Görkəmli ədib və ictimai xadim Əsgərağa
Goraninin ömür yoluna bir baxış
"QARANLIQDAN İŞIĞA" KİTABINDAN PARÇALAR
(Əvvəli ötən sayımızda)
Bakı real gimnaziyası Şamaxıda
üçsinifli qəza
məktəbi kimi təsis edilmiş,
1860-cı ildə dağıdıcı
zəlzələdən sonra
digər dövlət
idarələri kimi Bakıya köçürülmüşdür. 1867-ci ildə isə dördsinifli məktəb
real gimnaziyaya çevrilmişdir.
Gimnaziya
get-gedə inkişaf etmiş, uzun illər Bakı qəza məktəbinin inzibati binasında yerləşdiyinə görə
gimnaziya üçün
yeni tədris binası inşa etmək zərurəti yaranmışdır.
1891-ci ildə Bakı
Şəhər Duması
real gimnaziya üçün
tədris binasının
tikilməsi məqsədilə
keçmiş Nikolay
(indiki İstiqlaliyyət)
küçəsində torpaq
sahəsi ayırmış
və 1901-ci il
mayın 14-də məktəbin
yeni binası ucaldılmışdır. Qeyd edim
ki, 1874-cü ildə,
yəni Əsgərağa
təhsilini başa vurduğu zaman gimnaziya artıq real məktəb (real uçilişe)
statusunu almışdır.
Əsgərağanın Bakıda və Moskvada təhsil almasını ədəbi irsinin ən dolğun tədqiqatçısı Kövsər
xanım Tarıverdiyeva
Goraninin geniş maddi imkanları ilə bağlı olması ilə əlaqələndirir və
1977-ci ildə "İşıq"
nəşriyyatında çapdan
çıxan "Əsgərağa
Adıgözəlov Gorani"
adlı 38 səhifəlik
kitabında yazır:
"Gürcüstan SSR Mərkəzi
Dövlət Tarix Arxivində saxlanılan bir vəsiqədə Ə.Goraninin ictimai mənşəyi haqqında
belə bir məlumat verilir: "O, mülkədar ailəsindən
çıxmışdır. Onun Yelizavetpol və Cavanşir qəzalarında
çoxlu kəndi və torpağı, Yelizavetpolda evi, Hacıkənddə yaylağı
olmuşdur".
Mən arxiv sənədləri üzərində
işləyərkən Kövsər
xanımın adı çəkilən kitabının
"Teatr tariximizdən
bir səhifə"
(Əsgərağa Adıgözəlov
Gorani) adlı 221 səhifəlik monoqrafiya variantına rast gəldim. Monoqrafiyada ədibin mənalı həyatı, ictimai fəaliyyəti, Goraniyə
aid Bakı, Tiflis, Yerevan, Moskva,
Leninqrad şəhərlərinin
arxiv və kitabxanalarından toplanmış
sənədlər, onun
yaxın qohum və dostlarından alınmış xatirələr,
məktublar əsasında geniş elmi əsər yazmışdır.
3 fəsildən ibarət monoqrafiyada Kövsər xanımın qeyd etdiyi kimi ədibin
mənalı həyatı
haqqında məlumat verilir, Goraninin Azərbaycan xalq maarifinin inkişafı sahəsində göstərdiyi
xidmətlərə nəzər
salınır, jurnalistik
və bədii yaradıcılığı təhlil
olunur, "Qocalıqda
yorğalıq" dram əsəri
işıqlandırılır.
Quberniya mərkəzi olsa da Yelizavetpol (Gəncə) artıq böyük sənaye şəhəri olan Bakı ilə müqayisədə hər
cəhətdən geri
qalırdı. Real gimnaziyada
müxtəlif xalqların
nümayəndələri olan
müəllimlər dərs
deyir, ayrı-ayrı millətlərdən olan şagirdlər oxuyurdu.
