Azərbaycan və dünya aqrar elmində
akademik Eyyub Bəşirov imzası
Görkəmli
alim, akademik Eyyub Bəşirovun bu yaxınlarda oxuduğum
"Azərbaycanda biologiya elminin və heyvandarlığın
inkişaf tarixindən" adlı kitabı 50 ildən
artıq böyük bir dövr ərzində Azərbaycanda
biologiya və heyvandarlıq elmlərinin inkişafı istiqamətində
aparılan elmi araşdırmaların, elmi tədqiqatların
məcmusudur.
Kitab haqqında geniş danışmamışdan
öncə bir məqam üzərində dayanmaq istərdik. Əvvəla,
onu qeyd edək ki, Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət
Problemləri Akademiyasının həqiqi üzvü, akademik
Eyyub Bəşirovun elmi yaradıcılığı geniş
və çoxşaxəlidir. Alimimizin
yaradıcılığının coğrafiyası isə
olduqca böyük bir ərazini, Cənubi Amerika, Şimali
Afrika, Avropa və Asiya ölkələrini əhatə edir.
İstər hörmətli akademikimizin
yaradıcılığı, istərsə də Azərbaycan
aqrar elmi dünya aqrar elminin olduqca zəngin, çox dəyərli,
özünəməxsus səhifələrindən,
mühüm tərkib hissələrindəndir. Onları
bir-birindən ayrı təsəvvür etmək mümkün
deyil. Elə bu səbəbdən də belə
fikrə gəlmək olar ki, Eyyub Bəşirovun təkcə
bir kitabından danışmaq, ümumən onun
yaradıcılığı haqqında heç nə deməməyə
bərabərdir. Bu səbəbdən də
istərdik ki, adını çəkdiyimiz kitab
açdığımız söhbətin fonunda alimin
yaradıcılığından, bu zəngin elmi irsin əhəmiyyətindən,
aqrar elm tarixindəki mövqeyindən, onun da nümayəndəsi,
yaradıcılarından biri olduğu Azərbaycan aqrar elminin
dünya elmindəki yerindən bəhs edək.
Xalqımız dünya mədəniyyətinin, elmi
fikrinin inkişafında müstəsna xidmətlər göstərmiş
böyük zəka sahibləri, elm, mədəniyyət xadimləri,
yaradıcılıqları epoxalara, vaxt, zaman adlı məfhumlara
sığmayan, çox işıqlı simalar
yetişdirmişdir. Bu simalardan təkcə bir neçəsinin
adını çəksək, bəşər mədəniyyətinə
xalqımızın nələr verdiyini aydın görmək
olar. Nizami, Xaqani, Tusi, Şirvani, Mirzə Ələkbər
Sabir, Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin, Şəhriyar,
Lütfizadə, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyov,
Hüseyn Cavid, Qara Qarayev, Arif Məlikov, Səttar Bəhlulzadə
və s.
Bu mənada aqrar elm də istisna deyil. Azərbaycan
aqrar elmi çox zəngin inkişaf tarixinə malikdir və
bu tarix dünya elm tarixinin ən dəyərli, ən
maraqlı səhifələrindəndir. Bu səhifəni
isə akademiklər - Firuz Məlikov, Məmmədtağı
Qəniyev, Mirzə Sadıqov, İmam Mustafayev, Cəlal
Əliyev, Rual Qədimov, Nəriman Şirinov, Məmmədtağı
Cəfərov, professorlar - Ağaxan Ağabəyli,
Zülfüqar Verdiyev, Eyyub İsgəndərov, Bala Ağayev,
Rəhim Səttarzadə, Rəhim Hüseynov, Cahangir Axundov,
Əli Əliyev, Müseyib Əliyev, İkram Eyyubov, Elxan
Əliyev, Qəzənfər Quliyev, Arif İsmayılov, Əsəd Musayev, Kamal Ağalarov,
Abdulla Həşimov, Morul Dəmirov, Nəcəf Nəcəfov
kimi yüzlərlə elm xadimləri öz
yaradıcılıqları ilə zənginləşdirmişlər.
