İkinci Mahmud: “Ədəbi mühitdəki intriqalardan kənardayam”

 

“BİZİM ƏDƏBİYYATDA KƏND MÖVZUSUNU DİNCƏ QOYMAQ LAZIMDIR”

 

 

Gənc yazar İkinci Mahmud son illər ədəbiyyatımıza gəlmiş  istedadlı və fəal yazarlardan biri kimi diqqət çəkib. Babasının adaşı olduğuna görə özünə İkinci Mahmud təxəllüsünü götürdüyünü deyir. Təxəllüsü təntənəli səslənsə də, özü sadə və təvazökar görünür, iddialı davranmır. Elə ədəbiyyatla bağlı da böyük iddiaları olduğunu söyləmir. Onun yazdıqlarında yumor həmişə ön plandadır. Söhbətə giriş kimi, bunun səbəbini soruşdum İkinci Mahmuddan:

 

- İçində ironiya olmayan faciə məni iyrəndirir. Bir tamaşaçı kimi filmlərdə də, oxucu kimi əsərlərdə də komediya görmək istəyirəm. Daha doğrusu, tragikomediya deyək buna. Yəni, yazıçının qəhrəmanı həddən artıq əzablı, ağır, dözülməz bir həyat yaşayırsa, yaxud da ancaq komedik obrazdırsa, bu, mənə maraqlı olmur.

 

- Mahmud, qəhrəmanlarınıza ciddi yanaşmağı sevmədiyiniz bəllidir. Maraqlıdır, onlara niyə bu qədər gülürsüz?

 

- Situasiyanın özü gülməli ola bilər. Mənim obrazlarım əsas etibarilə belədir: heç bir faciə yoxdur, sadəcə, bunu faciə həddinə çatdırırlar. Faciənin, problemin bir asan çıxış yolu olmalıdır. Faciəyə problem statusu verməyib onu iqnor eləyəndə isə hər şey bitir. Görünür, mənim obrazlarım həyata, düşdükləri situasiyaya, taleyə həddən artıq ciddi yanaşdıqlarına görə belə mənzərə alınır. Yazıçı kimi öz obrazlarıma, onların acılarına qeyri-ciddi yanaşa bilərəm, amma hekayəyə qətiyyən qeyri-ciddi yanaşmamışam.

 

- Babanız deyirmiş ki, gülmək bizə düşmür, bala. Bəlkə, elə haqlıdır?

 

- Bu, “Babamın dişi” adlı hekayəmdədir. Hekayə olmaqla yanaşı, bu, bir az da xatirədir. Həqiqətən də, babam mən gözümü açanda xeyli faciənin içindən keçmişdi. Baxmayaraq ki, eqoist, özünü sevən adam idi, amma çox çətinliklər görmüşdü. İki oğlunu itirmiş, bir neçə müharibənin şahidi olmuşdu. Aclıq, əzab-əziyyət görmüşdü. Yenə də bu faciələr onu sındırmamışdı. Amma gülməyə, şənlənməyə həddən artıq qarşı idi. Gülməyi sevmirdi. Hətta biz uşaq olanda əsəbiləşirdi ki, gülməyin, gülmək olmaz. Gülmək bizə düşmür! Əlbəttə, haqlı deyildi. Babamın faciəsi elə bunda idi, o, həyatdan heç vaxt zövq almamışdı. Gülmək, istənilən halda yaxşıdır.

 

- Hekayələrinizdə kənd həyatına şəhər mühitindən daha çox yer ayırırsınız və ciddi münasibətlər, gərginlik, qarşıdurmalar hiss olunmur. Müşahidə, mətnaltı rəy və yumor... Ədəbiyyatdan çox publissitik hədəfləriniz var, elə bil.

