"Brendlərimiz"
Mətbuatda çalışan redaktorların həmişə
aktual mövzuları olur. Yəni hava məlumatı
hamını maraqlandırır, ya da metrodan yazsan, material
oxunacaq mütləq. Bir də mövsümə
bağlı tapşırıqlar olur: deyək, əhalinin çox işlətdiyi
məhsullardan yazırlar, çörəyin qiymətindən,
keyfiyyətindən ya da kartofdan. Bir də
ara-sıra həmişə təkrarlanan mövzular olur, məsələn,
payızda yığılan məhsullar Rusiya bazarına gedib
çatırmı, ya onları gömrükdən
buraxmırlar.
"Qarın qardaşdan irəlidir" ifadəsi elə
bil aktuallaşır ara-sıra. İldə bir-iki dəfə
kənd təsərrüfatının inkişafından, qida
təhlükəsizliyindən, geni dəyişdirilmiş məhsulların
fəsadından, əkin sahələrinə dəyən
ziyandan da yazırlar.
Bizim zəfərandan
yoxdur dünyada
Ara-sıra, adətən, payızda, yığım
dövründə zəfəran mövzusu da
aktuallaşır. Zəfəranla
maraqlanan jurnalist kimi son 10 ildə mətbuatın
yazdıqlarından neçə qovluq toplamışam.
"Zəfəran ay zəfəran", "Qızıl qiymətindəki
məhsul... ",
"Zəfərançılıq
unudulur", "Zəfəran.
Həyat bitkisini xalqa necə qaytarmalı?
", "Çiçəklərin soltanı, min bir dərdin
dərmanı", " Zəfəran - çöllərin zərif
qızı " başlıqları, " Dünyanın bir
sıra ölkələrində, o cümlədən,
İspaniya, İtaliya, İran, Əfqanıstan, Çində
becərilsə də, Abşeron zəfəranının
tayı-bərabəri yoxdur! " ifadələrini tez-tez
müşahidə edirik. Hansı
dırnaqarası ekspertlə söhbət edirsən, elə
hey Abşeron, xüsusilə Bilgəh zəfəranını
tərifləyir, deyir bizim zəfərandan yoxdur dünyada.
Mən də
deyirəm: bizim zəfərandan yoxdur dünyada. Başqa ölkələrdən gətirdiyim,
Bakının dükanlarından əldə etdiyim xarici zəfəranlar
öz yetişdirdiyim zəfəranla müqayisədə
çox zəif görünüb mənə. Amma bunun belə olduğunu iddia edə bilmərəm,
çünki laboratoriyada analiz etməyə,
yoxlatdırmağa imkan olmayıb. Deyirlər,
gərək Almaniyaya yollayasan, Azərbaycanda buna şərait
yoxdur. Nə imkan yoxdur, nə də zəfəran
əslində. Özümüz deyirik,
özümüz eşidirik, özümüz yazırıq,
özümüz də oxuyuruq. Dünya
bazarında nə Abşeronu tanıyan var, nə də Bilgəh
zəfəranından eşidən. Heç
zəfəranın özü də yoxdur satışda.
Tək-tük adam şəxsi həyətində
əkir, uzaqbaşı Təzə bazarda, ya da 8-ci kilometr
bazarında əldə satırlar. Yolu kəndə düşən
qohumlara da pay verirlər. Bu
da bizim tərifli, tayı-bərabəri olmayan zəfəran.
Çoxu heç tanımır da bu qiymətli ədviyyəni. Elə Masallıda bitən,
1 stəkanı 50 qəpiyə satılan yalançı zəfəranla
səhv salırlar. O bitki də plovun rəngini saraldır deyə,
fərqinə varmazlar. Biləndə çox dərinə
getmir, elə yaxın marketdən vaxtı ötmüş zəfərandan
alır, qatır plovuna. Hər işə
pul tapmışıq, amma zəfəranın
tanıdılmasına, onun Azərbaycan brendinə çevrilməsinə,
əkin sahələrinin artırılmasına cəhd etməmişik.
Hər yerdə deyirəm, yazılarımda yazıram,
xahiş edirəm bir pullu adam
çıxsın qabağa, bir az vəsait ayırsın, mən
də zəfəran saytı quraşdırım, ən
azı 3 dildə bu bitkini tanıtdırım dünya birliyinə.
Heç kimə maraqlı deyil. Zəfəran var ki, tanıtdıraq da.
Baxıram o müharibə, terror içində
çapalayan Əfqanıstana. Bu ölkədə 12
milyon insan yaşayır, illərlə münaqişə
ocaqları qaynayır, rəsmi açıqlamalarda yerə12
milyon minanın basdırıldığı bildirilir. Bu azmış kimi ərazisində narkotikdən
savayı bir şey bitmir. Dünyanın 90 faiz heroini Əfqanıstanda
yetişdirilir. Bu çətinliklə üzləşən
Əfqanıstan artıq özünü başqa tərəfdən
də tanıda bilib. Dünya birliyinin "Narkotik əvəzinə
zəfəran" proqramı çərçivəsində
Əfqanıstan 2015-ci ildə 3-cü dəfə Brüsseldəki
İTQİ-nin (Beynəlxalq Ləzzət və Keyfiyyət
İnstitutu) mükafatına layiq görülüb. Əfqan zəfəranı 300 digər nümunə
sırasından ən yaxşısı kimi tanınıb.
