Şuşa dumanı
“Anam deyirdi,
ayaqlarım sızıldayır, duman gələcək.
Gəlirdi də...”
Hikmət
Sabiroğlunun “Qarabağ söhbətləri”ndən
“Yalançısan, yalançı! Bəs deyirdin
ayağım ağrıyanda yağış yağır.
Hanı yağmadı ki. Heç
vaxt yağmır da. Sənin nə yalançı
ayaqların varmış” -, Amil həkim evdən
çıxaçıxda beş
yaşına dünən adlamış toppuş nəvəsinin
ağzını marçıldada-marçıldada elədiyi
giley-güzarın qabağında deməyə düz-əmməli
söz tapmadı, həmişəki kimi başını
sığallayıb alnından öpdü, əyilib
qulağına “Ə, saa qurban olum” pıçıldadı.
Qonum-qonşunun yığışdığı xudmani ad
günündə eləcə dizlərini
ovuşdura-ovuşdura qalmışdı, zoqqultudan masanın
altında ayaqlarını qoymağa yer tapmırdı, barı durub gəzişməyə imkan
olsaydı, sızıltıları bekara səngiyərdi.
Axı hara gedəsən: nəzir-niyazla tapdığın
gözünün ağı-qarası nəvənin beş yaşı ola, tifil sevincindən
özünü qoymağa yer tapmaya, neçə ildən
sonra bu qədər dost-tanışı bir yerdə görəsən,
axırda da qayıdasan, siz oturun mən gəzişib gəlirəm,
heç olan iş deyildi. Məclis də ki nə
məclis - elə bil hamı sözü bir yerə qoyub
ömürləri boyu məşq elədikləri bir pərdəli
komediyanı növbəti dəfə oynayırdılar, hərə
bir cürə artistlik edirdi, təki uşağın könlü
xoş olsun. Uşaq neyləsin axı, bu
qaçhaqaç dünyasına mayın 7-də göz
açıb, sabahsa Şuşanın gedən
günüdü... Loxması boğazında kilidlənən
məğlub şəhərin sakinlərinin əllərindən
nə gəlirdi artistlikdən savayı...
“Ay doxtur,
halın yaman qarışıqdı, nooluf sən Allah?”.
“Ayaqlarımı qoymağa yer tapammıram. Sızıldıyır
yenə. Bu nə dərddi
düşmüşəm bilmirəm”.
“Rematizmadı
dana, nə olasıdı ki? Rütubət
olan təki göynədir. Bakının
da başına dönüm, təmiz adamları kimi təmiz
havası da hələm-hələm ələ
düşmür”.
“Ə, heylə danışmayın. Doxturla
doxturlux eləmək istəyirsiniz, heləmi?”
“Qalada olanda anamın da ayaqları zoqquldayırdı. Elə dədəm
rəhmətliyin də. Bu azar bizdə nəsillikcədi,
deyəsən. Sabah yağış
yağacaq, nə bilim duman gələcək bizim
ayaqlarımız göynəməliydi”.
“Baba, sabah yağış yağacaq?” - Amil həkimin toppuş nəvəsi
əlindəki oyuncaq tankı yerə qoyub sevincək dilləndi
- “duman da gələcək, heləmi? Mən heç duman
görməmişəm...”
“Ayə, Bakıda duman nə qayırır? Duman Şuşada olurdu de:
kor duman, dalınca da sızqa yağış. Pah! Duman deyirəm e saa, tay tozanax yox!”
“Uşağın könlünü niyə
qırırsan? Qadası, bunlara baş qoşma, babanın ayaqları
zoqquldayır, sabah mütləq duman olacaq,
hələ dalınca bir yağış yağsın ki...
Pah! Yağış deyirəm e saa...” Amil həkim
dünən dediyi sözləri yadına salanda
ayaqlarının ağrısı kəsmişdi, amma heç
nədən uşağın yanında əməllicə pərt
olmuşdu. Doğrudan da duman harda qaldı görəsən?.. Heç olmasa çoban aldadan
yağış ataydı...
