“Paytaxtdan bölgələrə”
çərçivəsində ilk tədbir
Şamaxıda olub
Mədəniyyət və Turizm Nazirliyi “Paytaxtdan bölgələrə” adlı
yeni layihənin icrasına başlayıb.
Layihənin əsas məqsədi bölgələrdə yaşayan
insanları müasir mədəni proseslərə
cəlb etmək, bölgələrdə paytaxtın
aparıcı muzey və qalereyalarında qorunub saxlanılan sənət incilərinin nümayişini, görkəmli
sənətkarların və
kollektivlərin çıxışlarını
təşkil etməkdir.
Bu çərçivədə ilk tədbir “Azərbaycanın
Ədəbiyyat Paytaxtı”
elan edilmiş Şamaxı şəhərində
keçirilib. Rayon Mədəniyyət Sarayında
“Milli İncəsənət
Muzeyinin kolleksiyasından
Azərbaycanın ədəbiyyat
korifeyləri” adlı
sərgi təqdim olunub.
Tədbiri giriş sözü
ilə açan mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev qeyd edib ki,
son illər bölgələrimizin
mədəni mühitini
yeni ideyalarla canlandırmaq üçün
çoxsaylı respublika,
beynəlxalq səviyyəli
festivallar keçirilir,
ayrı-ayrı şəhər
və rayonlar müxtəlif meyarlara görə mədəniyyət
paytaxtları seçilir:
“Artıq bir neçə aydır ki, Bakı şəhərində
Mədəniyyət və
Turizm Nazirliyinin “Bölgələrdən paytaxta”
layihəsi həyata keçirilir. Yeni layihə isə
paytaxtımızdakı mədəniyyət
və incəsənət
irsini bölgələrdə
təqdim etmək məqsədi daşıyır”.
Sərginin əhəmiyyətindən söz
açan nazir “Paytaxtdan bölgələrə”
layihəsinin də davamlı olaraq ölkəmizin müxtəlif
regionlarında keçiriləcəyini
vurğulayıb.
Şamaxı rayon icra hakimiyyətinin
başçısı Asif
Ağayev, Azərbaycan
Rəssamlar İttifaqının
sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcid, AMEA-nın Əlyazmalar İnstitutunun
direktoru Teymur Kərimli çıxış
edərək tədbirin
əhəmiyyətini yüksək
qiymətləndiriblər. Belə bir
sərginin böyük
ədiblər yetişdirmiş
Şamaxı şəhərində
keçirilməsinin təqdirəlayiq
olduğu vurğulanıb.
Sonra iştirakçılar sərgi
ilə tanış
olublar. Sərgidə görkəmli rəssamlar
Səttar Bəhlulzadə,
Tahir Salahov, Nəcəfqulu, Mikayıl
Abdullayev, Oqtay Sadıqzadə, Qəzənfər
Xalıqov və Sadıq Şərifzadə
tərəfindən fırçaya
alınmış xalqımızın
dahi şair və yazıçıları
Nizami, Xaqani, Füzuli, Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli, Mirzə Şəfi, Natəvan, Mirzə Ələkbər
Sabirin portretləri nümayiş etdirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 31 oktyabr.- S.15