Güneydə çağdaş ədəbi proses

 

 

 

Bu gün Güney ədəbi prosesində 1979-cu il inqilabından sonrakı ovqatla yeni əsrin əvvəllərindəki bədii dünyagörüş arasında yaxın və fərqli cəhətlər göz qabağındadır. Quzey Azərbaycanın müstəqillik əldə etməsi, onun dünyada söz sahibi olması Güneydə milli özünəqayıdışa böyük təkan verdi. Arazın hər iki tayında vahid bədii dünyagörüşün və ortaq ədəbi prosesin formalaşma prosesi ortaya çıxdı. Ədəbi janrların mənzərəsindəki fərqlərə baxmayaraq bu gün Güney və Quzey Azərbaycanda poeziyadakı axtarışların məzmun və sənətkarlıq tutumu bunu təsdiq edir.

 

Ədəbi prosesin hazırkı durumuna və bu durumun əsas cəhətlərinə nəzər salsaq, belə bir mənzərə ilə qarşılaşmalı olarıq: ədəbiyyatın əsas vəzifəsi ana dilində yazmaq və onu işlək ədəbi dilə çevirməkdir. Almaniyada yaşayan tanınmış şair Süleymanoğlunun belə bir fikri var: "Dil varlığın evidirsə, Güneydə azərbaycanlılar uçurulmuş bir evdə yaşamaq zorunda qalıblar". O, çıxış yolunu bu evi - varlığı yenidən tikməkdə görür. Bunun da şair və yazarların görəvi olduğunu söyləyir.

 

Bu gün Güneydə ədəbi dil problemi var. Hərə bir ləhcədə, şivədə yazır. Bəzən kim hansı ləhcədə danışırsa, elə də onu kağıza köçürür. Ləhcələrin çoxluğu və şifahi nitqdə onlardan istifadə təbii haldır. Lakin vahid ədəbi dil formalaşmalıdır.

 

90-cı illərdə ədəbiyyata gələn avanqard nəsil sənət prinsiplərini şüar, tələb, bəyanatlarla irəli sürən daşlaşmış, kirəcləşmiş mövqeləri birdəfəlik, kökündən qoparmağa çalışırdı. Çağdaş modern şeirə körpü salanların önündə gedənlərdən biri Səhər xanım Rəiszadə oldu. Bu poetik hərəkatı açıq şəkildə ilk öncə Süleymanoğlu, Nigar Xiyavi, Nasir Merqatı, Nadir Əzhəri, Hadi Qaraçay, Kiyan Xiyav, Səid Muğanlı, Heydər Bayat, Əziz Səlami, Ərsan Ərel, Məmmədrza Ləvayi, Atilla Maralanlı, Lalə Cavanşir, Saleh Ətayi, bir qədər sonra İlqar Müəzzinzadə, Məliha Əzizpur, Xosrov Barışan, Elşən Böyükvənd, Ramin Cahangirzadə, Rəsul Yunan, Solmaz Məmmədrizayi, Türkan Urmulu, Ramin Cabbarlı, Məsud Haray, Ülkər Ucqar, Şəlalə Cavanşir, Duman Ərdəm, Aydın Araz, Zaman Paşazadə, Ziba Kərbasi yaratmağa səy göstərir və adını çəkə bilmədiyim digərləri bu yolda irəliləyirlər.

 

Adətən ilin ədəbi mənzərəsini yazarların həmin ildə çıxan kitabları, ədəbi-bədii jurnallarda nəşr olunan bədii yazıları ilə bəlirtləmək olur. Güneydə son sürəclər sinirsiz internet şəbəkəsindən yetərincə yararlanır, nəşr və mətbuatın görəcəyi iş sosial şəbəkə aracılığı ilə çözülür. Artıq bir neçə tanınmış yazarın yüksək tələblərə cavab verən elektron dərgiləri ədəbi fəzadakı boşluğu doldurmaq üçün çaba göstərir və geniş oxucu auditoriyası qazana bilir. (Məs. "İşıq", "Düşərgə", " Maral" və s. ). Ölkədə Azərbaycan türkcəsində çıxan əsərlərə qoyulan məhdudiyyətlər (senzura), eləcə də azsaylı və qısa kəpənək ömrünə məhkum olan qəzet və jurnallar bu işin öhdəsindən gələ bilmir. Bu üzdən də daha çox internet şəbəkəsində yayımlanan eləcə də yazarlarla şəxsi əlaqə qurub məktublaşma zamanı əldə etdiyimiz materiallardan bəhs etmək məcburiyyətindəyik. Güneydə yazarın 1-2 kitabı işıq üzü görürsə, bir o qədər çox sayda da kitabı nəşriyyatda çap olunmaq iznini gözləyir.

