Tələbəmə məktub

 

YAXUD SƏN YAZIÇI DOĞULMUSAN...

 

 

 

Gərək  ki, Nyuton olubdu, deyən ki, mən  böyüklüyüm üçün özümdən əvvəlkilərin çiyninə borcluyam.

 

Həmişə böyümək istəyənlər belə olublar, belə düşünüblər, belə deyiblər.

 

Biz də belə olmuşuq, ən azından belə olmağa çalışmışıq.

 

Yəqin ki, bizdən sonra da az-çox böyümək fikrinə düşənlər də belə olacaqlar...

 

lll

 

... Bir vaxtlar İnsanın qanadları olub  (Yunanların "İkar və Dedal" əfsanəsinə görə) .

 

Qıratın da qanadları olub ("Koroğlu" dastanını yada salın).

 

 İlanın da qanadları olub (Adəmin cənnətdə yediyi "Alma haqq- hesabı"nı  xatırlayın).

 

Demək, biz də deyə bilərik və demişik də: "Mənim qanadlarım olub bir zaman" (İsa İsmayılzadə)

 

Gənc yazıçı Fəridə Məmmədovanın qəhrəmanı da elə bu cür düşünür:" Kürəklərim ağrıyır. Elə bil qanadlarımı kəsib atıblar".

 

Üstəlik, bu qəhrəman (İsmael) nə vaxtsa  pinqivinlərin də qanadları olduğu iddiasındadır. Deyir ki, belə getməz, bir vaxt gələcək ki, pinqivinlər də uçacaqlar.

 

Maraqlıdır, elə deyilmi?

 

Eləsə, gəlin hər şeyi başdan başlayaq. Söhbət Fəridə Məmmədovanın yazıb yenicə çap etdirdiyi "Pinqvinlər uçur, Mari" romanından gedir.

 

Əsərdə hadisələr adı məlum olmayan yad bir ölkədə cərəyan edir. (Bunu yazıçı priyomu kimi qəbul edək.)

 

Əsərin iki əsas qəhrəmanı var: İsmael (İsmayıl) və  Mari (Məryəm.)

 

Bu əsəri bir nəfəsə oxudum. Öz sevincimi bütün oxucularla bölüşməyə tələsir və demək istəyirəm: Azərbaycan ədəbiyyatına təzə bir yazıçı gəlib.

 

Fəridə Məmmədova!

 

İnanmırsınız?!

 

Onda qulaq asın!

 

lll

 

Bu, bir reallıqdır ki, mələklər saf, təmiz hisslərlə, ideallarla yaşayan insanları çox sevirlər və ona görə də ən gözəl fikirləri onlara çatdırırlar. İnsan o saflığı, o təmizliyi itirəndə mələklər (xüsusən, İlham pərisi) küsüb gedir.

 

lll

 

Bu əsəri oxuduqca ağlımdan bir fikir keçdi: İnsanlar (oxucular) düşünməyi  yadırğamağa  başlayıblar. Az qala  düşünmək istəmirlər, sanki daha düşünməyi bacarmırlar.

 

Yox! Yaxşı ki, hələ düşünənlər də var.

 

...Yazıçılar düşünürlər, Düşünməyi öyrədirlər.Və yazıçıların əzəli və əbədi vəzifəsi də elə budur!

 

lll

 

Fəridənin-mən orta məktəbdə ona dərs demişəm-şeir yazdığını bilirdim.

 

Amma bir şeiri də çap edilməmişdi.

 

İndi budur , o, Azərbaycan Tibb Universtetini  bitirdikdən sonra həyata  həkim kimi atılmalıykən, birdən-birə yazıçı kimi  atılmaq istəyib.Özü də çox maraqlı, fəlsəfi yüklü oxunaqlı bir romanla!

 

Qınamasaydılar məni, poema deyərdim mən bu romana .  (Lirik dillə yazıldığına görə!)

 

O dəqiqə bilinir ki, bu qızın iç dünyası var.

 

İç dünyası olanlar içi görə bilirlər. Onlar zahiri təsvir edirlər, iç dünyanı göstərmək üçün, iç dünyanı açmaq üçün!

