Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Çinin Birləşmiş Ştatlar və Böyük Britaniya ilə ittifaqı dərin münaqişə ilə əlamətdar oldu. Böyük Britaniya özünün başlıca düşməni olan Almaniyanın məğlubiyyətinə ən yüksək qaydada prioritetlilik verirdi. Çin həmçinin Amerikanın strateji planlaşdırılmasında aşağı mövqeyə malik idi. Prezident Çana münasibətdə Britaniya baş naziri Uinston Çörçillin və ABŞ prezidenti Franklin D.Ruzveltin fundamental qaydadakı fərqli baxışları və həmin ölkələrin milli maraqlarının bir-birinə uyğun gəlməməsi və çox sayda olan əksliklər dövlətlər arasındakı ümumi münasibətlərə güclü surətdə təsir edirdi, partiyalar arasında da anlaşılmazlığın və şübhələrin əmələ gəlməsinə aparıb çıxarırdı.

 

1943-cü ilin noyabrında Qahirə konfransında Çan Çörçill və Ruzveltlə ilk dəfə görüşdü. Qahirə Bəyanatı Mancuriya, Tayvan və Peskadora adalarını Çinə qaytarmağı və Koreyanı azad etməyi vəd edirdi.

 

Üç müttəfiq “Yaponiyanın qeyd-şərtsiz təslim edilməsi” barədə öhdəlik götürdü. SSRİ Almaniyanın məğlubiyyətindən sonra Yaponiyaya qarşı müharibəyə girəcəkdi. Lakin Çin-amerikan əlaqələri getdikcə soyuq şəkil almağa başladı.

 

1944-cü ildə Çin böhranda idi. Yaponiya Sakit okeanda artıq təzyiqlə üzləşmişdi. Buna ikiqat cavab vermək üçün, birincisi, Birmadan Hindistandakı Assama hücum etmək və ikincisi, Çindəki dəmir yolu sistemini işğal etməklə, Şərqi Çindəki ABŞ-ın istifadə etdiyi hava məkanını tutmaq istəyirdi.

 

Çin orduları bir neçə yüz min adamdan ibarət olsa da, səmərəli müqavimət göstərməyə qadir deyildi. Bu vaxt həm də Çin hökuməti Birləşmiş Ştatlarla əlaqələrində böhrana cəlb edilmişdi. Çan faktiki olaraq öz qərargahının başçısı kimi fəaliyyət göstərən amerikan generalına məhəl qoymurdu. Onun xahişi ilə general geri çağırıldıqda, Ruzveltlə Çanın əlaqələri artıq heç də səmimi deyildi. Çin bürokratiyasında və ordu qüvvələrində korrupsiya yayılmışdı.

 

1943-cü və 1944-cü illərdə Kommunist orduları sürətlə böyüyürdü. Kommunistlər demokratiyaya sədaqətli olmalarını açıqca etiraf edirdilər və müharibə cəhdində Milli Hökumətlə əlaqələrini davam etdirirdilər. Şimali və mərkəzi Çində kommunistlərin nəzarətində olan ərazilər yüzlərlə mil genişlənmişdi. Kommunistlər bütün əhalini düşmənə qarşı səfərbər etməyə çalışırdılar. Partiya üzvləri yerli hökumətlərdə fəal iştirak edirdilər. Onlar kəndlilərə istehsalı artırmaqda kömək edirdilər. Yaponiyaya qarşı birgə mübarizə üçün kommunist təşkilatları islahatçı iqtisadi siyasətlərə üstünlük verməyə meyl edirdi. 1945-ci ildəki Yenandakı ÇKP-nin VII qurultayında partiya 900 min nəfərlik ordu yaratmaq vəzifəsini qoydu. Bu iddia bir qədər mübahisəli idi, lakin təşkilatın kommunist sisteminin böyük gücü və geniş coğrafi ərazidə yayılması bir fakt olaraq qalırdı.

 

1944-cü ilin mayından sentyabrına qədər hökumət və ÇKP nümayəndələri Sianda sülh danışıqları apardılar. Başlıca nəticə Kommunist ordularının yerləşməsi, ölçüsü və komandanlığı, mülki hüquqlar problemləri və ÇKP-in leqallaşması və millətçi zonalarda onun fəaliyyət göstərməsi oldu. Nəzərdə tutulurdu ki, ilk illərdə koalisiya hökuməti qurulsun. Lakin razılıq əldə edilmədi. Çan Çinlə SSRİ arasında münasibətlərin yaxşılaşması məsələsinə görə və Kommunist probleminin həll edilməsində amerikanlardan kömək göstərmələrini xahiş etdi.