 

2014-cü ildə çap olunmuş kitabların içində şeir topluları çoxluq təşkil edir. İsmayıl Mədədi Ülkərin "Urmu gölü" nə həsr olunmuş şeir antologiyası kitabı, Mustafa Şeyxpurun "Dünya durduğum yerdə qurtarır", Fəruba Mürtəzainin "Dilim ağzımda quruyur", Məlihə Əzizpurun "Göy gözlü tanrı", Fəranək Fərid İpəyin "Yuxuda ayılmaq", Aydın Arazın "Axşamlar gedir, yoxsa qayıdır", Nəsim Köhnəsalın "Yarım açıq çamadanlar", Xosrov Barışanın "İçdim Təbrizin küçələrini", Həsən İldırımın "Üşütmə içində istədiklərim ", Babək Qocazadənin "Təbrizimə yana-yana baxaydım" şeir topluları, N. Sübhinin "Soyuq gecə" hekayə toplusu kitabı və başqalarıdır.

 

Ekoloji fəlakət olan Urmu gölünün quruması və bunun rəsmilər tərəfindən qarşısının alınmaması uğrunda tək siyasi fəallar mücadilə aparmır. Bu artıq ədəbiyyatda da gündəmdən düşməyən mövzulardan birinə çevrilib. Tanınmış şair İsmayıl Ülkər 500 səhifə həcmində "Urmu gölü" nə həsr olunmuş şeir antologiya kitabını hazırlayıb. Kitabda ötən əsrdə Urmu gölünü vəsf edən söz ustadları T. Rüfət, M. Biriya, M. Şəhriyardan tutmuş, çağdaş şeirin önündə gedən Hadi Qaraçay, İsmayıl Ülkər, Rüqəyyə Kəbiri, Kiyan Xiyav, Nigar Xiyavi kimi şairlərin şeirləri çap olunub. Əvvəlki nəslin yaradıcılığında bu gölün əsrarəngiz gözəllikləri mədh olunursa, sonrakı nəslin əsərlərində gölün mənzərə-portreti tam fərqli olaraq ağrı ilə yüklənmiş ağılarda verilir. Təbrizdə 40-cı illərdə "Şairlər məclisi"nin qurucularından və son təmsilçilərindən biri, qocaman şair və yazıçı Haşım Tərlan ötən il ömrünün 90-cı ilində həyatla vidalaşarkən də yaşadığı ölkədə Urmu gölünün qurudulmasından rahatsız idi. Şair son şeirlərindən birində yazırdı:

 

Qürbət eldə qəribsədim, elimi qaytarın mənə,

 Dərələrim köz bağlıyıb, selimi qaytarın mənə.

Axtarıram həzin-həzin itirdiyim gölün izin,

Dünyada hər nə var sizin,

Gölümü qaytarın mənə.

Çox kədərlidir ki, Urmu gölü artıq Aral gölünün taleyini yaşayır. Kitabda Ülkər Ucqarın səssiz fəryadı da buna işarədir.

 

Sənin iki qurtumluq qumral gözünə

necə inanım?

O yekəlikdə

mavilikdə

Urmu gölü ilğım imiş

əlimi atanda duza çıxdı!

 

Güney poeziyasının gənc nəslini birləşdirən ümumi amil onların vətən, milli dil haqqında eyni mövqedən çıxış etmələridir. Bu poeziyanın məzmunca hüdudları da genişdir. Azərbaycançılıq, turançılıq düşüncəsi yeni Cənub şeirinin ideya zirvəsinə vüsət verməklə yanaşı, onun poetik ifadə imkanlarını, üslub çalarlarını da zənginləşdirir. Quzey Azərbaycan şeirinin üslubi təmayülləri Səməd Vurğun, R. Rza, B. Vahabzadə, M. Araz timsalında Cənub şerinin yeni istiqamətlə formalaşmasında xüsusi yeri olduğu kimi, çağdaş türk şeirinin də mövqeyi hiss olunur. Özəlliklə, Nazim Hikmət şeirinin intonasiyası dərhal duyulur. Digər tərəfdən şairlər Avropa poeziyasını da mənimsəyir, hətta bu gün dəbdə olan postmodernizmin təmsilçilərinin adlarını şeirlərinə gətirirlər.

