Görkəmli ədib və ictimai xadim Əsgərağa Goraninin ömür yoluna bir baxış

 

"QARANLIQDAN İŞIĞA" KİTABINDAN PARÇALAR

 

(Əvvəli ötən sayımızda)

 

1874-cü ilin iyun ayında həm Əsgərağa Adıgözəlov Gorani və Nəcəfqulu bəy Vəzirov real gimnaziyanı bitirir, sonrakı il Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasına daxil olurlar. Əsgərağa Bakı real gimnaziyasında başladığı ictimai fəaliyyətini, tamaşa verərək müəyyən məbləğdə pul qazanaraq onu yoxsul tələbələr arasında paylamaq adətini Moskvada təhsil aldığı illərdə də davam etdirir. Burada o artıq öz şəxsi maddi imkanlarını işə salır. "Əkinçi" qəzetinin ilk nömrəsini alıb oxuduqdan sonra qəzetə abunə yazılışı məsələsini həyata keçirmək istəyir, mətbəə xərclərinin bir qismini öz üzərinə götürmək haqqında Həsən bəy Zərdabi ilə yazışmalar aparır. Vətəndən uzaqlarda olsa da belə baş verən hadisələr xüsusən kəndlilərin ağır güzəranı, oxumaq, təhsil almaq istəyən tələbələrin maddi imkanlarının olmaması, qadın hüquqsuzluğu kimi məsələlər onu dərindən düşündürürdü. 1875-ci ildə "Əkinci" qəzeti nəşrə başlayandan sonra dövrünün ən mütərəqqi adamları kimi Əsgərağa Adıgözəlov da burada öz tribunasını tapmış oldu. Əsgərağa cəhalətdən, ictimai həyatda baş verən gerilikdən yaxa qurtarmağın yolunu oxumaqda, təhsil almaqda görürdü. O sonralar Yelizavetpolda müxtəlif tipli məktəblər açılmasına, əsasən qızların oxuması, təhsil alması üçün hər cür köməklik göstərir. Şəxsi maddi imkanlarını əsirgəmir, dostlarını və tanışlarını da bu yola səsləyirdi.

 

Akademiyada təhsil illərində həm Əsgərağa, həm də Nəcəf bəy rus maarifçi demokratların həyatını öyrənir, onların əsərlərini oxuyur və təbliğ edirdilər. Onlar Həsən bəy Zərdabinin rəhbərliyi altında təhsil üçün Rusiyanın qabaqcıl məktəblərinə, o cümlədən, Petrovski-Razumovski Akademiyasına üz tutan gənclərə yardım göstərmək məqsədi ilə "İmdadiyyə" adlı bir cəmiyyət də yaradırlar. Əvvəldə qeyd etdiyim kimi artıq bu zaman Rusiyada inqilabi hadisələr cərəyan edir, inqilab alovları dalğalanır, daha da gur yanmağa başlayırdı. Çar casusları və xəfiyyələri inqilabi sinif sayılan fəhlələrə və qısa müddət ərzində təşkilatlanmağa qadir olan tələbələrə daha ciddi nəzarət edirdilər. Hətta xeyriyyə cəmiyyəti kimi təsis edilən hər hansı bir dərnəyə belə inqilabi təşkilat kimi baxırdılar. "İmdadiyyə" təşkilatının təsisçilərindən biri olan Ə.Adıgözəlov və N.Vəzirov da gizli polis nəzarəti altına belə düşmüşdülər. Çar xəfiyyələri hər iki gənci və onlarla əlaqədə olan Əbülfət Şaxtaxtinskini və vaxtı ilə Bakı real məktəbində oxuyan, indi isə akademiyanın meşəçilik şöbəsində təhsil alan Aleksandr Kapasinskini də belə nəzarətə götürmüşdülər.

 

Bu haqda ilk dəfə "Bakinskiy raboçiy" qəzetinin 17 avqust 1963-cü il tarixli nömrəsində tarixçi, filosof Ziyəddin Göyüşov məlumat verir. "İmdadiyyə" adlı həmin məqaləsinin tərcüməsini oxuculara təqdim edirəm:

 

"İmperator həzrətləri kanselyariyasının 3-cü şöbəsi" çar Rusiyası siyasi polisinin ali orqanı idi. Bu Rusiya mütləqiyyətinin reaksioner idarəsinin məxfi işləri Moskvada Oktyabr İnqilabi adına Mərkəzi Dövlət Arxivində qorunur. Buradakı 109 nömrəli fondda keçən əsrin 70-ci illərində rus tələbə inqilabi hərəkatının işində fəal iştirak edən azərbaycanlı tələbələr barəsində maraqlı məlumatlar var.

