Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış

 

"QARANLIQDAN İŞIĞA" KİTABINDAN PARÇALAR

 

 

Azərbaycan ictimai fikir tarixinin görkəmli simalarından biri - xeyriyyəçi, pedaqoq, tərcüməçi, dramaturq, jurnalist, Azərbaycan teatrının yaradıcılarından olan Əsgərağa Adıgözəlov - Goraninin anadan olmasının 160 illiyi yaxınlaşır.

 

Bununla əlaqədar, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı "Qaranlıqdan işığa" adlı elmi-publisistik kitab üzərində işləyir.

 

Kitabda Əsgərağa Goraninin ictimai, publisistik, xeyriyyəçilik fəaliyyətindən söhbət açılır, həyat fəaliyyətinin indiyə kimi işıqlandırılmayan cəhətlərinə diqqət yetirilir. Həmin kitabdan bəzi parçaları oxuculara təqdim edirik.

 

Əsgərağa Adıgözəlov - Gorani haqqında çoxdan yazmaq arzum var idi. Bu il ilk mətbu orqanımız olan, Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzetinin 140 illik yubileyi zamanı Əsgərağa Goraninin adının Həsən bəylə bir yerdə çəkilməsi, onların müəllim-tələbə eyni zamanda məsləkdaş olması bu fikrimi qətiləşdirdi.

 

XIX əsrin ikinci yarısını mübaliğəsiz olaraq Azərbaycan ədəbiyyatının, incəsənətinin, teatrının, maarifçiliyinin mətbuatının intibah dövrü adlandırmaq olar. Neft sənayesinin sürətli inkişafı, Bakıda yeni-yeni zavodların, fabriklərin, manufakturaların inşası, həm Bakıda, həm ölkənin digər şəhərlərində, Gəncədə, Şamaxıda, Lənkəranda dini təhsil mərkəzləri ilə bərabər dünyəvi təhsil ocaqlarının fəaliyyətə başlaması, gənclərin Moskva, Sankt-Peterburq, Tiflis kimi tarixi mədəniyyət mərkəzləri ilə bərabərAvropa ölkələrində təhsil alaraq vətənə dönməsi, qaranlığa, geriliyə, fanatizmə qarşı mübarizəyə qoşulması yeni, qabaqcıl dünyagörüşlərinin formalaşmasına, Şərq mədəniyyəti ilə bərabər qabaqcıl Avropa mədəniyyəti nümunələrinin təbliği maarifçilik ideyalarının geniş yayılmasına, yeni ictimai şüurun formalaşmasına təkan verirdi. Mirzə Ələkbər Sabirin, Seyid Əzim Şirvaninin geriliyi, zülm istibdadı qamçılayan satirik poeziyası, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun əsərlərində qaldırılan milli geriliyə qarşı mübarizə, "Əkinçi" qəzetini təsis edirək  geniş maarifçilik fəaliyyətinə başlaması, ilk teatr tamaşalarının hazırlanması dövrün mütərəqqi hadisələrindən idi. Gənc olsa Əsgərağa Adıgözəlov bu proseslərdə yaxından iştirak edirdi. Peterburqdan "Əkinçi" qəzetinə göndərərək kənd təsərrüfatının daha səmərəli idarə olunması, bitkiçilik elminin müasir üsullarla inkişaf etdirilməsi ilə əlaqədar 40-a yaxın məqalə dərc etdirmişdir. Bu illərdə Azərbaycanda teatrın təşəkkül tapmasını xüsusi ilə qeyd etmək lazımdır. Mirzə Fətəli Axundovun əsərləri müəllifin öz tərcüməsi əsasında rus dilində Tiflis Sankt-Peterburq teatrlarında oynanılsa da Azərbaycan mühitində  bunun üçün hələ münbit şərait yetişməmişdir. Lakin teatr, orda göstərilən tamaşalar insanların şüurunda yeni-yeni ideyaların yaranmasına səbəb olurdu, ictimai fikir tariximizi zənginləşdirirdi.

 

1974-cü il mayın 31-də Azərbaycan Dram Teatrının 100 illiyi münasibəti ilə keçirilən tədbirdə ümummilli liderimiz, o zaman Azərbaycan KP MK-nın birinci katibi  vəzifəsində işləyən Heydər Əliyev deyirdi: "Şərqdə ilk teatr olan Azərbaycan teatrı maarifçilik azadlıq ideyalarının carçısına çevrildi, köhnə dünyanı dağıdıb alt-üst etməkdə mühüm rol oynadı. O, zamanın qatı-qaranlığını yararaq parlaq gələcəyə yol açan insanların şüurunu, qəlbini oyadan, onları azadlıq, səadət naminə hünərlər göstərməyə ruhlandıran bir məşəl idi".