 

Muzisiyənlərdən

Bethoveni,

rəssamlardan

Pikasonu,

fəlsəfəçilərdən

Haydegeri

şairlərdən özümü

çooox sevirəm

mən postmodern birisiyəm.

                               (Elyad Musəvi)

 

Əlbəttə, şairlə mübahisə də etmək olar. Burda modern hardadır, postmodern harda başlayır? Əsas odur ki, poetik fikir öz mərhələsini, həm də ictimai düşüncənin masştabı etibarı ilə genişləndirir:

 

Bayatılar

"Stay with me"

söyləyirdi.

Artıq arzular gecikmişdi!

Səttarxanın tüfəngini oğurlayıb,

Qarabağ dağlarında

31-ci yüzillikdə etiraz edəcəyik!!!

(Solmaz Məmmədrzayi)

 

Səid Muğanlının şeirlərindəki Bütöv Azərbaycan dərdi, vahid Azərbaycan dili ideyası onun poetik sintaksisini bəlirtləyir. S. Muğanlının sevgi ilə bağlı fərqli fikirləri var:

 

Sevmək bir intihardir

Qar çiçəgi günəşə baxib öldü. . .

Sevmək bir ittihamdir.

Sevmək təkcə sevmək deyil ki.

Sənin. . . mənim. . . onun arasında

Sevmək bir inqilabdir

mən sevirəm

və. . .

zindandayam. . .

 

Heydər Bayatın dil, yaşadığı ölkə haqqında poetik düşüncəsi 80-90-cı illərdə Cənub şeirindəki poetik üslubdan tamam fərqlidir. Onun şeirlərindəki ənənəvi sarsıntı, məyusluq və iztirab ovqatının alt qatında kin, nifrət və ironiya var.

 

Boynumu qucaqlamağa

Bilirəm,

Boyun çatmaz -

Bu ölkənin dar ağacları

Ucadır

Belə ki, darları uca qururlar

Son görüşdə

Boynumu qucaqlamağa

Bilirəm,

Boyun çatmaz.

 

Başqa bir şair

Biz, bütün tutsaq ulduzlarla

Üzləşəcəyik tilisim qaranlıqla,

Və Güllələrin tuşu ilə

Keçəcəyik Şəhidlik keçidindən...

 

söyləyən Əzizə Məlikpurun isə dar ağacına nikbin notlara köklənən özəl baxışı var:

 

Sabah;

Əkilən dar ağaclarından

GUNƏŞ dərəcək

Uşaqlar...

 

Ramin Cahangirzadənin şeirlərində gözlənilməz poetik keçidlər "daş" məfhumuna verilmiş onlarca poeziya nümunələri içərisində seçilməyə, yadda qalmağa imkan verir:

 

Daşların çartlağından çıxan çiçəklər

Daş olmasınlar deyə

Baş qaldırırlar.

 

Və ya

 

Bir gün daşa dönsəm

Bütün sirlərimi

Daşlara deyəcəm!

 

Məhsa Mehdilinin şeirlərindəki həzinlik, kövrəklik, Təbriz sevgisindən, Qarabağ dərdindən gəlir, dünyaya etirazını bəzən vərdişə çevrilmiş hayqırtı ilə yox, təmkinli bir ovqatla ifadə edir. Ümumiyyətlə formalaşmaqda olan Güney şeirindəki bu üslubun, bu poetik təhkiyənin bədii uğurları göz önündədir.

 

Təbrizsizləyən hər boğazda

lallığını yaşayır

 insanlığın uzun dili

Urmuda

Qarabağda

Urumçuda

Təbrizdə.

 

Ramin Cabbarlının şeirlərində metoforik ifadə imkanları daha genişdir. Onun "Nifrət etdiyim" şeiri həm poetik bir hekayədir, şərin, böhtanın, cinayətin mahiyyətinə "ağ yalan söyləyən" yağış tanrısına verilən dəyərdir.

 

Nifrət etdiyim tanrı,

Yağış tanrısıdır.

Dar küçələr qana boyanarkən

Ağ yağış göndərir,

Bütün cinayət izləri silinsin deyə.

 

Cənub şeirində uzun illər mövcud olan ənənəvi poetik forma və obrazlar sistemindəki gözlənilməz məqamlar onu deməyə əsas verir ki, bu poeziya inadla dilin poetik leksikonuna arxalanmaqla yeni bir bədii sistemə sahib olur. Ülkər Ucqarın "Ovsun" şeirində nağıl təhkiyəsi, nağıl intonasiyası bənzərsiz abzaslarla zəngindir. Aşağıdakı misralardakı sözlərin, ifadələrin tamamilə yeni poetik qatını görürük. Bu da öz növbəsində şeirə güclü məzmun, məna tutumu aşılayır.