 

1944-cü ilin noyabrında Ruzveltin şəxsi nümayəndəsi Yenanda Mao Tszedunla görüşdü. Lakin iki tərəfin mövqeləri barışmadı və 1945-ci ilin martında danışıqlar kəsildi. Çindəki tərəflərin biri digərinə inanmırdı. Qomindan siyasi ağalığını davam etdirmək istəyirdi, ÇKP isə öz ordularının müstəqilliyi məsələsi üzərində israr edirdi.

 

Sakit okean müharibəsi 14 avqust 1945-ci ildə başa çatdı, yaponlar rəsmi olaraq 2 sentyabrda qeyd-şərtsiz təslim aktını imzaladılar. Çin sevinirdi və prezident Çanın nüfuzu çox yüksək idi. Ölkə hələ də yenidən birləşmənin və yenidənqurmanın nəhəng ölçüdəki çətin problemləri ilə üzləşdi və bu vaxt həm də gələcək vətəndaş müharibəsinin qaranlıq perspektivi dumanına bürünmüşdü.

 

Vətəndaş müharibəsi

 

Yaponiyanın təslim olmasından dörd ildən bir az sonra ÇKP və Xalq Azadlıq Ordusu Çinin materik ərazisini tutdu və 1 oktyabr 1949-cu ildə paytaxtı Pekin olmaqla Çin Xalq Respublikası quruldu. Təməl fakt ondan ibarət idi ki, inqilab bünövrəsi üzərində kommunist hərbi zəfəri meydana gəlmişdi. Bu proses üç fazada gedə bilərdi: 1) 1945-ci ilin avqustundan 1946-cı ilin sonunadək millətçilər və kommunistlər yaponların tutduqları ərazilərdə üstünlük qazanmaq, öz qüvvələrini qurmaq uğrunda yarışırdılar; 2) 1947-ci il ərzində və 1948-ci ilin birinci yarısında millətçilərin ilkin uğurundan sonra strateji tarazlıq kommunistlərin xeyrinə döndü; 3) kommunistlər 1948 və 1949-cu illərin sonrakı hissələrində tarmaredici qələbələr qazandılar.

 

Yaponiyanın təslim olmasının qaçılmaz olduğu bilindikdən az sonra kommunist ordularının komandanı general Çju De 11 avqustda (1945-ci il) öz adamlarına əmr etdi ki, yaponların tutduqları ərazilərə girib, yapon ordularını özlərinə təslim etsinlər. Çan isə əmr etmişdi ki, onlar olduqları yerdə qalsınlar. Birləşmiş Ştatlar başlıca şərq şəhərləri olan Pekini, Şanxayı və müharibədən əvvəlki paytaxt olan Nankini işğal etməklə Çin hökumətinə köməklik göstərdi. Sovet ordusu isə Cənubi Mancuriyanı tutmuşdu. Amerika generalı Duqlas Makartur Çindəki bütün yapon qüvvələrinin təslim olması barədə əmr verdi, onlar bu vaxt silahlarını Milli Hökumət qüvvələrinə təhvil verməli idilər. Yaponlar bu əmrə tabe oldular.

 

Mancuriya 40 milyon əhalisi olan geniş ərazi idi, burada ağır sənaye mərkəzləşmişdi və Çin dəmir yolları oradan keçirdi. Bura həm də mineral sərvətlərlə zəngin idi. Sovet İttifaqı Yaponiyanın təslimindən sonrakı 90 gün ərzində öz işğalçı ordularını çıxartmalı və Çinə öz regionu kimi qaytarmağı vəd etmişdi. Lakin Kommunist ordusu millətçi qoşunların ora girməsinə imkan vermədi. 1945-ci ilin sonundan kommunist qüvvələri ətraf əyalətlərə yayıldılar. Milli hökumət isə cənubda, qərbdə və aşağı Yantszı vadisinin varlı əyalətlərində öz hakimiyyətini yenidən qurdu. Onlar həm də Tayvan üzərində mülki nəzarəti əldə etdilər.

 

1946-cı ilin yanvarında razılaşdırıldı ki, Çan və Mao düşmənçiliyi dayandırmaq barədə göstəriş verəcəklər. Dörd əsas partiya Siyasi Məşvərət Şurası yaratdı, prezident Çan onun zəmanətlərini yerinə yetirməyə söz verdi. Hərbi məsələlər üzrə belə razılığa gəlindi ki, hökumət və kommunist qüvvələri bir il ərzində müvafiq olaraq 90 və 18 diviziya azaldılacaqdır, həm də ordular siyasətə müdaxilə etməyəcəkdir.

