Dəyərli sənətkar ömrü
Yaradıcılıq Tanrının insana hələ ana
bətnində olarkən bəxş etdiyi işıqdır;
insan o işıqla ömrünün sonuna qədər
yaşayır və yaratdıqlarını öz xalqına,
millətinə və ümumən dünyaya bəxş edir. Hər bir
insana Yaradan nə qədər güc bəxş edirsə, o
güclə də insan özünü ifadə edir.
Çağdaş
milli teatr prosesimizdə öz sənət yolu, bənzərsiz
yaradıcılıq haləsi, demokratik düşüncə
və məfkurə konsepti, mənəvi və intellektual
dünyası ilə seçilən, bugünlərdə 55
yaşı tamam olan ünlü sənətkarımız,
Əməkdar mədəniyyət işçisi İftixar
Piriyevə də Yaradan belə gücü elə
anasının bətnində verdi; hələ dünyaya gəlməmişdən,o,
dünyayla mücadiləyə başladı. İllər
sonra bir şeirində dediyi kimi:
Bu
dünyanın varlığından xəbərsiz
oturmuşdum anamın bətnində,
yazıq
anama sancı verə-verə.
Dəcəlliyimlə, dəliliyimlə,
hələ
bilinməyən kimliyimlə
özüm
kirimişcə oturub,
amma
anama sancı verə-verə,
hara gəldiyimi
bilmədən
hövsələm çatmayıb
sıyrılıb çıxdım anamın bətnindən...
Bu,
bu
DÜNYA,
bu da
MƏN...
İnsan ömrü başlanğıcı bəlli,
sonu naməlum bir nəsnədir. İftixar da 7 sentyabr
1960-cı ildə Gürcüstan Respublikasının
Qaraçöp mahalında dünyaya gözlərini
açdı və Yaradanın yazdığı taleyə rəğmən
öz ömrünü yaşamağa başladı.
İftixar 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Dram-kino aktyorluğu fakültəsində
görkəmli səhnə ustası Rza Təhmasibin kursunu
bitirdi. Elə həmin ildən təyinatla Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında aktyorluq fəaliyyətinə
başladı.
Səhnədə ilk rolu İlyas Əfəndiyevin
"Xurşudbanu Natəvan" əsərində səssiz
bir obraz olub. Nəbi Xəzrinin "Mirzə Şəfi Vazeh"
əsərindəki Əkbər obrazı isə ilk nəzərəçarpacaq
rolu kimi yadda qalıb. Bundan sonra Anarın "Sizi deyib gəlmişəm"
pyesində Vəliqulu, "Şəhərin yay günləri"ndə
Namiq, Jan Anuyun "Medeya" faciəsində Oğlan, Nahid
Hacıyevin "Məhəbbət yaşadır" pyesində
Elcan, Səməd Vurğunun "Vaqif" dramında Əli bəy,
Əbdürrəhimbəy Haqverdiyevin "Bəxtsiz cavan"
faciəsində Çingiz, Rəhman Əlizadənin
"Günah"ında Fərhad, Nəbi Xəzrinin "Gecə
döyülən qapılar"da Xəzər, "Torpağa
sancılan qılınc" dramında Poladgüc, Vaqif Səmədoğlunun
"Yayda qartopu oyunu"nda Niftalı, İlyas Əfəndiyevin
"Şeyx Xiyabani" pyesində Ayaz, "Büllur
sarayda" da Bayandur, "Tənha iydə ağacı"nda
Eyvaz, Şekspirin "Kral Lir" faciəsində Edqar, Eldar
Baxışın "Qədir gecəsi"ndə
Aşıq İftixar, "Məlikməmməd" xalq
nağılında Məlikməmməd, Çingiz Aytmatov və
M.Şaxanovun "Sokratı anma gecəsi"ndə Talap, Nəriman
Həsənzadənin "Pompeyin Qafqaza
yürüşü" pyesində Çar Uruz kimi müxtəlif
səpkili obrazlar yaratdı.
Görkəmli teatrşünas alim Cəfər Cəfərov
bu fikirdə idi ki, aktyor da yazıçı, rəssam və
bəstəkar kimi fərdi xüsusiyyətlərə malik
olan bir yaradıcıdır. Onun da özünə
görə fikir və obraz aləmi vardır. Ancaq iş
burasındadır ki, aktyorların
yaradıcılığı pərdə qapanan kimi
görünməz olur. Buna görə də
onlara qarşı daha diqqətli, daha qayğıkeş
olmalı, onların sənətini və irsini daha çox təbliğ
etməliyik. Cəfər Cəfərov bunu
da xüsusi qeyd edirdi ki, aktyor yaradıcı olmalıdır.