 

Uzaqdan gələn səslərə uyma xəstəliyim var...

İlanlar yatağı-canım gecələr

Öpdüyün yerlərdən ilanlar bitib. . .

İlanlar yatağı-canım gecələr

Canımı saç kimi yolmağım gəlir.

 

İranda türkçülüyün ideoloqlarından biri olan Əli Təbrizli Pəhləvi rejiminin türklərə qarşı apardığı ayırıcılıq siyasətini lənətləyir, soydaşlarını da ana dili yasaq edilən "dilsiz başa" bənzədirdi. Huşəng Cəfəri Ə. Təbrizlinin tutduğu yolun davamçısıdır və bu gün xalqın dərin rəğbətini qazanmış şairlərdəndir. Elinin səsinə çevrilmiş şair həm də rəssamdır. "Şəkil" şeiri onun xalq arasında ən yayğın olan və uğurlu poetik əsəridir:

 

Neyləyim dilsiz bir baş cəkəmmirəm,

Sinəmdə ürək var, daş cəkəmmirəm,

Elimin gözundə yaş cəkəmmirəm,

Bu elin mahnısın tarda çəkəcəm.

 

Yeni nəsil yazarlarının hər birinin öz özəllikləri var. Kiyan Xiyav dünya ədəbiyyatında qəbul olunmuş poetik prinsiplərdən yararlanıb, ana dilində bənzərsiz şeirlər yazmağa nail olur:

 

Bir dib otaq var içimdə

Pəncərəsindən baxaram Savalan ətəklərinə;

Dörd bir yanı küncüt, qara tut və ümid.

Bir dib otaq var içimdə

Jan Pol Sartrın "Böyük faciə"si qədər

macəralı.

 

Əziz Səlami siyasi mühacir ömrü yaşayan yazarlardandır. Yaşadığı ölkədə alman dilini də mükəmməl mənimsəyən şair bu dildə yazılmış eləcə Çin, yapon, yəhudi, ispan, alman və qırmızıdərililərin ədəbiyyatından olan şeir nümunələrini dilimizə çevirmişdir. Şairin "Qərib külək" adlı şeirində qəriblik hissi çox qabarıqdır.

 

Bu külək hardan gəlir görəsən?!

Qərib-qərib dəyir saçlarıma,

Ürkək-ürkək toxunur üzümə,

Oynayır kövrək barmaqları havada.

 

Nadir Paşazadə İran-İraq müharibəsində 26 ay İraqda əsirlikdə qalıb. Müharibənin sərt üzü və yaşadığı əsirlik N. Paşazadənin həyatında və ruhunda silinməz izlər buraxdığından ədəbiyyata tapınıb.

 

Yoldaşım Uranusdan gəlmiş,

Tanışlarımın çoxu Marsdan.

Onlar günəş ardıncadırlar,

Mənsə, gecə.

Bir saat uyumaq

Və hər şeyi unutmağın.

 

Müşahidə edilir ki, inqilabi hərəkat dövründə özünü yenidən tapan xalq ədəbi-bədii dil mövcudluğunun bütün formalarından maksimum istifadə etməyə çalışır, köhnə formanın yeni imkanlarını üzə çıxarır. Bugünkü gənc nəsil güldən-bülbüldən uzaqlaşıb, həsrət, ayrılıq, göz yaşı mövzularının vaxtının keçmiş olduğunu anlayıb. Urbanistik mövzular, postmodern estetik təmayül onların əsərlərində aparıcı yer tutur. Bir sözlə, Güneydə ədəbiyyat bütün gücü ilə inkişafdadır.

 

Peşəkar ədəbiyyatın yaranmaması tək dil problemi ilə deyil, həm də tənqidçilərin olmaması ilə bağlıdır. Son illərin əlamətdar yaradıcılıq hadisələrindən biri də ədəbi tənqidə marağın artmasıdır. Hümmət Şahbazi, Cəfər Bozorgəmin, Əhməd Alov, Həsən İldırım, Eyvaz Taha, Nadir Əzhəri, Məliha Əzizpur, eləcə də Eldar Muğanlı, Hadi Qaraçay, Kərim Qurbanzadə, Bulud Muradi, Həmid Arğış kimi tənqidçi ordusunun yetişməsi, yəqin ki, əsl ədəbiyyatın yaranmasına meydan verəcək.

