50 il sonrakı məktub, unudulmuş dahi, sonuncu teleqram  

 

 

Zaman - 1969-cu ilin oktyabrı.

 

Məkan - Moskva, Qorki küçəsi.

 

...Sovet paytaxtının ən böyük küçələrinin birindəki mənzilin zəngi çalınır. Qapıya yaşlı qadın çıxır. Poçtalyon əlindəki zərfi ona uzadır: "Sifarişli məktubdur, Bakıdan, zəhmət olmasa bura qol çəkin". Qol çəkir. Qapını bağlayıb, zərfi açır:

 

"Çox hörmətli yoldaş Razumovskaya S.V. Azərbaycan SSR Mərkəzi Komitəsi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti, Azərbaycan SSR Nazirlər Soveti Sizi, Azərbaycan Dövlət Universitetinin yaradılmasının 50 illiyinə həsr edilmiş hökumət qəbuluna dəvət edir. Qəbul 2 noyabr 1969-cu il saat 19-da "Drujba" restoranında keçiriləcək..."

 

50 il? Doğrudanmı 50 il keçdi? Yoldaş S. V., daha dəqiqi, 68 yaşlı Sofiya Vasilyevna bir anlıq o günləri xatırladı.

 

1919-cu il noyabrın 15-ni. Gənc qız idi. Ailəsi ilə Tiflisdən təzə köçmüşdülər Bakıya. Və vur-tut bircə il yaşamışdılar. Sonra... Sonrası lap pis gəlmişdi. Qəfil bir əmrlə onları, atası və anasını, qardaşlarını sınıq-salxaq bir gəmiyə oturdub, Bakıdan çıxarmışdılar. İllər ötəcək, gənc Sofiya atası Vasili İvanoviçin xatirələrini oxuyanda çox kövrələcəkdi: "Mən bir gəminin göyərtə sərnişini olaraq, çətinliklə Bakıdan çıxdım; mövcud şəraitə görə Rusiyada yaşamalı oldum, ürəyimin bir hissəsi isə orada, Bakıda qaldı".

 

İndi onu, bu sətirlərin müəllifinin qızını Bakıya çağırırdılar. Sofiya Vasilyevnanı axtarıb tapmaq, onu universitetin yubileyində iştirakını təmin etmək tapşırığını isə şəxsən Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Heydər Əliyev vermişdi. Sovetin qılıncının qəbzəsinin də kəsdiyi bir dövrdə 1-ci katibin Cümhuriyyət dövrünün yadigarını yada salması, etiraf edək, böyük iradə tələbə edirdi. Sonradan, Bakıdan qayıtdıqdan sonra Sofiya Vasilyevna oğlu Dmitriyə belə deyəcəkdi: "Orada, Bakıda bizi unutmayıblarmış, oğlum..."

 

Zaman, 1919-cu ilin fevralı,

 

Məkan, Tiflis.

 

40 yaşlı Həmid bəy Şaxtaxtinski Zaqafqaziya universitetinin qəbul otağında rektoru gözləyirdi. Bakıdan Tiflisə xüsusi tapşırıqla gəlmiş Həmid bəyi günün sonunda qəbul edirlər. O, çox danışmır, aldığı tapşırığı rektora çatdırır: "Biz rəhbəri olduğunuz universitetin Bakıya köçürülməsini təklif edirik. Hökumətimiz tədris binalarını, maddi təminat məsələsini öz boynuna götürür. Amma bir məqamı nəzərə alın, bu universitet köçməsə belə, Bakıda universitet yaradılacaq. Sizə fikirləşmək üçün mayın 1-ə qədər vaxt verilir".

 

Zaman - 1919-cu il, mayın 15-i.

 

Məkan - Bakı.

