqların araşdırılması imkanlarından bəhs edir, buna bütövlükdə sintaktik semantikaya, mətn bütövlüklərinə doğru genişləndirir. Müəllif ayrı-ayrı kompozisiya-nitq formalarında, təhkiyə perspektivlərində və diskurs-ünsiyyət janrlarında qeyri-səlisliyin, qeyri-aşkarlığın araşdırılmasının əhəmiyyətini xüsusi qeyd edir ki, bu da gələcəkdə qeyri-səlis dilçiliyin nəzəriyyə və praktikası ilə maraqlananlar, xüsusilə gənclər üçün yeni perspektivlər, imkanlar açır.
Daha bir diqqətəlayiq cəhət ondan ibarətdir ki, S.Abdullayev linqvistik işarələrin assimmetrik dualizmini, ikiliyini qeyri-səlis çoxluqların əsas mənbələrindən biri kimi götürməklə araşdırmalarımızı yeni tədqiqat sahələrinə istiqamətləndirir, diskursiv-koqnitiv təhlilin səviyyələrarası, fənlərarası xarakterini, çoxaspektiliyini əyani olaraq nümayiş etdirir. Müəllifin bir çoxlarına çətin, mürəkkəb görünən üslubu da məhz yuxarıda deyilənlərdən qaynaqlanır. Məlumdur ki, sözügedən təkliflər yalnız sırf, təmiz linqvistik mahiyyət daşımır, həm də sosioloji, psixoloji, məntiqi-fəlsəfi, praqmatik, tarixi aspektləri özündə birləşdirir, ehtiva edir.
Əsərin qiymətli tərəflərindən biri də budur ki, müəllif qeyri-səlis yayılan çoxluq elementlərini qlobal həqiqət-yalan kontekstində nəzərdən keçirir. Bu cəhətdən "çoxmənalığın yalanı və ya dilin min bir "dili" və "siyasi diskursda omonim işləmələr" adlı fəsillər xüsusi maraq və əhəmiyyət kəsb edir.
Fərman ZEYNALOV
Filologiya elmləri doktoru, professor
Amil CƏFƏROV
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.-
2015.- 27 oktyabr.- S.7-8