 

Əsər üç hissədən ibarətdir. Birinci hissə insanın ənənəvi vurnuxmasından ibarətdir.

 

Məhəmməd peyğəmbər deyirdi ki, "Tapanlar- axtaranlardır".

 

Fəridənin qəhrəmanı da axtarır. Və təbii ki, bütün insanlar kimi, daha çox özünü...

 

lll

 

Əsər boyu sanki bütün sətirlərin, cümlələrin canına, qanına bir müdhiş fikir hakim kəsilir: "Hər kəsin beyni öz cəhənnəmidir".

 

...Fəridənin qəhrəmanı İsmael hər dəfə qəribə düşüncələrə dalanda, başının  böyüyüb-böyümədiyini yoxlamaq istərmiş, iplə ölçərmiş. Başının böyüməyini həm istərmiş və həm də elə bil ki, qorxarmış ... Az qala cəhənnəm əzabı çəkərmiş. Bu da təbiidir. Çünki bəşər cənnət  arzulasa da, həmişə üzü cəhənnəmə doğru yaşamışdır. Bu mənada müəllifin obrazlı fikrinin mahiyyətini başa düşmək o qədər   çətin olmasın gərək!..     

 

lll

 

Deyilənə  görə, Adəm cənnətdən qovulanda yerə başı üstə endirilib. Bəlkə  bizim də ayağımız başımızdı, bilməyirik? Və bu ayaq da bizi daim cəhənnəmə sürükləyir... Müəllifin qəhrəmanı dediyim kimi, bəlkə doğrudan da "Hər kəsin beyni öz cəhənnəmidir?"

 

İlk baxışda bu baş-bu  "cəhənnəm" insanı hansı hala salmır ki! Hansı "cəhənnəmlərə" sürükləmir ki?!

 

Əsərin 1-ci hissəsinin ("Qəhvəyi şəhər"in)  əsas qəhrəmanı İsmaelin başı da (beyni də ) belə cəhənnəmlik düşüncələriylə dop-doludur.

 

...İki yaşlı qız uşağını relsin üstündə oturduğuna görə qəfildən gələn qatar vurub öldürə bilərdi. İsmael onu xilas etməyin vacibliyi haqda götür-qoy etdiyi halda, yaxınlıqdakı bir fəhlə dərhal yüyürüb qızı xilas edir, qorxudan saçlarını yolan anasına verir. İsmaelin "beyni" (cəhənnəmi) əvvəlcə o, fəhləni qəhrəman saysa da  sonra fikirləşir ki, bəlkə heç o, qızı xilas etməyəydi? Axı onsuz da o qız böyüyəndə elə əzablar (faciələr) görəcək ki, bəlkə heç onu xilas etməyə dəyməzdi?!

 

Bir də ki, İsmael o qızı hardan xilas edəydi. Axı, özünü xilas  edən gərəkdi. Özü xilas kəndiri axtarırdı hələ (və bilmirdi ki, o kəndiri bir gün öz əlləriylə öz boğazına keçirəcək).

 

İsmael hələ ki, başqa cür düşünə bilmirdi. Veyillənirdi. Gah parkda "Şeytan ağacı"  kitabını oxuyan bir gəncin  yanından keçirdi, gah da  əyilib onun əlindəki kitaba baxırdı ki, görüm bunun oxuduğu nədi ki, belə əmin- arxayın oturub oxuyur...

 

Gah Afrikada bitən min yaşlı Boabab ağacı haqda fikirləşirdi. Bu haqda eşitdiklərini və öyrəndiklərini yada salırdı.

 

Guya şeytan budaqlarına ilişdiyi üçün  həmin ağaca qəzəblənmiş və onu baş-ayaq çevirmişdir.Guya hazırda bizim gördüyümüz gövdə  əslində həmin  ağacın kökləridir. (...Halbuki özünün də başı üstündə durduğundan, az qala başı üstündə  "gəzdiyindən" xəbərsizdi İsmael.)