 

Məktubu ona elə Maarif Nazirliyinin binasında təqdim edirlər. Gürcüstandan bir qrup tələbənin yazdığı məktubu:

 

"Biz Zaqafqaziya Universitetinin Tibb fakültəsinin 3-cü kurs tələbələri, universitetimizdə rəhbər olduğunuz zamanda bizə sərgilədiyiniz əməyə və məhəbbətə görə sizə dərin minnətdarlığımızı bildiririk, əziz Vasili İvanoviç Razumovski".

 

Bu məktubdan çox kövrəlmişdi həkim-cərrah-rektor, daha sonradan kurortoloq olacaq bu rus ziyalısı. Tələbələri onu unutmamışdılar. İllər sonra o, xatirələrində yazacaqdı: "Gürcüstan Xalq maarifi naziri Ramişvili bizi Tiflisdə qalmağımız üçün razı salmaq istədi, ancaq bununla belə o, bəyan etdi ki, biz ancaq müvəqqəti - gürcülər öz xadimlərini tapana kimi - lazımıq. Belə açıq etiraf bir daha məni inandırdı ki, mən Bakıda yeni universiteti təşkil etməklə düzgün hərəkət edirəm, çünki orada həm universitet, həm də professor heyəti qismən möhkəm vəziyyətə ümid edə bilərdi. Hər şeydən çox, tələbə gəncliyin taleyindən narahat idim. Tələbələr arasında həkimlər çoxluq təşkil edirdi. Bu isə Bakıda bir yox, bir neçə kurslu Tibb fakültəsini açmağı vəzifə kimi qarşıya qoyurdu. Bakıya getməyimlə əlaqədar tələbələrin təşkil etdiyi vida mərasimi, banket və çiçəklər məni əmin etdi ki, mənim əməllərim tələbələrin maraqları ilə üst-üstə düşmüşdür".

 

Hə, o, indi yenə eyni bir missiya ilə Bakıya göndərilmişdi. Və bu şəhərdə, Tiflisdən fərqli, ona hər cür şərait yaradılmışdı.

 

lll

 

Biz onun Bakıdakı missiyasına qayıdacağıq. Amma indilikdə bir məqamı xüsusi vurğulayaq. Rusiyanın ucqarında, Samara quberniyasının Buzuluk adlı xutorunda, kənd keşişinin ailəsində anadan olan Vasili hələ 16 yaşındaykən gimnaziyanı qızıl medalla bitirəndə müəllimləri əmin idilər; bu uşaq çox böyük işlər görəcək, çox böyük adam olacaq! Əvvəl çar Rusiyasının, sonradan Sovetlər İttifaqının ən məşhur həkimlərindən olacaq Vasili İvanoviç Razumovskiyə nə az, nə çox - düz 3 universitetinin, Saratov, Tiflis və Bakı Dövlət universitetlərinin əsasını qoymaq, onun ilk rektoru olmaq da nəsib olacaqdı. ADR hökuməti süqut edəndən sonra  yenidən Saratova qayıdan Razumovskini orada isti qarşılamayacaqdılar, əsasını qoyduğu universitetdə düz on il müəllim işləyən Vasili İvanoviç köhnə vaxtlarda, çar dövründə olduğu kimi Qafqaza sürgün ediləcəkdi. Və 5 ildən sonra Yesuntukidə vəfat edəcəkdi...

 

lll 

 

Amma bunlar lap sonralar olacaqdı. Hələ ki rəhbəri olduğu universitetin ilk rektorunun taleyi ilə bağlı millət vəkili, akademik Abel Məhərrəmovla söhbətləşirik. Mən ona Yesentukidəki Tarix Diyarşünaslıq Muzeyində Razumovskiylə bağlı çoxlu arxiv sənədlərinin olduğu barədə danışıram. Rektor heç bir tərəddüd etmədən bir jurnalist araşdırmasının aparılması barədə təşəbbüs qaldırır: "Bu, universitetimizin tarixidir, bu tarixə sahib çıxmalıyıq" - deyir. Muzeyə gedib arxiv materiallarının araşdırılmasının vacibliyini bildirir: "Bu işə hər cür dəstək verəcəyik, təki ortaya maraqlı materiallar çıxsın. Çünki bu həm BDU-nun, həm də Azərbaycanın tarixidir".

