Hüquqi dövlət quruculuğu: məhkəmə
islahatı və insan hüquqlarının müdafiəsi
Müasir dünyada insan hüquqları ümumbəşər
mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Yalnız insan
hüquqları prizmasından bu gün dünyada mövcud olan
mürəkkəb siyasi, sosial, iqtisadi beynəlxalq münasibətləri
sistemli şəkildə qiymətləndirmək
mümkündür.
Belə ki, insan hüquqları olmadan müasir həyatı
təsəvvür etmək mümkün deyil, çünki bu
hüquqlar azadlıq, bərabərlik, ədalət prinsiplərinə
əsaslanaraq universal xarakter daşıyır.
Bəşər sivilizasiyasının ən vacib kəşflərindən
olan insan hüquqları insan və cəmiyyəti birləşdirən
əvəzsiz nailiyyətdir. Bəşəriyyət də tarix
boyu insan hüquqlarının əhatəli təminatına
nail olmaq mexanizmlərinin və bu yöndə siyasi idarəetmə
sisteminin təkmilləşməsinin böyük mərhələsini
qət edib.
İnsan hüquqları ideyasının
yaranmasının uzun müddətli olmasına baxmayaraq, onlar
yalnız demokratiya, azadlıq, ədalət, formal bərabərlik,
insan dəyərinin tanınması prinsipləri əsasında
formalaşaraq, həqiqi mənaya nail olublar.
Müasir dövrdə isə insan hüquqları
yüksək mədəni dəyərlərdən biri hesab olunarkən,
fərdləri cəmiyyətdə baş verən
bütün proseslərin mərkəzində saxlayır və
onların cəmiyyət daxilində inkişafını və
təhlükəsizliyini təmin edir.
Azərbaycan
Respublikası da öz dövlət müstəqilliyini bərpa
edərək,
insan hüquqlarının müdafiəsini prioritet
sahə kimi müəyyən edərək, hüquqi dövlət
quruculuğu prosesinə başlamışdı.
1995-ci
ilin əvvəllərində Azərbaycan Respublikasının
Prezidenti, Ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə
Konstitusiya Komissiyası yaradılıb, komissiya tərəfindən
ümumbəşəri ideya və dəyərləri
özündə əks etdirən yeni Konstitusiya layihəsi
hazırlanıb. Yeni Konstitusiyanın layihəsi 12 noyabr 1995-ci
il tarixdə ümumxalq səsverməsi -
referendumda qəbul edilib. 1995-ci ilin əvvəllərində
Azərbaycan Respublikasının Prezidenti, Ümummilli liderimiz
Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası
yaradılıb, komissiya tərəfindən ümumbəşəri
ideya və dəyərləri özündə əks etdirən
yeni Konstitusiya layihəsi hazırlanıb. Yeni Konstitusiyanın
layihəsi 12 noyabr 1995-ci il tarixdə
ümumxalq səsverməsi - referendumda qəbul olunub. Yeni Konstitusiya müstəqil Azərbaycan
Respublikasının hüquqi, demokratik dövlət
quruculuğu istiqamətində inkişafının hüquqi
təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını
müəyyən edərək və ən yüksək
hüquqi qüvvəyə malik olmaqla respublikamızda
hüquq sisteminin bünövrəsini təşkil etmiş və
əsaslı məhkəmə-hüquq islahatlarının həyata
keçirilməsinə zəmin yaradıb. Konstitusiyada insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətin əsas məqsədi kimi təsbit
olunub.
Konstitusiyada öz əksini tapmış insan hüquq və
azadlıqları hamılıqla qəbul olunmuş beynəlxalq
normalara uyğundur. Belə ki, Konstitusiyanın müddəaları BMT
çərçivəsində qəbul olunmuş İnsan
hüquqları haqqında Ümumi Bəyənnaməyə,
İqtisadi, sosial və mədəni hüquqlar haqqında,
habelə vətəndaş hüquqları və siyasi
hüquqlar haqqında Beynəlxalq Paktlarına tam olaraq əsaslanır.
