Tofiq Abdin unudulmazlığı
USTA ŞAİR VƏ YAZARIMIZI DOĞUM GÜNÜNDƏ DƏRİN EHTİRAMLA YAD EDİRİK
Dəyərli şair və publisistimiz, Azərbaycan ədəbiyyatı
və mətbuatında xüsusi yer tutmuş, uzun illər qəzetimizlə
sıx əməkdaşlıq etmiş Tofiq Abdinin bu gün
doğum günüdür. Amma bu doğum
günü, onun öz təbiri ilə desək, qondarma bir
tarixdi. Müsahibələrinin birində Tofiq Abdin
özü deyirdi ki: "Mənim ad günüm sentyabrın
1-dir. Onu da mən özüm təyin eləmişəm. Mən bunu qəzetdə də qeyd etmişəm,
Türkiyədə də yazdım, burda da yazdım. Bu, qondarma ad günüdür. Mən
əslində sentyabrın 1-i deyil, avqustda, noyabrda
doğulmuşam. Hətta 41-ci ilin
özü də mübahisəlidir. Çünki
deyirlər, əmim Krım müharibəsində olan zaman
yazıb ki, onun adını filankəs qoyun. Krım müharibəsi də, heç bilmirəm,
neçənci ildə olub.
Bunlar da elə yazıblar müharibə vaxtı, 41-ci
il".
Tofiq Abdin Salyan rayonunun Qırmızıkənd kəndində
anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət
Universitetinin Teatrşünaslıq fakültəsini bitirib.
Elə həmin ildən "Qobustan" toplusunda
şöbə müdiri işləyib. 1993-2001-ci
illərdə Türkiyədə yaşayıb. Qardaş ölkənin nüfuzlu "Orta
Doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq
edib. Bir çox kitabı işıq
üzü görüb. 2002-ci ildə Xalq şairi Rəsul
Rza adına Beynəlxalq Ədəbiyyat
mükafatı ilə təltif olunub. 2010-cu ildə Azərbaycan
Respublikasının Əməkdar Mədəniyyət
İşçisi fəxri adına layiq
görülüb.
Tofiq
Abdini öz misraları ilə belə də təqdim edə
bilərik:
Bir eldə
doğuldum - mərkəzdən uzaq,
üz
tutub bir böyük şəhərə gəldim.
Başımı
soxmaqçün gəzdim künc-bucaq
nə
bir soyuq bildim, nə isti bildim -
Döydüm
bir qapını, dedim ki: mənəm
Gəlin tanış olaq, Tofiq Abdinəm!
Şairlik
sevdası vardı başımda,
bilmirdim
dünyanın Nazimi varmış.
Hardan biləydim
ki, bu yol başında
insan
öz-özünə bədbəxt olarmış -
Bəzən
qoymadılar danışam, dinəm,
Gəlin tanış olaq, Tofiq Abdinəm!
Ömrünü qələmə,
yaradıcılığa həsr edən T.Abdin oxucuların, sənət
dostlarının xatirində yüzlərlə oxunaqlı mətbu
yazıları, ədəbi-bədii əsərləri ilə
yadda qalıb.
Bu nümunələr janr, mövzu rəngarəngliyinə,
dil, üslub xüsusiyyətlərinə görə daim diqqəti
çəkib, müəllifinə medianın da, ədəbiyyatsevərlərin
də rəğbətini qazandırıb. Mən Tofiq Abdini ilk dəfə "525-ci qəzet"də
görəndə ən çox şuxluğu, son dərəcə
sərbəst, gənclərə xas geyimi ilə diqqətimi
çəkdi. Yaşını biləndə isə təəccübümü
gizlədə bilmirdim , yəni 73 yaşlı
bir kişi necə bu qədər zövqlə, dəblə geyinə bilərdi?!
Onun hər dəfə qapını açıb
otağa yüksək əhval-ruhiyyə ilə girməsi isə
hər kəsdə xoş təəssürat yaradırdı.
Ölümünə isə inanmaq çox çətin
oldu. Çünki həyata, yaşamağa çox
bağlı insan idi. Biz onu öz aramızda
əsl bahar adamı adlandırırdıq. Həqiqətən də belə biri idi Tofiq Abdin.