 

Bir qədər irəli gedib deyim ki, sonradan Yesentukidəki muzeydə, Razumovskiylə bağlı arxivdə işləyəndə, arxivin mühafizəçisi Antonla birgə neçə-neçə sənəd və fotoları üzə çıxaranda, sadəcə, bir məqama görə təəccübümü gizlədə bilmirdim: Bu qədər işi görməyə, bu adam necə nail olub? Belə ziddiyyətli, ziddiyyətli olduğu qədər də həddən artıq maraqlı bir tale yaşamış bu nəhənglikdə ADAM hər xatirəsində nədən Bakını xatırlayırdı? Axı bundan əvvəl iki universitet yaratmışdı, Saratovdakı isə ümumiyyətlə onun ilkiydi? Bəs nədən?

 

Nə idi axı onu bu şəhərə bağlayan? Axı vur-tut bir il yaşamışdı o Bakıda. Və bir daha bu şəhərə qayıtmamışdı! Amma sonradan, heç bir tərəddüd etmədən xatirələrində Bakı və universitet haqda elə beləcə də yazacaqdı: " Ex oriente lux..." ("Şərqdən gələn işıq"). Lap sonradan, ömrünün sonuna yaxın yenə yazacaqdı: "Vivat, floreat, crescat Universitas Bacuensis!..." ("Yaşa, çiçəklən, böyü, Bakı universiteti").

 

Bunlar hələ sonralar, lap sonralar olacaqdı. Hələ 1919-cu ilin iyul ayıdır. ADR hökumətinin başçısı Nəsib bəy Yusifbəylinin kabinetində qızğın iclas gedir. Hökumət universitetin yaradılmasına 3 milyon 500 min pul ayırmaqda israrlıdır. Bu vaxt maarif naziri Kaplanov ayağa qalxır. Və... Və məbləğin daha 5 milyon artırılmasını tələb edir. 5 milyon? O dövrdə, onsuz da saysız-hesabsız problemləri olan ölkədə bu qədər pulu...

 

...Kabinet üzvlərinin baxışları eyni anda Razumovskiyə zillənir...

 

Zaman - 2015-ci il, 25 sentyabr.

 

Məkan - Rusiya Federasiyası, Yesentuki şəhəri. Arxiv binası.

 

Anton sanki qışqırır:

 

- Gör nə tapdım?!

 

...Antonun əlində bir neçə metal alət vardı. Ucluqları azca korşansa da, yaxşı qalmışdı bu cərrah ləvazimatları.

 

- Necə olub ki, bu vaxtacan burdadı?! Çantanın içindən çıxdı. Hələ bu kepkaya bax…

 

Onun belə rahatlıqla çanta, kepka dedikləri 70 ildən çoxdur ki, ordan-ora, burdan-bura daşınmış, amma hələ də qorunub saxlanılmışdı. Vasili İvanoviç 1935-ci ildə Yesentukidə dünyasını dəyişəndən sonra onun yaşadığı ev də müsadirə edilmişdi. Ev şəhər təsərrüfatının hansısa idarəsinin balansına verilmişdi. Ta 93-cü ilə qədər. 1993-də isə... Yox, ev muzeyi-filandan söhbət gedə bilməzdi. Ev, tarixi bina olmasına baxmayaraq, bir iş adamına satılmışdı.

 

Həm Anton, həm də muzeyin direktoru Alla Vladislavovna isə bir məqamı ürək ağrısı ilə etiraf etdilər: "Nə yaxşı ki, gəldiz, sanki unudulmuşdu bu nəhənglikdə adam. Nə qəbirüstü abidəsi var, nə xatirə lövhəsi, nə də hansısa barelyefi".