Bu o deməkdir ki, onun üçün rol
oynamaq, yeni bir insan obrazı, fərdiləşdirilmiş bir
xarakter yaratmaq deməkdir. Əgər aktyor roldan-rola fərqlənməyəcəksə,
ya da bu fərq çox az və zahiri
olacaqsa, onda aktyorluq çox cansıxıcı bir peşədir.
Aktyor sənətinin hüsnü və ləzzəti
də ondadır ki, hər bir yeni rolda yenidir, başqa bir aləmdir.
Bu sözlər İftixarın aktyor
ampluasına tam uyğun gəlir.
Dəyərli sənətkarımız teatr səhnəsi
ilə yanaşı televiziyada da maraqlı rollarla
sevilmişdir.
M. Muradın "Təkan", S. Budaqlının "Közərən
evin işıqları", Ə. Əylislinin "Ürək
yaman şeydir", Dilsuzun "Oğulla görüş" əsərlərində
tutarlı rollar oynamışdır. İftixarın
teleseriallarda yaratdığı obrazları da uğurlu sənət
nümunələridir. Əlibala Hacızadənin
"İtgin gəlin" teleserialında Əbdül, Rəşad
Nuri Güntəkinin "Dodaqdan qəlbə" serialında
Vədad, Bəxtiyar Vahabzadənin "Yağışdan
sonra" teleserialında Aslan, Ağarəhim Rəhimovun
ssenariləri əsasında çəkilmiş "Canavar
balası" filmində Nofəl, "Qırmızı
qar" filmində Şef kimi xarakterik tipajlarla aktyor
ustalığını nümayiş etdirdi. Uzun
zaman "Ozan" folklor toplusunun aparıcısı, Azərbaycan
televiziyasında ədəbi-bədii proqramların
iştirakçısı, radioda bir sıra pyeslərdə
rolların ifaçısı oldu.
Sənətinə
və şəxsiyyətinə böyük hörmət bəslədiyim
mərhum sənətkarımız Lütfi Məmmədbəyovun
çəkdiyi "İtgin gəlin"
teleserialındakı Əbdül obrazı ilə milyonlarla
tamaşaçılarının qəlbində özünə
mötəbər yer tutan İftixar teatr səhnəsində,
televiziya tamaşalarında, bədii filmlərdə qırxa qədər
bir-birindən maraqlı və fərqli obrazlar silsiləsi
yaratsa da, sonrakı illərdə şair, publisist, dramaturq,
rejissor, teatr təşkilatçısı kimi
ömrünün hər anı ilə milli teatr tariximizdə,
eyni zamanda çağdaş dramaturgiyada, poeziyamızda sənətkar
imzasını qoymağı bacardı.
1991-1993-cü illər arası özünün
yaratdığı Azərbaycan Milli "Dastan"
Teatrının təsisçisi və rəhbəri oldu.
1998-ci ildə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin göndərişi ilə Tiflis Azərbaycan Dram
Teatrının bərpa rəhbəri təyin olunaraq,
teatrın bərpasında müstəsna xidmət göstərdi.
Onun
"Yaşadığım bu ömür", "Nə qəribə
yuxuymuş", "Sevgilim" şeirlər, ümummilli
liderimiz Heydər Əliyevə həsr olunmuş
"Böyük Turanın Himni", türk, rus, ingilis, alman,
fransız, italyan, ispan, ərəb, fars dillərinə tərcümə
olunmuş "Müstəqil Vətənin Memarı"
poemaları, Azərbaycan Respublikasının prezidenti cənab
İlham Əliyevin anadan olmasının 50 illiyi münasibəti
ilə yazdığı və tamaşaya
hazırladığı "İşıqlı, nurlu
sabah" və Heydər Əliyevin Fondunun vitse-prezidenti Leyla
xanım Əliyevanın "Xocalıya ədalət beynəlxalq
kampaniyası" çərçivəsində
yazdığı və tamaşaya hazırladığı
"Soyqırımı tarixinin dastanı" mənzum pyesləri
və ayrıca olaraq türk dilində "Bağımsız
Vatanın Mimarı" poeması və ulu öndər Heydər
Əliyevin anadan olmasının 90-cı ildönümü
münasibəti ilə yazdığı "Qurtuluş
dastanı" tarixi pyesi kitab şəklində oxuculara təqdim
olunub.