 

- Çox təəssüf ki, bu belədir. Ancaq bütün hekayələrimə aid etmək olmaz. Mən bu fikirdəyəm ki, publisistikayla bədii mətn bir-birindən ayrılmalıdır. Bu gün istər Azərbaycan, istər dünya ədəbiyyatında bu bölgüdə bir qarışıqlıq hiss olunur. Mən şəxsən bunun əleyhinəyəm. Düşünürəm ki, publisistikadan mümkün qədər qaçmaq lazımdır. Əgər informasiya bədii informasiyaya çevrilə bilmirsə, onu bədii mətn adlandırmaq olmaz. Kənd həyatına gəldikdə isə mənim hekayələrimdə “kənd romantikası” yoxdur. Misal üçün, İsmayıl Şıxlının hekayələrində kənd nisgili, kəndə qayıdış motivlərini görə bilərdik. Mənə bunlar həmişə qeyri-səmimi gəlib. “Tualet kağızı: heç nə haqqında üç esse” adlı birinci kitabımda da bu məsələ haqda danışmışam. Bir adam kənddən Bakıya gəlir, sonra burda yazıçılıqla məşğul olur. Buna yaxşı ev, vəzifə verilir. Bu adamın durumu yaxşıdır, ancaq şeirlərinin hamısında bir kəndə qayıdış nisgili var. Kənd romantikası ilə yaşayır. Mənə bu, səmimi görünmür. Əgər şəhəri istəmirsə, köçüb getsin kəndə. Bu, ordan çətinliyin, palçığın əlindən qaçıb gəlib bura. Əslində bu tip insanı kəndə çəkən heç nə yoxdur. Sadəcə, bizim xalqda “keçmişə xəyanət” düşüncəsi çox aktualdır. Ümumiyyətlə, bir cəmiyyət kimi bizim təfəkkürümüz dəyişməyə qarşıdır. Misal üçün, Qazaxdan Bakıya gəlib uzun müddət burda yaşayan adam bir gün yenə rayona, öz kəndlərinə qayıdıb orda ədəbi dildə, ya da Bakı ləhcəsiylə danışırsa, ona qeyri-ciddi adam kimi baxırlar. Yəni, sən öz bölgənə, ləhcənə xəyanət eləmiş sayılırsan. Bunun təsiriylə yazılmış Sovet dövrü mətnləri çox olub. İndi isə özündən hətta xəyali kənd uyduranlar da var. Yəni, burda daha geniş baxış, urbanistik elementlər yoxdur. Misal üçün, guya qızlar sübh vaxtı səhənglərini çiyinlərinə alıb bulaq başına gedirlər, orda oğlanlarla tanış olurlar. Belə bir şey yoxdur, axı. İnandırıcı da deyil. Reallıq isə budur ki, kənddə də, şəhərdə də qızlar, oğlanlar eyni cür mesajlaşırlar. Mənim “Tanımal Mustafa” adlı hekayəm bütünlükdə kənd həyatıdır. Bu da, əlbəttə, yazılmalı idi. Çünki mən kənddə doğulmuşam. Ancaq ümid edirəm ki, ömrümün axırına kimi belə bir hekayə daha yazmayacam. Kənd mövzusu Azərbaycan ədəbiyyatında çox işlədilib. Ona görə də bizim ədəbiyyatda kənd mövzusunu, elə kəndli sözüylə desəm,  dincə qoymaq lazımdır artıq.

 

- Diri yumor və realizm sənin nəsrinin əsas atributlarıdır, məncə. Bu yöndə ən çox hansı ədəbi mətnlərdən bəhrələnmisən?

 

- Yazılarımla bağlı “diri yumor” ifadəsini çoxundan eşitmişəm və açığı, bu “diri yumor” tam olaraq nədir, bilmirəm. Realizmə gəldikdə isə, özümü daha çox absurd realizmə yaxın hiss edirəm. Yumor, bayaq dediyimiz kimi, mütləq olmalıdır mətndə. Yəni, yazıçı kimisə depressiyaya salmaq üçün yazmamalıdır. Kimdən bəhrələnmək məsələsinə gəldikdə isə, bunu deyə bilmərəm. Sevdiyim əsərləri qeyd edə bilərəm. Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərini çox sevirəm. Kafkanın hekayələrini də çox sevirəm. Məsəl üçün, onun “Yuvam” adlı hekayəsi var, olduqca təsirlidir. Bu əsərləri dəfələrlə oxumuşam. Bunun üçün qeyd elədim. Yoxsa çox ad çəkmək olar.