 

Yeri gəlmişkən, Bakıya qayıtdıqdan sonra BDU-nun rektoru Abel müəllimə bu barədə deyəndə anındaca reaksiya verdi. Rektor təşəbbüs qaldırdı ki, Razumovskinin barelyefinin və xatirə lövhəsinin qoyulmasına böyük zərurət var. Hətta qərara alındı ki, bu məsələ yaxın vaxtlarda, noyabrın 15-dək həllini tapsın. Çünki məhz noyabrın 15-də BDU-da ilk mühazirə oxunub, necə deyərlər, ilk dərs günü başlayıb.

 

Zaman - 1919-cu ilin iyulu.

 

Məkan - Bakı.

 

Nəsib bəy Yusifbəylinin kabinetində "universitet davası" gedir. Rəşid bəy Kaplanovun universitetin büdcəsinin daha 5 milyon artırılması təklifi azca tərəddüdlərlə dəstəklənir.

 

Uzun müzakirələrdən sonra, nəhayət, universitetin yaradılması ilə bağlı hökumət komissiyasının tərkibi təsdiqlənir. Komissiyanın tərkibinə professor Razumovski (sədr), prof. A.M.Levin, prof. N.A.Dubrovski, İ.A.Babuşkin (katib) ilə yanaşı Xalq Maarif Nazirliyində V.İrzayev, M.A.Şahtaxtinski, şəhər ozünüidarəsindən şəhər idarəsinin üzvü Əlicabbar Orucəliyev, "Neft sənayeçiləri qurultayı" şurasından A.N.Sarapov, M.Sultanov daxil edildi. Bundan başqa, Bakı müalicəxanalarının üç baş həkimi - kimyaçı L.Q.Qurviç, zooloq A.N.Derjavin, əczaçılıq magistri İ.K.Qolberq də universitet komissiyasının fəaliyyətinə cəlb olunurlar.

 

Razumovski öz xatirələrində yazırdı:

 

"Komissiyaya belə mühüm məsuliyyətli iş üçün katib tapmaq vacib idi. Bu mənada bizim komissiya çox xoşbəxt idi: Bakıda, Torpaqşünaslıq Nazirliyində savadlı hüquqşünas (nə vaxtsa Kazan Universitetində çalışmış) İ.A.Babuşkin işləyirdi. Bəzi tərəddüdlərdən sonra o, əvvəlki iş yerindən çıxıb katib vəzifəsini öz üzərinə götürdü. Komissiyaya parlamentin binasında (Nikolayevsk küçəsində) 2 otaq ayrılmışdı və kiçik dəftərxana (2 kargüzarla birlikdə) verilmişdi, birinci iclas Xalq Maarifi Nazirliyini müvəqqəti idarə edən İsa bəy Hacinskinin sədrliyi ilə baş tutdu: komissiya bu işləri həyata keçirməli idi:

 

- nazirlikdən parlamentə təqdim olunmaq üçün universitetin layihə, smeta və nizamnaməsini tez və tələsik işləyib hazırlamaq;

 

- universitet üçün ayrılmış binaları payıza qədər uyğunlaşdırmaq və avadanlıqla təchiz etmək;

 

- artıq payızda universiteti açmaq üçün bütün bunları: mebelləri, aparatları, laboratoriya ləvazimatlarını, kitabları sifariş etmək".

 

Amma siz komissiya deyib durmayın. Komissiyaya həddən artıq geniş hüquqlar verilmişdi. Təsəvvür edin,  komissiya üzvləri günün istənilən vaxtı, bu və ya digər problemlə bağlı baş nazir Nəsib bəydən tutmuş hökumətin bütün yüksək vəzifə sahibinə birbaşa müraciət etmək səlahiyyətinə sahib idilər.

 

1919-cu il avqustun 21-də parlament universitetin təsis edilməsi haqqında qanun layihəsini təsdiq etdi. Sentyabrın 1-də isə "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun" layihəsi qəbul olundu.