 

Bəzi güneyli yazarların roman, memuar, oçerk və digər janrlarda ara-sıra dərc etdiyi ədəbi-bədii yazılar istisna edilərsə, çox zaman hekayə janrına üstünlük verilir. Bunun da başlıca səbəbi hər şeydən əvvəl, yazıçıların hekayə janrı vasitəsilə həyat hadisələrinə daha çevik reaksiya vermələri ilə bağlıdır.

 

Müəllifləri təxminən eyni mətləblər düşündürür: dünya, yaşam, ölüm və olum fəlsəfəsi, ana dili, milli-mənəvi keçmiş, sosial problemlər, sevgi və s. Problemlərin bədii həlli isə müxtəlif səviyyədədir. Peşəkar yazıçılıq vərdişini bəzən emosional təsvirlər, birbaşa çağırış üslubu əvəz etsə də, bu nümunələr böyük ədəbi-tarixi əhəmiyyətə malikdir. Nəsr dilinin cilalanması mənasında ədəbi prosesdə hər bir əsərin özünəməxsus yeri vardır.

 

Nasir Mənzuri, Eyvaz Taha, Rüqəyyə Kəbiri, Kiyan Xiyav, Həmid Arğış, Murtuza Məcidfər, Məlihə Əzizpur, Ruqəyyə Səfəri, Vali Gözətən, Toğrul Atabay, Saleh Ətayi, Qadir Cəfəri, Rəsul Məlikoğlu, Vuqar Nemət, Məmmədrza Ləvayi, Nigar Xiyavi, Ziba Mənüçöhri, Məmmədrza Təbrizli, Araz Əhədoğlu nəsrdə özünə xas ifadə bacarığı, mövzu çeşidinin genişliyi ilə seçilirlər. Məsələn, Rüqəyyə Kəbiri hekayələrində zaman-zaman Kafkanın "Çevrilmə"sinin fərqli epizodlarını yaşadır, ancaq burada çevrilməyə məruz qalan personaj daha subyektiv, daha ümidli, daha həyəcanlı və bir sözlə desək, yaşam dolu bir qadındır... Rüqəyyə xanımın özünün çox maraqlı həyat tarixçəsi var. R. Kəbiri poeziya ilə yanaşı nəsr sahəsində də qələmini sınayır və gözəl hekayələr müəllifidir. Hələ çox əvvəllər qələmə alıb davam etdirdiyi dərdli və ağır günlərinin xatirələrini qapsayan gündəlikləri- silsilə ilə həyat hekayələrinə dönüb nəşr olunur. Paralel olaraq qadınların sorunu ilə bağlı bağlı araşdırmalar aparıb, dərgilərə məqalələr də yazır. "Evin" - evim deyil" ("Evin" Tehranda siyasi dustaqlar saxlanan həbsxananın adıdır. -P. M. ) romanının baş qəhrəmanın prototipi də müəllifin özüdür. Xatırladaq ki, 2012-ci ildə Bakıda təşkil olunan hekayə müsabiqəsində R. Kəbirinin "Mavayl" adlı əsəri birinci yerə layiq görülüb.

 

Ə. Ağçaylının (Əlirza Zihəq) redaktoru olduğu "Maral" internet dərgisində yayınlanan "Başı bəlalı dilimiz" adlı satirik hekayəsi sabiranə üslubda yazılıb.

 

Yazıçı bu hekayədə Pəhləvi sülaləsinin son 56 ildə yeritdiyi farslaşdırma siyasəti nəticəsində İrandakı xalqları, xüsusilə azərbaycanlıları soy-köklərindən ayrı salmaq üçün bir para Kəsrəvi, Karəng və s. alimlər tərəfindən irəli sürülən Azərbaycan türklərinin dilinin fars mənşəli olub, sonradan türkləşməsi kimi heç bir elmi əsası olmayan fərziyyələrini ifşa edir.

 

Roman Güney Azərbaycanın indiki durumunun güzgüsüdür. Nasir Mənzuri, Güntay Gəncalp, Sayman Aruzun irihəcmli əsərlərində cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks olunmuşdur.