 

- Kafkada yumor var, sizcə?

 

- Əslində, Kafka bədniyabat deyil. Məncə, situasiyanı ələ salır. Bunu bir az tragikomik adlandırmaq olar. Bəziləri Kafkanın yaradıcılığına pessimizm kimi baxırlar. Ancaq bu, belə deyil. Kafka ləzzət alır həmin vəziyyətdən. Misal üçün, adını çəkdiyim hekayəsi (“Yuvam”) bütün həyatını yuva qurmağa həsr edən bir böcəyin, yəni analoji olaraq insanın faciəsidir. Ancaq burda bir ironiya var, məncə. Yəni, insanın ömrünü nə üçün bu işə həsr etməsi məsələsi var. Bu baxımdan gülüncdür həmin situasiya.

 

- Nitsşe deyir ki, sevgi yaşamağın yeganə və axırıncı şansıdır. Hekayələrinizdə sevgi motivinə elə də rast gəlmədim. Bəlkə yumor imkan vermir ülvi realizmə?

 

- Nitsşe sevdiyim filosoflardan deyil, açığı. Misal üçün, o deyir ki, zəifi itələmək, meydandan çıxarmaq lazımdır. Ola bilsin, həqiqətdir. Ancaq bəzən acı həqiqətlərdən qaçmaq lazımdır. Nitsşenin “Antixirist” əsərindədir bu fikir: zəif adamın yaşamağa haqqı yoxdur. Məncə, belə deyil. Hər şeyə həddən artıq maksimalist yanaşmaq da lazım deyil. Mən dilənçiyə pul verməməliyəm ki, onun əli-ayağı var? Bunu bacarmıram, pulum olanda verirəm... Yeni bir hekayə yazmışam. Bu yaxınlarda yayımlanacaq. “Ubermenşagen” adlanır. Burada üst insan mövzusuna toxunmuşam. Fikrim bundan ibarətdir ki, sözügedən ideal cəmiyyətlər mənə elə də inandırıcı görünmür və belə bir şey də arzulamıram. İnsanın səhvləri də olmalıdır, nəyisə unutmalıdır da və sairə. İnsanı insan edən şeylər bunlardır. Sevgi mövzusu isə mənim yazılarımda yoxdur. Çünki sevgi mahiyyətini, formasını, dəyişib, demək olar. Yəni, klassik əsərlərdə gördüyümüz həmin o əlçatmaz sevgi yoxdur. Bunun çox obyektiv səbəbləri var. Misal üçün, XXI əsrdə Leyli və Məcnun sevgisini misal çəkmək olduqca gülüncdür. Məcnunun Leylini sevməsinə Füzulinin gözüylə yox, realist tərəfdən baxsaq, o sevgi mahiyyətini dəyişib sadələşdiyi kimi, mətləb də aydınlaşır. İndi bu mövzular, bu münasibətlər bir az cılızlaşıb. Daha doğrusu, sürətlənib, asanlaşıb. Üstəlik indi ayrılmaq daha faciə deyil. İndi belə bir dünyada mənim sevginin yaratdığı faciədən danışmağım özümə də gülməli gələr. Belə bir problem yoxdur. Müasir dünyanın başqa problemləri var.

 

 - İstəyirəm, çağdaş ədəbiyyatımızdan danışaq. Ümumiyyətlə, səncə, bu ifadə çox pafoslu səslənmir? Bu ədəbiyyatda özünü rahat hiss edə bilirsən?