Çoxdan təcrübədə təsdiq olunmuş bir
həqiqətdir ki, böyük sənətkarlar öz dəst-xəttlərini,
üslub xüsusiyyətlərini sənət aləminə qədəm
qoyduqları ilk vaxtdan biruzə verir, sənətə özlərinin
fərdi ilham və bacarıqlarını gətirir, sənətin
füsunkar ecazının nurunda yazıb-yaradırlar. Həqiqi sənətin
isə yolu hamar olmur, əsl sənət zirvəsinə ucalmaq
üçün insan çətin yollar keçir. O sənətkar
xoşbəxtdir ki, onun sənət gülşənindən
topladığı incilər həmişə öz qiymətini
saxlayır; çəkdiyi zəhmətin mükafatı
tamaşaçı alqışı, oxucu sevgisi olur.
İftixar da Azərbaycan dramaturgiyasına, poeziyasına, sənətşünaslığına
öz mövzusu və öz dili olan istedadlı müəllif
kimi daxil ola bildi və "Dan yeri söküləndə",
"Körpü", "Məngənə və ya Kor
Aşığın işığı", "Eşqin
tikan dairəsi", "Qarışqalar yuvasını dəyişmir",
"Arı yuvası", "Nurlu ömrün
anları", "Azərbaycan bayrağı", "Qalx
ayağa, Azərbaycan!" pyeslərini və
dramlarını, "Soyqırımı tarixinin
dastanı" mənzum, xronikal, tarixi dramını yazdı;
onlarla hekayə, miniatür, mənsur şeir, təmsil, elmi məqalə,
resenziya, publisistik və portret yazıları peşəkar sənətkar
qələmi ilə təqdim etdi.
İftixarın
uzun illər teatr sahəsində çalışması, nəzəri
biliklərə malik olmaqla yanaşı, teatr işinin təşkili,
yaradıcılıq problemləri ilə praktiki olaraq
qarşılaşması, teatrın bütün sahələrinə
dərindən bələd olması, Cəfər Cabbarlı
adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına
2000-ci ildən hazırkı dövrə qədər rəhbərlik
etməsi, bu teatrı respublikanın qabaqcıl teatrları
sırasında saxlaya bilməsi teatrın xarici
qastrollarında daha aydın görünür.
İrəvan Teatrının yaradıcılıq
potensialının məzmun və mahiyyətində
xalqımızın sənət sərvətini yüksək
miqyasda inkişaf etdirib qorumaqla yanaşı, eyni zamanda vətəndaşlıq
mövqeyindən və milli mənafedən
çıxış etmək durur. İftixarın
qayğısı nəticəsində teatrın kollektivi səmimi
vətənpərvərlik missiyası ilə mənsub
olduğu xalqına, torpağına, millətinə, dövlətinə
və dövlətçiliyinə, Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsinə vicdanlı xidmət göstərməklə
nümunəyə çevrilə bilmişdir. Teatr respublikadaxili və xarici ölkələrə
olan hər bir səfərində, geniş
yaradıcılıq imkanlarının masştabını
göstərməklə yanaşı, həm də İrəvan
və Qarabağ həqiqətlərinin carçısı
olduğunu dönə-dönə və qəhrəmancasına
sübut edir.
İftixar
Piriyevin fəaliyyət prinsipləri barədə mövqeyi
İrəvan Teatrının tarixi haqqında
yazdığı monoqrafiyasında öz əksini belə
tapmışdır: "Diqqətəlayiq məsələ
budur ki, İrəvana dönmək eşqini hər zaman
özündə yaşadan İrəvan Teatrı heç vaxt
təkcə sənət məkanı kimi fəaliyyətini məhdudlaşdırmamışdır,
həm varlığı ilə, həm də
yaratdığı vətənpərvər ruhlu nəhəng
tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti
yurd-yuvasından didərgin salmış düşməninə
qarşı qəhrəmancasına mübarizə mövqeyində
dayanmışdır.
İnanıram
ki, bu mövqe İrəvan Teatrı üçün hər
zaman prioritet məsələ kimi aktiv qalacaqdır və
kollektivimiz ölkə başçısının
apardığı uğurlu siyasət sayəsində,
respublikamızda gedən bugünkü parlaq inkişafın
sabahımıza apardığı işıqlı yolda
üzərinə düşən sahədə hər zaman
öz işini aktiv fəaliyyət prinsipləri üzərində
davam etdirəcəkdir"...
"...
Sağlam kollektiv yaratmaq üçün böyük əhəmiyyət
daşıyan bütün bu amillər bu gün bizə imkan
verir deyək ki, İrəvan Teatrı olaraq biz, dövlətimizin
ona göstərdiyi etimadı bütün sənət
bacarığımız, düşüncəmiz, vətənpərvərliyimiz,
vətəndaşlığımız, azərbaycançılığımız
və deportasiya həyatı yaşadığımızı
heç vaxt unutmamaq qüdrətimizlə, var
gücümüzü hər zaman qüvvədə saxlayacaq və
xalqımızın xidmətində ləyaqətlə
dayanacağıq".