Biz də deyirik, zəfəranımızın
əvəzi yoxdur, bir nömrədir. Hansı
"zəfəranşünas"la danışırsan, deyir
biz beləyik-eləyik. Bəs, niyə bu
yarışmaya qoşulmuruq?
Niyəsini bilmirəm, amma son 10 ildə Əfqanıstan
zəfəranı dünya brendinə çevrilib. Hələ
2008-ci ildə 1 ton quru zəfəran istehsal edirdilərsə,
artıq bu rəqəm 4 tona yüksəlib. Sabah-birigün dünya bazarının 90 faizini tutan,
ildə 300 tona yaxın məhsul istehsal edən İranı da
sıxışdıracaqlar. Elə gözəl
zəfəranı ilə tanınan, illərin təcrübəsini
cəmləşdirən İspaniya da 4 ton istehsal edir, bazara təzə
girən Əfqanıstan da. Hazırda
dünya bazarında Əfqanıstan zəfəranının
1 qramı 10-20 ABŞ dolları arasında satılır.
Hətta əfqanlar onu qablaşdırıb,
brendləşdirib satırlar. Cəmi 7-8 il
öncə zəfəran su qiymətinə torbalarda
satılırdı.
Azərbaycanın zəfəran brendi yoxdur, faktiki zəfəranı
da yoxdur. Bircə yaddaşımızın alt qatlarında belə
bir gözəl məhsulun olduğu haqda məlumat durur. Özü də tək Abşeronda bitmir zəfəran.
Məsələn, Şəkidə zəfəran
yetişdirmək üçün çox gözəl imkan
var. Yetişdirən də yetişdirir. Bircə
bazarını tapa bilmir. Hara aparsın, kimə
versin, kimdən sənəd alsın, bax, bunu bacarmır.
Əkinçinin buna vaxtı da yoxdur.
Tutdan, əncirdən,
xurmadan, üzümdən alınır
Bəyəm təkcə zəfəranla məsələ
bitir? Məsələn, ABŞ-da olarkən bizə nəsə
şirin məhlul təklif edildi. Dadlı idi, "Maple " adlanırdı. Sonra
bildim bu ağcaqayın ağacından alınan şirəymiş.
ABŞ və Kanadada bu ağacdan çox olur,
onun şirəsindən qatı məhlul alırlar. Di gəl, belə məhsuldan Azərbaycanda tonlarla
var. Adına bəkməz deyərlər. Tutdan,
əncirdən, xurmadan, üzümdən alınır. Bir sözlə, istənilən şirin meyvədən
almaq olar. Özü də
bakılıların doşab kimi tanıdıqları bu bəkməzin
qiyməti yoxdur. Mədə-bağırsaq
sisteminin, qaraciyərin dərmanıdır. Orda-burda bazarlarda satılır, şəxsi təsərrüfatlarda
hazırlanır.
Biz bəkməzi nəinki Rusiya, Gürcüstan,
Qazaxıstan, Türkmənistan kimi ölkələrə
tanıda bilmişik, heç öz bazarımızda belə əməlli-başlı
satışını təşkil etməmişik. Nə bir
standartı var, nə bir brend markamız. Bu
qədər tutu, ənciri, xurması, üzümü olan Azərbaycanda
Türkiyə, İrandan gətirilən bəkməz
satılır. Özü də keçibuynuzu deyilən
bəkməzi necə reklam ediblərsə, öz bəkməzimizin
1 litrini 6 manata almaq əvəzinə, oradan gələn bəkməzin
yarım litrini 8-10 manatdan alırıq. Deyirlər, guya kişi hormonlarının sayını artırır. Guya onların bəkməzi
hormonları artırır, bizimki isə yox.
Xaric bir yana qalsın, heç daxili bazarda
satışı olmayıb
Brendləşdirilib dünya bazarına
çıxarılmalı bir məhsulumuz da var. Abqora adlanan bu
turş maye əsl dərmandır. Əsrlərlə
ölkədə istehsal edilib, qiymətli dietik məhsuldur.
Abqora dəyməmiş, kal üzümdən
hazırlanır. Tum-turş olur, arterial təzyiqi,
qanda şəkəri aşağı salır. Həm də xolesterinlə kirəclənən
damarları təmizləyir. Məsələn,
ürək-damar problemi olan insanlar abqoradan gen-bol yararlanmalıdır.
Avropada fransızlar da oxşar məhsul
hazırlayırlar. Hər yerdə də
öz malları kimi təqdim edirlər. Azərbaycanda
adətən Bakı kəndlərində şəxsi təsərrüfatlarda
istehsal edilir. Bazarlarda tapmaq olur. Son bir neçə ildə Ağsudakı
"Azgranata" zavodu da abqoranın emalına başlayıb.
Elə satış məsələsində
çətinliklə üzləşiblər. Xaric bir yana qalsın, heç daxili bazarda tanıyan
olmayıb. Hazırda bir qədər təbliğat
indi-indi təsirini göstərir. Satış
yüksəlib.
