“Mənim məzarımdan
palıd göyərər...”
Şairanə
görkəmindən tutmuş, səsinin ahənginə, ləngərli
danışığına və davranışına, hətta
ən sərt sözünə və gözlənilməz hərəkətlərinə
qədər bir poeziya idi. Onda təpədən-dırnağacan
hər şey təbiiydi: könül oxşamağı da,
ruh dünyasına baş vurmağı da, el-el gəzib
dolaşmağı da, adamlara özünəməxsus ərki,
onları sevindirməyi də,
küsüb-barışmağı da, öz məcrasını
axtaran çay kimi coşub-daşmağı da, hətta
gözü tutulmuş bulaq kimi bəzən öz içinə
axmağı da...
Vətən,
yurd, övlad, dost sevgisi də qeyri-adi idi onun. Qarış-qarış
gəzdiyi bu torpağa, gülündən-çiçəyindən
ilham aldığı ana təbiətə vurğunluğu da
bənzərsiz idi. Sevgisi də, nifrəti
də, giley-güzarı da, kədərlə
alış-verişi də bir başqa idi onun.
Talenin ona
qıydığı tənhalığı da, bu tənhalıqda
misraları muncuq kimi düzə -düzə ömrünü
söz üçün girov qoymağı da, sinəsindən
bir ah kimi qopan şeirləri də, bu şeirlərdə uca
Yaradanla mükaliməsi də qeyri-adi idi Məmməd
Aslanın...
***
Mən onu birinci dəfə tələbə vaxtı “Azərbaycan
təbiəti” jurnalında görmüşdüm. Bir də yollarımız on
beş ildən sonra, 1992-ci ildə AzTV-də
qovuşdu. O zaman M.Aslanın şöhrəti ölkə ilə
bir idi, görkəmli şair və qüdrətli publisist kimi
tanınırdı. Qələmindən bir
sıra samballı kitablarla yanaşı “Ərzurumun gədiyinə
varanda” kimi publisistik besteller, “Ağla, qərənfil ağla”
kimi dillər əzbəri olan poetik nümunələr
çıxmışdı. Məmməd
müəllim həm də xalq
yaradıcılığının, xalq dilinin, milli ədəbiyyatın,
eyni zamanda Türkiyə ədəbi mühitinin mükəmməl
bilicisi, ustad jurnalist və təəcrübəli naşir
idi. Məhz bu keyfiyyətlərinə
görə o vaxt AzTV sədri olan Məmməd İsmayıl
öz adaşını və dostunu “Ekran-efir” qəzetinə
baş redaktor vəzifəsinə dəvət etmişdi.
Məmləkətin keşməkeşli tarixinin bir
parçası olmuş bu televiziya bizi xeyli
yaxınlaşdırıb doğmalaşdırdı. Onun səmimiliyi,
dürüstlüyü, prinsipiallığı, çəkinmədən
sözü üzə deməsi, ədalət hissi, köməksiz
adamlara arxa durması məni çox cəlb edirdi. Eyni zamanda mən, şair M.Aslanın simasında zəngin
bir mənəvi dünyanın sahibini, böyük bir vətəndaşı,
ensiklopedik zəka sahibini, tükənməz bilik xəzinəsini
kəşf etdim. Həm də “Vətən
gözdür, biz kiprik, gözümüzün keşiyini
çəkirik” deyən şairin səmimi millət və Vətən
sevgisini, bir də sözə sədaqətini və həqiqətən
ömrünü bu söz uğrunda girov qoyduğunu duydum:
Bu yolu
seçdim ki, yanam, tutuşam,
Alovlar içində qovrulan quşam.
Ömrü
söz uğrunda girov qoymuşam,
Başqa sənətim yox, ayrı işim yox.
***
M.Aslan Kəlbəcərin dağlar qoynundakı
Laçın kəndində doğulmuşdu. Uşaqlığı
əsrarəngiz təbiəti olan bu kəndin
enişli-yoxuşlu yamaclarında, allı-güllü
yaylaqlarında, gözoxşayan çəmənlərində
keçmişdi. Bu dağların saf
havasını udub, büllur çeşmələrindən
su içmişdi. Hələ uşaqlardan
eşitdiyi bayatıları, gəraylıları, aşıq
qoşmalarını Tərtərin, Tutğunun həzin
şırıltıları kimi öz ruhuna hopdurmuşdu.
Bu ruh həm də saz havası, tütək səsi,
xalqın keçmişindən süzülüb gələn
el nəğmələri ilə qidalanmışdı. Məhz buna görə də M.Aslan poeziyasında
sözlərin rəngi fərqlidir, sanki torpaqdan güc
alırmış kimi canlıdır, təbiidir, gözəldir.