Belə
götürəndə yaxşı ki yağmadı, bu gün
Yeni Yasamalda Əliqulu müəllimin ortancıl oğlu
Mehmanın - “Memi”nin üçüdü
axı. Özü də Şuşanın gedən
günü, yas yasa qarışıb. Bir
yağışımız çatmırdı, camaatı ələm-yesir
eləsin. Şuşanın yas məclisləri
ağır olur: ağır olur da sözdü lap yüz
yaşında adamın hüzründə də yeddi gün
otururlar, mağarın da günü bir ətək pul, o biri xərc-xəsarətləri
də öz yerində. Bakılılar
üçdən sonra mağarı yığırlar. Çox vaxt elə üçlə yeddini birləşdirirlər,
ağdamlılar da qaçqınlıqda adət-ənənəyə
əl gəzdirdilər, üçlə yeddinin arasında
mağarı götürdülər. İmkanlı
adamlar qabağa düşüb belə elədilər ki,
kasıb-kusub zora düşməsin. Düz
də elədilər. Amma Şuşa...
Heç kim adətdən qırağa
çıxmağa ürək eləmirdi. Şuşa
qəliz yerdi - belə məsələdə qabağa
düşmək çətindi. O Şuşada da,
Bakının Şuşasında da. Bu vurhavurda bir yağışımız
əskik idi...
Amil həkim mağarın qabağında Əliqulu
müəllimi görəndə dodaqları səyridi,
üçcə günün içində insan yumaq kimi
yumula bilərmiş, bala dağının acısına
çiyin gərək idi tablaşsın. O, tük basmış sifətinin
içində ərimiş gözlərini
başsağlığı verənlərin üzünə
zilləyib durmuşdu, hamı eyni sözü deyirdi,
möcüzə olmayacaqdı ki. Mağarın
qabağında beli bükülmüş ağsaç bir kişi Əliqulu müəllimi saxlayıb
dayanmadan nəsə danışırdı, heç
şübhəsiz ürək-dirək verirdi, dil-ağız
eləyirdi. Aralanıb getməyə tələsmirdi.
Öyüd-nəsihət o qədər çəkdi ki,
axırda həkim öz ürəyində qocaya əsəbləşdi:
“Zalım oğlu, ehsanını yedin, sürüş də
burdan. İncitmə də yazığı!”.
Kişi çəkilən kimi Əliqulu müəllimə
yaxınlaşıb hamının dediyi sözləri dedi. O,
işığı azalan, çuxura düşmüş
gözlərini həkimin sifətində gəzdirib əlini
çiyninə qoydu. “Doxtur,
tanıyırsanmı o adamı” soruşdu. “Yox, müəllim”. “Xankəndindəndi.
Bu yazığın oğlunu maşın vurub
öldürüb - özü də o biri oğlunun toyu
günü”. Ay dünya, yazıq Əliqulu müəllimdən
də dərdliymiş ki. Mən də ürəyimdə
yamanlayırdım onu...
“Doxtur,
gözlərində nətəər də kədər var” -
, Rəfael kişi həkimin
qabağına çay qoyub bir xeyli üzünə baxdı,
nəsə deyəcəyini gözləmədən
çıxıb getdi. (“Ay pir olmuş, oturmuşam cavan
oğlunun dərdindən beli bükülən atanın
böyründə gözlərimdə nə olasıdı
ki... “ - həkim ürəyində
pıçıldadı). Şuşanın yas
məclislərində dildə hamı çox söz
danışa bilərdi, bir-birlərinə toxtaxtlıq verə,
hətta köhnə şakərlərinə xilaf
çıxmayıb baməzə, duzlu-məzəli söhbətlər
də edə bilərdilər, ölənlə ölmək
olmaz ki. Amma Şuşa camaatı əsas
sözlərini heç vaxt dillərinə gətirməyib eləcə
ürəklərində pıçıldayardılar. Bunu bir
özləri eşidərdi, bir də Allahları!
