Rüfət müəllim hara, 70 yaş hara!
İnana bilmirəm, Rüfət müəllimin 70 yaşı
tamam olur. Bakı
Dövlət Universiteti
Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının
müdiri, professor Rüfət Rüstəmovu
deyirəm - bizim sevimli Rüfət müəllimimizi. İnana
bilmirəm, çünki
mən onu ilk dəfə görəndə
- 28 il qabaq
- necəydisə, elə
də qalıb. Zamanın təkcə zil qara saçlara, qara bığlara hökmü çatıb,
ancaq zaman onun çallaşmış
saçlarında gəncliyin
izini itirməyə çalışsa da, bacarmayıb.
Rüfət Əşrəf oğlu Rüstəmov 1945-ci ilin 1
noyabrında Gədəbəy
rayonunun Düzrəsullu
kəndində dünyaya
gəlib. Orta məktəbi doğma kəndində bitirəndən
az sonra
ordu sıralarına çağırılıb. Əsgəri xidmətini başa vurub yurduna dönən
Rüfət Rüstəmov
ötən əsrin
60-cı illərinin ikinci
yarısında Azərbaycan
Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsinə
qəbul olunub. Hələ tələbə olduğu
dövrdə - 1972-73-cü illərdə Türkiyədə
tərcüməçi kimi
çalışıb. 1973-cü ildə universiteti bitirəndən
sonra fakültə elmi şurasının qərarı ilə Yaxın Şərq dilləri kafedrasında laborant vəzifəsinə
təyin edilib. Bununla da Rüfət müəllimin gələcək
həyatı, fəaliyyəti
həmişəlik doğma
universitetə bağlanıb.
1980-ci ildə Rüfət
Rüstəmov Tbilisidə
“Müasir türk dilində nidalar” mövzusunda namizədlik,
1996-cı ildə isə
“Türk dilində köməkçi nitq hissələri” mövzusunda
doktorluq dissertasiyası
müdafiə edib. Respublikada ilk “Türk dili” dərsliyinin müəllifi,
BDU-da Türk filologiyası kafedrası yarandığı vaxtdan həmin kafedranın müdiridir.
1985-ci ildə Rüfət
müəllim ikinci dəfə Türkiyəyə
işləməyə gedir,
iki ildən sonra - 1987-ci ildə xidmətini başa vurub Bakıya qayıdır.
Bizim onu tanımağımız da
elə həmin vaxta düşdü. 1986-cı ilin yayında universitetin Şərqşünaslıq
fakültəsinin türk
bölümünə qəbul
olunmuşduq. Birinci semestrdə
ixtisasdan bizə Əsgər müəllim
(professor Əsgər Rəsulov
- o zaman hələ elmlər namizədiydi) dərs deyirdi. Qış tətilindən qayıdanda
məlum oldu ki, ixtisas müəllimimizi
dəyişiblər, daha
Əsgər müəllim
bizə dərs deməyəcək. Əsgər müəllimi
çox sevirdik, dördcə ay içində
hamımız ona candan-könüldən bağlanmışdıq,
dərsləri də olduqca maraqlı keçirdi. Ona görə
də qanımız qaralmışdı, dilxorçuluqdan
heç təzə müəllimin kimliyilə
də maraqlanmırdıq.
Heç yadımdan çıxmaz: Əsgər
müəllim divardan asılmış cədvələ
baxa-baxa yanındakı
gövdəli kişiylə
nəsə danışırdı,
yəqin bir növ təhvil-təslim eləyirdilər. Yaxınlaşıb ondan nəsə soruşdum, daha doğrusu, bizim qrupu ondan aldıqlarına
görə narazı olduğumuzu, təəssüfləndiyimizi
nə cürsə izhar elədim. Bu vaxt Əsgər müəllimin yanındakı
gur qara saçlı, qalın qara bığlı, həm zəhmli, həm də çox yaraşıqlı,
görkəmindən də,
geyim-kecimindən də
yerli adamdan çox türkə (yəni türkiyəliyə)
oxşayan (demə, Türkiyədən yenicə
qayıdıbmış) həmin
o gövdəli kişi
dönüb məni tərs-tərs süzdü.