 

Universitetin açılması haqqında qanunda onun dörd fakültədən: tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu göstərilirdi. Universitetdə 4 fakültə açılması qərarlaşdırılsa da, 1919-1920 tədris ilində ancaq tibb və tarix-filologiya fakültəsini açmaq mümkün oldu. Xüsusi qeyd olunmuşdu ki, Azərbaycan (türk) dili bütün fakültələrdə icbari fənn kimi tədris olunmalıdır. Bir maraqlı məqam da, universitetə həm kişilər, həm də qadınlar bərabərhüquqla qəbul olunurdular.

 

Universitetin təşkilat komissiyası V.İ.Razumovskini universitetin rektoru seçdi. Görkəmli tarixçi, publisist N.A.Dubrovskini tarix-filologiya fakültəsinin, prof.İ.İ.Şirokoqorovu tibb fakültəsinin dekanı təyin edildi. Qərara alındı ki, 1919-cu il noyabrın 15-də universitetdə birinci dərs günü elan olunsun.

 

1919-cu il noyabr ayının əvvəllərində universitetə tələbə qəbulu başa çatdı. Noyabr ayının 10-da universitetin 1-ci iclası keçirildi və burada 44 nəfərdən ibarət professor-müəllim heyətinin tərkibi elan edildi. Onlardan 12-si professor, 5 dosent, 27-si isə assistent idi. İlk tədris ilində tibb fakültəsinin müəllimləri arasında bir nəfər də azərbaycanlı yox idi. Sonrakı illərdə isə Avropa və Rusiyanın müxtəlif şəhərlərində tibbi təhsil alaraq Bakıya qayıtmış milli kadrlar işə qəbul edildilər.

 

Hə, ən başlıcası, universitetin ilk pedoqoji heyətinin əksəriyyətini Razumovski Rusiyanın bu və ya digər universitetlərindən yığıb Bakıya gətirmişdi. Aşağıda adları çəkiləcək bu müəllimlərin hamısının maddi təminatına Azərbaycan hökuməti zamin durmuşdu. Bakının ən gözəl binalarında ev, yüksək maaş. Bircə şərtlə, təki universiteti qurun, təki bu millət üçün həkim, müəllim yetişdirin, təki...təki...

 

lll

 

İndi sizə universitetin Tibb fakültəsinin yaradıcılarının siyahısını təqdim edirik. Düzdür, yerli millətdən bir kimsə yoxdur, amma çox keçməyəcək bu sıraya Mirqasımov, Talışınski, Əfəndizadə və başqaları da əlavə olunacadı...

 

Beləliklə, fakültənin Anatomiya kafedrasının müdiri - V.İ. Razumovski

 

Müəllim - D.B. Urusov

 

Assistent - Y.M. Zamuxovskiy

 

Preparator - A.A. Juravskaya

 

Zoologiya kafedrası:

 

Müəllim  - A.N. Derjavin

 

Laborant - Q.Q. Çaxmaxçyan

 

Histologiya kafedrası:

 

Kafedra müdiri - M.S. Milman

 

Müəllim - E.Benkendorf

 

Fizika kafedrası:

 

Müəllim - L.Q. Poqrebnoy

 

Laborant - Z.E. Lobanova

 

Pataloji anatomiya kafedrasının müdiri - İ.İ. Şirokoqorov

 

Dosent - L.Q. Qurviç

 

Müəllim  - V.F. Qerr

 

Assistentlər - P.Z. Şveyüer, Q.Ş. Leytman

 

Ümumi cərrahiyə kafedrasının müdiri - A.A. Oşman

 

Müəllim  - B.İ. Blişenko

 

Operativ cərrahiyə kafedrasının müdiri - V.İ. Razumovskiy

 

Müəllimlər  - O.A. Vartanov,  Q.T. Lindtrop

 

Diaqnostika kafedrasının müdiri - A.M. Levin

 

Müəllimlər - A.İ. Çexovskaya-Prokofeva, V.A. Tarnoqradskiy

 

Ümumi patologiya kafedrasını yaratmaq üçün  N.Q. Uşinski dəvət edilsə də, o gəlib çıxmamışdı.