“Deyirəm ay doxtur, bu çayçı Rəfael
olmasaydı, neyləyərdik” - Əliqulu müəllim
mağarın qapısından aralıda yekə samovara
baxa-baxa pıçıldadı. - “Allah dadına yetsin,
heç bilmədim hardan xəbər tutub gəlib”.
“Sağ olsun” - həkimi gözləmədən
yanındakılardan kimsə dilləndi. - “Bizim məclislərimiz
onsuz olarmı heç”.
“Bilirsən
də doxtur, Pirşağıdakı Şuşa qəbiristanlığı
dolub daha” - qabaq-qənşər oturmuş kişi
çaydan bir qurtum alıb sözə başladı -, “Bələdiyyə
uzun bir səngər qazdırıb, burdan o tərəfə
keçmək olmaz. Dedik etməyin, eləməyin a kişilər,
hələ bizə çox yer lazım olacaq orda...”
(“Atam öləndə qırx gün qəbiristanlığa
gedib-gəldim - ustalar qəbrin üstünü
götürürdülər. Şuşadakı Mirzə Həsən
qəbiristanlığını deyirəm, qardaşlar,
hamımıza yer vardı orda” -, həkimin içinin
pıçıltısı məclisdəkilərin ürəyində
eyni vaxtda səsləndi, amma heç kim
dillənmədi).
“Ləyaxlı oğlan idi, Allah bütün cavan gedənlərimizə
irəhmət eləsin. Haqq dünyasında olanlarımızın ruhuna bir
salavat zikr eliyək” - , Amil həkim uzun fasilədən sonra səsini
çıxaran mollaya sarı çevrildi, başının
üstündə qırmızı xalçanın düz
ortasında “Memi”nin gülə-gülə
şəkli asılmışdı. (“Ay Əliqulu müəllim,
bu gədənin düz-əmməli şəklini
tapmadınızmı böyütdürəsiniz. Allah sənə insaf versin, niyə gülə-gülə
ürəyimizi dağlayırsan”).
“Ay
kişilər, vallah salavat çevirməkdən əllərim
qabar olub. Ə, bu boyda da yas olar? Əliqulu müəllim, sən Allah incimə e,
keçən həftədə əmimi tapşırdıq
axı” -, yan tərəfdən kimsə dil-ağız eləməyə
başladı.
“Allah rəhmət eləsin, başa düşürəm,
a bala”.
“Müəllim, Allah saa səbr versin, möhkəm ol, əşi.
“Memi” canlara dəyən oğlan idi. Sən Allah, həştatıncı
ildə Stepanakertdə basketbol məsələsi
yadınıza gəlirmi?”.
“Pay! Ə, heylə şeyi yaddan çıxarmaq olar?”
“80-cı
ilin dekabrında vilayət birinciliyində Şuşa komandasının
oyununu deyirəm e...”
“Ə, hə
dana, mən də onu deyirəm”.
“Komandanı
Saleh müəllim hazırlamışdı: Sulduz
oynayırdı, Xaqan oynayırdı, hamıdan yaxşı
“Memi” oynadı. Elə-belə deyil e, vilayətin
tarixində birinciliyi şuşalılar götürdü”.
“Sən öl mən də ordaydım. Nətəər
çığırmışdımsa üç gün səsim
batdı. Qabağa çıxdıq
özü də dörd top fərqiylə. Hələ
görəydiniz, vilayət idman komitəsinin sədri
varıydı ha, dığanın adı yadımdan
çıxdı, axırıncı dəqiqələrdə
hirsindən zülüm-zülüm ağlayırdı...”
(“Heyf o günlərdən...” - camaat Yasin oxuyurmuş kimi
dodaqlarının altında pıçıldadılar).
