Dost xatirəsi

 

Arif Əmrahoğlu ilə tanışlığım Azərbaycanın müstəqillik qazandığı ilk illərə təsadüf edir. Mən uzun illər Sovet ordusunda xidmət etmişəm.

 

SSRİ dağılan ərəfədə Azərbaycana qayıtdım və Lənkəran sərhəd dəstəsində fəaliyyətimi davam etdirməyə başladım. Bir müddətdən sonra məni Bakıya - yüksək vəzifəyə dəvət etdilər (Respublika Sərhəd Qoşunları komandanının müavini). Onu da qeyd edim ki, Bakıda tanışlarım az idi, baxmayaraq ki, mən orta məktəbi burada başa vurmuşdum. Orta məktəbi bitirdikdən sonra Ukraynanın Lvov şəhərində Ali Hərbi məktəbə daxil olmuşdum. Və həmin Hərbi ali məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra müəyyən vaxt Çin və Əfqanıstan sərhədlərində də xidmət etmişdim.

 

Bakıda işə başlayandan sonra ilk tanışlarımdan biri Arif Əmrahoğlu oldu. Artıq 1994-cü il idi. O zamanlar Arif müəllim ulu öndərimiz Heydər Əliyevin Milli Münasibətlər üzrə müşaviri Hidayət Orucovun rəhbərlik etdiyi şöbədə işləyirdi. Biz onunla tez-tez Azərbaycanın sərhədyanı rayonlarına ezamiyyətə getməli olurduq. O zaman Azərbaycanda qarışıq bir dövr idi, 70 illik Sovet rejimindən ölkəmizə ciddi problemlər qalmışdı, bəzi bölgələrdə etnik separatizim dalğaları vardı. Bu qüvvələr ölkədə xaos yaratmağa, milli münaqişələri alovlandırmağa çalışırdılar. Təbii ki, 1993-cü ildə - Azərbaycanın parçalanmasına böyük cəhdlər edildiyi bir dövrdə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev bu cür halların qarşısını almaq üçün qətiyyətli addımlar atdı. Bu istiqamətdə Sərhəd Qoşunlarının da müəyyən fəaliyyəti olurdu. Məhz bu məsələlərlə əlaqədar tez-tez sərhəd rayonlarına səfərlərə gedirdik. Çox zaman səfərlərə Arif müəllimlə birgə çıxırdıq. Atalar doğru deyib ki, dostunu səfərlərdə sına. Və beləliklə, bizim birgə səfərlərimiz sıx dostluğumuza sanki bir hökm verdi.

 

Bu yol yoldaşlıqları zamanı mən onun dünyagörüşü ilə, xarakter baxımından necə bir şəxsiyyətli insan olduğunu tam gördüm. Duydum ki, Arif müəllim Azərbaycanın tarixini, ədəbiyyatını, ölkədaxili problemləri və onların qarşısını almaq yollarını çox yaxşı bilir. Bundan əlavə, onun ölkədəki xaoslu ab-havaya özünəməxsus elmi yanaşmaları vardı. Biz, eyni zamanda, Sərhəd Qoşunlarının tədbirlərinə Arif müəllimi dəvət edirdik. O, alim, yazıçı kimi sərhədçilər qarşısında çox məntiqli mülahizələr söyləyir, əsgər və zabitlər onun çıxışlarını heyranlıqla qarşılayırdılar.

 

Məhz bu günlərdə biz bir-birimizi daha yaxından tanıdıq. Çünki vətən, millət haqqında fikirlərimiz bir-birini tamamlayırdı. O, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən bir ziyalı kimi çox narahat idi. Ölkənin bu bəladan qurtarması üçün əlindən gələn hər cür fədəkarlığa hazır idi. Ordumuzun yüksək döyüş qabiliyyətinə, mənəvi-psixoloji duruma malik olmasını çox istəyirdi. Bölgələrə səfərlərimiz zamanı etdyi çıxışlarında da bu ağrılı faktlara toxunur və səbəblərini əsgər və zabitlərə izah edirdi. Yaranmış münaqişədə Azərbaycanın haqlı mövqedə olduğunu, dədə-babalardan miras qalmış tarixi torpaqlarımızı müdafiə edir və bu münaqişədən xalqımızın qalib çıxacağını əminliklə deyirdi. Əsgər və zabitlərimizə təlqin edirdi ki, Ermənistan heç zaman Azərbaycana qalib gələ bilməz. Bunun üçün ermənilərin heç bir mənəvi haqqı yoxdur. 

