Xas adam, xalis ömür...

 Əli İldırımoğlu-88

 

 

 

İş elə gətirdi ki, həmişə vədələşməni dəqiqliklə yerinə yetirməyə çalışsam da, bu dəfə məndən asılı olmayan səbəbdən, az qala hərbi intizamla yaşayan, həyatına özünəməxsus dəmir qaydalar tətbiq edən son dərəcə dəqiq müsahibimə verdiyim sözü tuta bilmədim. Amma yaşından və statusundan asılı olmayaraq, kişinin əsl xarakterinin qadına münasibət prinsipi ilə müəyyənləşməsinə inanan, bunu həyat tərzinə çevirən - sözün bütün mənalarında - Azmanlar, yaxşı ki, hələ var. Onlar həyat tərzi kimi müəyyənləşdirdikləri qaydaları nadirən də olsa kiminsə xətrinə poza bilərlər... Yəqin onları bütün mənalarda Azman edən də elə budur...

 

Bu, Söz Azmanı Əli İldırımoğlu ilə ikinci görüşüm idi. Və onu görər-görməz anladım ki, zamanın yelləri bu Qayadan heç nə aparmayıb, apara bilməyib. Neçə illər əvvəlki yazıb-yaratma eşqi də canındadı, özünün dediyi kimi söz yanğısı da. Həmişə düşünmüşəm, indi də bu fikirdə qalıram ki, Söz Azmanlarının təkcə yuvarlaq ad günü tarixinə təsadüf edən yubileylərində yox, həmişə xatırlanmaq haqları var.

 

Görkəmli jurnalist, yazıçı Əli İldırımoğlu ilə arzuladığım görüş xeyli müddət idi zamanın “planlaşması” ilə üst-üstə düşmədiyindən alınmırdı. Təsadüfdənmi, zərurətdənmi bu görüş Əli İldırımoğlunun 88 illiyi ərəfəsində baş tutdu. Yazıçının evində məni ev sahibi ilə bərabər, onun valideynlərinin divarlardan asılan  portretləri qarşıladı. Bu “qarşılama mərasimi”nə öncədən hazırdım: ruhunu da, cismini də eşqin hər dürlü halına  etibar edən Əli İldırımoğlunun fanatik valideyn sevgisi ilə kitablarından tanış idim: “Xəbər gəldi ki, atan xəstədir. İşlərimi atıb başıalovlu getdim. Maşından düşüb qapısında qoşa şam ağacı olan balaca həyətimizə daxil oldum. Qızdırmalı anlarımda olduğu kimi, bədənim əsirdi. Qapını açanda atamla baxışlarımız rastlaşdı. O, bəlkə də ümidli idi ki, oğlu özünü yetirər, onu amanda qoymaz, qanadına alıb bütün dünyanı gəzdirər, Əzrayılın cəngindən xilas edər. Heyhat! İş-işdən keçmişdi. Əcəl köhləni hazır dayanmışdı. Atam məni görəndə onun solğun dodaqları qaçdı. Balaca gülümsündü. Gözləri zəif yanan şam kimi işıldadı və tez də söndü. Elə həmin andaca kəndimizin səmasında qara buludlar sıxlaşdı, göyün üzü damarlandı, ətraf işıq saçdı. Qulaqbatırıcı şaqqıltı qopdu. Bütün dam-daş lərzəyə gəldi. Bu, bəlkə də İldırımsızlaşan dağlarımızın ulu göylərdən qopub gələn əbədiyyət himni idi...”

 

Yazıçının atasına bəslədiyi fövqəladə istək - “Mənim rəncbər atam” kitabında, divardan asdığı, yatağının baş ucunda saxladığı portretlərdə, vaxt-bivaxt dilində bitən “ata” kəlməsində, adını anarkən gözündə gilələnən yaş damlasında və daha nələrdə... yaşama haqqı qazanıb: “Atamın üstündən həmişə kövşən iyi gələrdi. Mənə bu rayihə qədər təsir edən ikinci ətir yoxdu. Atam son dərəcə halal, yüz sözdən birini danışan, kəndin ağsaqqalıydı. Onun yalan, qeyri-dəqiqlik, etibarsızlıq haqqında anlayışı yox idi. Bax, bütün bunlara görə onunla fəxr edirəm, haqqında kitab yazmışam”.