 

Özünü tapa bilməyən, daim vurnuxa-vurnuxa gəzən bir adamdan özgə nə gözləmək olardı ki!

 

Amma çıxış yolu var, hələ.

 

"Sən dəyişməlisən... Sən dəyişməlisən".  Cümlə beynində əks-səda verirdi.

 

O, hələ ki, başqa cür ola bilmirdi, istəsə də. Axı "Bütün  qapıları qəhvəyi rəngdə olan  yad bir şəhərdə yaşayırdı.

 

"Düşünməyə çalışırdı, fikir burulğanında itmək istəmirdi..."

 

Kitabın ikinci hissəsi "Lora-ley əfsanəsi" adlanır. Sanki roman (poema) əslində buradan başlayır. Vurnuxan oğlanın canı da vurnuxmaqdan qurtarır.

 

...Oğlan (İsmayıl) həmişə sahilinə gəldiyi gölün qırağında sarısaçlı bir qızın dayanıb sulara baxdığını görür. Qızımı görür, yoxsa özünümü?

 

Lirik bir mükamilə başlayır.

 

Qıza sual verir:

 

-Necəsən?

 

-Acam...

 

...Sən kimsən axı?!

 

Sən demə, qız da özünü axtarırmış.

 

Suya baxa-baxa deyir:

 

-Dayan baxım özümə!

 

Qız belə dedikdən sonra aclıqdan yaxa qurtarmağın, doymağının yolunu göstərir oğlana:

 

-Özünə doy, desən, o doyar, məncə...

 

Qız oğlandan soruşur ki, mən özümü axtaran adamam.

 

-Tapa bilmisən?

 

-Yox, axtara-axtara gəldim və səni tapdım...

 

Bu hissədə elə ifadələr, lirik parçalar var ki, şeir qədər lirik və zərifdir, məsələn:

 

-Dənizlər də kiminsə göy üzüdür.

 

-Adın nədir, dənizdaşım? (su pərisinin  sualı).

 

-Axtarıram, tapa  bilmirəm.

 

-Bəs rəngin necədir? (oğlanın sualı)

 

-Ağ-qara. Pinqvin kimi...

 

-Qanadların da var, deyəsən. Amma uçub nə səmaya qalxa bilirsən, nə də suya baş vurursan.

 

...Hər şey haçalanır, çoxalır, ayrılır, sonra tor  yaranır, hörümçək toru.

 

İsmael su pərisiylə qovuşmaq istədikdə məlum olur ki, qovuşa bilməzlər.Su pərisi deyir ki, "Bizim aramızda başqa bir qadın var və sənə yaxınlaşmaqda mənə mane olur".

 

Doğrudan da beləymiş.

 

Arada  (ilk sevdiyi qız) Sara adlı bir qadın varmış.

 

"Dəniz qızının dediyi qadın o, olmalıydı".

 

 Su pərisi yoxa çıxır və beynin "cəhənnəm əzabı" təzədən başlayır!

 

lll

 

Gənc yazıçı qəhrəmanlarının arzu və istəklərini xarakterizə etmək üçün maraqlı bir ədəbi priyomdan istifadə edir. "Lora-ley əfsanəsi" ni danışır oxucularına.

 

"Lora-ley su pərisidir. İşi balıqçıları qorumaqdır. Sahildəki qayalıqlarda gizlənir və əfsunlu nəğməsini oxuyur. Balıq ovlamaq üçün dənizə çıxan qayıqçılar (bəlkə balıqçılar? B.V) onun səsini eşidib ovsunlanır, avarları səs gələn qayalıqlara tərəf çəkir, qayıqlar qayalıqlara çırpılıb dağılır və balıqçılar da ölür".

 

İsmael istəyirmiş ki, o əfsanədəki kimi həyatında bir hadisə baş versin.

 

Deyir: "Mən bilsəm ki, hardasa su pərisi mənimçün ovsunlu nəğməsini oxuyur, düşünmədən gedərəm ona tərəf".

 

O biri qəhrəman ( gölün sahilindəki qız) "bəlkə də artıq gedirsən", -deyə gülümsəyir.

