Veteranın xatirələri

 

 (hekayə)

 

 

Böyük Vətən Müharibəsi başlayanda Hümbətin on altı yaşı yenicə tamam olmuşdu. Hərbi səfərbərlik bığ yeri yenicə tərləyən Hümbətin doğma kəndlərindən ayrılmasına, özüdə acı göz yaşları içərisində ayrılmasına səbəb oldu. Hələ ana uşağı hesab olunsa da onu Biləcəri toplanış məntəqəsinə gətirdilər və elə həmin gün də saçlarını dibindən qırxdılar.

 

Ağzından süd iyi gələn Hümbətin bəxti yaxşı gətirdi, necə deyərlər, anası namaz üstəymiş, bir rus polkovnik onun sir-sifətinə xeyli baxandan sonra zabitlərə tapşırıq verib ki, bu çəpər sərçəsinə oxşayanı Biləcəridə saxlayın. O qalan, Hümbət burada düz müharibə başa çatanacan cəbhəyə göndərilən atlara qulluq edib. Düz beş il atlara qulluq edən Hümbətin sifəti elə at sifətinə oxşayırdı, aclıq çəkdiyi günlərdə dişi atların südünü içdiyinə görə arada bir at kimi fınxırır, hərdən də at kimi kişnəyirdi. Babalı deyənlərin boynuna, bir neçə dəfə şıllaq da atıb.

 

Yeniyetmə Hümbət Sovet xalqı cəbhədə ölüm-dirim savaşı aparanda o Biləcəridə atlara qulluq edir, aradabir dayçalara da müştəri gözü ilə baxsa da qorxusundan onların həndəvərinə belə fırlanmırdı. İlan vuran ala çatıdan qorxduğu kimi Hümbət də dayçaların şıllağından çox pis qorxurdu, çünki bir dəfə şeytan Hümbəti yoldan çıxarıb və o dayçanın arxasına keçəndə ağır bir zərbə alıb, bunun acı nəticəsini görüb.

 

Biləcəridən o tərəfə keçməsə də Sovet xalqı faşizm üzərində böyük qələbəni qeyd edəndə Hümbətin döşündə bir neçə nişan parıldaya-parıldaya kəndə qayıtmışdı. Kənd camaatı onu bir qəhrəman kimi qarşılayandan sonra Hümbətin yerişi, duruşu tamam dəyişmişdi və bir müddətdən sonra o müharibə vaxtı aclıqdan qurtulub qalan beş, uzağı on nəfərə özündən quraşdırdığı cəbhə xatirələrini danışmağa başlamışdı. Adamlar da onun xatirələrinə qulaq asır, Hümbətin fərasətinə məəttəl qalırdılar. Ancaq bəzi cavanlar Hümbətin xatirələrinə inanmadıqları üçün dalda-bucaqda onu lağa qoyur və deyirdilər ki, əşi, gopçunun biridir. Buna baxmayaraq Hümbət özündən quraşdırdığı xatirələrə əməlli-başlı inanırdı və günlər ötüb keçdikcə  həmin xatirələr daha da çoxalırdı. Yalan-gerçək, ilk dəfə onu rayonda keçirilən tədbirə dəvət etdikləri gün Hümbətin ürəyi sinəsinə sığmayıb və o özünü gerçəkdən bir qəhrəman kimi hiss edib. Bu şad xəbəri alan axşamı arvadına xoruzlanaraq deyib:

 

-Ay bitti Bəşirin qızı, kitelimi bir yaxşı təmizlə, məni irayona tədbirə çağırıblar, raykomun birinci katibi deyib ki, geroy Hümbət gərək bu tədbirin başında otura.

 

Arvadı da az aşın duzu deyildi. Dərhal Hümbətə deyib ki, yəqin o iclasda atlara baxmağından danışacaqsan, heyləmi?!

 

Arvadının bu sözlərinə Hümbət bərk hirslənsə də, lənət kor şeytana-deyərək həyətə düşüb. Hümbət səhv etdiyini indi anladı ki, gərək vaxtında arvada at söhbətini etməyəymiş, budey, tez təpəmə taqqıldadır. Köpək oğlunun qızı, eybi yox, sənin ağzına buxov vurmasam, məndən alçaq adam yoxdur.