Zavod indi hətta abqoranın
qablaşdırılmasını da dəyişib. İlk istehsal
zamanı abqora özünə bənzəməyən
qırmızı rəng alırdı, indi təbii sarı rənginə
qayıdıb. Yəni abqora istehsalı,
onun brendləşməsi və dünya bazarında
satışı ölkəyə milyonlar gətirə bilər.
Soyuqdəymə
zamanı bir soğan yemək kifayət edər
Tanıdılmasına ehtiyac olan məhsullardan biri isə
Hövsan soğanıdır. Bu qeyri-adi soğan
yalnız Bakının Hövsan kəndində bitir. Soğanın maraqlı tarixçəsi var. Deyirlər
hövsanlı hacı Kənan Ərəbistanda olanda bu
soğan növündən xoşu gəlir. Ev sahibi olan ərəb şeyxi bu məhsulun
toxumundan ona da verir. Hacı Kənan toxumları gətirib
Hövsanda əkir və soruşana da deyir
"Şıxverdi", yəni "Şeyx verdi"
soğanıdır. "Şıxverdi"
soğanı çox yerdə bitsə də, başqa
dadı-tamı olur. Hövsan
soğanına bıçaq dəysə dadı dəyişəcək.
Onu əlin içində əzib,
sındıraraq yeyirlər. Formaca uzunsov olur, çox
acı, kəskin tamı var. Soyuqdəymədə
bir soğan yemək kifayət edər. Qabığı
da müalicəvidir. Hövsandan başqa
heç yerdə bitmir, daha doğrusu, soğan başqa ərazilərdə
uzunsov formasını dəyişib, adi soğana çevrilir.
Məsələn, ötən əsrin 30-cu illərində
bu soğan növündən Qazaxıstana aparılıb.
Orada soğan adi yumru soğan halında
yetişdirilibmiş. Bir ara Bakıda
Hövsan soğanı yox dərəcəsinə
çatıb, elə uzun illər Abşeron rayonuna rəhbərlik
edər Sadıq Murtuzayev bir aqronomu Qazaxıstana yollayır,
soğan toxumundan gətizdirir. Hövsan
torpağında əkilən soğan yenidən
özünün köhnə uzunsov formasına qayıdır.
Yəni əslində Hövsan kəndində başqa
heç nə əkilməyə gərək. Bakı
bazarlarında 3-5 manata satılan soğanı dünya
bazarında bundan da baha satmaq olar, tərkibinin əvəzi
yoxdur deyə. Bir dərman kimi. Bu məhsulun da tanıdılmasına, brendləşdirilməsinə
ehtiyac var.
Abşeron
ənciri, Göyçay narı, Naxçıvan əriyi,
Quba alması ələ düşməz
Azərbaycanın brendləşə biləcək
onlarla məhsulu var. Abşeron ənciri, Göyçay
narı, Naxçıvan əriyi, Quba alması ələ
düşməz. Ölkədə nəyinsə yetişmədiyinə
inanmaq belə çətindir. İran
dünyaya biyan kökü satır, bizdə isə
başlı-başınadır. Çöllərdə
yüzlərlə dərman otu var,
yığımı-zadı da yoxdur. Dünya
bazarında qramı 5 dollardan hesablanan dombalan Azərbaycanda da əmələ
gəlir. Amma dombalanı tanıyan
varmı? Çox az adam bu bitkini
tanıyır.
Abşeronun
ağ, qara şanısı heç ələ
düşməz. Ağ şanının
yarpağı dolma üçün çox qiymətlidir.
Dadı da başqa cür olur. Brendləşdirmişik ki? Yox.
Daha çox, Qarabağ zonasında bitən Bədanə
tut sortu var. Əgər bu tutun məhsulu qurudulmaq
üçün çox qiymətlidir, çünki toxumu
xırdadır. Qurut və sat,
üstünə də vur "Bədanə". Qoy, bilinsin.
Hələlik brendləşdirə bildiyimiz bir məhsulumuz
var. O da nardır. 2015-ci ildə ilk Avropa Oyunlarının
simvolu oldu, hazırda Azərbaycanda buraxılan nar şirəsi
ABŞ, Almaniya, Rusiya kimi ölkələrdə
satılır, özü də yüksək standart
nişanı ilə. Hətta Türkiyədə
o qədər də bəyənilməsə də, məhz Azərbaycanın
təsirindən nar bazar, marketlərdə satılmağa
başlanılıb. Bir qədər də
narşərab satırıq dünya bazarında.
Azərbaycanın
kənd təsərrüfatı məhsu
llarını brendləşdirmək, dünya bazarına
çıxartmaq, tanıtdırmaq ölkəni həm
varlı, həm də məşhur edərdi.
Gecikirik hələ...
İsmayıl
RAFİQOĞLU
Yazı Kənd Təsərrüfat
Nazirliyi tərəfindən jurnalistlər arasında elan
edilmiş yaradıcılıq müsabiqəsinə təqdim
edilir.
525-ci qəzet.- 2015.- 30 oktyabr.- S.6.