 

... Hiss edirlər ki, öz  əziyyətləri o hadisənin dəyişilmiş formasıdır.

 

lll

 

Əsərin üçüncü hissəsinin adı belədir: "Unudulmuş vergül".

 

"Sartra görə insan azadlığa məhkumdur və insanın azadlığı mütləq intiharla nəticələnməlidir".

 

Bilmirəm, haqlıdır, ya haqsızdır? Hər halda Sartr belə  düşünür. (Və sonda  romanın qəhrəmanını da "uçmağa" -intihara  sürükləyən səbəb də bu düşüncədən yararlanmamış deyil.)

 

Əslində, Bayronun Manfredi də belə bir "seçim" etməmişdimi?!  Abbatın ona verdiyi öyüd-nəsihətə baxmadan hər cür varla-halla  təmin olunmuş,  hər şeyi olan (və heç nəyi olmayan!)  Manfred  bəlkə də belə bir "azadlıqdan" istifadə edib hündür bir yerdən özünü boşluğa buraxmamışdımı?

 

Bu qədər varı ola-ola heç kim olduğunu hamıdan  qabaq dərk etməmişdimi?!

 

 Gənc yazıçının fikrincə bu, belə də olmalıdır. "Düşünməyə  başlayan insan (bəlkə də bir heç olduğunu bilən insan?!) mütləq həqiqəti tapmağa məcburdur- o varsa".

 

Əsərin əsas qəhrəmanları İsmaelin də, Məryəmin də qəribə həyat tərzi var.

 

36 yaşlı  bir kişiylə 45-46 yaşlı bir qadın (xərçəng xəstəliyinə tutulduğu üçün bir döşü kəsilib) bir yerdə yaşayırlar (yaşamağa məhkumdurlar).O yad şəhərdə özlərindən başqa kimsələri yoxdur.

 

Aralarında heç bir əlaqə- filan da olmayıb. Sadəcə həyatda rastlaşıblar.Bir umu-küsüləri yoxdu bir-birindən. Bircə məsələdə müxtəlif qütblərdə dayanırlar.

 

İsmael deyir ki, pinqivinlər uça bilər, Məryəm isə yox!-deyib durur.

 

İsmaeli son vaxtlar bir fikir düşündürürdü: Məryəm onu sevirdimi?

 

Bəlkə də yox, bəlkə də hə:..

 

"Bütün həyatım vergülünü itirmiş bir cümlə kimidir" -deyə İsmael fikirləşirdi.

 

"Axırıncı söhbətlərində Məryəm

 

hətta haçansa "pinqivinlərin uçduğuna inansam,  səni sevirəm" deyib zarafat da etmişdi... Məryəmin sevib-sevməməyi onun vecinə deyildi". Amma bilirdi ki, pinqivinlər uçur və haçansa buna Məryəm də inanacaq...

 

...Sanki hardasa cümlənin harasındasa bir vergül unudulmuşdu.Və o vergül bütün bir cümlənin mənasını dəyişə bilərdi".

 

Amma bu qəhrəmanların heç birinin ağlına gəlməzmiş ki, həmin cümlənin sonuna tale artıq nöqtə qoymağa hazırlaşır.

 

Qeyd:İnsan ömrü də bir cümləyə bənzəyir.Vergül qoyulub, cümlə davam edə bilər, ancaq məlum olur ki, artıq nöqtə qoyulub və hər şey bitib.

 

...Bu cür hisslər, duyğular, düşüncələr, "cəhənnəm"  beynin fırtınaları əsl yazıçıya məxsus olur.Və mənim yazıçım belə hissləri, duyğuları və düşüncələri olan yazıçıdır.

 

Mən onu təkcə oxumadım.

 

Mən onu həm də sevdim.

 

Mən ona təkcə yazıçı yox, mənim yazıçımsan, mən deyən yazıçısan, dedim.

 

lll

 

Mən bu əsərdə elə cümlələrə  rast gəldim ki, bitkin yazıçı cümləsi, yazıçı sözü olduğunu gördüm.

