Səmimiyyət işığı

 

VARLIĞINDAN İFTİXAR DUYDUĞUM TEATR FƏDAİSİ İFTİXAR PİRİYEVƏ AD GÜNÜ TƏBRİKİ

 

 

 

Səmimiyyət elə bir mənəvi keyfiyyətdir ki, insanın ruhuna nur səpir, çöhrəsinə təbəssüm çiləyir, xarakterinə bütövlük gətirir, şəxsiyyətini formalaşdırır, onu kamillik zirvəsinə doğru inamla aparır. Səmimiyyət həmçinin sahibinə həmişə başucalığı gətirir və onun dost-tanış dairəsini günbəgün genişləndirir.

 

Səhnə adamı üçün səmimiyyətin anadangəlmə olması daha vacibdir. Çünki məhz bu insani keyfiyyətlə ilk baxışdan tamaşaçının qəlbinə yol tapmaq, onda rəğbət oyatmaq, minlərlə pərəstişkar qazanmaq mümkündür. Əsl səmimiyyəti sonradan qazanmaq müşkül işdir, onda bu keyfiyyət öz təbiiliyini itirir. Həyatda səmimiyyəti "oynamaq" gec-tez öz süniliyini büruzə verir. Səmimiyyət Allah vergisidir və gərək insanın qanında-canında ola.

 

İftixarnan söhbət edəndə onun səmimiyyət işığına düşməmək mümkün deyil. Sərbəst olursan, istənilən mövzuda danışa bilirsən. Həm dinləməyi, həm də həmsöhbət, həmdərd, həmfikir olmağı bacarır. Onunla maşında 4-5 saatlıq uzaq yol da getmişik. Bilmirsən ki, bu uzun yolu necə qət etdin, mənzil başına necə çatdın.

 

Elə ki, söhbət teatrdan, onun problemlərindən, aktyor yaradıcılığından, rejissor işindən düşür, bax onda bu səmimiyyətin o biri qütbündə prinsipiallıq, ötkəmlik, bir qədər də sərtlik durur.

 

Amma və di gəl ki, bu prinsipiallığın mayasını sənətə böyük ehtiram, çılğın ehtiras, alovlu yanğı təşkil edir. İftixar dost xətrinə, yoldaş ehtiramına özünəməxsus kişmişi gülüşlə güzəştə gedə bilər. Amma və di gəl ki, onun sənət eşqinin alovuna kölgə salmaq mümkün deyil.

 

Amma və di gəl ki, bu ötkəmlik obyektivlikdən su içir, onun zəminində İftixarın irudisiyası, dəmir məntiqi durur. İftixarın ötkəmliyi adama ona görə xoş gəlir ki, bu qətiyyətdə emosional coşqunluq və həmsöhbətinə səmimi ehtiram var.

 

Amma və di gəl ki, bu sərtlik İftixarın sənətdə güzəştə getməmək prinsipiallığını formalaşdırıb. Bu prinsipiallıq zahiri əlamət daşımır, yüksək peşəkarlığın sütunları üzərində dayaq tapır. Çünki İftixar səhnəni həssaslıqla duyur. Aktyorluq üçün kifayət qədər bacarıq və istedadı var. Dramaturgiyanın estetik prinsiplərini zövqlə mənimsəyib. Tetar kimi mürəkkəb sənət ocağının idarəetmə mürəkkəbliklərini reallaşdırmaqda səriştəlidir.

 

Səmimiyyət İftixarın poemalarına, şeirlərinə, geniş mənada poeziya yaradıcılığına qəribə məhrəmlik ovqatı aşılayır. Onun lirik-poetik misralarında kövrək zəriflik, çılğın emosionallıq, həzin doğmalıq, şair gileylərində hüzünlü həmdərdlik, işıqlı həsrət var. İftixarın şeirlərində musiqiyə yatımlıq var və mənim fikrimcə bu xüsusiyyət şair duyğusunun təmizliyindən, müqəddəs hisslərin bakirəliyindən doğur. Müraciət olunan hər mövzunun, vərəqə süzülmüş hər misranın canında, ruhunda titrək həyacan, xoş ovqatlı hərarət var.

 

İftixarı səhnədə ilk dəfə 1982-ci il mart ayının 26-da şair-dramaturq Nəbi Xəzrinin "Mirzə Şəfi" tarixi dramının premyerasında görmüşəm. Əkbər rolunu oynayırdı. Təbii, emosional və bir qədər də kövrək ruhlu oyunu diqqətimi çəkdi. Səhərisi truppa müdirinə telefon açıb öyrəndim ki, İftixar Fərhad oğlu Piriyev 1977 - 1981-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Təyinatını bu kollektivə veriblər. Həmin minvalla 1981 - 1998-ci illərdə Akademik Milli Dram Teatrının truppasında aktyorluq etdi. (Hətta 2002 - 2003-cü illərdə direktor müavini də işlədi).