 

Ertəsi gün, qancıq it tayadan düşməmiş Hümbət özünü raykomun binasına çatdırdı. Bir cavan oğlan Hümbəti ədəb-ərkanla qarşılayıb iclas zalına apardı və ona dedi ki, yoldaş katib, sizin də adınızı çıxışa yazıb. Oğlanın bu sözündən kövrələn Hümbət öz-özünə dedi ki, ay bitti Bəşirin qızı, gəl mənə qoyulan hörmətə bax də!

 

İclas başlandı. Bir qədər sonra söz verilir müharibə veteranı Hümbət Şeydayevə deyəndə onu qan-tər basdı, tribunaya necə qalxdığını hiss etmədi. İki əli ilə tribunanı bərk-bərk tutmuş Hümbəti zalın xofu da bir tərəfdən sıxırdı. Birtəhər özünü ələ alaraq: - "Yoldaş katib, sənin əziz başın haqqı, mən gördüklərimi, bu zalda heç kəs görməyib" - deyən kimi qrafindən stəkana su süzüb qurtultu ilə içdi. Əslində, birinci katib Hümbəti yaxşı tanıyırdı və onun müharibəni görmədiyini yaxşı bilirdi, kənddə gop etməyini eşitmişdi. Onun gopunu öz qulaqları ilə eşitmək üçün bura dəvət etmişdi. Hümbət bir stəkan da su içən kimi danışmağa başladı:

 

- Mən Mozduxa (Mozdok) çatanda nemesin qoşun-leşgəri buranı top atəşinə tutmuşdu. Baxıb gördüm ki, hamı başını itirib. "Ə, köpək uşağı, bu dılğır nemesin qavağından niyə qaçırsınız?" deyən kimi pulemyotu işə saldım. Nemesin qoşunu pərən-pərən düşəndə, yoldaş katib, o dediyin goru haqqı, bir rus polkovniki məni qucaqlayıb duz kimi yalayaraq dedi:

 

-Ay Hümbət dayı, əllərinə qurban olum, nə yaxşı ki, sən gəlmisən, bu müharibədə bizə day zaval yoxdur. Əşi, sənin qeyrətinə qurban olum, səni doğan ananın başına dönüm.

 

Nemesin qoşunu xeylax geri çəkilmişdi. Bir axşam akopda kürəyimi divara söykəyib huşa getmişdim. Gördüm ki, qar xışıldadı, tez qanrılıb qənşərə baxanda kimi görsəm yaxşıdı.Yoldaş katib, ölənnərinin ruhu haqqı, gördüm yoldaş Stalin yavaş-yavaş mənə sarı gəlir. İstədim tez kişinin qavağına qaçam, əli ilə işarə elədi ki, lazım deyil. Gəlib çatan kimi məni qucaqlayıb kövrəldi və dedi ki, Hümbət Allah səni yaxşı yetirib, istəyirəm sənnən bir məsləhət eləyim. Əlimi  kürəyinə qoyaraq ona toxdaqlıq verdim. Yoldaş Stalin qənşərimdə çömbələrək titrək səslə dedi:

 

-Hümbət, nemesə güjümüz çatmır, odey Moskvanın beş addımlığındadır. Aramızda qalsın, istiyirəm Moskvanı tərk edəm.

 

Baxdım ki, yoldaş Stalinin dodaqları əsir, hiss etdim ki, yazıq qorxur. Ona dedim ki, bu fikri başından birdəfəlik çıxart, Hümbət hələ ölməyib ki, sən naümid qalasan, and olsun səni- məni yaradana, nemesin anasını ağlar qoyajam. Ə, sən hələ Hümbətə yaxşı bələd deyilsən?! Elə bunnarı demişdim ki,gördüm Stalinin rəngi-rufu açıldı, qəlyanını bir-iki ağız sümürüb dedi:

 

- Hümbət, amanın günüdür, day umudum sənədir, məni buralarda arxasız, köməksiz qoyma! Tez-tez mənimlə əlaqə saxla.

 

Yoldaş katib, dədəyin başı haqqı, onun belə deməyi məni yaman pis kövrəltdi, üzümü yana tutub göz yaşımı elə sildim ki, Stalin görməsin.

 

Hümbət nəfəsini dərib bir stəkan da su içdi.Birinci katib pörtüb başını aşağı salmışdı. Zaldan bir-iki adam da dilləndi ki, əşi, sözünə davam elə, bizi çox intizarda saxlama.