Azərbaycan
Respublikasının Konstitusiyası birbaşa bəyan edir ki,
insan və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Qeyd olunan hüquqlar isə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq tətbiq edilir (maddə 12, bənd 1,2 ). Konstitusiyanın 148-ci maddəsində isə Azərbaycan
Respublikasının qoşulduğu beynalxalq müqavilələr
Azərbaycan Respublikası qanunvericiliyi sisteminin ayrılmaz hissəsi
elan edilir.
Azərbaycan Konstitusiyası vətəndaşların
hüquqlarını müdafiə etməsi məqsədi ilə
milli və beynəlxalq məhkəmə orqanlarına
müraciət etmək imkanını yaradıb. Konstitusiyaya müvafiq olaraq "Azərbaycan
Respublikasında məhkəmə hakimiyyətini ədalət
mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata
keçirirlər (maddə 125.1).
Son dövrdə məhkəmə sistemində bir
çox dəyişikliklər baş verib. Vətəndaşların məhkəmə
vasitəsi ilə öz hüquq və azadlıqlarının
müdafiəsinə maneəçilik törədən
bütün məhdudiyyətlər aradan
götürülmüş, mülkiyyət hüququ,
seçki hüququ, normativ-hüquqi aktlardan şikayətin verilməsi və
s. kimi yeni hüquqi münasibətlər və yeni hüquqi fəaliyyət
sferaları meydana gəlmişdi.
11 iyun
1999-cu ildə "Vətəndaşların hüquq və
azadlıqlarını pozan qərar və hərəkətlərdən
(hərəkətsizliklərdən) məhkəməyə
şikayət edilməsi haqqında" Qanun qəbul olunmuşdu. Bu
qanuna əsasən, hər bir şəxs dövlət və
yerli özünüidarəetmə orqanlarının, müəssisə,
idarə və təşkilatların, ictimai birliklərin, vəzifəli
şəxslərin hüquq və azadlıqlarını pozan,
həmçinin də onların həyata keçirilməsinə
mane olan qərar və hərəkətlərdən, habelə
belə qərar və hərəkətlərin qəbul edilməsi
üçün əsas olmuş rəsmi informasiyadan məhkəməyə
şikayət etmək hüququna malikdir.
Bundan
başqa, qeyd olunan dövr ərzində "Məhkəmə
və hakimlər haqqında", "Məhkəmə nəzarətçiləri
və məhkəmə
icraçıları haqqında", "Konstitusiya məhkəməsi
haqqında" və digər Azərbaycan Respublikası
qanunları qəbul olunub.
Daha bir
mühüm addım 24 avqust 2002-ci il
tarixində Konstitusiyaya əlavələr edilməsi məqsədi
ilə keçirilən referendumla həyata keçirilib. Qəbul olunan referendum aktına əsasən, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə vətəndaşların
birbaşa müraciəti təmin olundu. 23 dekabr 2003-cü
il tarixində isə "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikasının yeni Qanunu qəbul
olundu.
Beləliklə,
insan hüquq və azadlıqlarının müdafiəsi
üçün yeni, təkmilləşdirilmiş və beynəlxalq
hüququn tələblərinə cavab verən qanunvericilik
bazası yaradılıb.
Hüquqi
islahatların davamı olaraq, beynəlxalq birlik
qarşısında insan hüquqları sahəsində üzərimizə
götürdüyümüz öhdəliklərdən irəli
gələrək, 28 dekabr 2001-ci ildə "Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
Müvəkkil (Ombudsman) haqqında" Azərbaycan
Respublikasının Konstitusiya Qanunu qəbul olunmuşdu. Qanuna əsasən ölkə tarixində ilk dəfə
olaraq İnsan hüquqları üzrə Müvəkkil
(Ombudsman) institutu təsis edilmişdi. Bu isə Azərbaycan
Respublikasının hüquqi dövlət kimi inkişaf
etdiyini və qabaqcıl ölkələrin təcrübəsindən
geniş istifadə etdiyini sübut edirdi. Həmin institutun
dövlət və yerli özünüidarəetmə
orqanları, vəzifəli şəxslər tərəfindən
pozulan insan hüquqları və azadlıqlarının bərpa
edilməsi məqsəd və vəzifə kimi qoyulub.
Eyni zamanda,
Müvəkkilin fəaliyyəti insan hüquqlarının
müdafiəsini, pozulmuş insan hüquq və
azadlıqlarının bərpasını təmin edən digər
dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır
və ya onları əvəz etmir.