 

Əkbər rolunda görüb-duyduğum bacarıq get-gedə formalaşıb istedad səviyyəsinə qalxdı. Elə bu istedadla da aktyor özünün yaradıcılıq kətanını yeni-yeni rənglərlə daha da əlvanlaşdırdı.

 

Əkbər rolunda hiss etdiyim və ürkək-ürkək nəzərə çarpan suyuşirinlik və səmimiyyət tamaşadan-tamaşaya aktyorun ifadə cəbbəxanasında çox parlaq keyfiyyətə çevrildi.

 

Əkbər rolunda ilk işartılarının şahidi olduğum aktyor təbiiliyi günü bu gün də yaradıcılığının şah damarıdır.

 

Əkbər rolunda nəzərimdən qaçmayan aktyorun səhnə sərbəstliyi onun ifa etdiyi obrazlara canlılıq, təravət və coşqunluq verir.

 

İftixar Piriyev Bayandur, Samir, Araz ("Büllur sarayda", "Bizim qəribə taleyimiz" və "Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Edqar ("Kral Lir", Uilyam Şekspir), Xəzər, Poladgüc ("Gecə döyülən qapılar" və "Torpağa sancılan qılınc", Nəbi Xəzri), Elcan ("Məhəbbət yaşadır", Nahid Hacızadə), Niftalı ("Yayda qartopu oyunu", Vaqif Səmədoğlu), Zəki ("Yalan", Sabit Rəhman), Qədir bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Altay ("Od gəlini", Cəfər Cabbarlı), Namiq, Vəliqulu ("Şəhərin yay günləri" və "Sizi deyib gəlmişəm", Anar), Çingiz ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Yıxan ("Atabəylər", Nəriman Həsənzadə), Əli bəy ("Vaqif", Səməd Vurğun), Fərhad ("Günah", Rəhman Əlizadə) rollarını da bacarıq və istedadla, səmimiyyətlə, təbiiliklə, sərbəstliklə oynayıb.

 

İrəvan teatrında "Xilaskar" (Aqşin Babayev), "Burdan min atlı keçdi" (Hidayət), "Qurtuluşa dastanı" (İftixar) tamaşalarında ulu öndərin obrazını məharətlə canlandırıb.

 

Dramaturq Əkrəm Əylislinin "Ürək yaman şeydir..." (Sərvər), İlyas Əfəndiyevin "Mənim günahım" (Müştəri), Əlibala Hacızadənin "İtkin gəlin" (Əbdül), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Aslan) televiziya tamaşalarında da aktyor özünün ifa-üslub prinsiplərinə sadiq  qalıb.

 

Təbii ki, bu obrazların hamısı bədii cəhətdən bitkin olmayıb, tamaşaların da hamısı sənət hadisəsinə çevrilməyib. Yəni, aktyorun oynadığı tamaşaların əlası da, yaxşısı da, zəifi də olub. Amma və di gəl ki, İftixar Piriyev bütün hallarda öz ifasına peşəkarlıqla, səhnəyə ehtiram və məhəbbətlə yanaşıb. Səhnənin səhnə sirdaşı olmağa çalışıb. Belə yanaşma isə həmişə aktyora uğur gətirən yaradıcılıq şərtidir.

 

İftixar Piriyev daxilən rahatsız insandır. Axtarışları, yeniliyi xoşlayır. Bir neçə il əvvəl Azərbaycan Milli "Dastan" Teatrını yaradıb. Müəyyən məsələlərlə bağlı hələlik teatr fəaliyyət göstərmir. Ancaq İftxar "Şah Abbas və Gülgəz", "Aşıq Qərib" dastanları əsasında ərsəyə gətirilmiş pyes üzərində çalışır. Dastanların bu variantları milli meydan teatrının poetikası əsasında, səhnə gərdişi prinsipində işlənib. İnşallah, inanıram ki, həmin əsərləri səhnədə görə biləcəyik.

 

İftixarın daxilində güclü vətənpərvərlik duyğusu var. Fikrimi açıqlayım. 1873-cü ilin martında Tiflis şəhərində də azərbaycanlılar ilk tetar tamaşası göstəriblər. Qüdrətli sənətkarlar yetişdirən Tiflis tetar mühiti (1873 - 1947) milli mədəniyyət tarximizin parlaq səhifələrini yazıb. Əlli bir illik fasilədən sonra fəaliyyətini bərpa etməyə çalışan Tiflis Dövlət Azərbaycan Dram Teatrında ilk direktor İftixar Piriyev işləyib (1998 - 2000-ci illərdə). Bu o dövr idi ki, İftixar Akademik Milli Dram Teatrının aktyoru idi və repertuardakı əsərlərin çoxunda oynayırdı. Onu binasız, texniki bazası, rekviziti, butaforu, geyim-gecim sexi olmayan bir kollektivə aparan ilk növbədə alovlu vətənpərvərliyi idi.

