Xalq yazıçısı Elçinə açıq məktub

 

Hörmətli Elçin müəllim!

 

Real həyatın, bədiiyyatın, tarixin (sizin təxəyyülünüzün məhsulu olan tarix daxil) və fəlsəfənin qovşağında bərqərar olan “Baş” romanınızın əlyazmasını maraq və istəklə oxudum. Dünyanın faniliyindən söz açan, fəlsəfi traktat təsiri bağışlayan əsərinizi oxuyanda təəccüblənmədim. Yaşınızla bağlı dünyanı olduğu kimi dərk etməyiniz belə bir əsərin yaranmasını şərtləndirib. Əsəri gözəl yazmısınız. Romanı oxuduqca adam özünü unudur və əsərdə cərəyan edən hadisələrin şahidinə, bəlkə də iştirakçısına çevrilir. Keşməkeşli dünyanın əcaib-qəraibliyindən bəhs edən fəlsəfi düşüncələriniz insanı öz dünyasından qoparır. Qeyri-adi təfəkkür sahibi Nizami Cəfərovun çox yığcam “Elçinin cümləsi” məqaləsində (“525-ci qəzet”, 30.09.15) əsərə geniş yer verməsi, sitatlar gətirməsi də romanın uğurlu taleyindən xəbər verir.

 

Elçin müəllim, əsərin əvvəlində oxucunu məlumatlandıran və istiqamətləndirən bir neçə sətirlik fikirləriniz narahatlığınızın nəticəsidir və başa düşüləndir. Professor Bədirxan Əhmədovun yazdığı kimi, bəzən akademik tarixlə bədii düşüncədəki “tarix”in üst-üstə düşməməsi, yaxud bədii təxəyyüldəki tarixdən rəncidə olanlar “bu bizim bildiyimiz tarix deyil” - deməklə qalmır, quru faktların köməyi ilə yazıçının yaratdığı tarixi (dəyişik tarixi!) qəbul etmək istəmir. Unudurlar ki, keçmişin təsvirinin yazıçının qarşısında açdığı imkanlar, hətta ona paralel, alternativ tarix (postmodernistlərdə olduğu kimi!) yaratmağa qədər gedib çıxır.

 

Əsərdə tarixi şəxsiyyətlər Ağa Məhəmməd şah Qacar, knyaz Pavel Sisianov, Fətəli şah, Abbas Mirzə Qacar, İbrahim Xəlil xan, Hüseynqulu xan kimi tarixi şəxsiyyətlərdən, onların taleyindən xüsusən də Ağa Məhəmməd şah Qacar və general Sisianovun tale oxşarlığından söz açırsınız. Onlar hər ikisi ağıllı, istedadlı, qorxmaz, cəsarətli və qəddar olublar. Hər ikisi də qəddarlıqlarının qurbanına çevriliblər. Bu, əsərinizdə də belədir. Odur ki əsərin əvvəlində oxucu və tədqiqatçılara müraciətlə qeyd etdiyiniz “... müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə tarixilik baxımından əhəmiyyətli olan məqamlar da güman ki, az deyildir” fikri əsər boyu demək olar ki, yerini alır. Əhəmiyyətli məqamlardan biri Qacarla bağlıdır. Yazırsınız ki, o zamanlar Ağa Məhəmməd şah Qacarın qəddarlığı Cənubi Qafqaza elə bir xof dalğası yaymışdı ki, bütün Azərbaycan xanları - təkcə Dərbənd xanlığı müqavimət göstərmişdi - özlərini və taxtlarını qorumaq üçün bir qüvvə axtarırdılar və o qüvvə də Rusiya idi... Ağıllı, istedadlı və cəsarətli olduğu qədər də qəddar olan Ağa Məhəmməd şah Qacarın qorxusu, vahiməsi o zaman, əslində, bütün Cənubi Qafqazda Rusiyanın gözəgörünməz müttəfiqinə çevrilmişdi.

 

Mən həmişə o fikirdə olmuşam ki, sevimli şairimiz Səməd Vurğun “Vaqif” dramında şair fəhmi ilə Qacarın obrazını olduğu kimi canlandırmışdır. Sizin əsərinizi oxuduqdan sonra qənaətim daha da möhkəmləndi.