 

Azərbaycanda o zamanlar hələ milli mətbuat yox idi.  Dəmiryolu xətti Bakıda neft mədənləri arasında mövcud idi ki, o da ancaq neft daşımalarına xidmət edirdi. Gediş-gəliş ancaq faytonlarda mümkün idi ki, bu da xeyli vaxt xərc aparırdı. Belə bir vəziyyət  isə  ədəbiyyat nümunələrinin yayılması, geniş əhali kütlələrinə çatdırılması, müəlliflərin isə bir-birinin ədəbi ictimai fəaliyyətindən xəbər tutması  üçün ciddi maneə idi.

 

Dövlət idarələrində, məhkəmələrində kargüzarlıq rus dilində aparıldı ki, xalqın böyük əksəriyyəti  bu dili bilmirdi. 1875-ci ildə "Əkinçi" qəzetinin meydana gəlməsi mətbuat sahəsindəki boşluğu nisbətən doldursa da hələ irəlidə görüləsi işlər çox idi. Xalqın düşdüyü ağır vəziyyəti, kütləvi savadsızlığı, ancaq dini təhsil vasitəsilə aradan qaldırmaq mümkün deyildi. Savadsızlığı aradan qaldırmaq, dünyəvi təhsil sisteminin tətbiqi yolundakı məhdudiyyətlərə son qoymaq, elmin tərəqqisinə nail olmaq üçün yeganə çıxış yolu gənclərimizin Avropa ölkələrində, Rusiyanın inkişaf etmiş elmi mədəni mərkəzləri olan Moskva, Sankt-Peterburq şəhərlərində təhsil almaları idi ki, buna da hər gəncin maddi imkanları yox idi.

 

Oxumaq, vətənə dönərək xalqını maarifləndirmək istəyən belə gənclərdən biri də Əsgərağa Adıgözəlov - Gorani idi. Əsgərağa Adıgözəlov Gorani haqqında tələbəlik illərimdən məlumatlı idim. 1968-1972-ci illərdə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alarkən görkəmli müəllimlərim, XIX əsr ədəbiyyatı tarixinin ən böyük bilicisi akademik Mirzə Feyzulla Qasımzadə, Xeyrulla Məmmədov, XIX əsr ədəbiyyatını tədris edərkən Əsgərağa Adıgözəlova ədib, dramaturq, pedaqoq, tərcüməçi və maarifçi kimi xüsusi kurs ayırır, onun "Qocalıqda yorğalıq" dram əsərini xüsusi təhlil edirdilər.

 

Əsgərağa Adıgözəlov 1857-ci il mayın 3-də Gəncə qəzasının Goran kəndində anadan olmuşdur. O məşhur "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyin nəvəsidir. 1886-cı ilə dair Yelizavetpol quberniyası, Yelizavetpol qəzasının Boy-Əhmədli kəndinin kameral siyahısından ("Bakı quberniyası vergi idarəsi" Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, f 43, siyahı 1, saxlanma vahidi 907) bəlli olur ki, Əsgərağa, İnqəndərağa və Usubağa 3 qardaş olublar, bəy sosloviyasına (təbəqəsinə) aiddirlər və həmin kəndin mülkədarlarıdırlar. Siyahıdan bəlli olur ki, Əsgərağanın 30 yaşı var.

 

Əsgərağanın məşhur babası Mirzə Adıgözəl bəyin xalqımızın tarixində, tarixçilik elmimizin inkişafında çox böyük rolu oynamışdır.

 

Əsgərağa Adıgözəlov Gorani  Yelizavetpol şəhər rus məktəbində ilk təhsilini aldıqdan sonra təhsilini davam etdirmək məqsədilə Bakıya gəlmişdir. 1868-ci ildə (tədqiqatçıların göstərdiyi kimi 1869-cu ilə yox) 12 yaşı olarkən Bakı real gimnaziyasına daxil olmuşdur. 

 

(Ardı var)

 

Gülhüseyn KAZIMLI

525-ci qəzet.- 2015.- 27 oktyabr.- S.