 

1946-cı ilin əvvəlləri barışığın yüksək nöqtəsi oldu. Kommunistlər Mancuriyada Millətçilərin hərbi nəzarətinin genişlənməsinin qarşısını almağa cəhd edirdilər. Onlar, Birləşmiş Ştatlar Milli hökumətə hərbi və maliyyə yardımı etdiyindən, bu ölkəyə qarşı düşmənçilik münasibəti bəsləyirdilər.

 

1946-cı ilin ikinci yarısında hökumət qüvvələri Şimali Çində və Mancuriyada 165 şəhəri düşməndən aldı. Milli Məclis 15 noyabrda Sun Yatsenin xalqın üç prinsipini yenidən təsdiqləyən konstitusiya qəbul etdi. Milli Hökumət ciddi iqtisadi problemlərlə mübarizə aparırdı. İnflyasiya idxala tələbatı artırırdı, ixraca isə mane olurdu.

 

Kommunistlər isə öz zonalarında, əsasən kənd yerlərində ümumi xalq üçün spartalılara məxsus həyat tərzini həyata keçirirdilər. Kommunist qoşunları müharibə illərində çox saydakı yollarla kütlələrin rəğbətini qazanmağa çalışmışdı. Bu isə heç də kiçik məsələ deyildi. 1947-ci ilin iyulunda Millətçilər Mancuriyadakı ərazilərin yarısını itirdilər. Həmin ili strateji təşəbbüs kommunistlərin Xalq Azadlıq Ordusuna keçdi. İlin sonunda 2,7 milyon nəfərlik hökumət qüvvələri 1,65 milyonluq kommunistlərlə üz-üzə gəldi. Millətçilər geniş səpələnmişdilər və müdafiə olunurdular. Noyabrda Mao Tzsedun şimalda kommunist paytaxtı qurmaqla Şimali Çində kommunist mövqelərini konsolidasiya etdi. Dekabrda o, bəyan etdi ki, çinlilərin xalq inqilabi müharibəsi indi dönüş nöqtəsinə gəlib çatmışdır.

 

Kommunistlərin uğurunun bir səbəbi də kəndli Çinində sosial inqilab idi. ÇKP birləşmiş cəbhə dövrünün çoxsinifli ittifaqı tərəfindən bu vaxt sərbəstləşmişdi. Ənənəvi kənd sosial strukturuna həlledici hücum başlandı. Kəndlilər mülkədarlara və Qomindan tərəfdarlarına qarşı mübarizəyə həvəsləndirilirdi, onları cəzalandırır, bəzən hətta öldürürdülər.

 

1948-ci il dönüş nöqtəsi oldu. Mərkəzi Çində kommunist orduları əsas döyüşlərdə qalib gəlib, bir sıra mühüm şəhərləri tutdular. Şimali Çində də uğur qazanılırdı. Mancuriyada hökumətin ən yaxşı orduları darmadağın edildi. Lin Byaonun kolonnaları Milli qüvvələri məğlub etdi. Millətçilərin itkinlərinin, əsir düşənlərinin və ya yaralananlarının sayı 400 min nəfər idi. 1949-cu ilin yanvarında isə 65 günlük döyüşdə millətçilərin itkisi 500 min nəfər adam və onların silah, sursatı oldu. Paytaxt Nankin tezliklə müdafiəsiz qaldı. Pekin yanvarın 23-də təslim oldu və Çinin tarixi paytaxtı və mədəniyyət mərkəzi dinc həyata döndü.

 