 

Taleyin qəribə gərdişləri olur. İftixar sonrakı direktorluq fəaliyyətini də 1882-ci ildə yaranmış və fəaliyyətini 1949-cu ildə dayandırmış, 1968-ci ildə bərpa olunmuş sənət ocağı ilə bağlayıb. 2000-ci ildən (qısa fasilə ilə) Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktorudur. 1988-ci ildən qaçqınlıq taleyi yaşayan sənət ocağının Bakıda, necə deyərlər, ayaq üstə durması, kollektivin yaradıcılıq ruhunun coşqunluğu, repertuar siyasətinin formalaşması, aktyor truppasının güclənməsi, qastrol səfərlərinin təşkili və gördüyü digər səmərəli təşkilatçılıq işlərinə görə 16 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adı ilə təltif olunub.

 

İftixar Gürcüstanda azərbaycanlıların yüz illiklər boyu yaşadıqları ulu Qaraçör mahalının Düzəyrəm kəndində doğulub və öz yurdunun xarakterik məişət özəlliklərini dərindən mənimsəyib. Mənimsəyib demək bəlkə də azdır, geniş mənada onun dramaturqluq qabiliyyətini tam şəkildə ehtiva etmir. Çünki mənimsəməyi həssas fərasətlə bacaran İftixar onları dramaturji yaradıcılığın bədii süzgəcindən keçirib kamil səhnə əsərləri yaradır. Elin-obanın mənəvi-əxlaqi dəyərlərinə dərin bələdliyi var. O bölgənin adamlarının danışıq tərzi çox incə koloritlidir. Həssas müşayiətçilik keyfiyyəti isə İftixarın qanındadır, sanki onunla birgə doğulub. Elə bütün bu saydıqlarıma görə də İftixarın yaratdığı Dul Alı, Nanı kişi, Muncuqlu Mahmud, Sülə Süleymən, Obolo Bəşir, Yetm Bayram ("Dan yeri söküləndə"), Göygöz Abbas, Aydəmir ağa, Səy Səməd ("Körpü"), Lezva Vəli, Qıcıq Bayram, Nənəş Qurban, Cüncül Sona ("Məngənə və ya Kor Aşığın işığı"), Kor Umud ("Eşqin tikan dairəsi"), Yapıncılı kişi ("Qarışqalar yuvasını dəyişmir"), Səlmi, Moşdərən ("Arı yuvası"), Kalbalı xan, Piroğlu Pirməmməd, Hasanqara ağa, Cəvizqulu ("Kalbalı xan Kəngərli") obrazları çox şirəli, koloritli, məzəli, dramatik-psixoloji, fəci səciyyəli, əlvan rəngli olmaları ilə bənzərsizdilər.

 

Onların bədii dəyəri yalnız bənzərsizliyində deyil. İftixar, böyük-kiçikliyindən asılı olmayaraq, tip, xarakter, şirəli, bütöv personaj yaramaqda zəngin təcrübə toplaya bilb. Onun pyeslərində həm rejissorun ideya axtarışları, həm aktorların ifadə zənginliklərini üzə çıxarmaları, sənət incisi yaratmaları, həm də tamaşaçıların maraq dairəsi üçün kiayət qədə zəngin bədii material var.

 

Elə buna görə də onun pyesləri Tiflis, İrəvan, Naxçıvan və Gəncə teatrlarının repertuarında layiqli yer tutur.  Bu tamaşalarda bənzərsiz və maraqlı aktyor ifaları var.

 

İftixar həm də teatrşünaslıqla məşğul olur. Bu səy və maraq da onda ötəri deyil. "Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi" adlı dissertasiya müdafiə edib. Səhnə sənətinə, dramaturgiyaya, estetik zövqə, bədiilik peşəkarlığına, müxtəlif dramaturqların yaradıcılıqlarına aid sanballı, elmi-nəzəri cəhətdən ciddi tədqiqatları və məqalələri var...

 

Başım qarışdı İftixarın yaradıcılığından danışmağa, az qala əsas məramım, əsas məqsədim, əsas istəyim, qısası, sözümün canı yaddan çıxmışdı.

 

İftixar bəy!

 

Sənin ad günün mübarək olsun!

 

Mübarək sözünü xüsusi vurğuynan yazıram. Çünki sən bu mübarəkdarlığın hüsnünü, təravətini, möhtəşəmliyini dostlarında, sənət aləmində iftixar doğuran əməllərinlə qazanmısan.

 

Həmişə iftixarlı olasan, İftixar bəy!

 

İlham RƏHİMLİ

525-ci qəzet.- 2015.- 27 oktyabr.- S.7