Burada o dövrün dünyəvi
məktəb sisteminə
daxil olan bir çox fənnlər - riyaziyyat, cəbr, coğrafiya, iqtisadiyyat fənləri tədris edilirdi. Gimnaziya müəllimləri içərisində
artıq tanınmış
jurnalist və ictimai xadim olan
təbiətşünas alim,
gələcək "Əkinçi"
qəzetinin təsisçisi
və baş redaktoru Həsən bəy Zərdabi də var idi.
Burada uşaqlar pansion üsul idarəsi ilə yaşayır və oxuyurdular. Yəni bir yerdə yaşayır, eyni cür qidalanır, eyni şəraitdə təhsil alırdılar.
Yaxşı oxuyanlar fərqləndirilir,
tədris yükünü
çəkə bilməyənlər
isə gimnaziyadan xaric edilirdilər. Burada həm aşağı, həm də hazırlıq sinifləri
var idi. Bir faktı da ilk dəfə olaraq qeyd edirəm ki, Əsgər ağa 1874-cü ildə gimnaziyanın 7-ci sonuncu sinfini bitirəndə onun yaşca kiçik qardaşı Usub ağa Adıgözəlov
burada hazırlıq kursuna gedirdi (siyahının şəkili).
Əsgərağa Adıgözəlovdan 2 il sonra
bu gimnaziyaya gələcəyin böyük
nasiri və dramaturqu olan Nəcəf bəy Vəzirov da 1870-ci ildə daxil olur.
Nəcəf bəy Vəzirov
1854-cü ildə Şuşada
anadan olmuşdur. Atası müflisləşmiş
bəy idi. İlk təhsilini Şuşada rusca alır və ali təhsil
almağı fikirləşir.
1863-cü ildə Bakıya
gəlsə də realnıy gimnaziyaya 1870-ci ildə daxil ola bilir.
Real gimnaziyada Həsən
bəy Zərdabi və gələcək dostu Əsgərağa ilə tanış
olur. Gimnaziyada olan mühit, yeni-yeni fənlərin tədrisi, o dövrdə rus klassiklərinin maarifçilik ideyaları
ilə zəngin olan əsərləri ilə tanışlıq,
artıq neçə
illər qabaq Rusiyada təhsil alaraq vətənə qayıdan, uzun illər Qafqazın mərkəzi sayılan Tiflisdə o dövrün ən mütərəqqi adamları ilə, o cümlədən, Mirzə
Fətəli Axundovla dostluq edən Həsən bəy Zərdabinin də öz sevimli tələbələri üzərində
böyük təsiri olmuşdur.
Dramaturgiyaya maraq göstərən Nəcəf bəy Vəzirov, Əsgərağa
Gorani, müəllimləri
Həsən bəy Zərdabinin məsləhəti
ilə o dövr Azərbaycan həyatı üçün çox önəmli bir işə başlayırlar. Onlar gimnaziyanın bir neçə şagirdi ilə birlikdə Həsən bəyin məsləhəti ilə
Mirzə Fətəli
Axundovun "Lənkəran
xanının vəziri"
(10 mart 1873-cü il), ardınca isə "Hacı Qara" (17 aprel 1873-cü il) dramlarını oynamaq məqsədi ilə hazırlayaraq tamaşaya qoydular.
Nəcəf bəy Vəzirov
1913-cü ildə çapdan
çıxmış "40 il" adlı xatirələrində yazır
ki: "Bu əsəri
(Hacı Qaranı) biz
dərsdən kənar
vaxtlarımızda gimnaziyanın
yeməkxanasında hazırlayırdıq. Hacı Qara
rolunu sabiq Gəncə şəhər
qlavası (bələdiyyə
rəisi) mərhum Əsgər bəy Adıgözəlov Gorani oynayırdı. Mən
isə özümə
arvad rolunu götürmüşdüm, tamaşa
günü cox adam var
idi". Sonra Nəcəf bəy
qeyd edir ki, paltarı və digər rekvizitləri çətinliklə
ordan-burdan tapırdıq.
Qeyd etmək lazımdır ki, bu hadisə
haqlı olaraq uzun illər sonra Azərbaycan xalqının tarixində
böyük bir eranın başlanğıcı,
yəni dramaturgiya tariximizin, teart tariximizin yaranmasının
əsası
kimi qəbul edilmişdir.
