Moskvada Fikrət Qocanın 80 illik yubileyi qeyd edilib.
Axşam.az-ın məlumatına görə, mərkəzi ədiblər evində keçirilən yubiley tədbiri “Ocaq” ictimai cəmiyyəti tərəfindən təşkil olunmuşdu.
Yubiley tədbirində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu zərif və incə ruhlu, həssas qəlbli Fikrət Qocanı dost olaraq əvəzsiz insan, fədakar ziyalı, fəlsəfi-intellektual təfəkkürə malik, milli və çağdaş ruhlu şair kimi səciyyələndirdi. Polad Bülbüloğlu şairlə birgə yaradıcılıq məhsulları olan məşhur mahnıların, o cümlədən “Gəl, ey səhər” mahnısının ərsəyə gəlməsinin tarixçələrini danışdı. Səfir, həmçinin F.Qocanın Moskvada yaradıcılıq gecəsinin keçirilməsini diasporun həyatında əlamətdar hadisə kimi qiymətləndirdi.
Xalq yazıçısı Anar ömrünün 80-ci payızını yaşayan, 60-cı illər şeirinin gözəl nümunələrini yaradan, poeziyamıza bahar ovqatı gətirən Fikrət Qocanın sözlərinə yüzlərlə mahnı bəstələndiyini, əsərlərinə səhnə ömrü verildiyini, radiotamaşalar hazırlandığını bildirdi. Həmçinin onun Rusiyada təhsil aldığı illərdən bəhs etdi.
“Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikli, tanınmış şair və publisist İlham Bədəlbəyli, bəstəkar Ruhəngiz Qasımova və başqaları həyatı boyu öz paklığını və həqiqətsevərliyini qoruyub saxlayan, vəfalı dost və görkəmli şair olan Fikrət Qocanı şeirləri, nəğmələri ilə hər zaman milli-mənəvi dəyərlərimizin keşiyində duran müdrik bir insan kimi səciyyələndirdilər.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən yubilyar yaradıcılığına verilən böyük qiymətə görə minnətdarlığını bildirdi.
Sonda incəsənət
ustalarının ifasında Fikrət Qocanın sözlərinə
yazılmış mahnılarından ibarət konsert
proqramı təqdim olundu
S.Abdullayeva
525-ci
qəzet.- 2015.- 31 oktyabr.- S.15.