"Bir uzun küçə" təqdim olundu

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) "Bir uzun küçə" kitabının təqdimat mərasimi keçirildi.

 

Kitabda Azərbaycan ədəbiyyatında "səksənincilər" adlandırılan nəslin ən tanınmış nümayəndələrindən beş şairin - Məmməd İlqar, Qoca Xalid, Sabir Sarvan, Əjdər Ol Ramiz Qusarçaylının şeirləri verilib.

 

Tədbiri Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq, kitabda əsərləri çap olunan şairlər və onların yaradcılığı haqda fikirlərini bölüşdü: "Orta nəslə mənsub qələm sahibləri kimi xarakterizə edə biləcəyimiz bu şairlərimiz Azərbaycan poeziyasına kifayət qədər dəyərli yaradıcılıq töhfələri veriblər. Onların ədəbi fəaliyyəti sonrakı nəsillərin yaradıcılığına müsbət mənada təsirsiz ötüşməyib".

 

Tənqidçi Vaqif Yusifli çıxış edərək "səksənincilər" nəslindən, onların yaradıcılıq yolu və ədəbi yeniliklərindən söhbət açdı: "Mətbuatda hələ 70-80-ci illərdən nəşr olunan Əjdər Ol, Məmməd İlqar və digər şairlərimiz ədəbiyyatımıza yeni axın gətirdilər. Əlbəttə, bu mətndə, sözdə yenilik idi. Onların yaradıcılığında ümumi, müştərək cəhətlər, mövzular var. Vətən, təbiət, anaya sevgi, dünyəvi iztirab, müstəqillik ortaq mövzular hesab oluna bilər. Ancaq heç biri o birinin təkrarı deyil. Misal üçün, Ramiz Qusarçaylının bir misrası eşidiləndə bəlli olur ki, bu onun şeiridir. Mən bu beş şairin hər birindən ayrı-ayrılıqda yazılar yazmışam və çalışmışam ki, onların fərdi olaraq poetik özəlliyini, sözünün rəngini, ahəngini tuta bilim. Bunu deyə bilərəm ki, artıq yaşı əllini keçən bu şairlərimizin hər biri ədəbiyyatımızda müstəqil bir qol təşkil edirlər".

 

Şair Səlim Babullaoğlu kitab və müəllif kontekstindən fikirlərini bildirdi: "Eyni ədəbi nəslin nümayəndələrinin bir kitabda birləşməsi onların həm də dostluğununbu dostluğun indiyə qədərki qırılmaz bağlarının ifadəsidir".

 

Jurnalist İttifaq Mirzəbəyli dedi ki, bu şeirlərin hər birində öz həyatımı gördüm, bu kitab mənim üçün keçmişə səfər, doğma xatirə kimi yadda qaldı.

 

Gənc nəslin təmsilçiləri də kitabla bağlı fikirlərini bölüşdükdən sonra, topludakı şeirlərdən nümunələr səsləndirildi.

 

Sonda müəlliflər söz alaraq tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıq etdilər.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 27 oktyabr.- S.7