 

Tibb universitetinin tələbə heyətində isə türklər üstünlük təşkil edirdilər - 141 nəfər.

 

Erməni tələbələrin sayı 100, ruslar 69, yəhudilər 138, gürcülər 7, polyak və almanların sayı isə 14 idi.

 

Göründüyü kimi Bakı Dövlət Universitetinin Tibb fakültəsində açılmış ilk kafedralardan bir neçəsi cərrahi yönümlü olub. Cərrahlıq əsasən, fakültə və hospital cərrahlığı klinikalarda tədris olunurdu. Bu klinikalara görkəmli alim-cərrahlar rəhbərlik edirdilər. Bunlardan biri B.K.Finkelşteyn olub. B.K.Finkelşteynin rəhbərlik etdiyi klinikada çoxlu elmi-tədqiqat işləri də aparılıb.

 

Tibbi fakültəsindən fərqli tarix-filologiya fakültəsində dərs deyənlər arasında azərbaycanlılar vardı. Bu sıraya M.A.Şaxtaxtinski, Mirzə Rəhim Mirzəyev, Məmməd Əmin Rəsulzadə, Rəşid bəy Kaplanov, M. Məmmədxanovu aid etmək olar.

 

Bu hələ başlanğıc idi. Hələ qarşıda görüləsi çox vardı.

 

Razumovskinin xatirələrindən:

 

"Tədris ilinin elə birinci ilində, yazqabağı Qafqazda məşhur elm xadimi olmuş, indi isə Bakı Universitetinin professoru L.Q.Lopatinskinin redaktorluğu ilə, siyasi dəyişikliklərin nəticəsində işıq üzü görməsi bir qədər ləngimiş "Bakı Universitetinin Xəbərləri"nin 1-ci buraxılışı tərtib olunmağa başladı. Mən həmçinin öz "O xirurqiçeskoy pomoşi na Kavkaze" adlı işimi 1-ci buraxılışda yerləşdirməyi özümə vacib bildim.

 

Bakı Universitetinin professorları arasında Zaqafqaziya Universitetinin professorlarından başqa, Petroqraddan, Xarkovdan, Kazandan və başqa yerlərdən gəlmiş bir sıra yeni şəxslər göründülər və hər iki Bakı fakültəsi elə birinci il sistemli tədrisi həyata keçirdi, hal-hazırda isə (1922) digər universitetlərdəki sözügedən fakültələrdən heç də aşağı səviyyədə deyil".

 

...Razumovskinin xatirələrində bir maraqlı məqam da yer alır. Söhbət həmin ərəfədə Tiflis Universitetinin məhz İrəvana köçürülməsi ilə bağlı ermənilərin canfəşanlıq etməsindən gedir. Hələ Tiflisdəykən bir neçə erməni burjua millətçisi Razumovskiylə görüşüb və israrla universitetin Bakıda deyil, məhz İrəvanda təşkili barədə danışıq aparırlar. Amma professor bu təklifi rədd edir. Və rədd təklifini də belə əsaslandırır ki, hazırda İrəvanda universitet təşkil etmək üçün ibtidai şərait belə yoxdur. Bu hələ harasıdır, Tiflisdə onunla birgə çalışan professor-müəllim heyəti də İrəvana getməyə razı olmur.

 

Razumovskinin xatirələrindən:

 

"Aclığın hökm sürdüyü İrəvanda universitetin yaranması üçün əlverişli şərait yox idi. Orada fakültə təşkil etmək xüsusilə çətin idi, çünki bunun üçün yaxşı kliniki müəssisə tələb olunurdu. Mən bu mülahizələrimi Ermənistanda universitetin açılması üçün xüsusilə çalışan erməni xadimlərindən birinə, başqaları ilə müqayisədə qismən ciddi olan D.X.Zavriyevə bildirdim. Ona dedim ki, Ermənistan haqqında rəylərini soruşduğum tibb fakültəsinin professorları qəti şəkildə İrəvana getməyəcəklərini bəyan ediblər".