 

6 yaşındaykən itirdiyi anası ilə bağlı nisgilli xatirələri isə uşaqlığın alatoran yaddaşının imkan verdiyi qədər yazılara köçüb:  “Anamla bağlı bircə an xatirimdədir. Xəstələnmişdim, deyirdilər, qızılca çıxardıb. Başımı dizinin üstünə qoymuşdu. Huşdaydım, özümü-sözümü bilmirdim. Hərdən səksənib, gözlərimi açıb anama güclə baxırdım. Onun yanaqlarından yaz leysanı kimi yaş süzülürdü. Vəssalam! Anamla əlaqədar daha heç nə xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, hələ altı yaşım tamam olmamış birdəfəlik qeybə çəkildi! İyirmi yeddi yaşında görünməz oldu! Məni aldadıb başımı qatmaq üçün dedilər: “Anan həmişə Tanrının dərgahına üz tutub yalvarırdı ki, kolxozluğu mənə göstərmə. Yad kişilərlə bir yerdə işləməkdənsə, ucuz ölüm yaxşıdı. Ona görə də Firəngiz quş olub kolxozun əlindən göylərə uçub. Ulduzların yanına. Bir gün enib gələcək”. Mən yenə də inandım. Bu dəfə gözüm göylərdə qaldı. Axşam düşən kimi damın üstünə çıxıb anamı ulduzların arasında axtarırdım. Axır ki, kəndə kolxoz gəldi. Ondan sonra anamdan birdəfəlik əlimi üzdüm. Daha dünya qopsa da, anam gəlməz, - öz-özümə düşündüm...”

 

Söhbətimiz zamanı müsahibimin “Mənim heç kimə bənzəməyən övlad, valideyn, jurnalistlik, yazıçılıq yolum var” fikrini dinləyərkən dediyini ürəyimdə təsdiqlədim. Yazıçının valideynlərinə bəslədiyi fanatik sevgini böyüdüb boya- başa çatdırdığı beş övladı da mütləq genetik dəyər kimi yaşadar, başqa cür mümkün deyil. Yazıçının oğlu - hüquqşünas alim Yusif İldırımzadənin  mətbuatda oxuduğum sevgi dolu təsirli yazısından yaddaşımda çözələnən sətirlər nəsildən-nəsilə ötürülən əmanətə - valideyn-övlad sevgisinə işıq tutur: “Atamın qardaşı olmayıb. Mən evin böyük oğlu (həm də ilk övladı) olduğumdan atam məni özünə qardaş-sirdaş bilib. Atamı təkcə onun oğlu olduğuma görə çox istəmirəm, yox, mən atama geniş ictimaiyyətin gözü ilə baxıram və onun bir şəxsiyyət kimi necə böyük olduğunu hiss edirəm, duyuram. Mənim atam sadə, təmiz mənəviyyatlı və yüksək intellektli bir şəxsiyyətdir. Ömrüm boyu atama oxşamağa çalışmışam. Və hətta indinin özündə də bir çox məsələlərə mən atamın ölçüləri ilə yanaşıram. Mənim atam zəhmətdən yoğrulub. Allahın ona bəxş elədiyi fitri istedadı zəhmətinin körüyündə bişirə-bişirə özünə şərəfli ömür-gün qazanıb. “Mən ürəyimin yağını çörəyimə yavanlıq edib, heç kəsə əyilmərəm” - belə deyir mənim atam - Əli İldırımoğlu...Müəllimim və həm də qardaşım-sirdaşım... Əli müəllim nəcib adamdır, çünki onun əsil-nəcabəti var. Çünki o, namaz qılan, oruc tutan, ömründə heç vaxt hökumət paltarı geyməyən, hökumət çörəyi yeməyən, dilinə yalan gətirməyən Məşədi Paşanın, övliya Məhəmmədbağırın nəvəsi, dünyadan nakam köçmüş Firəngizin və özünün də dönə-dönə qeyd etdiyi kimi müqəddəs ruhu qarşısında baş əyib yoxluğuna sığındığı halallıq ehramının memarı rəncbər İldırımın oğludur...”

 

1955-ci ildən üzü bəri “gördüyü nikü bədi izhar eyləyən” söz sevdalısı bəlkə də könlünü, ömrünü ədəbiyyata tapşırdığı üçün onun fövqəl gücünə inanır: “Ədəbiyyat da bir yanğıdır. Ədəbiyyat insani keyfiyyətləri cilalamalıdır. Onda o təsir gücü yoxdursa, o ədəbiyyat deyil. Nəsr əsərinin arğacı poeziya olmalıdır. Roman poetik bir dillə yazılmalı, quru olmamalıdır. Müəllifin əsərinin pəncərəsindən onun yaşadığı dövr görünməlidir”. Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitabları, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam'”, iki hissədən ibarət olan “Zorən jurnalist”, “Aqibət”,  “Qarlı gecələr”, “Daş yağan gün” romanları onun həyatının güzgüsü olmaqla bərabər, həm də dövrünün aynasıdır. Bu əsərlər haqqında kimlər yazmayıb? Bu monoqrafiya və yazılarda Əli İldırımoğlunu jurnalist, yazıçı, ictimai xadim, övlad, ata, əsl kişi, ailə başçısı kimi xarakterizə edən bütün kəlamlar, cümlələr, sözlər işlənib, bundan sonra nə desək, təkrar olar. Təkrarsız olan isə dəyərli əsərlərini oxuyub onu hər dəfə müxtəlif aspektdən tanımaqdır.