 

Elçin müəllim, çox doğru qənaətdədir ki, əsrlər bir-birini əvəz etsə də, dünya dəyişsə də, adət-ənənələr nəsildən, nəslə keçir, yaşayır. Sizin təxəyyülümüzün məhsulu olan, Sisianovun qraf Timofeyev-Boqoyavlevskiyə ünvanladığı məktubu oxuyanda hər gün müxtəlif televiziya kanallarında gördüyünüz hadisələr göz önünə gəlir: - “Əziz dostum, hər hansı bir təfərrüat buradakı hadisələrin koloritini göstərməkdə acizdir, çünki o hadisələr və bu yerlərin xarakteristikası birmənalı deyil. Bura bir tərəfdən qəhrəmanlıq, o biri tərəfdən riyakarlıq, bir tərəfdən mərdlik, o biri tərəfdən satqınlıq, bir tərəfdən dərin fəlsəfi düşüncə, o biri tərəfdən cəhalət və nadanlıq diyarıdır. Burada namus üstündə ata qızını, qardaş bacısını, oğul anasını xəncərlə qətlə yetirə bilər. Burada 15-16 yaşlı bir oğlan bircə ana söyüşü üstündə adamı parçalaya bilər. Burada gənc və gözəl bir qız paltarında kiçik xəncər gizlədib, atasının, ya qardaşının intiqamını ala bilər. Buranın dağları, meşələri, bağları, mənim əziz dostum, İsveçrədən də füsunkardır. Buranın çeşmə suları o dağların, o meşələrin, bağların havası kimi safdır. Bura bir tərəfdən nağıllar aləmidir, o biri tərəfdən isə romantikadan tamamilə uzaq real və qanlı hadisələr diyarıdır”.

 

Tarixi həqiqətlərdən bəhs edən başqa bir fakt. Knyaz Sisianov Timofeyev-Boqoyavlevskiyə yazdığı 27 dekabr 1805-ci il tarixli başqa bir məktubunda ürək ağrısı ilə qeyd edir ki, bir sıra gürcü çarları islamı qəbul etmişlər, adlarını dəyişmişlər (Sisianov milliyyətcə gürcü olduğuna görə bu ona ağır gəlirdi). Burada tarixi bir həqiqət vardır. Keçmişdə güclü dövlətlər başqa torpaqları tutanda şərtə əsasən yerli xalqdan ya dini, ya dili qəbul etmək tələb olunarmış. Osmanlı imperiyası Acarıstanı tutanda acarlar islam dinini qəbul ediblər. İndinin özündə belə onların dini islam dinidir. Elə bizim özümüz atəşpərəst olmuşuq. Ərəblər Azərbaycanı tutanda İslamı qılınc gücünə qəbul etdiriblər. “Qılınc müsəlmanı” ifadəsi o vaxtdan qalmadır.

 

Yazırsınız ki, İbrahim Xəlil xanın arvadı Cəvahir xanım məşhur gürcü knyazı Yevgeni Abaşidzenin qızı idi və Cəvahir xanımın Qarabağ xanlığının Rusiyanın təbəəliyinə keçməsində rolu az olmamışdır.

 

Mən bilmirəm, bəlkə də heç Abaşidzenin Cəvahir adlı qızı, bəlkə də İbrahim Xəlil xanın Cəvahir adlı arvadı olmayıb. Lakin əcnəbi qadınların ərlərinin işinə ciddi təsiri faktdır və tarixdən məlumdur.  Elə Sizin məqsədiniz də cəvahirlərdən söz açmaq deyil, keçmişdən dərs almağı, nəticə çıxarmağı  ibrət götürməyi önə çəkməkdir. Türk sultanlarının əcnəbi arvadları Osmanlı İmperiyasının zəifləməsində azmı rol oynayıb?

 

Heç şübhəsiz buna görədir ki, bəzi ərəb ölkələrində Ana  yasada arvadı  qeyri-müsəlman olan vətəndaşlarının ölkəyə rəhbər seçilməsinə  qadağa qoyulub.

 

Əsərdə məni qane edən cəhətlər çoxdur. Onlardan biri də odur ki, başqa xalqdan danışsanız da, həmin fikirlərin sanki xalqımıza aid olduğu üzə çıxır. Əminəm ki, əsəri oxuyan hər bir kəs bunu dərk edəcək. Yazırsınız ki, Rusiya öz xarakteri, daxili təbiəti ilə Avropaya yad idi. Rusiyanın daxilində, əslində elə bir hərarət, elə bir sadəlik və mərhəmət var idi ki, o hərarət də, o sadəlik  mərhəmət də heç vaxt Avropada olmayıb. O hərarət, o sadəlik və mərhəmət bəzən sadəlövhlüyə çevrilirdi, özünə qiymət verməməyə, xaricilərə kor-koranə səcdə etməyə, onları özündən üstün tutmağa gətirib çıxarırdı. Bu gün kimi aydın həqiqətdir ki, dedikləriniz elə bizə aid edilə bilər.