Ermənini ağladan Memi döyüşdə ölməmişdi, Qarabağın odunda-alovunda gülləyə can verməyən pəhləvan Donetskdə çayda çiməndə canını tapşırmışdı. Nə gülməli ölüm idi, heç Memiyə yaraşmırdı. Əlində avtomat səngərdə keşik çəkdiyi vaxtlarda qulağına pıçıldasaydılar, çayda boğulacaqsan adamı hoydu-hoyduya götürərdi. Meyidini gətirənlər bircə kəlmə dedilər: çimməyə getmişdi bədbəxt, çaya girən kimi batdı. “Dağ uşağı hardan bilsin üzmək nədi” - şuşalılar pıçıldadı. Torpaq davasında uduzanların çörək davasında da bəxtləri gətirmədi, bir ömürdə iki məğlubiyyət, bir ömürdə iki ölüm...
Amil həkim Əliqulu müəllimin düz yanında otursa da, bayaqdan bəri ürək eləyib üzünə baxa bilməmişdi. Ölü yiyəsinin üzünə baxmaq mollaya Fatihə üçün işarə eləmək kimi bir şey idi. Həkim ürəyində qubar bağlamış köhnə xatirələrin çözələnməsini, hərənin bir tərəfdən ipucu verə-verə o illəri, onların olan illərin tozunu almasını istəmirdi. Qaçqınçılığın qərib gecələrində o illərin qaramatına azmı tuş gəlmişdi? Azmı olmuşdu, yuxuda it görən kimi ayılıb, özünü güc-bəla hamama salıb hönkür-hönkür ağlamağı? Anasının sözləriydi - 92-ci ilin fevralının axır günlərində birdən-birə qapımıza xeyli it gəlmişdi. Deyir, yəqin Malıbəylinin, Xocalının itləriymiş... Qapımıza gələn itlər hürüşə-hürüşə də çıxıb getdilər, amma sonra betərini elədilər, ulaşa-ulaşa yuxularımıza doluşdular və bir də heç yana getmədilər... İndi qaysaq bağlamayan yaraya təzədən neştər uzatmağın nə mənası var, qardaşlar, o babalar öldü e, başınıza dönüm.
Ayaqları yenidən zoqquldamağa başladı - lənət şeytana bu nə vaxtın ağrısıdı, camaat fikir eləyəndə ürəyini tutur, mən ayağımı. Kimə desən adama gülər vallah. Nə dünən yağış yağdı, nə bu gün, sabah da yağmayacaq. Heç duman da gəlməyəcək. Bəs bu nə şoqərib ağrıdı, yapışıb oynaqlarıma əl çəkmək bilmir. Həkim masanın altında dizlərini ovuşduranda Əliqulu müəllimin ayağına toxundu:
- Yenədəmi ağrıyır?
- Müəllim, açıb ağardılası dərd deyil vallah. Bu gün uşağın yanında da xəcil elədi məni, nəvəmi deyirəm. Yekə-yekə axşamdan dedim ki, səhər yağış yağacaq. Yağış nədi, heç duman da gəlmədi...
- Bəlkə
duman bizim dağlara gəlir, ay doxtur?
- Tay o
dağlardan bizə nə, başına dönüm... Gör neçə kilometr o tərəfdə qoyub gəlmişik.
- Heylə
demə, ay doxtur. Bilirəm, Qaladan düşmək
adama çöçün gəlir. O gün Yeni Yasamala
bekara duman gəlmişdi, bilirsən nə qədər adam zəng elədi, açmadım telefonu. Tək başsağlığı üçün
aramırdılar. Bilirəm nə istədiklərini.
Şuşalılar duman görəndə bir-birlərini
axtarırlar...
- Nə
deyirəm ay müəllim, təki bu ələm dumanla getsin.
Məni üzrlü say, sən Allah bu, çox namərd
ağrıdı, durub gəzişməsəm əl çəkən
deyil. Bir az gəzişim qayıdıram.
- Ay
doxtur, gedəni qaytarmayacaqsan ki, işində ol. Allah şəfanı versin.
“Doxtur, nə tez durdun?” - mağarın
qapısından azca aralıda samovarının yanında
dayanıb siqaret tüstülədən çayçı Rəfael
dilləndi və cavab gözləmədən də “tay sən
nə təər doxtur oldun e ayaqlarınla bacara bilmirsən”
dedi. Amil həkim başını bulayıb
gülümsədi, Rəfaelin baməzəliyinə
yaxşı bələd idi, nə olsun şərdən-şərə
çay paylayır, sözünün qabağına nə
söz deyəcəkdi ki.