2006-cı ildə teatr aləmində geniş rezonansa səbəb
olmuş "Dan yeri söküləndə"
tamaşasında Dan yeri sökülən məqamın
ovqatı isə tam başqa idi. Əlibala Hacızadənin
sözləri ilə desək, qələm sahibi "hamı hər
şeyi görür, hər şeyi bilir" fəlsəfəsi
ilə yaşaya bilməz. İftixar da hamının hər
şeyi gördüyü, bildiyi bir zamanda ilk pyesi olaraq bu həqiqətləri
qələmə aldı, nədən ki, bu məlum həqiqətlər
onun yazıçı təfəkküründən keçərək
yazılmasaydı, bədii əsər kimi təqdim
olunmasaydı, xalqımızın keçmişi, bu
günü, gələcəyi haqqında teatr tariximizdə iz
qoyan səhnə əsərinə çevrilməzdi.
Səhnə
əsərinin yaranması isə pyes müəllifindən həm
teatr, həm ədəbiyyat, həm dramaturgiya, ən
başlıcası isə bütün bunların
fövqündə dayanan Tanrı bəndəsi olan insanın
humanizmi, imanı, idrakı, həyat fəlsəfəsi, mənəvi
dəyərlərə ehtiramı və vicdan səsinin
ecazını tələb edir. "Dan yeri
söküləndə" bütün bu tələblərə
cavab verə bilən pyes olmaqdan əlavə, İftixarın
Gürcüstanda yaşayan soydaşlarımıza
ucaltdığı mənəvi, ədəbi, əbədi
abidə idi. Həm də "Dan yeri
söküləndə" əsəri ilə, İrəvan
Teatrı ilk dəfə Bakı teatr şəbəkəsini
özündə cəmləşdirən, Respublika miqyaslı
layihələri gerçəkləşdirməklə
böyük təcrübə toplamış oldu. Və bu təcrübənin səmərəsi Azərbaycan
teatrlarının bərabər inkişafına xidmət edən
bir amil kimi çox dəyərli idi.
Eyni sözləri İftixarın 2009-cu ildə İrəvan
Teatrında hazırlanan və Tiflisdə genişmiqyaslı
layihə kimi reallaşan sülh və barış kontekstində
olan bir mövzuya həsr olunmuş "Körpü"
tamaşası barədə də söyləmək yerinə
düşər.
2009-cu ildə
İrəvan Teatrının səhnəsində oynanılan,
dramaturq Aqşin Babayevin "Xilaskar" və 2013-cü ildə
özünün müəllifi olduğu "Qurtuluş
dastanı", 2014-cü ildə Hidayətin "Burdan min
atlı keçdi" əsərlərinin tamaşalarında
ümummilli liderimiz Heydər Əliyevin bədii
obrazını ustalıqla yaratmışdır. Bu tamaşalarda da Heydər Əliyev obrazı
İftixar Piriyevin mükəmməl və əvəzsiz
ifası ilə yadda qalmışdır. Aktyor özü
bu barədə deyir: "Dahi rəhbərin obrazını
yaratmaq hər bir aktyordan böyük məsuliyyət tələb
edir. Əsas odur ki, mən bu prosesdə üzərimə
düşən məsuliyyətin mənasını çox
yaxşı dərk edirdim. Ümumiyyətlə
üç ayrı-ayrı əsərdə Ümummilli
liderimizin bədii obrazını yaratmaq mənə nəsib
oldu. Üçüncüsü əsər,
şair-dramaturq Hidayətin "Burdan min atlı
keçdi" əsəri, ilk əsər isə 2009-cu ildə
dramaturq Aqşin Babayevin İrəvan Teatrının səhnəsində
hazırlanmış "Xilaskar" pyesi idi. Yaradıcılıq prosesi çox keçirdi.
Mən, Böyük Heydər Əliyev
obrazının portret cizgilərindən daha çox onun zəngin
daxili aləmini əks etdirməyə, bu obrazı yaratmaq, həm
də ilk ifaçı olaraq yaratmaq üçün sənətçidən
tələb olunan bütün komponentlərdən
yararlanmağa və nəhayətdə bitgin bir obrazın ərsəyə
gəlməsinə çalışırdım. Hər
halda tamaşaçıların rəyinə əsaslansaq,
özünəməxsus yanaşma ilə istədiklərimizə
nail ola bildik.