 

Arif müəllim də böyük ziyalılıq xüsusiyyəti vardı. Bunları onun xarici görünüşündə, səlis və məntiqli danışığında hiss edib görməmək mümkün deyildi. O, tez-tez bir dost kimi mənə irad tuturdu ki, niyə elmi işlə məşğul olmuram, həyatda qazandığın təcrübəni niyə yaymırsan, ali məktəblərimizin birində nə üçün dərs demirəm. Beləliklə, mən onun məsləhətlərinə qulaq asaraq 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya mövzusu götürdüm və müvəffəqiyyətlə müdafiə etdim. Elmi işim üzərində işləyəndə Arif müəllim məndən dost köməyini heç bir zaman əsirgəmədi. Allah həyatım boyu mənim taleyimə gözəl insanlar, gözəl dostlar qismət edib. Həmişə onların mədəni rəftarından, davranışından ürəkdolusu razı qalardım. Onlardan biri də əziz dostum Arif Əmrahoğlu idi.

 

Arif müəllim olduqca mədəni, yüksək intellektual səviyyəyə malik, təvazökar bir insan, əsl alim, əsl ziyalı idi. Danışığında, müxtəlif tədbirlərdə söylədiyi nitqlərində hiss edirdim ki, zəngin mənəvi bazaya, elmi potensiala malik bir insandır. Tez-tez telekanallarda görünür, bu və ya başqa məsələ ilə bağlı tənqidçi alim kimi müsahibələr verirdi. Jurnalistlərin onunla təmasda olmasına can atdığını görür və buna sevinirdi. Amma Arif müəllim belə şeyləri sevən adam deyildi. Şöhrətpərəstlik, demək olar ki, onun təbiətinə yad idi. Yazıçılar Birliyində çalışarkən iş yerində görüşlərimiz olurdu. Onun gənc qələm sahiblərinə necə böyük qayğı və diqqətlə yanaşdığını, onlara faydalı məsləhətlər, düzgün istiqamət verdiyini görürdüm. Arif müəllim ətrafına, dostlarına, həmkarlarına qarşı olduqca ədalətli bir insan idi. Onda çox yüksək özünəməxsus dəyərlər vardı. O, həmişə gənc alimlərin elmi işlərinə kömək edərdi. Gənclərin həyatda öz yerlərini tutmaları, Azərbaycan elminə töhfələr verə bilmələri üçün bilik və bacarığını əsirgəməzdi.

 

Saf şəxsiyyət olan Arif müəllim elə-obaya, ruhən çox bağlı insan idi. Borçalıda anadan olmuşdu, orada böyümüşdü. Anası vaxtsız rəhmətə getmişdi, onun uşaqlığı çox çətin, anasız keçmişdi. Arif müəllim doğulub boya-başa çatdığı doğma obasını çox sevərdi, baxmayaraq ki, onun anası ilə bağlı o məkanda ürəkləri parçalayan, çox acı xatirələri vardı. Tez-tez də olmasa, ildə bir dəfə doğma ata-baba yurduna baş çəkirdi. Buna imkan tapanda sevinirdi. Hərdən görürdüm ki, Borçalı haqqında həsrətlə danışır, ürəyi o yerlərə çox bağlı idi.

 

Arif müəllim cəmiyyətimiz üçün işıqlı, intellektli bir ziyalı, böyük vətənpərvər, həm də gözəl bir ailə başçısı idi. Məhz bunun da nəticəsi olaraq hər iki övladına saf tərbiyə vermiş, düzgün istiqamətləndirmişdir. Onun qızları Günel və Ayselin cəmiyyətimizə gərəkli, savadlı övladlar olması göz qabağındadır. Həmişə ailəyə sıx bağlı olan Arif müəllim bir ata kimi onların qayğısına qalmağı özünün böyük, müqəddəs borcu hesab edirdi.

 

Onu da qeyd etmək yerinə düşərdi ki, Arif Əmrahoğlu mənalı ömründə ədəbi, elmi-nəzəri düşüncələri, fikirlərilə respublikamızın ictimai həyatında sayılıb-seçilən ziyalılardan olmuş və müxtəlif dövlət orqanlarında vəzifə səlahiyyətli bir şəxs kimi çalışmışdı. Nizami adına Ədəbiyyat Muzeyində elmi işlər üzrə direktor müavini, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Milli Siyasət Məsələləri üzrə Dövlət müşaviri xidməti ekspert qrupunun baş mütəxəssisi, Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifələrində işləmiş, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türk xalqları ədəbiyyatı kafedrasının baş müəllimi olmuşdu.