Bahar kimi idi. Gah Günəş
görünürdü, gah buludlar gəlirdi göyün
üzünə. Onu tanıyan hər kəs
təsdiq edər ki, Tofiq Abdin orijinal insan idi. Yaş komplekslərinə qapılmayacaq, bəzən
avanqard, bəzən tamam uyğunsuz görünsə belə,
istədiyini geyinəcək qədər, bəzən
"mübtədasız-xəbərsiz" yazacaq, durğu
işarələrini özbaşına buraxacaq qədər
orijinal. Elə adamlar var ki, ölən kimi
xatirəyə çevrilir və qısa müddət ərzində
daha başqa cür gəlmir gözlər önünə.
Doğmalarının yaddaşında, ən yaxşı halda
özünə qırx gün "yuva" qurur... sonra
unudulur - elə bil ki, heç o adda, o davranışda adam dünyada olmayıb. Ancaq
Tofiq Abdin kimi insanlar da var ki, dünyasını dəyişəndən
sonra uzun illər xatirəyə çevrilmir -özünə
çevrilir və özünə çevrilmək
şansı olduğuna görə yenə bizim
aramızdadır, bizə çox yaxındır. Sadəcə olaraq bizlər ondan uzağıq və
bizim ondan uzaqda olmağımız da çox çəkməyəcək.
Uzun illər
Azərbaycan bədii publisistikasının yükünü
çiyinlərində daşıyan, jurnalistikada öz fərdi
üslubunu yaradan az sayda yazarlardan biri idi
Tofiq abi. "Qobustan" toplusunda sözün əsl
mənasında külüng çalmışdı. İçi dopdolu, qaynar təbiətli, dəli-dolu
ruhlu idi. Yeddi il qürbət həyatı
yaşayıb, Türkiyə mətbuatına yazılar
yazdı. Qürbət ağrısı şeirlərinə
də hopmuşdu. İstanbulda yazdığı şeirlərindən
biri beləydi: "Unudulmuşamsa, orda yaşadığım
ömür mənə haram olsun!"
Şeirlərindən, verdiyi müsahibələrindən
də hiss olunurdu ölümdən qorxduğu. Əslində
bəlkə də, ölümdən yox, unudulmaqdan qorxurdu.
bu qorxu
o tindəymiş
həmən qarşıma çıxdı
çıxıb bir yad gözündən
həmən içimə axdı
mən
necə görməmişəm
mən
necə kor olmuşam
bu
yaşda bu qorxunu
içimə doldurmuşam
ha
çabala, ha vuruş
ata bilmərəm
onu
heç
belə gözləmirdim
mən
ömrümün sonunu
yazıq
ömrümə yazıq
məni
güdürmüş bu şər
atalar
düz deyibmiş:
qorxan
gözə çöp düşər
Amma ölüm haqqında ölümsüz şeirləri
onu unutmağa imkan vermir.
Öləndən
sonra,
çox
demirəm,
bir
azacıq üşüyə bilsəydim
qışda
canım
bir azcıq isinsəydi
yayda
öləndən sonra darıxmaya bilsəydim
o tənhalıqda
ah... bir
oyana bilsəydim
hər
sabah
oyandığım kimi Dan üzü
gəlib
öpə bilsəydim
balalarımın üzündən
ruhum bir
duman olub
keçsəydi Muğan düzündən
oyana
bilsəydim
bir daha
ölməzdim, düşünürəm...
Ölümündən sonra dostları, qələm
yoldaşları Tofiq Abdin haqqında yazılar yazdılar, onu
dönə-dönə andılar.
Xalq
yazıçısı Anar "İnana bilmirəm"
yazısında şairin ölümündən duyduğu dərin
kədər hissini qələmə almışdı:"... Tofiq Abdinin ölüm xəbərini eşidəndə
əlli illik tanışlığımızın,
yaradıcılıq ünsiyyətimizin, ədəbi əlaqələrimizin,
"Qobustan"da birgə
çalışmağımızın müxtəlif səhnələri
bir-bir yaddaşıma qayıtdı. Tofiq istedadlı
şair idi və eyni zamanda çox iti və kəskin qələmi, orijinal
üslubu olan, cəsarətli publisist yazılarıyla,
maraqlı müsahibələri ilə mətbuatımızda
geniş tanınmış və hörmət qazanmış
müəllif idi".