 

Elçin müəllim, romanınız kəsilmiş başın ətrafında cərəyan edir və dünyanın faniliyi tam çılpaqlığı ilə burada aşkarlanır. Maraqlıdır ki, bas kəsmək məsələsi Qafqazda rusların “kəşfi” olub. Bir qafqazlının başını kəsənə on rubl verərmişlər (Bax: A.Duma. Qafqaz. Bakı, 2010, s.95). On iki baş kəsən Georgi ordeni ilə təltif olunarmış.

 

Nuxanın komendantı knyaz Tarxanov şəxsən 22 nəfərin başını kəsəndən sonra imperator Nikolay ona ortasında imperatorun nişanı olan, dörd çox qiymətli yaqutun birləşməsindən ibarət qiymətli bir üzük bağışlamışdı. Baş kəsmək çeçen və ruslarda olub. Onu da deyim ki, ləzgilərdə isə qulaq və ya sağ əli kəsmək dəbdə olub. (Bax: A.Düma. Qafqaz səfəri, Bakı, 1985, s.107-108).

 

Hörmətli Elçin müəllim, yazdığınız kimi, Sisianov qəddar, qaniçən olduğu qədər də siyasətcil olub. O, Qoşa Qala qapısına yaxınlaşanda götür-qoy edirdi: “Azərbaycanlılar məğrur olurlar və onların məğrurluğundan ehtiyat etmək, bu məğrurluğu romantik dona bürüyüb, ona hörmət etməklə heç nəyə nail olmaq mümkün deyil, əksinə, həmin məğrurluğu sındırmaq və bunu başqalarına da görk etmək lazımdır. Ən başlıcası isə ayaqlarının altını görməyən, hakimiyyət dəlisi olan, iddiaları yerə-göyə sığmayan gürcü şahzadələrinin, mənsəbpərəst Azərbaycan xanlarının, quldur Qafqaz hakimlərinin genetik ədavətlərindən istifadə edib, bir-birinə qarşı qoymaq lazımdır. Qafqaz xalqlarının heç birinə etibar yoxdur, sabah fürsət düşsə, mənim də başımı kəsərlər, sonra da nəşimi böyük (və yalançı) təntənə ilə Peterburqa göndərərlər”.

 

Düşünmürdü ki, həmin an əcəl onu ölümə sürükləyir. Ölüm beş addımlıqdadır.

 

Elçin müəllim, əsərdən hasil olan qənaətlər baş alıb gedir. İnanıram ki, bütün Qafqazda hakimi-mütləq olan, qanı su yerinə axıdan general Sisianovun taleyi mənim kimi oxucuları da düşündürəcək: “Sisianov öz-özünə fikirləşirdi: “Knyaz, ömrünün bu çağında tək qalmısan. Ömrün çoxu yaşanıb, sona nə qalıb? Ölümü yaddan çıxarma - deyə knyaz pıçıldadı. Bir halda ki, ölüm labüddür, nə fərqi var, təksən, cütsən, nəsən, nə deyilsən. Bunun mənasını kim bilir? Heç kim! Heç kim də heç vaxt bilməyəcək, ilahi sirrləri bağlanmış qapı insan üçün açılmazdır. Görünür, tək olmaq, ailəsizlik, övladsızlıq həqiqətən təbiətin qanunlarına ziddir və insan yaşlaşdıqca, bu ziddiyyətin bütün fəsadları üzə çıxmağa başlayır, bu daha səndən asılı deyil. Səni bir-birini əvəz edən xatirələrdəki, epizodlardakı mənasız mübarizələrdən, mənasız arzu və istəklərdən, mənasız xoşbəxtlik və bədbəxtliklərdən, mənasız sevinc və iztirablardan yalnız ölüm xilas edə bilər” - deyə general həyat həqiqətlərinə üz tutur. Lakin bu hisslər ani olaraq keçib gedir. Sisianov bütöv Qafqazı fəth edəcəyi nəşəli günlər barədə düşünür.

 

Elçin müəllim, əsərinizin hər fəsli sanki bitmiş bir əsərdir. Xüsusən də düşüncələrə qərq olan Hüseynqulu xanı öz taleyi deyil, Bakı xanlığının taleyi düşündürən fəsil. İnanın ki, xanın iztirabları gözlərimin önündən getmir.