1948-ci ilin ikinci yarısında kommunist orduları Mancuriya və Yantszı çayına qədər şimali-şərqi Çində nəzarəti əldə etdi. 1949-cu ildə böyük siyasi dəyişikliklər baş verdi. Yanvarda Çan Kayşı müvəqqəti olaraq istefa verdi, vəzifə general vitse-prezidentə keçdi. Axırıncı Mao Tszedunla sülh danışıqları aparmağa cəhd etdi, lakin bu danışıqlar özünün ümidsiz olduğunu sübut etdi. Millətçilər təslim olmağa hazırlaşmışdılar, onlar hələ də Çinin yarısından çoxunu idarə etmək iddiasında idilər. Uğur davam etdikcə kommunist qüvvələri bir-birinin ardınca Nankini, Hankounu və Şanxayı tutdular. Millətçilər axırıncı ümidlərini şimala və qərbə bağlamışdılar. Millətçilərin uzun müddət bastionu olan Sian da təslim oldu. 1949-cu ilin ikinci yarısında kommunist orduları şimalın və qərbin əyalətlərini ələ keçirdilər. İlin sonunda millətçilərin əlində yalnız Haynan və Tayvan adaları qalmışdı. Məğlub olan millətçi hökumət özünü Tayvanda yenidən qurdu. Çan hələ ilin əvvəlində buraya geri çəkilmişdi. Oktyabrın 1-də materik ərazisinin əksəriyyəti Xalq Azadlıq Ordusunun əlində idi. Mao Pekində Çin Xalq Respublikasının qurulmasını elan etdi.

 

Həm Qomindan, həm də Çin Kommunist Partiyası Çinin spesifik problemlərini həll etməyə çalışırdı. Çində Qərb imperializmi mifi meydana gəldi. İqtisadi imperializm mifi həmin dövrdəki Çin vətənpərvərliyinin köhnə inamı, özünəməxsus parolu idi.

 

Çin şəraitinin diaqnozları zaman keçdikcə dəyişirdi. Bir problemin həlli onun alt qatındakı digərlərini aşkara çıxarırdı. İnqilabçılar Mancu konstitusionalizmini  ləğv etdilər.

 

Hətta Sun Yatsen inanırdı ki, imperializmin onillikləri ərzində Çinin əhalisi 90 milyon nəfər azalmışdır. “4 May” Hərəkatı genişlənən Çin siyasi ictimaiyyətində imkanların yeni dərəcələrini nümayiş etdirdi. 1927-ci ildəki kəndli üsyanı Mao Tszedunun diqqətini cəlb etdi, bundan Çin Kommunist Partiyası ilə Çinin kənd zonalarının uzun müddətli və geniş birliyi meydana gəldi.

 

Siyasi ideyalardakı və siyasi birliklərdəki bu dəyişikliklər müasir sosial və iqtisadi dəyişikliklərlə müşayiət olunurdu və onların təsirinə məruz qalırdı. Çin həyatının bütün ideoloji və siyasi cəhətlərində dəyişiklik addımı xüsusilə təəccüblü olurdu.

 

Bunu xatırlamaq əhəmiyyətlidir ki, Çin və Yaponiya bütöv düşüncədə müstəmləkəyə çevrilən digər Asiya xalqlarına bənzəmədən, öz yazı dilini saxlayır, onu maddiləşdirir və müasir ideyaları onda ifadə edirdi.

 

Çinlilərin dilindəki “siyasət”lə “inzibatçılıq”, “iradə” ilə “niyyət” və ya “liberalizm”lə “lisenziya” sözləri arasındakı fərqləri müəyyən etmək çətindir. Marksizm də daxil olmaqla Qərb sosializm nəzəriyyələrinin çinləşdirilməsi onların konfutsiçiliyi ifadə etməyə qadir olan dilə tərcümə edilməsinin özündən başlandı.

 

Çin ənənəsinin mərkəzi paradoksu onda idi ki, Çin hökuməti totalitar olanda, hökumət həyatın, demək olar ki, hər bir sahəsinə müdaxilə edəndə, Çin cəmiyyəti bu vaxt, əksinə, muxtar ailələr və nəsillər hesabına özünü idarə etməyə əsaslanırdı, kəndlərdə və yerli icmalarda qruplaşıb yüksək dərəcədə olan bir muxtariyyətdən istifadə edirdi. Bu paradokslar həm də özünü belə bir faktda ifadə edirdi ki, çinlilər başqa xalqlarla üz-üzə gəldikdə, bir millət kimi güclü şüura malik olurdu.

 

Sun Yatsen ideyaları siyasətə cəlb olunduqda yüksək dərəcədə iki mənalı olurdu. Onun sözlərinə görə millətin davam edən mövcudluğu şübhə altında idi: “Əgər Yaponiya... zərbə vursa, istənilən gün... Çini məhv edə bilər. Birləşmiş Ştatlar hücum etdikdən sonra Çini bir ay içində məhv edəcəkdir, İngiltərə... ən uzağı iki aya Çini yer üzündən siləcəkdir. Fransa da... İngiltərə kimi Çini iki ay ərzində məhv edə bilər”.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2015.- 31 oktyabr.- S26