Tokioda Azərbaycan musiqisi
axşamı
Tokionun Vaseda Universitetində Azərbaycan
musiqisi axşamı təşkil olunub.
Universitetin professoru Hiroaki Mohri ali məktəbin tələbə-müəllim heyətinin bu yaxınlarda Azərbaycana səfərə hazırlaşdığını bildirib.
Qeyd edib ki, 10 gün davam edəcək səfər çərçivəsində tələbələr paytaxt Bakı ilə yanaşı, Quba və Qusar rayonlarında olacaq, tarixi və mədəniyyət abidələrinə baxacaq, Bakı Dövlət və Azərbaycan Dillər universitetlərinin tələbələri ilə fikir mübadiləsi aparacaqlar. Bu gün təşkil edilmiş tədbirin məqsədi isə qədim və zəngin mədəniyyətə malik Azərbaycanın musiqi sənəti haqqında məlumatların əldə edilməsidir.
Hazırda Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Azuma-Səfərova tələbələrə Azərbaycan milli musiqisi haqqında mühazirə oxuyub. Qeyd edib ki, Azərbaycan milli musiqisinin əsasında muğam və aşıq musiqisi dayanır. Hər iki sənət növü qədimliyi ilə fərqlənməklə yanaşı, həm də ətraf regionda böyük populyarlığa malikdir. Azərbaycan muğamının və aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi xüsusi vurğulanıb. Bildirilib ki, Şərqdə ilk opera musiqisinin yaradıldığı Azərbaycanda klassik musiqinin əsasında da məhz muğam və aşıq musiqisi dayanıb. Azərbaycan bəstəkarlarının əsərlərinin bütün dünya musiqisevərləri tərəfindən böyük rəğbətlə qarşılandığı, sevilə-sevilə dinlənildiyi qeyd edilib.
Tələbələrin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.
G.Azuma-Səfərovanın pianoda ifa etdiyi Azərbaycan musiqisi nümunələri iştirakçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 27 oktyabr.- S.7