 

Tapılan sənədlər göstərir ki, görkəmli azərbaycanlı maarifçisi Həsən bəy Məlikovun (Zərdabi) Petrovski-Razumovski kənd təsərrüfatı və meşəçilik akademiyasının tələbəsi Nəcəf bəy Vəzirov (gələcək dramaturq) 1878-ci ildə Moksvada tam mütərrəqi məqsədlər güdən "İmdadiyyə" adlı dərnək təşkil edir. 3 mart 1878-ci ildə Texnoloji İnstitutun tələbəsi Əbülfət Şahtaxtinski Peterburqdan Nəcəf bəy Vəzirova yazır: "Mən "İmdadiyyə"nin nizamnaməsini aldım. Üzümüzə gələn yay "İmdadiyyə"nin əsas qanunlarını müzakirə etmək bizə zəruridir ki, hərəmiz ölkənin bir guşəsinə gedərkən müəyyən bir məqsəd uğrunda hərəkət edə bilək. Buna görə də hər şeydən qabaq bu məqsədi özümüzə qət və aydın müəyyən etməkdə bütün vasitə və imkanları da dərindən təhlil etməliyik. Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir.

 

Biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq. Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz maarif günəşini və onun şüalarını öz tərəfimizə çevirməyə səy edərik ki, onun həyat bəxş edən hərarəti ilə isinib yaşayaq, donmayaq. Biz istibdadı atıb, proqressiv həyatda yaşamağa səy etməliyik. Biz ancaq onda öz qabiliyyətimizi başa düşə bilərik. Biz silah və imkan axtarırıqsa, demək - biz zəhmətkeş əlləri,  qüvvənin özünü tərbiyələndirib yetişdirməliyik. Biz qabaqcıllar kimi nəzərimizi yalnız aşağı tikməliyik".

 

Məktub müəllifi dərnək üzvlərini rus inqilabçılarından öyrənməyə dəvət edir: "Rus təbliğatçılarını xatırlayın, biz tamam silahlanıb, ciddi fikrə və müəyyən qərara qəlməliyik. Siz tezliklə gedir və ictimai həyata atılırsınız. Biz burada qalanlar sizin vətənə nə ilə qayıtmağınızı bilməliyik..."

 

"İmdadiyyə" üzvləri öz aralarında qərara gəlirlər ki, Həsən bəy Məlikovu rəhbər seçsinlər. Çünki o buna öz şəxsi ləyaqəti ilə uyğun qəlirdi. Dərnəyin mərkəzini Azərbaycanda çıxan "Əkinçi" qəzetində yerləşdirməyi nəzərdə tuturdular və bu məqsədlə müəyyən məbləğdə pul toplamaq barəsində də fikirləşirdilər.

 

Dərnəyin məqsədləri ilə əlaqədar narahat olan 3-cü şöbənin rəisi bu barədə birbaşa II Aleksandra mart ayının 9-da (1878-ci ildə) məlumat vermiş və II Aleksandr məlumat üzərində yazmışdı: "Göstərilən şəxslərə diqqət yetirmək lazımdır".

 

Güdmək, gizli məlumatlar toplamaq işi başladı. 3-cü şöbənin vəsatətinə cavab olaraq, Moskva quberniyası jandarm idarəsinin rəisi mart ayının 20-də məlumat verirdi ki: "Qafqaz əhli Vəzirov, 20 yaşı var, əvvəl Bakı real məktəbində tərbiyə almış, indi isə meşə bölməsi üzrə akademiyanın 4-cü kurs tələbəsidir. Vəzirov tatar tələbələri dərnəyinin təşkilatçısı hesab edilir, dərnək üzvlərinin çoxu Qafqaz sakinləridir, hökumət əleyhinə fikirləri ilə  dərnəyə ciddi təsir göstərir".

 

"İmdadiyyə" dərnəyinin üzvləri N.Vəzirovun və onun dostu Ə.Adıgözəlovun qadağan olunmuş ədəbiyyat yayması haqqında da arxiv sənədlərindən məlum olunur. 12 yanvar 1878-ci il agentura məlumatında yazılır: "Texnoloji İnstitutun tələbəsi Kapatsinski hansı çirkin məqsədləsə Moskvaya getmək və özü ilə bərabər xeyli miqdarda gizli ədəbiyyat aparmaq istəmişdir, lakin getməmişdir. Bunu keçən il dekabrın 29-da Moskvadan Peterburqa Petrovski-Razumovski Akademiyasının 2 tələbəsi - Əsgər Adıgözəlov və Nəcəf Vəzirovun gəlməsi ilə izah edirik. Kapatsinski bu tələbələrdən birinə öz biletini, kitablar və hansısa tapşırıqlar vermişdir. Bu tələbələr, deyəsən, artıq getmişlər".

 

Aleksandr İvanoviç Kapatsinski Zərdabinin tələbəsi olmuşdur. 1875-ci ildə Bakı real uçilişini gümüş medal ilə bitirən Kapatsinski Peterburq Texnoloji İnstitutuna daxil olmuşdur. Tələbələrin inqilabi hərəkatının aktiv üzvlərindən olmuşdur.

 

Hələlik, "İmdadiyyə"nin nizamnaməsi və dərnəyin gələcək fəaliyyəti haqqında sənədlər tapılmamışdır. Lakin tapılmış və Azərbaycan elminin lazımi irsinə çevrilmiş bu arxiv sənədləri bundan sonra görkəmli Azərbaycan maarifçiləri Həsən bəy Məlikovun (Zərdabi) və Nəcəf bəy Vəzirovun tərcümeyi-hallarının və ideyalarının daha dərindən öyrənilməsinə köməklik göstərəcəkdir.