 

Həyat yolunda özünəməxsus səmimiliyi, dosta, yoldaşa sadiqliyi, sadəliyi, savadı, işgüzarlığı ilə hər kəsin hörmətini qazanmışdı Arif Əmrahoğlu. Bu cür keyfiyyətlərə malik olan insanı dostları, eləcə də onu tanıyan hər kəs daim yüksək qiymətləndirib, onun haqqında xoş sözlər söylənilib.

 

Arif müəllimin 60 illik yubileyində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ANAR demişdi:

 

"Kaş Arif sağ olaydı, haqqında deyilən bu sözləri özü eşidəydi. Bəzən biz lazım olan sözləri insanın sağlığında demirik, gözləyirik, o olmayanda deyirik. Arif doğrudanda ən yüksək sözlərə layiq olan bir insan idi. Arifi Kayseridə Azərbaycanla bağlı getdiyim konqresdə daha yaxından tanıdım. Onun səviyyəli davranışına, mərifətinə bir daha şahid oldum. Arif Prezident Aparatında çalışanda biz onu Yazıçılar Birliyinə işləmək üçün dəvət etdik. Məmnuniyyətlə razılıq verdi. Bəlkə də orada qalsaydı, onun karyerası ayrı cür ola bilərdi, daha yüksək vəzifəyə gedə bilərdi. Amma mənə elə gəlir ki, düz seçim elədi, çünki Arif ədəbiyyat adamı idi və Yazıçılar Birliyində onun ədəbiyyat adamı kimi özünü daha da parlaq şəkildə göstərməsi təbii bir haldı. Onun haqqında yazanda bir dəfə demişdim ki, o Yazıçılar Birliyinə müasir texniki vasitələr gətirdi. Amma həmin yazıda qeyd etmişdim ki, o bundan da vacib - yeni ruh, öz nəslinin ruhunu gətirdi. Gənclərlə dil tapa bildi, onları Yazıçılar Birliyinə cəlb edə bildi".

 

Xalq şairi Zəlimxan Yaqub:

 

"Arif Əmrahoğlu bütün ömrü boyu həmişə vicdanının səsinə qulaq asıb. Həmişə gözəl ziyalılardan, mənəviyyatdan, mədəniyyətdən yazıb. Nədən yazıbsa, gözəl yazıb. Ona görə də bütün ziyalılar onu çox sevirdilər..."

 

"525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid:

 

"Arif müəllimlə birgə işlədiyimiz on ildən artıq müddətdə onu ilk növbədə həssas insan kimi tanımışam. O, gənclərə, ədəbiyyat adamlarına qarşı öz xüsusi qayğısı ilə seçilirdi. Həmkar, iş yoldaşı, eləcə də dost kimi əvəzsiz idi".

 

Sonda onu da qeyd edim ki, ədəbiyyatşünaslıq tariximizdə incə, zərif naxışlar vurmuş istedadlı qələm sahibi kimi tanınan və öz dəsti xətti ilə sayılıb-seçilən şəxsiyyətlərdən idi Arif Əmrah oğlu Məmmədov. İncə duyğuları, yüksək mədəniyyəti, ziyalılığı, sədaqətliliyi, vətənpərvərliliyi ilə hər bir gəncə nümunə olmağı bacaran əziz dostum heç vaxt unudulmayacaq.

 

Əlbəttə, çox təəssüf edirəm ki, Arif Əmrahoğlu kimi aydan arı, sudan duru bir insan həyatdan tez getdi. Bir çox elmi araşdırmaları yarımçıq qaldı. Doktorluq işini tamamlamışdı, amma müdafiə etməyə imkanı olmadı. Amansız xəstəlik ona macal vermədi.

 

Mən əziz dostum Arif Əmrahoğlunun vaxtsız vəfatını Azərbaycan elmi, ədəbiyyatı, eləcə də ictimaiyyətimiz üçün böyük itki hesab edirəm.

 

Hər kəsin, xüsusən də dostlarının yaddaşlarında bir Arif kimi formalaşmış ÖZÜ ARİF olan, SÖZÜ ARİF olan ARİF ƏMRAHOĞLU daim yaşayacaq, bizim hər birimizin xoş günündə ruhu yanımızda olacaq, onunla bağlı xoş, ürəkləri göynədən xatirələrimiz anılacaq. Allah rəhmət eləsin ARİF müəllimə!

 

Ruhun şad olsun, əziz dostum!

 

Cəlil XƏLİLOV

525-ci qəzet.- 2015.- 28 oktyabr.-S .7.