Heydər
Əliyev bu tarixi hadisəyə qiymət verərkən demişdir: "Azərbaycan
teatrının beşiyi
başında dahi mütəfəkkir, materialist filosof,
Azərbaycan dramaturgiyasının
atası Mirzə Fətəli Axundov dayanmışdı. Mirzə Fətəli
Axundovun dünyagörüşü
və yaradıcılığı
mütərəqqi rus
ədəbiyyatının bilavasitə
təsiri altında təşəkkül tapmışdı.
Mirzə Fətəli
Axundov dekabristlərdən
A.Bestujev-Marlinskinin, A.Odoyevskinin
dostu idi, rus poeziyasına dərindən bələd
idi. Onun "Puşkinin ölümünə"
poemasında rus mədəniyyətinə hədsiz
məhəbbət və
hörmət öz ifadəsini tapmışdı.
Əlamətdar haldır ki,
Mirzə Fətəli
Axundovun ölməz komediyaları ilk dəfə
müəllifin öz
tərcüməsi ilə
Peterburqda və Tiflisdə rus səhnəsində tamaşaya
qoyulmuşdu.
Müəllifin ana dilində ilk tamaşası yalnız 20 il sonra 1873-cü ilin martında Bakıda göstərildi. Əsəri maarifçi-demokrat Həsən bəy Zərdabi öz şagirdlərindən Nəcəf bəy Vəzirovun və Əsgər Adıgözəlovun yaxından iştirakı ilə tamaşaya qoyulmuşdu".
Uzun illər keçdikdən sonra Petrovski-Razumovski akademiyasını bitirib vətənə dönən, qəlbləri azadlıq ideyaları ilə alışıb-yanan Nəcəf bəy Vəzirov və Əsgərağa Gorani sonralar dram əsərləri yazmaqla məşğul olurlar. Əsgərağa Goraninin "Qocalıqda yorğalıq" dramı Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da dəfələrlə teatrların repertuarlarına daxil edilir. Akademik Feyzulla Qasımzadə "XIX əsr Azərbaycan ədəbiyyatı" kitabında Azərbaycan teatr sənətinin inkişafına aid məqaləsində yazır: "Köhnə həyatın nöqsanlarını açan Haşım bəy Vəzirovun "Evlənmək bir içim su deyil", Əsgərağa Adıgözəlov - Goraninin qadın hüquqsuzluğu, mövhumat və cadugərlik əleyhinə yazılan "Qocalıqda yorğalıq" (1892) əsəri, Süleyman Sani Axundovun pul düşgünlərinin gülünc həyatını ifşa edən "Tamahkar" komediyası, XIX əsrin 90-cı illərində inkişaf dövrünü keçirən Azərbaycan dramaturgiyasının məhsullarındandır. Həmin fəsli yekunlaşdırarkən Feyzulla Qasımzadə qeyd edirdi: "Beləliklə, keçən əsrin 70-90-cı illərində Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Vasaq Mədətov, Əsgərağa Adıgözəlov Gorani, Eynəli Sultanov, Soltan Məcid Qənizadə, Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Süleyman Sani Axundov və başqalarının simasında Axundov ənənələrini davam və inkişaf etdirən gənc dramaturqlar nəsli yetişdi. Cəhalət və nadanlıq, dini fanatizm, mövhumat, cadugərlik, məhərrəmlik təziyadarlığı, qadın hüquqsuzluğu, çoxarvadlılıq, əxlaq və məişət pozğunluğu, sələmçilik, xəyanət və satqınlıq, çar divanxalarındakı qanunsuzluqlar, rüşvətxorluq, feodal zorakırlığı, şərq despotizmi və s. ictimai eyib və bəlalar əheyhinə mübarizə bu dövr dramaturqlarının əsas mövzuları idi".
(Ardı var)
Gülhüseyn KAZIMLI
525-ci qəzet.- 2015.- 28 oktyabr.- S.6.