Olduqca həssas, mülayim Əsgər müəllim mənim çaşqınlığımı tez aradan qaldırmaq
üçün - araya
ayrı söz, ayrı baxış girməmiş - yeni ixtisas müəllimimizi mənim timsalımda qrupumuza təqdim elədi: “Bu semestrdən sizə Rüfət müəllim dərs deyəcək”. Sonra da həmkarını layiq olduğu xoş sözlərlə təriflədi, yəni ki, narahat olmayın,
sizi etibarlı əllərə tapşırıram...
Tezliklə Rüfət müəllimə
də doğmalaşdıq
- onun tərs baxışlarına, müəllimdən
də çox bir paşanın, komandanın səsinə bənzər hökmlü
qalın səsinə,
təmkinli nitqinə,
duzlu yumoruna könüldən bağlandıq. İlk dərsə
başladığı gündən
o, auditoriyada hələ-hələ
hər istanbullunun danışa bilməyəcəyi
tərtəmiz İstanbul
türkcəsində danışırdı,
bizdən də dərs zamanı ana dilimizi unutmağı,
yalnız türkcə
ünsiyyət qurmağı,
sualları da türk dilində verməyi tələb eləyirdi. Adamda elə təəssürat
yaranırdı ki, Rüfət müəllim
doğma Azərbaycan türkcəsini yadırğayıb,
bu ləhcədə danışa bilmir.
O vaxtlar tələbələr arasında fakültənin bəzi müəllimləri haqqında əfsanələr dolaşırdı: filan müəllim dörd dildə təmiz danışır, filan müəllimin ərəbcəsinə ərəblər özləri də heyran qalırlar, filan müəllim SSRİ-də fars dilinin bir nömrəli bilicisi sayılır... Rüfət müəllim haqqında da deyirdilər ki, bütün Sovet türkoloqları arasında türkcə onun qədər təmiz, səlis, aksentsiz danışan, onun kimi diksiyası olan kimsə yoxdur. Mən əfsanə sözünü işlətdim, ancaq bu danışılanlar qətiyyən əfsanə deyildi, hamısının arxasında bir gerçəklik dururdu.
Birinci kursu bitirəndən sonra yaşıdlarım kimi məni də əsgər apardılar deyə Rüfət müəllimin qrupundan da ayrılası oldum (qayıdanda gözəl, qayğıkeş insan Hüseyn müəllimin qrupuna düşdüm). Ancaq ilk semestrdə Əsgər müəllimin bizə əzbərlətdiyi “Səssiz gəmi” (Yəhya Kamal Bayatlı), ikinci semestrdə isə Rüfət müəllimin öyrətdiyi “Millət şərqisi” (Tofiq Fikrət) şeirlərini bu gün də unutmamışam. Əsgərlikdən qayıdandan sonra gördüm ki, bizim birinci kursda öyrəndiyimiz ikinci şeir artıq böyük, izdihamlı mitinqlərdə oxunur.
Yeri gəlmişkən deyim ki, Rüfət müəllim çox vətənsevər insandır. Onun mənsub olduğu ailə, ocaq torpaqlarımızın qorunması uğrunda savaşda dörd şəhid verib, onlardan biri - Məzahir İzzət oğlu Rüstəmov Azərbaycanın Milli Qəhrəmanıdır. 20 Yanvar qurbanlarının dəfn mərasimindən çəkilmiş lentlər efirdə göstəriləndə bəzən şəhid tabutu altına çiynini vermiş Rüfət müəllimin kameraya iri planda düşmüş hüznlü siması da ekranda görünür.
Bu yaxınlarda yenə rastlaşdıq, görüşdük, öpüşdük, qucaqlaşdıq - daha müəllim-tələbə kimi də yox, dostcasına, qardaşcasına. Yenə duzlu lətifələr danışıb bizi güldürdü. Keçənləri xatırladıq. Bir az kədərləndik, bir az da sevindik. İllər aramızdakı fərqi xeyli azaldıb. Rüfət müəllim cavan qalsa da, biz yaşlanıb ona çatmağa can atırıq. Ancaq bu 70 söhbəti məni lap çaşdırdı: Rüfət müəllim hara, 70 yaş hara! İnanın, ya sənədlərdə bir yanlışlıq var, ya da zamanın sayğacında texniki nasazlıq yaranıb. Mütləq - tələbələr, müəllimlər qarışıq - toplaşıb bunu birlikdə ayırd eləməliyik...
Yubileyin mübarək, əziz Rüfət müəllim! Həmişə belə cavan qal!
Fəxri Uğurlu
525-ci qəzet.- 2015.- 31 oktyabr.- S.30