 

Nəhayət 16 may 1878-ci ildə həm Əsgərağa Gorani, həm də Nəcəf bəy Vəzirov Petrovski-Razumovski Akademiyasını bitirərək vətənə qayıdırlar. Nəcəf bəy Vəzirov uzun müddət Yelizavetpol quberniyasının Dilican qəsəbəsində meşəbəyi vəzifəsində işləyir. Feyzulla Qasımzadə yazır ki, burada işləyərkən fürsətdən istifadə edərək meşəni, orada bitən ağacların növlərini tədqiq edir və apardığı tədqiqatın nəticəsi olaraq meşəçiliyə aid olan elmi əsər yazır. Dilican qəsəbəsində meşəbəyi vəzifəsində bir neçə il çalışdıqdan sonra çar hökuməti onu bu vəzifədən götürür. Qulluqdan götürülməsinə səbəb onun Petrovski-Razumovski Akademiyasının məzunlarından olması və bu cəhətdən şübhəli görünməsi idi.

 

Moskvadan qayıtdıqdan sonra Ə.Adıgözəlov da kənd təsərrüfatı sahəsində işləməli idi. Lakin hansı səbəbdənsə özünün də torpaq sahələri olduğu halda kənd təsərrüfatı ilə məşğul olmur. Uzun illər Yelizavetpol quberniyasında, Tiflisdə, Kutaisidə, Cəbrayılda məhkəmə sistemində işləyir. Onun kənd təsərrüfatı ilə məşğul olmaması səbəbini Kövsər Tarıverdiyava "Kaspi" qəzetinin 12 mart 1910-cu il nömrəsində Əsgərağanın vəfatı ilə əlaqədar çap edilmiş bir nekroloqla əlaqələndirir. Nekroloqda yazılmışdır: "Yelizavetpol şəhər bələdiyyə idarəsinin rəisi Əsgər bəy Adıgözəlovun qısa sürən xəstəlikdən sonra vəfat etməsi haqqında kədərli məlumat alınmışdır. Mərhum Yelizavetpol qəzasının mülkədarı idi. Təhsilini Petrovski-Razumovski Akademiyasında almışdır. Məşhur ictimai xadim Həsən bəy Məlikovun tələbəsi olmuşdur, hələ tələbə ikən "Əkinçi" qəzetinin nəşrində çox fəal iştirak etmiş, onun ən yaxın əməkdaşlarından olmuş, "Əsgər Gorani" imzası ilə yazmışdır. O bir neçə komediyaların müəllifidir. 70-ci illərdə ali təhsilini bitirdikdən sonra kənd təsərrüfatı ilə məşğul olmağa mərhumun böyük həvəsi var idi. Lakin həyat şəraiti, Zaqafqaziya bəylərinin və mülkədarlarının torpaq məsələlərinin nizamda olmaması onu bu plandan əl çəkməyə, qulluğa girməyə, həm də məhkəmə işlərində çalışmağa vadar edir. Goraninin yerli şəraiti, xalqın dilini, adət-ənənəsini bilməsi onu bu sahədə öz qüvvəsini daha geniş miqyasda sərf etməyə imkan verir. Tezliklə onu əvvəlcən Kutaisiyə, sonra Tiflisə dairə məhkəməsinə prokuror müavini təyin edirlər. Sonra o Tilflisdə məhkəmə palatasının prokuror müavini vəzifəsini tutur. Lakin o ictimai fəaliyyətə, öz həmvətənlərinin mənafeyinə xidmət etməyə can ataraq rütbəsindən imtina edir".

 

Ə.Adıgözəlovun 1880-cı ildən 1889-cu ilə qədər Yelizavetpol qəzasının barışdırıcı hakimin köməkçisi-müstəntiq vəzifəsində çalışdığı haqqında Azərbaycan Dövlət Tarix Arxivində sənədlər var.

 

Barışdırıcı Hakimlər İnstitutu 1864-cü ildə çar II Aleksandr tərəfindən liberal islahatlar nəticəsində Rusiya İmperiyasında təsis edilmişdir. Barışdırıcı hakimlər ölkənin subyektlərinin qanunverici orqanları tərəfindən təyin edilir və ya əhali tərəfindən seçilirdi. Barışdırıcı hakimlərin səlahiyyətlərinə cinayət, mülki və həmçinin inzibati xarakterli işlərə baxılması daxil idi. İnstutut 1889-cu ildə ləğv edilmiş və yalnız 1912-ci ildə yenidən bərpa edilmişdir.

 

Azərbaycan Dövlət Tarix Arxivindəki Ə.Adıgözəlovun apardığı yüzlərlə cinayət işinin bir neçəsinə diqqət yetirdikdə onların müstəntiq Ə.Adıgözəlov tərəfindən öz xətti ilə tərtib edildiyi, imzası və möhürü ilə təsdiq edildiyi görünür.

 

(Ardı var)

 

Gülhüseyn KAZIMLI

525-ciqəzet.- 2015.- 29 oktyabr.- S.6.