Şuşa çayçısıyla söz güləşdirmək
hər yoldan ötənin hünəri idimi? Bilən bilir, xanlıq
paytaxtı olmuşdu Şuşa, elə
adamlarının başında da xanlığın havası
qalmışdı. Cibində bir manat yox, əynində
“dvuxportnu” kostyum, boğazda qalstuk, dil də maşallah bir metr.
Rəfaelə söz çatdırmaq olardı?
- Ay
doxtur, sən Allah bir o ağaca sarı bax -
çayçı dilləndi - nə görürsən orda?
- Nə
görəcəm ay başına dönüm, ağacdı dana.
-
Ağacı demirəm, doxtur, onun üstündəki sərçələri
deyirəm. Lap bizimkilərə oxşayır, heləmi?
- Ə, sən Allah başlama.
-
Sazaxlı qışda Qalada bir biz qalırdıq, bir də sərçələr.
Biz gəldik, sərçələr qaldı...
- Allah səndən
razı olsun, Rəfael, belə şeylərin çox fikrini
çəkmə ürəyinə xal düşər.
- Heyf... heyf ki, dumandan qabaq sənin ayaqların kimi mənimkilər də ağrımır. Muğayat ol ondan, elə-belə şey deyil, Qala ağrısıdı Qala!
- Ə, sən Allah yaxşı...
(“Qalada bir biz qalırdıq, bir də sərçələr” - , niyə sarı simə vurursan, ay çayçı Rəfael, elə bilirsən mənim gönüm qalındı, heç zad qanmıram, yadıma heç zad düşmür. “Qar ayaqlamaq” söhbəti vardı, yay axşamlarında pencəklə gəzib, gecələr yorğana bürünüb yatmağa nə vardı. Hünərin var qışda gəl Şuşaya - sazağında, qarında burnunun ucu göynəsin, qulaqların qızarsın, qar ayaqla... İlk donduran aylarda şəhərdə bir biz qalırdıq, bir də sərçələr. Bunları niyə yadıma salırsan, ay Rəfael, insafın yoxdumu? Biz gəldik sərçələr qaldı...”)
Gün boyu uzanan sızıltı hava qaralanda daha dözülməz olurdu, bu dəfə ağrılar aşağıdan yuxarı bütün bədənini, oynaqlarının yaladıqca düşüncələrini də süstləşdirirdi. Dilini dişinə tutub dayanmışdı, özünə söz vermişdi ki, bir də uşağın yanında əllərini dizlərinə sürtməyəcək, lap dünya yerindən oynasa belə. Toppuş nəvəsi oyuncaq avtomatını silkələyə-silkələyə hara gəldi şığıyır, “düşmən” axtarır, “atəş” açırdı, sevimli seriallarının başlamasına dəqiqələr qaldığından qadınlar televizorun qabağında yerlərini rahatlamaqdaydılar. Gözləri “düşmən” axtaran nəvəsiylə hava proqnozunu deyən mini yubkalı qızın arasında səyriyirdi. Yadına saldı ki, Bakıya sığındıqları bunca illərdə Şuşanın havasıyla maraqlanmağı heç vaxt ağlından keçirməyib. “Bəlkə duman bizim dağlara gəlir” -, neçənci dəfəydi Əliqulu müəllimin sözləri yadına düşürdü. Tay bəlkə niyə, başına dönüm! Duman doğrudan bizim dağlara gəlirmiş... Dalınca da yağış yağacaymış... Yağış deyirəm e saa! Hava proqnozu qurtarar-qurtarmaz pencəyinin qoltuq cibindəki telefonunda mesaj səsi cingildədi: “Əliqulu müəllim idi, ikicə kəmlə söz yazmışdı “ayaqlarından öpürəm...”
May 2015
Natiq
MƏMMƏDLİ
525-ci qəzet.-
2015.- 31 oktyabr.- S.27;31