Xüsusən də XX əsrdə
adlarını sadaladıqlarımız və sadalaya bilmədiklərimiz
elm xadimlərinin sayəsində Azərbaycan aqrar elmi
özünün ən yüksək inkişaf zirvəsinə
çatdı. Azərbaycan aqrar elmi
özünün formalaşmış elmi ənənələri,
elmi məktəbləri ilə təkcə keçmiş
İttifaqda deyil, dünyanın elmi təşkilatları, elmi
ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılandı. Dünya aqrar elmi, biologiya elmi nəzəriyyələri
və təcrübələrində "Firuz Məlikov elmi məktəbi",
"Bəşirov metodu" kimi elmi terminlər beynəlxalq səviyyədə
qəbul edildi, işlədilməyə başlandı. Beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul
edilmiş bu terminlərin özü Azərbaycan aqrar elminin
dünya miqyasındakı çəkisindən, nüfuzundan,
əhəmiyyətindən, mövqeyindən xəbər
verir. Bu baxımdan Rusiya Beynəlxalq Keyfiyyət
Problemləri Akademiyasının həqiqi üzvü, akademik
Eyyub Balaməmməd oğlu Bəşirovun elmi
yaradıcılığı mühüm əhəmiyyət
kəsb edir. Eyyub Bəşirovun elmi irsinin
mahiyyəti, elmi yaradıcılığının məqsədi,
qayəsi təbiətin, ekologiyanın təmizliyi və
qorunub-saxlanılması, millətimizin, xalqımızın,
bütövlükdə bəşəriyyətin
sağlamlığı, firavanlığı, xoşbəxtliyidir.
Alim bu məqsədə çatmağın
yollarını hər bir əsərində, tədqiqatlarında,
müşahidələrində araşdırır,
axtarır, nəticədə də tapır.Təkcə bir
faktı gətirməklə sözümüzə qüvvət
vermiş olarıq. Eyyub Bəşirov heyvanların törəyib
çoxalması biologiyasının və süni
mayalandırılmasının öyrənilməsi istiqamətində
fundamental tədqiqatlar aparıb, sanballı elmi nəticələr
əldə edib. Yuxarıda adını
çəkdiyimiz "Bəşirov metodu" məhz həmin
fundamental tədqiqatların elmi nəticəsidir. Nədir bu "Bəşirov metodu?"
Kənd təsərrüfatı
heyvanlarının çoxaldılmasına, bunların cins tərkibinin
yaxşılaşdırılmasına, sağlam nəsil
alınmasına, məhsuldarlığın 1000 dəfəyə
qədər artırılmasına və s. kimi çox
mühüm, böyük nəticələr əldə etməyə
imkan verən bir metoddur. E.Bəşirov cərrahi
yolla erkək heyvanların çoxalma üzvünü 30-45 dərəcə
bucaq altında öz təbii yerindən kənara çəkməklə
süni mayalamada istifadə etmək üçün yüksək
keyfiyyətli toxum alınmasına, törədici-seçici-stimuləedici
kimi istifadə edilməsinə, bununla da bir çox
mühüm problemlərin aradan qaldırılmasına nail
olmuşdur.
Əgər
adi, təbii cütləşmədə naxırda 1 ildə 1
törədici ilə ən yaxşı halda, ən çoxu
20-25 inək mayalamaq mümkün olursa, dondurulmuş toxumla
aparılan süni mayalamada "Bəşirov metodu"nu və
hörmətli alimimizin işləyib hazırladığı
yeni, orijinal texnologiyaları tətbiq etməklə, 25000
camış və inək mayalamaq mümkündür. Əvvəldə qeyd etdiyimiz 1000 dəfəlik
artım da bax, bundan irəli gəlir. Bu nəticə
elmdə, təcrübədə inqilab deyilmi?!
