Mustafa Rasimoğlundan "Məni haraylayır Gəmiqayası"

 

 

Bugünlərdə şair Mustafa Rasimoğlunun "Məni haraylayır Gəmiqayası" kitabı işıq üzü görüb. Müəllif Gəmiqayasının timsalında kökünü-keçmişinə üz tutur.

 

Şairin oxucularla üçüncü görüşü olan, 50 illiyi münasibətilə hazırlanmış bu kitabda son illərdə qələmə aldığı şeirləri, dövri mətbuatda çap olunmuş araşdırmaları, dost təbrikləri və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən nümunələr yer alıb. Kitaba filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədli "Sözün Mustafası-Mustafanın sözü" başlıqlı önsöz yazıb. Önsözdə dosent vurğulayıb ki, Mustafa Rasimoğlu xoşbəxt yazardır:

 

"Onun şeirlərinin rayihəsi təravətli, lətafətli, təmiz, səlis, azəngdardır. Ona görə oxunaqlıdır, könülləri oxşayandır. Özünə, səviyyəsinə, sözünə, sözə hörmətlə yanaşan bu şair öz çəkisinə görə sayılan simalardandır. Sağlam şüurlu, açıq fikirli, xalqını, doğma Vətənini sevən bir vətəndaşın -Mustafa Rasimoğlunun hər bir poetikasında böyük bir heyranlıq, məftunluq var. Mustafanın poeziyası fəal, bizi düşündürən, daşındıran poeziyadır. Mustafa müəllim həm də yaxşı jurnalist, publisistdir".

 

Müəllifin önsözünü izləyən "Mənim soyköküm" yazısında tərcümyei-halı ilə bağlı fikirlər öz əksini tapıb.

 

Kitabdakı materiallar "Ayaqlar altında qalmasın deyə, özünlə apardın kişi adını", "Əl açdım ilahiyə, könlümə möhtac oldum", "Soykökümüz Cöngəllidi, qıpçaq elindən gəlmişik", "Ürəyim qan ağlar, Qanı görünməz, getdiyin yollara baxar həmişə...Uzaq-yaxın məhəbbət", "Kitab içində kitab. Mustafa Rasimoğlu-50" (haqqında məqalələr, təbriklər, çıxışlar), "Əsgər guşəsi. Nəsr, poeziya, publisistika", "İnsanı yaşadan xatirələrdir"(M. Rasimoğluna həsr olunmuş şeirlər) kimi başlıqlarda oxuculara təqdim edilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 30 oktyabr.-S7.