 

Yazıçının məşhur “Zorən jurnalist” romanının Türkiyədə  Eşq, qələm və qovğa” adı ilə nəşr edildiyini eşidəndə düşünmüşdüm ki, bu ad həm də Əli İldırımoğlunun yaşadığı zəngin ömür yolunu özündə ehtiva edir. Yazıçı qazandığını da, itirdiyini də kitablarına, kitablarını isə gələcək nəsillərə əmanət edib: “ Ey anıb axtaranlarım! Allaha inamım, ata-babama ehtiramım, övladlarıma məhəbbətim, elimə-obama bağlılığım, vətənə sədaqətim, gücsüzlərə köməkliyim, yazıqlara rəhmim, yolunu azanlara qəzəbim, əyilən qəddim, qıyılan gözlərim, pozulmuş səhhətim, yuxusuz gecələrim, narahat günlərim, gərginləşən əsəblərim, sevincim, kədərim, tapdığım və itirdiyim uğurlar, dosta etibarım, gəncliyimin əzabları, ahıllığımın gileyləri kitablarımın əmanətindədir. Məni və mənimi bilmək istəsəniz ömür salnaməmin natamam parçası olan əsərlərimi vərəqləyin...”

 

...Qısa müddətə hesablanmış söhbət Vaxtı ötüb keçir, Zaman cild-cild kitablıq xatirələrlə ayaqlaşa bilmir...Hərdən də Qarabağ, Qubadlı, Əliquluuşağı, Cəbrayıl, Ağdam, Bərgüşad  isimli yurd nisgili də hopur söhbətin ruhuna: “Üzümü ulu göylərə tutub deyirəm: tezliklə erməni əsirliyindən xilas olasan, cahıllığımın sevinci, ahıllığımın qəmi, kədəri Bərgüşad...”

 

Bir neçə il əvvəlki ilk görüşümüzdən xatirimdədir hələ: bərkə düşəndə Əli İldırımoğlunu Fikrət Əmirovun “Kürd ovşarı” və  “Şur” simfonik muğamları xilas edir. Əli İldırımoğlunun dünyasına tam anlamıyla nüfuz eləmək üçün “Kürd ovşarı”nın gah sakit, gah çılğın melodiyasına köklənib yaddaşımı isidən “Közərən sətirlər”i vərəqləyirəm. Vərəqlədikcə də əmin oluram ki, yazıçı sadəcə əsər yazmayıb, həm də müdrikliyin, ahıllığın, piraniliyin göstərgəsi olan aforizmlər yaradıb: xalqın minilllik şüuruna nüfuz edərək,  Azərbaycan dilinin altun qatına vararaq, bolluca frazeologizm və  idiomlardan yararlanaraq...

 

Dağ cüssəli “köhnə kişi”ylə doyulmaz söhbətdən yaddaşıma pərçimlənən fikirləri beynimdə yenidən vərəvurd elədikdə yazıçının avtobioqrafik əsərindən bir hissəni xatırladım: Neçə illər öncə gərgin iş rejimindən sonra Əli İldırımoğlu Jeleznovodska- “Qornı vozdux” sanatoriyasına dincəlməyə, müalicə olunmağa gedibmiş. Gərginlik, yuxusuzluq  üçün ən yaxşı müalicə metodu kimi yazıçıya zülmət çökmüş qaranlıq otaqda 40 dəqiqə maqnitofon lentinə alınmış təbiət, kənd səslərini dinlədirlər. Yazıçı qaranlıqda gözüyumulu oturub bu səsləri dinlədikcə paralel olaraq gəncliyini keçirdiyi, indi əlçatmaz olan yurdunu - Qarabağı xatırlayıbmış: “Gənc çağlarımda elə ki yaz açılırdı, havalar qızırdı, onda qapımızda, yerdən 4-5 metr hündür olan üstüaçıq talvarda yatırdım. Evimizdən bir qədər aralıda olan çarhovuzlu bulağın şırıltısını, kəndin ayağından axıb keçən çaylaq sularının zümzüməsini, gecənin dərinliklərindən gələn İsaq-Musaq quşlarının nəğməsini, qurd hənirtisi almış itlərin ağız-ağıza verib hürüşməsini, ətrafdakı otlaqlarda ayğırların bir-birinə hərbə-zorba gəlməsini, at kişnərtisini, musiqi təsiri bağışlayan buxov cingiltilərini, bir də çardağın böyür-başında yatışan inək, qoyun və keçilərin sakit-sakit kövşək vurmasını, sucuq yerlərdə bir-birinə qarışan qurbağaların haray-həşirini dinləyirdim...”

 

...Unudulmaz görüş idi: eynən yazıçının əsərindəki kimi heç vaxt görmədiyim Qarabağı qaranlıqda gözüyumulu təsəvvür edib “görməyə”, həm də xas adamın xalis ömrünün təkrarsız  minor-major ladlarını ruhumun qulağı ilə dinləməyə bənzəyirdi...

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 31 oktyabr.- S.23