 

- Açığı, mən bizdəki ədəbi prosesə qarışmıram, xoşum gəlmir. Heç vaxt heç bir yazıçını tənqid etməmişəm. Bunu da qeyd edim ki, bizim ədəbi mühitdə çoxlu intriqalar, qruplaşmalar var. Mən bunlardan kənardayam. Hətta, böyük səslənməsə, belə də deyərəm: bütün intriqalardan yüksəkdəyəm. Mümkün qədər həmin atmosferə girməməyə çalışıram. Və “hansı tərəf haqlıdır, hansı tərəf haqsız” məsələsində də heç bir fikrim yoxdur. Saytlardakı hekayələri oxuyuram. Və görürəm ki, artıq uzun müddətdir, bizdə yaxşı hekayə, ümumiyyətlə, yaxşı əsər yaranmır. Müəyyən imzalar var. Sadəcə, ümid bəslədiyim, potensialına inandığım imzalar. Niyə yaranmadığının səbəbini isə ədəbi prosesin təbii yolla getməməyində görürəm. Yəni, məncə, yazıçını, şairi özbaşına buraxmaq lazımdır. Dövlət, yaxud müxtəlif qurumlar tərəfindən ciddi maliyyə ayrılmalıdır. Qonorarlar yüksək olmalıdır. Mükafat fondu beş min yox, əlli min olacaq müsabiqələr keçirilməlidir. “İlin ən yaxşı romanı” mükafatı ola bilər, misal üçün. Və qalib gələn yazıçı bu romanla özünə maşın ala bilməlidir. Ancaq bütün bunlar təbii yolla olmalıdır. Kimsə filan tənqidçiylə oturub pivə içdiyinə görə o bunun əsərini tərifləməməlidir. Mənə elə tərif lazım deyil. Bax buna görə mən Azərbaycanda tənqidçilərə etibar edə bilmirəm. Belə bir mühitdə yaxşı əsər yarana bilərmi? Heç cür. Mən isə özümü rahat hiss edirəm. Çünki bu prosesə qoşulmuram.

 

- Ədəbiyyatı bir kənara qoysaq, qalan hər şey yerindədi sizin üçün?

 

- Tək ədəbiyyat deməyək. Bədii mətn oxumadan yaşaya bilərəm. Ancaq, ümumiyyətlə, sənət olmadan yox. Ümumilikdə, cəmiyyət ədəbiyyatsız yaşaya bilməz. Yəni, söz yaranandan insanlar sözü qafiyələndirməyə çalışıblarsa, buna ehtiyac var, deməli. Ehtiyac duyulmayan bir institut, məfhum min illər boyunca yaşaya bilməz. Bəzən belə ifadə işlədirlər: ədəbiyyat ölüb. Belə deyil, əslində. Müəyyən qədər forması dəyişə bilər. Yəni, bir gün tamamilə kinoya çevrilər. Misal üçün, teatr kinoya çevrildiyi kimi. Yaxud, kino da eynən formasını dəyişər. Ancaq sənət qalıcıdır. Bu baxımdan sənətsiz yaşaya bilmərəm. Çünki insana insan olduğunu xatırladan sənətdir. Amma yazmadan və oxumadan çox rahat yaşaya bilərəm. Ədəbiyyatla müqayisədə mənim zövq ala biləcəyim çox şey var. Yağışlı havadan kədərlənmək və bundan zövq almaq - bunun özü elə şeirdir. Geniş mənada ədəbiyyat hesab etmək olar.

 

- Son kitabınızla bağlı xüsusi nə deyə bilərsiz?

 

- Son kitabım “Bataqlıq donuzu”dur. Povestdir. Daha çox yüngül ədəbiyyat xoşlayan insanlar üçün nəzərdə tutulub. Süjeti çox maraqlıdır. Dili çox sadədir. İçində bir neçə ciddi detal var. Povesti yazarkən əsas fikrim bu olub ki, bunu gənclər oxuyacaq. Yəni, mən gəncləri ədəbiyyatdan diksindirməməyə, qorxmamağa dəvət edirəm bu əsərlə.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 31 oktyabr.- S.22.