XX yüzilliyin ortalarında işlənib
hazırlanmış bu orijinal, mütərəqqi metod bu
gün də dünyanın heyvandarlıq təcrübəsində
geniş istifadə edilir və çox böyük uğur gətirir.
lll
E.Bəşirov 1926-cı ilin dekabrın 20-də
Neftçala rayonunun Xolqarabucaq kəndində
doğulmuşdur. Atası Balaməmməd kişi ailəsini
halal zəhmətlə, heyvandarlıqla, əkinçiliklə,
ovçuluqla, balıqçılıqla məşğul
olmaqla dolandırırdı. Azərbaycan kəndlisinin
dolanışığında heyvandarlığın
xüsusi çəkisi həmişə böyük olub.
Balaməmməd kişi də təsərrüfat
adamı kimi qoyun-keçi də saxlayırdı,
camış-inək də. Bərəkət
dolu süfrəsində camış südü,
qatığı, yağı həmişə bol olardı.
Balaməmməd kişinin ata-babaları əslən
Şirvandan idilər. Babası Hacı Səməd
Şeyx Hacı İsmayıl oğlu din xadimi və
Şamaxının qazısı olub. Məlum
Şamaxı zəlzələsindən (1859-cu il)
sonra Hacı Səməd qohum-qardaşı ilə birgə
köçüb Xolqarabucaqda məskunlaşıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, əvvəllər
1859-1900-cü illərdə Xolqarabucaq kəndi
Camışçılar kəndi adlanırdı. Əhali camışçılıqla,
balıqçılıqla məşğul olurdu. Camışçılıq bu bölgədə əsas
təsərrüfat sahəsi kimi inkişaf tapıb. Bölgədə bu əsas zəmin üzərində
də istər seleksiya damazlıq, istərsə də saxlama-bəsləmə,
məhsul istehsalı baxımından özünəməxsus
ənənələr yaranmışdır, elə indi də
belədir.Təbii ki, belə bir mühitdə, şəraitdə
böyüyən uşağın da təfəkkürü
bu istiqamətdə formalaşacaqdır. Kür,
Akkuşa çaylarının kənarlarındakı çəmənliklər,
güllər, çiçəklər gen düzlər, bağ-bağatlardakı
ağaclar, balaca Eyyubu riqqətə gətirirdi. Quzuları otardıqca bu güllərdən dəstə
bağlayıb, nənəsinə aparardı. Sədəf nənə də hər gülün,
çiçəyin, otun adını deyər, bir-bir
hamısını uşağa tanıtdırar, onlar barədə
müxtəlif rəvayətlər danışar, həm də
bəzilərinin nəyə xeyirli olduqlarını da deyərdi.
Hər dəfə quzu nobatından qayıdan nəvəsinə
həmin otlardan dəmlədiyi çaydan verərdi ki,
yorğunluğu tez çıxsın. Səhər-axşam
camışları sağar, sağdığı süddən
isti-isti, elə oradaca, birbaşa vedrədən balaca Eyyuba
içirərdi.
Hər gün işdən-gücdən sonra nənə
nəvəsiynən çay içə-içə söhbətləşər,
ona dediyi nağıllarla, dastanlarla doğma torpağa, yurda məhəbbət,
elmə, biliyə, təhsilə həvəs
aşılayardı.
1933-cü ildə Eyyub Bəşirov əmisi Məşədi
Mirzə Heybət kişinin Xolqarabucaqda 1928-29-cu tədris ilində
açdığı orta məktəbin birinci sinfinə gedir
1942-ci ildə həmin məktəbin 9-cu sinfini bitirir.
Eyyub müəllimin erkən gənclik illərinin
müharibə dövrünə düşməsi təhsilinin
sürəkli davam etməsinə mane olur. O, atasının rəhbərlik
etdiyi fermada müharibəyə getmiş çobanları əvəz
edir, 1941-1943-cü illərdə İ. V. Stalin adına
kolxozda çoban işləyir. 1943-cü illərdə
Salyan rayonundakı Pedaqoji Texnikumda qiyabi təhsil alır.