Bu təbiilik və gözəllilik zaman-zaman şairin
bütün yaradıcılığına hoparaq, onun ifadə
tərzinə bir təravət gətirir, sözün,
duyğunun, düşüncənin enerjisini qat-qat
artırır:
Hələ
torpaq quluncunu qırmayıb,
Ne tez bildin gələn yazdı, bənövşə?!
Yoxsa
quşlar bal yuxunu dağıtdı,
Bu nə ündü, nə avazdı, bənövşə?!
M.Aslan bütün şeirlərində öz
üslubuna, fərdi deyim tərzinə sadiq qalan şairdir. Onun fərdi
deyim tərzini səciyyələndirən əsas xüsusiyyət
qabartmaq istədiyi əsas fikri, ideya və məzmunu cazibədar
bir bədii formaya salmaq, bunun üçün, ilk növbədə
obrazlardan və dilin ifadə imkanlarından uğurla bəhrələnməyidir.
Hər dəfə yaradıcılıq
sınağından çıxan şair oxucunun təxəyyülünü
yeni söz obrazları ilə, yeni təəssürat və
yeni duyğularla zənginləşdirə bilir.
***
M.Aslan təkcə qüdrətli təbiət şairi,
lirik sevgi nəğmələri yazan, Vətən
torpağını ilahi bir məhəbbətlə tərənnüm
edən qələm sahibi deyil, həm də dərdə
könül verib onu ilmə-ilmə nəzmə çəkən
söz adamıdır. “Dərddi, mənəm-qardaşıq,
yaşayırıq çağdaşıq...” deyən və
çox zaman kədərə sığınan şairin bir
çox şeirlərində qəmli anlarının, dəqiqələrinin
izi qalıb. Şair belə
düşünür ki, insan həyatı üçün
sevinc anidir, Haqqa yalnız dərddən keçib tapınmaq
olar. Kədər dolu misralarında
çox şeylər üzə çıxsa da, əslində
şairin yaşantılarını bütün
xırdalıqlarınacan duymaq və dəqiq ifadə etmək
çox çətindir. Amma bir şey bəllidir
ki, bu şeirlərdə bir şair kimi M.Aslanın yalnız
yeri-ünvanı var, başqa heç nə; hasarı yox,
malikanəsi yox, malı-dövləti yox, beləcə, bəşəriyyətə,
insan düşüncəsinə, aydınlıq-təmizlik,
duruluq daşıya-daşıya yaşayır. O, insan
duyğularını ifadə etmək baxımından
güclü olduğu və dünyanı, insanları
yaxşı tanıya bildiyi üçün hər şey ona
ovcunun içi kimi aydın görünür.
Əlbəttə, M.Aslan yaradıcılığında
dərd və kədər arasında narazılıq
notları da eşidilir və ilk baxışdan bu
narazılıqları birbaşa mənasıyla hiss etmək
mümkün deyil. Yəni şair bunu qarşıya bir məqsəd
kimi qoymur. Bu narazılıqları, etdiyi tənələri,
çox böyük ustalıqla gizlətdiyi sətiraltı mənaları
qəsdən, bilərəkdən yazmır. Sözün gəlişi gətirir bunları, ifadələrin
özü şəraitdən doğulur, mənalar özü
yetişir, ağıllı oxucu özündən
asılı olmadan hisslərin-duyğuların fərqinə və
dərinliklərinə varır. Bu mənada
M.Aslan böyük fikir adamı, bütün quruluşlardan –
istər siyasi, istər bədii yüksəklərdə duran
qələm sahibidir. Yəni hansı quruluş olur-olsun,
M.Aslan nə yazmışdısa, onu da yazacaqdı:
Zaman
var-dövləti büt kimi sevir,
Acgözlük dövrüdür yaşanan dövr.
Sərvət
verdiyinə adamlıq da ver,
Artıq şey ummasın göz xəzinədən.
Şair bu tipli şeirlərində önə çəkdiyi
duyğularını, oxucuya aşılamaq istədiyi əsas
fikir və düşüncəsini ifadə etmək
üçün məhz poetik obrazlar, bədii təsvir vasitələrini
ustalıqla seçə bilir. Təbii ki, belə
obrazlı gücü olan şeir oxucuda parlaq estetik duyğular
oyatmaqla yanaşı, həm də yadda tez qalır, əzbərlənir.
Məhz bu bədii məziyyətlərinə
görə böyük sənətkarın
xalqımızın 20 yanvar ağrılarını ifadə
edən, bir növ şəhidlərin ruhuna klassik ağı
kimi səslənən “Ağla, qərənfil ağla”
şeiri el arasında bu qədər populyarlaşıb.