 

Gəlin, birlikdə həmin cümlələrdən bəzilərinə nəzər salaq:

 

...Yosun olsam...Balıqlar mənə toxunub keçsələr hər gün.

 

...Ayın burdan görünən üzü kimi, bir də qaranlıq üzü var, deyirlər. Bizim üçün qaranlıq üzü, hardasa dünyanın bir tərəfini ayın həmin ki, üzü işıqlandırır yəqin ki...

 

..Mənim kimi dünyanın harasındasa bir adam indi pəncərədən sızan ay işığında düşünür...

 

Nə düşünür, görəsən? Məni düşünür bəlkə!Bəlkə bir qadındır, uşağına süd vermək üçün oyanıb.Ya da bir qoca kişidir, yuxu tutmadığı üçün yata bilmir. Bəlkə bir qatil işdən dönüb gecəyarısı əlcəkləri çıxarıb, bir qədər  viski  götürüb, taxta kresloya əyləşib nəsə düşünür.

 

 Ya da bambalaca bir uşaqdır elə...

 

...Sara, bəlkə də o, yatıb, hə ?  Yatıb və işıq zolağını görə bilmir.Ehhh, sərsəm uşaq,ayıl . Ayıl və düşün, nooolar?!"(İsmaelin Saraya yazdığı sonuncu məktubdan)

 

Vallah, bu düşüncələr nəsrlə yazılsa da, poetikdir, və ən sevindirici haldır ki, bu, mənim yazıçımın roman-poemasındandır!

 

lll

 

"Hər kəsin beyni öz  cəhənnəmidir" Xatırladıram ki, bu, İsmaelin fikridir.

 

O, sevdiyi və az qala unutduğu qıza, Saraya yazdığı 5 məktubda təzədən özünü tapır, təzədən ona doğru can atır.Hətta Məryəmi xəstə halda evdə tək qoyub, onun yaşadığı ünvana gedir.Lakin məlum olur ki, onun Sarası əri qəzada həlak olduğu üçün başqa yerə köçüb, gedib.

 

İsmael böyük sarsıntılar içində ilk sevgilisini dalınca getdiyi yoldan əliboş qayıdır. Bilmir ki, tale onu döndüyü yerdə "əli dolu" halda gözləyir.

 

Gəlib görür ki, Mari (Məryəm) ölüb. Mari pinqivinlərin uçmasına inanmırdı.

 

İsmael Saranın dalınca getdikdən sonra xərçəngdən əziyyət çəkən bu qadın özü "uçmağı" öyrənmişdi. Ölümünü hiss edəndə bir kağız parçasına belə yazmışdı:

 

"Pinqivinlər uçur..."

 

"İsmael" yazmağa vaxtı  çatmamışdı.

 

Və İsmael indi başa düşür ki, Məryəm bununla ona demək istəyib:

 

-Mən səni sevirəm!

 

İsmael bu sözləri cavabsız qoymur. İki qədəh viskini başına çəkəndən sonra özünü hündür binanın damından aşağı  buraxanda  özü də "uçmağa" başlayır və deyir:

 

-Pinqivinlər uçur, Maaariii!...(bu o deməkdi ki, mən də səni sevirəm, artıq!.)

 

Beləliklə, daha bir "Leyli-Məcnun", "Xumar-Sənan" dastanına nöqtə qoyulur. Vergül yenə də unudulur!..

 

Kitaba sözləri epiqraf seçilmiş  Emili Dikinson düz deyirmiş: "Mən heç kiməm, bəs sən?"

 

...Bəlkə insan heç olanda var olurmuş?!

 

Bəlkə insanın əsl varlığı elə onun heçliyiymiş?

 

P.S  Bir vaxtlar sən mənim tələbəm olmusan,Fəridə!

 

İndi sevincimdən bilmirəm ki,neyləyim?

 

Az qalır ki, deyəm: İndi mən sənin tələbən olmaq istərdim,qızım!

 

Sən yazıçı doğulmusan!

 

Sən mənim yazıçımsan!

 

Hamının yazıçısı ola bilərsən!

 

 

Barat VÜSAL

525-ciqəzet.- 2015.- 29 oktyabr.- S.7