Müvəkkil
əfv,vətəndaşlıq, siyasi
sığınacaq verilməsi məsələlərinin həlli
ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər
verə bilər. Bununla belə Müvəkkil
Milli Məclisə hüquq və azadlıqlarının təmin
edilməsi məqsədilə qanunların qəbul edilməsinə
və ya onlara yenidən baxılmasına dair təkliflər də
verə bilər.Müvəkkil Azərbaycan
Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi
barədə də təklif ilə müraciət edir.
Bunu da
qeyd etmək lazımdır ki, Müvəkkil Azərbaycan
Respublikası vətəndaşları ilə yanaşı, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin,
Azərbaycan Respublikası ərazisində insan
hüquqlarının pozulması faktlarını da öz səlahiyyətləri
çərçivəsində araşdırır.
Aparılan
hüquqi islahatların məntiqi davamı olaraq və BMT-nin
Minilliyin inkişaf məqsədlərinin və Avropa
Şurasının Zirvə Görüşünün müəyyən
etdiyi prioritetləri nəzərə alaraq, Prezident İlham
Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə
Azərbaycan Respublikasında İnsan hüquqlarının
müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq
edilib.
Bu Planın əsas məqsədi ondan ibarətdir ki,
dövlət və qeyri-dövlət orqanları, insan
hüquqlarının müdafiəsində beynəlxalq və
regional konvensiyalara qoşulması üçün tədbirlər
görməlidilər. Əlbətdə ki, bu konvensiyalara
qoşulmaq üçün, müvafiq orqanlar tərəfindən,
beynəlxalq qurumlarla əməkdaşlıq planı təşkil
olunmalı və həyata keçirilməlidi.
Milli Fəaliyyət
Planı 2006-cı ildən 2010-cu ilə qədər konkret
dövlət orqanlarının (Baş Prokurorluq, Ədliyyə
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər
Nazirliyi və digər orqanlar) qarşısına konkret vəzifələr
qoyurdu.
Qeyd etmək lazımdır ki, Milli Fəaliyyət
Planında yalnız dövlət orqanlarının
qarşısında qoyulan məqsəd və vəzifələrdən
bəhs edilmir.
Bununla belə tədris, elmi-analitik və maarifləndirmə
tədbirlərdən danışılır. Məsələn,tədris tədbirlərinə insan
hüquqları üzrə tədris vəsaitlərinin
hazırlanması aiddir.
Elmi-analitik tədbirlərinə isə Azərbaycan Respublikasının
şəhər və rayonlarında maarifləndirmə
tədbirlərin keçirilməsini aid etmək olar. Belə tədbirlər əhalinin hüquqi
düşüncəsini və hüquqi mədəniyyətini
inkişaf etmək məqsədi ilə keçirilir. Bu
gün artıq həyata keçirilən tədbirlər
çərçivəsində müxtəlif kitablar, bukletlər,
plakatlar və s. hazırlanır və əhaliyə
çatdırılır.
"Milli
Fəaliyyət Planı" layihəsinin nəticəsi kimi,
2010-cu ildə Azərbaycan Respublikasına de-fakto
"hüquqi dövlət" və "Avropa dövləti"
statusu verildi. Bu isə onu sübut edir ki,
dövlət və qeyri-dövlət institutları öz
üzərinə düşən bütün vəzifələri
yüksək səviyyədə və qısa müddətdə
yerinə yetirdi.
Beləliklə,
Azərbaycan Respublikası müstəqilliyini bəyan etdikdən
bu günə kimi demokratik, hüquqi dövlət quruculuğu
istiqamətində həyata keçirilmiş hüquqi
islahatlar nəticəsində insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi və qorunması sahəsində ölkəmizdə
mühüm hüquqi baza yaradılmış, insan
hüquqlarının müdafiəsi sahəsində
aparılan ardıcıl islahatlar isə öz müsbət nəticələrini
verməkdədirlər.
Afət
MEHDİYEVA
Prezident
yanında Dövlət İdarəçilik
Akademiyasının 1-ci kurs magistrantı
525-ci qəzet.-
2015.- 30 oktyabr.- S.5.