***
M.Aslan bədii təfəkkürünün genişliyi,
poetik istedadı və möcüzələr yaradan publisist qələmi
ilə sözü ilahiləşdirib, ona yeni çalar verib, fərqli
rəng qatıb, bu sözü zirvədə saxlayıb,
urvatdan düşməyə qoymayıb. Sözə, qələmə,
bədii düşüncə sahiblərinə biganəlik və
laqeydliyin artdığı bir zamanda M.Aslan vicdanla, namusla Azərbaycan
şeirinə, ədəbiyyatımıza xidmət edib. Onu söz sərrafı, sözün böyük cəfakeşi,
xalq dilinin gözəl bilicisi, söz xridarı adlandıranlar
qətiyyən yanılmırlar. Şair
özü də ulu babalarımızdan
götürdüyü söz qığılcımın, ana
dilinin müqəddəs missiyasını qoruduğunu bəyan
edirdi.
M.Aslan dilimizin şirinliyini, şəhdi-şəkərini,
zənginliyini, qənirsizliyini qoruyub, bir şair, publisist,
folklorçu kimi ədəbiyyatımızı zənginləşdirib,
onu əl çatmaz zirvələrə ucaldıb. Onun çoxsaylı
kitabları – “Dağ ürəyi”, “Səsimə səs ver”,
“Bizdən sonra nə qalır”, “Ürək möhlət verəydi”,
“Durnalar lələk salır”, “Ərzurumun gədiyinə
varanda”, “Ömrün yarı yaşında”, “Saxla izimi,
dünya”, “Nur içində nur”, “Allahın rəsulu”, “Bir
sultan yaşardı Sultantəpədə”, “Varlıqla yoxluq
arasında” kitabları Azərbaycan ədəbi dilinə
qoyulmuş gözəl bir abidədir. Bu abidələri
yaradan şair başqalarını da sözün qədrini
bilməyə, onun müqəddəsliyini qorumağa
çağırırdı. Hələ neçə
illər əvvəl şair, sözün hörmətdən
düşməsindən, əlinə qələm
alanların, xüsusən mətbuat əhlinin sözə
sayğısızlığından, mənəvi eybəcərliyindən,
şərə xidmətindən məyus olduğunu gizlətmirdi:
Nə
müəmma qaldı qələmdə, nə sirr...
Şeytanın əmrində qələm müntəzir.
Qələm
rüşvət alır, qələm yol kəsir,
Caniyə, cəllada yoldaşdı qələm.
***
Məmməd müəllim uzun illər Azərbaycanın
ən böyük publisistlərindən biri kimi qəbul
olunub, müxtəlif nəşrlərdə çox parlaq
oçerkləri dərc olunub. Yadımdadır ki, professor
Famil Mehdi o vaxt bizə dərs deyəndə iki parlaq piblisistin
adını çəkirdi: Məmməd Aslan və Səyavuş
Sərxanlı.
Müstəqil publisist və “Ekran-efir” qəzetinin
baş redaktoru kimi M.Aslan qələmini xalqın, millətin
şüurunun, ictimai düşüncəsinin
işıqlanması üçün işlədib. O, nədən və kimdən
yazıbsa, hamısını bir ustad kimi qələmə
alıb. Şeirlərində olduğu kimi
publisistik yazılarında, oçerk və esselərində də
həyatı hadisələri olduqca canlı, obrazlı və
inandırıcı şəkildə əks etdirib. Bu yazılardakı detalları, yazının
süjet xəttini o dərəcədə mükəmməl
qurur, detalları o qədər ustalıqla düzür və əlaqələndirirdi
ki, hər yazısı indi də mükəmməl bir sənət
əsəri təsiri bağışlayır. Hesab edirəm ki, Məmməd müəllimin
publisistik yaradıcılığı və dili ayrıca bir
elmi araşdırmanın mövzusudur.
M.Aslan çoxlarının yaddaşında təkcə
şair və publisist deyil, həm də ürəkləri
oxşayan məharətli bir televiziya aparıcısı kimi
qalıb.
Uşaqlar üçün çoxlu sayda şeirlərin, o
cümlədən “Böyürtkən – böyrü tikan”, “Dəvə
niyə gövşəyir”, “Səhəri kim açır”
kimi kitabların müəllifi olan Məmməd müəllim,
əslində “Dərədən, təpədən” adlanan
verilişini də elə uşaqlar üçün
açmışdı. Adı uşaqların
idi, amma verilişə hamı baxırdı.