 

Hümbət aldı görək, nə dedi: - Yaxşı yadımda qalmıyıf, 1942 ya da 43-cü ilin qışıydı. Bərk şaxta varıydı. Gejənin vahiməsi adama qorxu gətirirdi. Saldatdar buşlata bürünüb yatmışdılar. Gejənin yarısı qulağım çaldı ki, qar xışıldayır. Qəfildən başıma meşok keçirtdilər və məni sürüyə- sürüyə harasa aparırdılar. Dınşədım ki, iki nemesdi, kəşfiyyata gəliblər. Ağzımı bağladıqları üçün birtəhər hıqqıldayıb çabaladım. Nemes meşoğun ağzını açan kimi başımı çölə çıxartdım. Allah haqqı, məni görən kimi ikisi də başını aşağı salladı, əlimi boş qoyub bunun birinə bərk bir şapalaq vurdum, o birisi tez dedi ki, Hümbət dayı, bizi bağışla, bir qələtdi eləmişik. Qapaz vurduğum da donquldayaraq dedi ki, əşi məni niyə vurursan, kefimizdən gəlməmişik ha, bizi də göndəriblər dayna.

 

Söhbətin bu yerində gülməkdən özünü güclə saxlayan birinci katib əllərini ağzına qapayaraq çölə qaçanda zaldan sürəkli alqışlar qopdu. Hümbət zala baş əyərək əlləri ilə onlara razılıq işarəsi verdi. Bir qədərdən sonra katib qayıdıb yerində oturan kimi Hümbət dərhal sözə başladı:- Yoldaş katib, əziz başın haqqı, genə 43-ün qışıydı, bekarçılığıydı, səngərdə oturmuşdum. Bir sütül rus saldatı qaranəfəs yanıma çatan kimi dedi ki, Hümbət dayı, səni qərargaha çağırırlar. Tənbəllik eləmədim, yollandım qərargaha, içəri keçmək istəyəndə bir saldat avtomatı sinəmə dirəyib dedi: - tuda nelzya, tı kto takoy?! Başa düşdüm ki, bu gədə məni tanımır, səs-küyə marşal Jukov özü çölə çıxdı. İnanın, məni görən kimi həmin o saldata çox pis söyüş söydü və məni qucaqlayıb içəri apardı. Hal-əhval tutandan sonra gördüm ki, Jukov çox pəjmürdəydi, qaşlarının arası çatılmışdı. Marşal Jukov dedi ki, Hümbət, vəziyyət çox ağırdır, Stalin dədəmə od vurajaq, deyir, nəyin bahasına olursa-olsun, Stalinqradı nemesdən azad etməlisən. Gümanım sənədir, gör neynəyirsən, qadan alım!

 

Nə başınızı ağrıdım, Jukovu bir neçə saat ərzində əməlli-başdı başa saldım, başım xəritədən çıxmasa da, yolu-yolağanı ona tuşadandan sonra çasta qayıtdım.

 

Yolda su başına çıxmaq üçün küknar ağaclarının arasında kəmərimi açıb şalvarı aşağı çəkib, elə yenicə oturmuşdum ki, qulağıma şıqqıltı gəldi. Gördüm ki, iki sütül nemes əsgəri mənə sarı baxır.-Ə, köpək uşağı, nəyə baxırsınız - deyəndə bunnar götürüldü. Şalvarın belini bağlaya-bağlaya qaçıb bunnarı tutdum. Sifətdərinə tüpürüb onnarı bərk dannadım. Haqq üçünə onun biri dedi ki, Hümbət dayı bizi bağışla, eşşəklik elədik. Nə başınızı ağrıdım, onnara dedim ki, ə, bala, geri qayıdanda Hitleri görüb eləsəniz, ona çatdırın ki, Hümbət səndən bərk inciyib. Niyəsini özü yaxşı bilir.

 

Zalda yenidən alqış sədaları qopdu. Hətta, bir yaşlı qadın qışqıraraq ded ki,can ay Hümbət, anan ölsün, gör sən nə zülümlər ayaqlamısan?! Hümbət isə at  quyruğuna oxşayan saçlarını geri sığallayıb söhbətinə davam elədi.

 

-Qoşunumuz artıq nemesdərin sərhəddinə çatmışdı. Həmişəki kimi mən də qoşunun qavağında gedirəm, vallah qırğıya dönmüşdüm. Bilirsiniz niyə?! Bir dəfə rus hamamındaydıq, yoldaş Stalin mənə yalvardı ki, Hümbət, sənə qurban olum, nəbadə qoşunun qavağından çıxasan ha?! Onun sözünü yerə salmadım.