 

Son illər Azərbaycan Respublikasının ədəbiyyatında roman bumu yaşanır. Yaxşı tanıdığımız, eləcə də adını ilk dəfə görüb-eşitdiyimiz yazarların onlarla irihəcmli romanları çap olunur. Arazın o tayında isə nəsrlə uğraşan gənc yazarlar, əksinə daha yığcam, daha lakonik formalara üstünlük verirlər. Bu gün Güneydə artıq Avropada ötən əsrin 60-cı illərində formalaşan "fləş fikşn" (Flash Fiction) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərləri yazırlar. Yığcamlığa üstünlük verən belə kiçik ölçülü nəsr əsərlərinə fikir açıqcası, mikrohekayə, qısa hekayə kimi çeşidli adlar verilir. Güneydə isə belə əsərləri "kibriti hekayə" adlandırırlar. Tutumu 2000 sözü aşmayan, az söz və cümlələrlə süjeti bəlli olan bitkin bir əsər yaratmaq hünər istəyir. Bu cərəyanın önündə gedənlər Murtuza Məcidfər, Həmid Arğış, Toğrul Atabay, Məliha Əzizpur, Məhəmməd Sübhdildır. Onlar, necə deyərlər, "bir güllə ilə iki dovşan" vurmuş olurlar. Öncə Güneydə bəlli səbəblər üzündən ədəbi dillə ilgili yaranmış, hələ də həllini tapmayan sorunlardan azacıq uzaqlaşır, sözə qənaət edib, az sözlə çox məna açıqlaya bilirlər. Eləcə də həm biçiminə, həm də məzmununa, içərisinə görə yeni - modern bir üslubda yazmış olurlar. Bir sözlə, "kibriti hekayə" ("fləş fikşn") güneylilər üçün bu gün bir tapıntı kimidir.

 

Gənc yazarlar arasında bu cür eksperiment yanaşmalar az deyil. Hüseyn Süleymanoğlu "Bilimsəl", Nadir Əzhəri "Donuq şeir planı", Ziba Kərbasi "Nəfəs" və Ərəstu Mücərrəd "Nano" şeirləri ilə Güneydə yeyinliklə gəlişən poeziya sahəsində xüsusi ədəbi tərz yaratmağa nail olublar.

 

Ədəbiyyata, ana dilinə milli kültürə bağlı olan güneyli aydınlar adətən yaşadıqları şəhərlərdə yaratdıqları ədəbi dərnəklərdə yığışır, əsərlərini oxuyur və ya dinləyir, fikir mübadiləsi edirlər. Artıq bir ənənə halına gələn Sabir, Sahir, Şəhriyar, Buta və başqa ədəbi birliklər neçə-neçə gənc yazara ədəbiyyat aləminə vəsiqə verib. Bu ədəbi birliklərə ədəbi aləmdə yetərincə tanınan Daşqın, Məhəmməd Sübhdil, Heydər Bayat kimi tanınmış yazarlar rəhbərlik edir.

 

Uşaq ədəbiyyatının Güneydə davamçıları yetərincədir. Bu sahədə yazılan əsərlər də çox ümidvericidir. Ramin Cahangirzadə, Xosrov Barışan, Məliha Əzizpur, Murtuza Məcidfər, Leyla Kəhalı və başqa adını şəkə bilmədiyim gənc yazarların uşaq qəlbinə yol tapan əsərləri çoxdur.

 

Tərcümə, çevirinin Güneydə tarixi ənənələri var. Türkiyədə, Quzey Azərbaycanda çıxan əsərləri, şeir antolojisi biçimində vaxtilə Sahir, Səhənd, Həmid Nitqi farscaya, eləcə də farscadan türkcəyə çevirmişlər. İndi bu işi uğurla çağdaş nəslin davamşıları Rəsul Yunan, Əziz Salami, Güntay Gəncalp, Hümmət Şahbazi, Ülkər Ucqar, Murtuza Səlmani, Daşqın və Xosrov Barışan görür. Onlar dünya ədəbiyyatı incilərini tək farscadan deyil, ingilis, alman, fransızcadan ana dilinə çevirirlər.

 

Bu gün nəsr və təbliğ imkanlarının məhdudluğuna baxmayaraq Güneydəki ədəbi fikrin mənzərəsi çox rəngarəngdi, mövcud ədəbi prosesin dil, sənətkarlıq baxımından problemləri olsa da, ədəbiyyat milli varlığını yeni bir vüsətlə təsdiq və inkişaf etdirir, dünya ədəbiyyatının yeni meyllərinə qovuşmaq üçün axtarışlarını davam etdirir.

 

Pərvanə Məmmədli

525-ci qəzet.- 2015.- 2 sentyabr.- S.8.