Ələddin Əzimlinin təqdimatında
“Sən”
Bugünlərdə Ələddin Əzimlinin
“Sən” şeirlər
kitabı işıq üzü görüb.
Kitaba tanınmış ədəbiyyatşünas
Muxtar Kazımoğlu
“Yolların pambıq olsun” adlı ön söz yazıb: “Ələddin xəbislikdən, xudbinlikdən...
uzaq adamdır. Ələddini xatırlayanda tələbə
yoldaşlarımızın hərdən onun şeirlərindən (ən
çox da “Yarımçıq yuxular”dan)
misralar, bəndlər
deməsi Ələddinin
özü kimi şeirlərinin də
dost-tanış qəlbində
iz buraxmasından xəbər verir. İndi bu şeirləri
oxuduqca Ələddini
bir az
da yaxından tanıyıb duymaq olur.
Başqaları sevgisinin yerə-göyə
sığmadığından danışan yerdə Ələddin “neyləyim,
Məcnunluq gəlmir əlimdən” deyir. Başqaları bəşər övladı
qarşısında dağı
dağ üstə qoymaqdan dəm vuran yerdə Ələddin sənə,
mənə böyük
ürək açıqlığı
ilə “Yolların pambıq olsun” deyir.
Əlbəttə, Ələddinin təvazökarlığında
nisgilli bir cəhət də var. Nisgil ondan ibarətdir
ki, şairlik iddiasında olmayan və “böyük-böyük
şairlər varsa, bizə nə hacət” deyib bir qırağa çəkilən Ələddin
şövqdən, həvəsdən
düşə-düşə şeir yazmaqla vidalaşıb. Amma orasını nəzərə
almayıb ki, şeir yazmaq hələ şairlik azarının candan çəkilib getməsi demək deyil. Sən demə, şair Ələddinin üstündən
qələm çəkmək
əvəzinə, ona
qol-qanad vermək lazımmış. Qol-qanadı
Ələddin adlı
o şairə başqa
birisi yox, ev-eşik qayğılarına
başı qarışan
Ələddinin özü
verməliymiş və
qətiyyətlə deməliymiş
ki, canım-gözüm,
böyük-böyük şairlərdən
qorxma, yaz! Yazdığın Sözdürsə,
oxuyanı tapılacaq!...”
Şairin
şeirlərində sevgi,
ayrılıq, hüzn
motivləri üstünlük
təşkil edir:
Sənə çatası,
Ürəyini yumşaldası səsimi
Küləklər apardı.
Daşa,
divara,
Yarpaqlara
çırpa-çırpa...
Yaxud da:
Alça
çiçəkləridir əllərin,
Ağappaq nəğmə oxuyur mənə.
Dünyanın təmizliyindən,
Tənhalığın uzunluğundan,
Ümidli
günlərimizdən...
Ə. Əzimlinin poeziyasında insani keyfiyyətlərin təbliği ön plana çəkilir:
Sözü daşdan keçən
Kişilər vardı.
Külək əsdi,
Yağış yağdı
Day bilmirəm nələr
oldu?
Zaman bu
kişiləri apardı...
Kitabdakı
şeirlər “Yarımçıq yuxular”, “Sən” və
“Ölçülü-biçili sətirlər”
bölümündə təqdim edilib.
525-ci qəzet.- 2015.- 31 oktyabr.- S17