 

Xülasə, bir gün komandir mənə bildirdi ki, Hümbət dayı, yoldaş Stalin sənin dalınca samalyot göndərib, Moskvaya çağırır. Yaz ayıydı, Stalinnən Kremlin balkonunda oturub çay içə-içə ordan-burdan söhbət edirdik. Bizə də gözəl bir rus qızı qulluq edirdi. Dədəm itnən yatsın ki, ölmüşü seyid görsə, keçməzdi. Stalin xasiyyətimi yaxşı bildiyi üçün bu barədə cürət edib mənə bir söz deyə bilmirdi. Bilirdi ki, mən namus-qiryətnən müharibədə ad çıxarmışam.

 

Axşam gedib mənim üçün ayrılmış otaqda yenicə krovata uzanmışdım ki, qapı açıldı və bayaqkı qız gəlib uzandı yanıma. Bir istədim ona deyəm ki, a bala, ayıbdı, ancaq yoldaş katib, o dədəyin goru haqqı, ölmüşün qədd-qaməti huşumu başımdan çıxartdı...

 

"Onu qucaqlayıb..." - deyəndə katib Hümbətin sözünü kəsməyə məcbur oldu və dedi ki, Hümbət, hər şey aydındır, ayrı məsələdən danış.  Zaldakılar Hümbəti, yalan olmasın, beş dəqiqə ayaqüstə alqışladılar.

 

Hümbət dilxor olsa da bunu büruzə vermədi. Bir qədər acıqlı səslə katibə dedi:

 

- Ə, nə ayrı məsələ, sözümü kəsmə, canın üçün səndən inciyərəm, yapışdım rus qızından, köpək qızı sırmaşdı mənə, yaxasın açanda...

 

Zaldan əvvəlcə bərk uğultu, sonra da güclü alqış sədaları gəldi. Hümbətin səsini batıran alqış xeyli davam etdi.

 

Sonra Hümbət dedi:

 

- Nə başınızı ağrıdım, geri, cəbhəyə qayıdanda Nataşa mənə yalvardı ki, Hümbət özünü gözlə, salamat qayıt, mən hamiləyəm.

 

Veteran Hümbət söhbətin bu yerində dəsmalını çıxarıb hönkürtü ilə ağlamağa başladı. Zaldakı qadınlar da ona qoşuldular, hətta bir qadın bərkdən ağı deməyə başladı.Yalan olmasın, ağlaşma, bir xeyli davam etdi. Və Hümbət hıçqıra-hıçqıra söylədi ki, müharibədən sonra Nataşanı soraqlayanda məlum olub ki, əhdinə vəfa etməyən Nataşa bir amerikalıya qoşulub SSRİ-dən qaçıb. Yer-yerdən Hümbətə toxdaqlıq verdilər, veteran sonuncu hıçqırıqdan sonra söhbətinə davam etdi.

 

- Berlinin düz mərkəzində, əlimdə pulemyot dayanmışdım. Xəbər gəldi ki, bəs yoldaş Stalin səni telefona çağırır. Dəstəyi əlimə alan kimi Stalin dedi ki, Hümbət, ölənə qədər sənə borcluyam, bu tarixi qələbəni sənin hesabına qazanmışıq. İstədim ki, Reyxstaqa bayrağı sən sancasan, amma ürəyim gəlmədi, fikirləşdim ki, irağ olsun, tək-tük qalan nemesdər səni vurarlar. Sən Allah məndən incimə, sağlıq olsun, səni qələbə paradına çağıracağam.

 

Hümbət tərini siləndən sonra dedi: - yoldaş katib, elə o vaxtdan da Stalinlə aramızda inciklik yarandı. Öləndə, heç yas yerinə də getmədim, Jukov çox yalvardı, ancaq onun da sözünü yerə saldım. Çünki  Berlində olanda bir nemes qadını qarşımı kəsib bilirsiniz nə dedi: - Ay Hümbət, bu qoşunun qavağına düşüb, niyə bizi bu günə saldınız, sizə nə pisliyimiz dəymişdi?! Gördüm ki, çox düz deyir. Ə, bunnarda heç etibar-zad yoxuymuş...

 

Birdən arxa tərəfdən bir nəfər uca səslə dedi:

 

-A kişi, bir az da atlardan danış...

 

 

Salman Alıoğlu

525-ci qəzet.- 2015.- 1 sentyabr.- S.4.