 

Razumovskinin yazdığına görə, ümumiyyətlə, müəllimlərin əhval-ruhiyyəsi Bakıya köçməyə köklənmişdi. Xüsusən tarixçi və filoloqlardan ibarət qrup Tiflisdə qalmağın mənasız olduğunu görürdü. O tarixçilər ki, tibb fakültəsiylə bərabər universitetin ikinci fakültəsinin əsasını qoymuşdular.

 

Bəs kim idi onlar?

 

İndi sizlərə tarix -filologiya fakültəsində dərs deyəcək bəzi şəxslərin əldə etdiyimiz siyahısını təqdim edirik:

 

Haqverdiyev - Türk dili

 

Aşmarin -  Türkologiya kafedrasının müdiri

 

Baybakov - Qədim Şərq, qədim Roma və Bizans tarixi

 

Berqer - Yunan tarixi

 

Qulyayev - Məntiq

 

Denfer - Alman dili

 

Dovnar - Zapolski - Rusiya tarixi

 

Juze - İslam tarixi

 

İşkov -  Orta əsrlər tarixi

 

Komarovski - Ümumi pedaqogika

 

Makovelski - Psixologiya

 

Mindlin - Tarixi materializm

 

İbrahim Əsədoğlu - ərəb dili

 

Fridolin - Yeni tarix

 

Özü cərrah olsa da, Razumovski tarix-filologiya fakültəsinin də təşkilinə böyük önəm verirdi. Heç bir dərsliyin, ləvazimatın olmadığı dövrdə Vasili İvanoviç inandığı şəxslərdən olan professor İşkovu dərslik təşkili üçün Tiflisə göndərir. İşkov Tiflis Universitetinin kitabxanasından götürdüyü yüzlərlə dərsliklə qayıdır. Sonradan Razumovski yazacaqdı:

 

"Dubrovski (Bakıda) və İşkov (Tiflisdə) tarixi-filoloji fakültə üçün çalışırdılar; onların səyi nəticəsində kitabların olduqca böyük kolleksiyası yarandı, bəzi şəxsi kitabxanalar alındı. Biz, mən və Levin neçə dəfə neft sənayesi başçılarının və həqiqi sahibkarlarının yanına getdik. Yay boyu çox çalışdıq. Kitablar kimi, müxtəlif laboratoriya və tibb ləvazimatları əldə etdik".

 

Zaman -1919-cu ilin sentyabrı

 

Məkan - Bakı.

 

Uzun zəhmətdən, Azərbaycan parlamentindəki müzakirələrdən sonra universitetin ilk dərs günü müəyyənləşməliydi. Tələbələrin tam yerləşməsi başa çatmışdı. Müəllim və professor heyətinin dərs saatları dəqiqləşdirilmişdi. Universitetin vuran ürəyi olan Tibb fakültəsi üçün o dövrün ən müasirlərindən sayılacaq laboratoriyalar belə hazır idi. Qalırdı bircə...

 