 

Həyəcansız oxuya bilmədiyim fəsillərdən biri də “At oğrusu Cəfər” bölümüdür. Böyük ustalıqla işlədiyiniz bu fəsildə bir yandan Sisianovun qəddarlığı, digər tərəfdən rüsvay olmaqdansa ölümü üstün tutan Cəfərin evdə yolunu gözləyən altı qızının və o altı qızın anasının taleyi, keşməkeşli dünyanın əcaib-qəraibliyi məni də düşüncələrə qərq etdi. Sisianovun əmri ilə Cəfərin qurşaqdan aşağı lüt soyundurularaq eşşəyin üstündə əli-ayağı sarıqlı çölə buraxılması Sisianovun qəddarlığının son həddi idi. O, təkcə Cəfəri deyil, onun altı qızını və arvadını rüsvay etmək istəyirdi. Lakin Cəfər buna yol verə bilməzdi. Nə olsun ki, at oğrusu idi. Eşşək dar cığırla irəliləyirdi. Cəfər kənddəki birinci evi görəndə gözlərinin önünə qızları və arvadı gəldi... dəli bir həmlə ilə özünü sola - yarğana tərəf atdı və belə bir həmləni gözləməyən qotur eşşək müvazinətini itirib Cəfərlə birlikdə cığırdan aşaraq yarğanın dibinə yuvarlandı”.

 

Beləliklə, Cəfər ölümü ilə qarı düşmənə qalib gəldi və böyük yaradan Cəfərin qanını yerdə qoymadı.

 

Elçin müəllim, çox istəyərdim bu fəsli ayrıca əsər kimi işləyəydiniz. İnanın ki, bu əsər “Həyat eşqi”, “Son yarpaq”, hətta “Qoca və dəniz” kimi əsərlərdən heç də geri qalmazdı.

 

Bir məsələni diqqətinizə xüsusi çatdırmaqla məktubuma son verirəm. Mən 1983-cü ildə ABŞ-da ingilis dili üzrə iki aylıq ixtisasartırma kurslarında olarkən A.Dümanın 1859-cu ildə Fransada çap olunan “Qafqaz” əsərinin 1962-ci ildə ABŞ-da ingilis dilinə tərcümədəki nəşrinə rast gəldim. Əsərin üzünü çıxartdıraraq Bakıya gətirdim. Tərcümə edərək hissə-hissə “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdim. “Yazıçı” nəşriyyatının direktoru, görkəmli naşir Əjdər Xanbabayevin məsləhəti ilə əsəri orijinalı ilə fransız dili mütəxəssisi Həmid Abbasovla müqayisəli tərcümə edərək Azərbaycanla bağlı hissəsini “Qafqaz səfəri” (Bakı, Yazıçı, 1985) adı altında nəşr etdirdik. Məlumdur ki, A.Düma Azərbaycana Sisianovun qətlindən cəmi 52 il sonra, 1858-ci ildə gəlmişdi. A.Dümanın Sisianovun qətli ilə bağlı fikirləri az əhəmiyyət kəsb etmir. Aleksandr Düma bu münasibətlə yazır: “İsmət və bəkarət rəmzi olan Qız qalasına gəlməmişdən qabaq başqa bir abidəyə də rast gəlmişdik. Bu, Gürcüstanın canişini general Sisianovun abidəsi idi. O, Bakını mühasirəyə aldıqda (qurudan və dənizdən), Hüseynqulu xan şəhəri təslim etməzdən əvvəl, guya öz şərtlərini bildirməkdən ötrü generalla görüşmək arzusunda olduğunu bildirmişdi.

 

Rusların dostu olan ermənilər Sisianovu xəbərdar etmişdilər ki, görüş zamanı onu öldürəcəklər. Sisianov özünü Sezar kimi cəsur göstərmiş və “Buna cürətləri çatmaz” - demişdi (Unutmuşdu ki, elə Sezar da ehtiyatsızlığın qurbanı olmuşdu - Q.P.). Xan görüşə gələn generalın başını qılıncla vurmuşdu”.

 

Elçin müəllim, general Sisianovun başının qılıncla görüş vaxtı vurulması və ermənilərin azərbaycanlılara xəyanəti ilə bağlı tarixi faktlardan yan keçmək olmaz. Arzu edərdim ki, romanı çapa hazırlayanda bunu nəzərə alasınız.

 

Sizə dərin hörmət və ehtiramımı bildirirəm.

 

05.10.2015

 

Qəzənfər Paşayev

professor

525-ci qəzet.- 2015.- 31 oktyabr.- S.18-19