"İndi dəqiq xatırlamıram, ancaq nədənsə
mənə elə gəlir ki, biz Tofiqlə elə zarafat eləyə-eləyə,
bir xoş sevinc ovqatıyla tanış olmuşduq və əlli
ildən sonra son telefon söhbətimiz də elə o həmin
kökdə, həmin dəyişilməz havadaydı". Bu fikirlər
isə Xalq şairi Sabir Rüstəmxanlının
"Görüşərik" yazısındadır.
Kənan
Hacı "Tofiq Abdinin son zəngi" yazısında
duyduğu acını bu cür ifadə edib: "Üz
tutduğum ünvanlardan biri də azaldı. Son
dəfə nə vaxt ağladığımı xatırlaya
bilmirəm. Amma ötən gecə evə
çatıb hönkür-hönkür ağladım.
Duaların həmişə mənimlədir, Abi!..Görüşənədək..."
Sevinc Mürvətqızının "Gözümüz
qapıda qalıb, Tofiq abi" yazısında Tofiq Abdin haqda
xatirələr, onunla bağlı dəqiq müşahidələr
qələmə alınıb: "Çoxdandı
"Müəllimə, poeziyamdan, prozamdan bir yazı yaz,
yaxşı bir müsahibə götür məndən"
deyirdin. Vaxtın azlığından, işin
çoxluğundan alınmırdı desəm... yox, daha
özümə bəraət qazandırmayım, buna macal
tapmadım. Əfsuslar, bu yazını
yazmaq indiyə nəsib oldu.
Bağışla məni, Tofiq abi. Sən sağlığında həmişə özünlə xoş bir enerji daşıyardın getdiyin hər yerə. Ölümün də dərs verdi, xatırlatdı ki, bu günün işini sabaha qoymaq olmaz... Dəyərli bir insanı sadə yazıyla sevindirmək olardısa, niyə ləngidim o yazını yazmağa? Vicdan əzabı çəkirəm indi, Tofiq abi...Amma bilirəm, əfv edəcəksən məni. Sənin elə böyük ürəyin vardı ki... Ürək demişkən, heç ürəyindən şikayətlənməzdin Sən. Bəlkə də incidirmiş Səni, amma mən eşitməmişdim...Sən ürək sahibi idin, arxayın idin o ürəyə... Amma çox vaxt arxayın olduqlarımız beləcə yarıyolda buraxır bizi..."
Saday Budaqlı "Heç kim inanmırdı öləcək..." yazısında mərhum şairlə bağlı səmimi duyğularını bölüşüb:
"Nəsə, belə-belə işlər,Tofiq. Yenə sakitcə aradan çıxdın. Ancaq bu dəfə həmişəlik. Dostlar arasında, işdə sənin yerin görünür... Sənin üçün hər şey bitdi: oğlu sarıdan, nəvələrin sarıdan narahatçılıqların, başqa problemlərin yoxa çıxdı...Dünyanın bir böyük sirri var ki, öləndə bizə agah olacaq.
Sənə indi agah oldu. Bu sirrə vaqif olmaq üçün ölməyə dəyər".
Müsahibələrinin birində Tofiq Abdin dostlarının onun doğum gününü çox vaxt xatırlamadıqlarını deyirdi. Həmişə gileylənirdi ki, torpağın üzü soyuqdu, insan ölənə kimidi, öldümü, vəssalam, qarışır min ilin ölülərinə, heç kim onu xatırlamır... Amma bu sözlər ona - Tofiq abiyə qətiyyən aid deyil. Bu ölümlü dünyada onu tanıyanlar var olduqca Tofiq Abdin hər zaman xatırlanacaq.
Samirə
QULİYEVA
525-ci qəzet.- 2015.- 1 sentyabr.- S.4.