Elə həmin ildən 1945-ci ilin sentyabrınadək
Xoltəzəkənd və Xolqarabucaq kənd məktəblərində
müəllimlik edir.
Eyyub Bəşirov 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun Zootexnika fakültəsinə qəbul olunur. 1947-ci ildə ikinci kursu
başa vurduqdan sonra Eyyub Bəşirov əlaçı tələbə
kimi K.A.Timiryazev adına Moskva Dövlət
Kənd Təsərrüfatı Akademiyasının Zootexnika
fakültəsinin üçüncü kursuna
köçürülür.
Bu ali təhsil ocağının Eyyub Bəşirovun
dünyagörüşünün formalaşmasında, elmi
baxışlarının itiləşməsində, elmə,
elmi tədqiqatlara marağının artmasında, ilk vaxtlarda
rus dilini heç bilmədiyi halda sonralar ona mükəmməl
səviyyədə yiyələnməsində misilsiz rolu olub.
Qaynar tələbəlik həyatı onun elmi fəaliyyətinə
böyük təkan verir. Eyyub Bəşirov elmi
dərnəklərdə, tələbə elmi cəmiyyətlərində
fəal iştirakçıya çevrilir. Akademiyanın iribuynuzlu heyvanlar, atçılıq və
yemləmə kafedralarında təşkil edilmiş dərnəyin
heç bir tədbirindən qalmırdı. O, burada elmi
məruzələri, öz tədqiqatları,
araşdırmaları ilə diqqəti cəlb edərək
özünü perspektivli tələbə kimi göstərir.
Akademiklər Nikolayev, Liskun, Popov, professorlar Vitt, Kislovski kimi
müəllimlərin, dünya şöhrətli alimlərin
böyük rəğbətini qazanır.
Hələ
K.A.Timiryazev adına Akademiyada oxuyarkən
Eyyub Bəşirovun elmi tədqiqat işlərinə, elmi həvəsini
görən və ona böyük ümid bağlayan akademik
Firuz Məlikov gənc tələbə ilə müntəzəm
məktublaşır, lazımi tövsiyələrini, məsləhətlərini
verirdi.
1950-ci ildə K.A.Timiryazev Akademiyasını uğurla
bitirib alim-zootexnik adı alır və təyinatla Azərbaycan
Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna işə göndərilir. O, burada 1950-ci il aprel ayının 27-dən noyabrın 30-dək
qoyunçuluq şöbəsində kiçik elmi
işçi kimi çalışır.
Akademiyanı bitirən kimi də akademik Firuz Məlikov və professor Ağaxan Ağabəyli onu Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun qoyunçuluq şöbəsinə kiçik elmi işçi vəzifəsinə dəvət edirlər.
50-ci illərin əvvəllərində həmin institutda, məhz həmin şöbədə, nəinki Azərbaycan, ümumən Qafqaz xalqlarının heyvandarlıq, daha doğrusu qoyunçuluq sahəsində yeni səhifə açıldı. Akademik Firuz Məlikovun rəhbərliyi və metodikası əsasında yeni yağlı quyruqlu, yarımzərif, yarımqaba yunlu yeni cins qoyun qrupunun yaradılmasına başlanmışdı. Eyyub Bəşirov da bu böyük elmi tarixi səhifənin başlanğıcından onun iştirakçısı, yaradıcılarından biri oldu. O kiçik elmi işçi kimi həmin mövzunun cavabdeh icraçısı idi.
1950-ci ilin dekabrından E.Bəşirovun həyatında yeni bir mərhələ başlayır.
(Ardı var)
Əfqan MƏMMƏDOV
525-ci qəzet.-
2015.- 2 sentyabr.- S.6.