Əbdürrəhim bəy Haqverdiyevin
“Seçilmiş hekayələr”i macar dilində
Azərbaycanın Macarıstandakı səfirliyinin
təşəbbüsü ilə görkəmli yazıçı və ictimai xadim, diplomat Əbdürrəhim bəy
Haqverdiyevin “Seçilmiş
hekayələr” kitabı
macar dilində nəşr edilib.
Kitabın tərtibçisi Azərbaycan
Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat
İnstitutunun şöbə
müdiri, professor Asif
Rüstəmlidir.
Yazıçının “Şeyx Şaban”, “Bomba”, “Mirzə Səfər”, “Uca dağ başında”
və başqa məşhur hekayələrinin
yer aldığı kitabı orijinaldan macar dilinə tanınmış azərbaycanşünas
alim, Budapeştdəki
ELTE Universitetinin dosenti
Mariya Keneşi tərcümə edib.
Səfir Vilayət Quliyev nəşrə Əbdürrəhim
bəy Haqverdiyevin ədəbi və diplomatik fəaliyyətindən
söz açan müqəddimə yazıb.
İndiyə qədər səfirliyin xətti ilə çap olunan digər kitablar kimi Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələri”
də təmənnasız
olaraq Macarıstanın
200-ə yaxın kitabxanasına,
Budapeştdəki Yunis
Əmrə Türk Mədəniyyəti İnstitutuna
hədiyyə edilib.
Bu günlərdə ELTE Universitetinin türkoloq tələbələrinin iştirakı
ilə Azərbaycan dilinin də öyrənildiyi türk bölümündə kitabın
təqdimat mərasiminin
keçirilməsi planlaşdırılır.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 31 oktyabr.- S.19