Hə, ilk dərs! İlk dərs günü noyabrın 15-nə təyin olunur. Həmin gün şənbə günüymüş. İlk dərsin niyə məhz şənbə gününə salınmasını Razumovski müəyyənləşdiribmiş. Amma səbəbini ən yaxın dostu Dubrovskiyə belə deməyibmiş. Sadəcə, bircə bunu deyibmiş, birgə nahar edəndə: "Hər ikimiz eyni vaxtda mühazirə oxuyacağıq. Mən tibb fakültəsində, sən tarix-filologiyada". Dubrovski heç nə deməmişdi həmin vaxt. Sonradan isə Razumovski yazacaqdı. Yox, müəmmalı şənbə gününə aydınlıq gətirməyəcəkdi, o tarixi 15 noyabr günüylə bağlı yazacaqdı: "Biz hamımız giriş mühazirələrini oxumağı qərara aldıq. N.A.Dubrovski birinci olaraq ümumi tarix üzrə maraqlı mühazirə oxudu. Yeni, geniş auditoriya ağzına qədər camaatla dolmuşdu; tələbələrdən başqa, universitet tərəfdarı olan ziyalıların əksəriyyəti, parlamentin üzvləri, Hökumət Şurasından şəxslər və b. Bu mühazirə ilə bərabər, növbəti mühazirələrdə də çoxsaylı camaat gərgin, diqqətlə mühazirəçilərə qulaq asırdı. İlk və sonrakı mühazirələr bir daha Bakı cəmiyyətinə göstərdi ki, o (Bakı cəmiyyəti) bununla universitetdə hansı yüksək mədəni sərvəti əxz edir".

 

Və...

 

Və ilk mühazirələrdən sonra isə hər iki fakültədə sistemli məşğələlər başlandı.

 

Tibb fakültəsinin 1-ci kursunda 250 nəfər - qəbul olmaq istəyən 500 nəfərdən çox olub-  təhsil alırdı.

 

Tarixi-filoloji fakültə öz qapılarını tələbə-gənclərə daha geniş açmışdı: 600 nəfərdən çox tələbə qəbul edilmişdi; tezliklə həmçinin seminariyanın praktik məşğələləri başlandı və s. Bir neçə elmi tələbə dərnəyi də açıldı.

 

Razumovski yazırdı ki, bəzi müvəqqəti müəllimlərdən başqa, tibb fakültəsinin tərkibinə yerli alimlərdən  elmi stajı və çoxsaylı elmi əsərləri olan professor Milman və professor Finkelşteyn, həmçinin kimyaçı Qurviç və farmasiya magistri Qolberq daxil oldular. Filoloqlar öz elmi mühitlərinə yerli qüvvələrdən Şaxtaxtinskini və bir neçə mühazirəçini cəlb etdilər.

 

Tezliklə Bakı Universitetinin professorları arasında Peterburqdan, Xarkovdan, Kazandan və başqa yerlərdən gəlmiş bir sıra yeni şəxslər göründü. Bakı universiteti qısa zamanda məşhurlaşmağa başladı...

 

Zaman - 1920-ci ilin may ayı.

 

Məkan - Bakı.

 

Artıq Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdu. Yeni dərs ili ərəfəsində nə Razumovski, nə də universitetin əksər professor-müəllim heyəti üçün işləmək mümkün deyildi. Sanki hansısa səmum yelinin yaxınlaşdığını hiss edirdilər onlar. Razumovski may ayının sonlarında köhnə bir gəmidə Bakını tərk edir. "Ürəyimin bir hissəsi isə orada, Bakıda qaldı" yazacaqdı sonralar. Elə həmin ilin avqustunda Bakı Universitetinin rektorluğundan azad edilməsi barədə Saratovdan teleqram göndərir. Amma tezliklə cavab məktubu alır. Təzə hökumət onu inandırmaq istəyir ki, universitetə qayıtsın. Amma qayıtmır. Məktub göndərir: "Mənə göndərilən məktuba görə dərin təşəkkürümü bildirirəm. Mənə əziz olan Bakı Universitetinin professorları ilə birgə işim həyatımın ən yaxşı xatirəsi kimi qalır. Mən Bakı Universitetinin böyük gələcəyinə inanıram. Mən onun gənclik həvəsli, mətanətli ilk xadimlərinə və tələbələrinə inanıram. Mən onun nurlu gələcəyinin sarsılmaz uğurlarını görürəm".

 

...Razumovski haqlı idi...

 

Səbuhi MƏMMƏDLİ

Lent.az

525-ci qəzet.- 2015.- 28 oktyabr.-S .4.