Televiziya işinin ağırlığına baxmayaraq,
şair uzun illər müəllifi və aparıcısı
olduğu bu verilişin maraqlı olması üçün
canını qoyurdu, maraqlı mövzular, adamlar, formalar
tapırdı.
Ona görə də verilişin xüsusən
bölgələrdə böyük tamaşaçı
auditoriyası var idi. M.Aslanın şəxsiyyətindən
qorxub bu verilişi bağlayan nadanlardan başqa “Dərədən,
təpədən” hamının xoşuna gəlirdi. Bu
gün mənəviyyatsızlığı təbliğ edən,
əxlaqi dəyərlərimizi
bayağılaşdırıb gözdən salan verilişlərə
baxanda adam M.Aslanın böyük sevgi ilə
hazırlayıb apardığı verilişin xiffətini
çəkir.
***
M.Aslan bir şair kimi də, insan kimi də öz
varlığı ilə təbiətin bir parçası idi. Bəziləri
onun dumanını, çiskinini, bəziləri
daş-qayasını, bəziləri də çaxan
şimşəyini görürdü. Onda
büyün qütblər, təbiətin bütün
halları var idi, “mən çətin adamam, asan deyiləm”
desə də bir uşaq ürəyi döyünürdü
sinəsində, təmiz, sadəlövh, xeyirxah bir ürək.
Amma qaya kimi sərtliyi də vardı, üzü döndü,
qəlbi səndən sındı heç nə....
Başqa cür olmaq Məmməd müəllimin
heç ağlına da gəlməzdi, necə var, eləydi. Yalan bilməz,
güzəştə getməz, xəyanəti
bağışlamazdı. Köhnə kişilər kimi
işində vasvası idi, dəqiqliyinə və sadiqliyinə
söz ola bilməzdi. Allahdan
başqa bir kimsədən qorxmazdı, məqamı gələn
sözü deməkdən çəkinməzdi, bəzən
yanlış anlaşılsa belə. Bu
xasiyyətini yaxşı bilən yaxın dostları onu
olduğu kimi qəbul edirdilər. Qəmbər Şəmşiroğlundan
tutmuş həkim Vaqifədək, Qəmbər Bəybalayev,
Şahin Rüstəmov, Əlövsət Ağalarov, Məhərrəm
Qasımlı, Ramiz Qusarçaylıdan tutmuş, Cavid, Xaqani
kimi xeyirxah insanlara qədər hər kəs şairin bu
çətin dünyada tənhalığın
ağrılarını unutmasına, bir mənəvi
rahatlıq tapmasına kömək edirdilər. Onu
rayonlarda da sevən, yolunu gözləyən, pişvazına
çıxan çoxlu səmimi dostları var idi. Tale mənə də bu bənzərsiz insanla uzun illər
dostluq etmək fürsəti vermişdi. Onunla
bu dostluğu, ünsiyyəti həyatımın çox
uduşlu anları hesab edirəm.
M.Aslan əbədiliyə
iddia etmirdi, amma balaca adam
olmadığını bilirdi. Ona görə
yaşadığı ömrünün harasa
yazılacağını və məzarında rəmzi olaraq
bir palıd ağacının göyərəcəyini
düşünürdü:
Torpağa
bilmirəm, daşa bilmirəm –
Ömrümüz harasa yazılı qalar.
Mənim
məzarımdan palıd göyərər, –
Qolları havadan asılı qalar.
Əlbəttə, bu həyatda ləyaqət
və qürurla ömür sürmüş, palıd kimi
sınmadan məğrur yaşamış, talenin
sınaqlarına sinə gərmiş şairin məzarı
yalnız palıd kimi şah ağac göyərdə bilər
və o palıdın da qolları havadan asılı qalar.
Qalar ki, bu yaralı vətənini, onun xiffətini çəkən
könlü sınıq övladlarını, bir də
şairin məzarı üstündə dolaşan narahat
ruhları qucaqlayıb bağrına basa bilsin. Bir də həmin
palıdın qolları bu dünyadan vətən niskili ilə
köçmüş M.Aslanın öz qollarına
çevrilib zaman-zaman yağı tapdağı altında
iniltisi eşidilən doğma yurduna tərəf uzanacaq.
Axı böyük şair özü deyirdi ki, “mən harda
can verəm, harda gömüləm, əlim Dəlidağa
uzalı qalar”. Bu qollar mütləq Dəlidağa, Kəlbəcərə
tərəf uzanılı qalacaq, ta bizlər o torpaqları
geri qaytaranadək...
Məhərrəmli Qulu
525-ci qəzet.- 2015.- 31 oktyabr.-
S.24-25