"Bir sözüm var ürəyimdə..." haqqında ürək sözlərim

 

 

...Şənbə günüdü, səhər-səhər evdə hər işə elə həvəslə yanaşıram ki. Fikrimdə Xatirə Rəhimbəylinin şeirləri... ürəyimdə yazmağa başlayıram. Bir az keçmiş düşüncələrimi kağıza köçürürəm...

 

Bir oxucu kimi deyərdim ki, Xatirə xanımın şeirlərinin ayrıca, öz havası var. Ona görə onun bir şair kimi səsini, nəfəsini duyursan. Sevgi şeirləri isə başqa bir aləmdi. Oxuduqca sanki bir sevgi romanı, ya da məhəbbət dolu film seyr edirsən - söyləsəm, sizə qəribə gəlməsin... Onun şeirlərini oxuduqca sevmək necə gözəl hissdir, düşünürsən. Sevgi güclü duyğudur, anlayırsan. Fəqət sevmək acılar yaşadarmış insana, bilirsən... Sevənlər anlayar, duyar, sevə bilməyənlər ağıl öyrədər, məsləhət verər... Sevgi ömrünə günəş kimi çıxar, sonra yağış kimi tökülər üstünə sonra da külək olub qəlbini çırpar. İnsan xisləti isə elədir ki, öz duyğuları, istəkləri özünə xoş gəlir, hər bir vəziyyətdə özünü anlayışla qarşılayır. Amma başqasını anlaya bilmir, çünki özünü onun yerinə qoymağı bacarmır. Sözün qısası, Xatirə xanım bu yerdə yəqin məşhur misrasını söyləyərdi: "Məcnunun qadası ürəyinizə..."

 

...Niyə getdin axı sən,

Ruhun varı-yoxusan... 

Elə şirin ağısan,

Hər gün deyirəm səni...

                    ("Hicrin ömrümə yağı")

 

Onun şeirləri "deyir" ki, sevgi gerçək olsa da, onu nağıla bənzədirsən. Onu ən şirin nəğmə kimi oxuyursan, ən kövrək, ürək yaxan ağı kimi deyirsən...

 

Bu dünyanı bir sitəmkar bilmişəm,

O baxışı könlümə yar bilmişəm,

Mən o yarı həmişə var bilmişəm

              Yoxmuş!

                  Yoxmuş!

                    Yoxdan ötrü ölürəm!

(" sualdı gözündəki, ey təbib?")

 

Xatirə xanım şeirlərində həm söyləyir ki, eşq onun uçuş yeri, qol-qanad yeridi, insanın ən xoşbəxt anları sevgiylə bağlıdı. o xoşbəxt anlar ömrü boyu səninlədi, sən həmişə Ona sadiqsən. Sonra O olsa da, olmasa da sən yenə onunlasan. Bu artıq platonik sevgidi, ruhun uçuşudu...

 

Bir sənə agahdı, Tanrım, bu bəndən,

Qurtula bilmir bu xatirələrdən!

O yarın adını saçıma dən-dən,

(Bir Sən bil, bir mən) hörsəm,

                            bağışla...

 

Yadıma çox sevdiyim bir türkü düşdü: "Saçlarını yol gətir..." Yəqin Xatirə xanım da bu türkünü çox sevir, dönə-dönə dinləyir, həm oxuyur. Axı onun gözəl səsi var. Çox vaxt yeni şeirlərinin müjdəçisi elə onun zümzümə etdiyi nəğmələr olur...

 

Sevgini ifadə etməkdə Söz acizdi,  Xatirə xanımın şeirləri bunu da söylədi ki, yanan hisslərin əlindən ancaq pərvanəlik gələr...

 

Onun "Söyləşmə" adlı şeiri öz oynaq ritmi, saf uşaq duyğularını andıran, amma "böyük" istəyi ilə məni təsirləndirdi...

 

- Uçan-uçan, get yarımı gətir!

- Getmişdim, gəlmədi, dedi: "Uzaqdı!"

 Dedi: "Gözləməsin, gələn deyiləm.

Nağıla uymasın, "Dedi: -Uşaqdı!

Mən Məcnun deyiləm, Kərəm deyiləm."

 

Bu cavabdan sonra o, balaca böcəkdən ölümü gətirməsini istəyir. Böcək yarı, ölümü gətirir. Amma o, kür uşaq kimi inadından dönmür ki, dönmür:

 

- Uçan-uçan! Get... Yarımı gətir...

 

Xatirə xanımın şeirlərinin dili aydın, sözləri şirin (bəzən yerindən asılı olaraq çox acı) özülü bütöv gözəldi. Buna görə onun misraları dillər əzbərinə çevrilir. Məsələn,"Yanırıq taleyin qəm kürəsində", "Şairin ürəyi küsdümgülüdü", "Sındı gözümdəki sehrli güzgü", "Yenə yaddaşımda çaxdı ildırım", "Həsrətin sıyrılmış qılıncdı sənin", "Alındı havası bu kür ömrümün", "Üşüyür xəyallarım" s.

 

Düşünürəm ki, kitabının redaktoru ön sözünün müəllifi Ağasəfa müəllimin yazdıqları Xatirə xanımın şeirləri ilə bağlı ən gözəl "Oxucu sözü"dür. Bu bənzərsiz "Oxucu sözü" onun şeirləri qədər təsirli, yaddaqalan dəyərlidir: "İş belə gətirdi, bir gün haradasa , necəsə bir şeir oxudum. Qeyrətimi, vicdanımı imtahana çəkdi bu şeir. Yaxamdan tutub silkələdi bu şərqi! Məni bu qarışıq cəmiyyətdən ittiham qırmancı ilə qovub çıxartmaq istədi bu Marş! Adı beləydi: "Lənət canımızın şirinliyinə!"

 

Cismimiz sürünüb vara gedirsə,

Rahatlıq axtarır hara gedirsə,

Doğranıb qılıncla çıxmırsa candan,

Dərdimiz bizimlə gora gedirsə-

Lənət canımızın şirinliyinə!

 

Ağasəfa müəllim onun şeirlərinin özəlliyindən ürəkdolusu söz açır. Çünki bu şeirlərin bəlkə ən gözəl duyanı, hiss edəni odur. O, adi oxucu deyil, oxuduqlarını öz göynəyindən keçirəndir... Sonda o, üzünü oxuculara tutub belə söyləyir: "Oxumaya da bilərsiniz. Ancaq oxusanız, hərəsi bir hadisə olan bu şeirlərə vurulmaqdan özgə yolunuz qalmayacaq".

 

Doğrudan da Xatirə xanımın şeirlərinin başqa, qəribə cazibəsi varmış. Məncə, bu onun poetik gücündən, cəsarətindən, səmimiyyətindən, bir min illik sevgisindən gəlir...

 

Mina RƏŞİD

525-ci qəzet.- 2015.- 30 oktyabr.-S.8.