Uğurla oynanılan bu tamaşa ilə biz həm
stasionarda, həm də Gürcüstan, Dağıstan
respublikalarında, Türkiyə Cümhuriyyətində
böyük tamaşaçı sevgisi ilə
qarşılandıq. Gürcüstan qastrolu zamanı
tamaşada sabiq prezident, dünya miqyaslı siyasətci Eduard
Şevardnadzenin səhnə arxasına keçərək,
kollektivimizi şəxsən təbrik etməsi, xatirə
şəkli çəkdirməsi ayrı bir mənzərə
idi. Eduard Şevardnadze təbrikinə öz ürək
sözləri ilə başladı: "Çox yaxşı
etmisiniz ki, Heydər Əliyev barədə tamaşa
hazırlamısınız. Tamaşada hər
şey mükəmməl idi. Xüsusən
Heydər Əliyevin obrazının ifası. O hadisələr
mənə tanış idi. Tamaşadakı
hadisələr o qədər aydın cərəyan edirdi ki, mən
Azərbaycan dilini bilməsəm də, hər şeyi
çox gözəl anlayırdım. Heydər
Əliyevin səsi, hərəkətləri, jestləri,
özünəməxsus danışıq manerası çox
dəqiq idi. Heydər Əliyev
böyük şəxsiyyət və siyasətçi idi.
O, təkcə Azərbaycanın deyil, ümumqafqazın lideri
idi".
İftixar
2013-cü ildə müəllifi olduğu, bütün həyatını
xalqına, müstəqil Azərbaycan dövlətinin qurucusu
kimi milli dövlətçiliyimizin möhkəmlənməsinə
və inkişafına həsr etmiş Heydər Əliyevin
ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən
bəhs edən "Qurtuluş dastanı" adlı pyesində
yenidən ulu öndərin obrazını canlandırdı. "Qurtuluş dastanı" tamaşası Ulu
Öndərin 90 illik yubuleyi münasibətilə onun əziz
xatirəsinə ehtiram əlaməti olaraq
hazırlanmışdı.
Bu əsərdə Heydər Əliyevin bədii
obrazı artıq daha geniş miqyasda - Heydər
Əliyevçilik - Azərbaycançılıq ideyası ətrafında
öz bədii mücəssiməsini tapmış oldu. Tale belə gətirdi ki, bu
tamaşada da dəyərli aktyorumuza Ulu öndərin bədii
obrazının yaradıcısı kimi onun hisslərinin,
duyğularının, yüksək insani keyfiyyətlərinin,
həm övladlıq, həm valideynlik missiyasının, həm
sərkərdəlik qüdrətinin yaşantılarını
ifa etmək, xalqı, milləti yolunda yorulmadan, əzmlə
apardığı fəaliyyətində gərgin situasiyalara
qarşı mübarizəsini məhz səhnədən təcəssüm
etdirmək şərəfi nəsib oldu".
İftixarın
"Eşqin tikan dairəsi" pyesi Tiflis Azərbaycan Dram
Teatrında tamaşaya qoyulmuş, tamaşa 2015-ci il Türkiyə Cümhuriyyətinin Amator Teatr
Festivalında mükafata layiq görülmüşdür.
"Qurtuluş dastanı" epik-tarixi dramı isə bu il 15 iyun tarixində C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında
da uğurla tamaşaya qoyularaq yüksək səviyyədə
qarşılanmışdır.
2012-ci ildə İftixar "Müstəqillik
dövrü teatrımızın inkişafında Elçin
dramaturgiyasının mövqeyi" adlı
dissertasiyasını müdafiə etməklə sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi dərəcəsini
almış, təqdid etdiyi mövzu elmi monoqrafiya şəklində
çap olunaraq müasir
teatrşünaslığımızda özünə layiqli
yer tuta bilmişdir.
Gözlərimi
dünyaya açanda
Anamı
gördüm...
Atamı
gördüm...
Bir də,
Tanrının
bəmbəyaz üzünü, gözünü -
Səmanı
gördüm...
Gözlərimi
dünyaya yumanda
Dopdolu bir
ömrü...
Qapqara
torpağı...
Bir də,
yanımdan şütüyüb sabaha yol gedən
Zamanı
gördüm...
Zaman - İftixarın adını mədəniyyət tariximizə yazır. Tarix isə hər adamı yox, əməlləri ilə tarix yaradanları yaşadır. Yaşa, yarat, böyük sənətkar, sənin qiymətini zaman özü verəcək!
Nərminə
AĞAYEVA
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2015.- 2 sentyabr.- S.7.