Azərbaycan və dünya aqrar elmində
akademik Eyyub Bəşirov imzası
(əvvəli ötən sayımızda)
1950-ci ilin dekabrından E.Bəşirovun həyatında
yeni bir mərhələ başlayır. O, Moskvada Ümumittifaq
Heyvandarlıq İnstitutunun aspiranturasına daxil olur. 1951-ci ildən 1954-cü ilin fevralınadək əlaçı
aspirant kimi burada oxuyur.
Sovet dövrünün ən görkəmli alimlərindən
biri Viktor Konstantinoviç Milovanovun rəhbərliyi altında
"Azərbaycan camışının
çoxaldılması biologiyası məsələləri"
("Voprosı bioloqii razmnojeniya buyvolov v Azerbaydjane")
mövzusunda namizədlik dissertasiyasını yazır. 1954-cü ilin
noyabrında dissertasiyanı uğurla müdafiə edib
biologiya elmləri namizədi elmi dərəcəsini alır.
Bu uğurdan sonra gənc alimin
qarşısında yeni üfüqlər açılır.
E.Bəşirov böyük coşqu ilə elmi
fəaliyyətə başlayır. O, Respublika Kənd Təsərrüfatı
Nazirliyi sistemindəki müxtəlif elmi qurumlarda müxtəlif
vəzifələrdə çalışır. 1954-cü ilin fevralından 1955-ci ilin aprelinədək
Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda elmi
işçi, şöbə müdiri, Kür-Araz (Sabirabad) təcrübə
stansiyasının direktoru işləyir. 1954-cü
ildə Kür-Araz təcrübə stansiyasında, 1956-cı
ilin sentyabrında isə institutda kənd təsərrüfatı
heyvanlarının süni mayalandırılması
laboratoriyasını təşkil edir və ilk müdiri təyin
olunur. 1959-cu ildə daha böyük vəzifəyə,
institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə
irəli çəkilir. 1961-ci ildən isə
Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun
direktoru vəzifəsində çalışmağa
başlayır. 1963-cü ildən isə
elmi fəaliyyəti ilə bağlı öz xahişi ilə
yenidən laboratoriya müdiri vəzifəsinə
qayıdır. Kənd təsərrüfatı
heyvanlarının yetişdirilməsi və süni
mayalandırılması laboratoriyasına qayıtmaqda məqsəd
daha geniş və əhəmiyyətli elmi işlər aparmaq
və yaradıcılıq işlərini davam etdirmək,
doktorluq dissertasiyasını yazmaq idi.
Eyyub müəllimin Azərbaycan Elmi-Tədqiqat
Heyvandarlıq İnstitutunda və onun təcrübə
stansiyasında müxtəlif vəzifələrdə
çalışdığı dövr onun yüksək elmi
təşkilatçılıq fəaliyyəti ilə xarakterzə
olunur. Belə ki, həmin dövrdə onun tərəfindən
işlənib hazırlanmış metod və
texnologiyaların, başqa alimlərin əldə etdikləri
elmi nəticələri ilə birlikdə təsərrüfatlarda,
damazlıq stansiyalarında istehsalata geniş tətbiq edilirdi.
Ötən əsrin 50-60-cı illəri E.Bəşirovun
elmi yaradıcılığının ən məhsuldar mərhələlərindəndir. Bu illərdə
aparılan araşdırmaların, təcrübələrin
istehsalata geniş tətbiqi yüksək nəticələrə
gətirib çıxarırdı.
"Muğanda
yem bazasının yaxşılaşdırılması
yolları", "Camışların qısırlığı
ilə mübarizədə mühüm məsələ",
"Kəl, buğa və qoç toxumlarının
mühafizə olunma müddətinə və
mayalandırıcı qabiliyyətinə antibiotiklərin,
ağ stereptosidin təsiri", "Heyvan toxumunun saxlanması
və daşınması texnologiyası və üsulları
(toxumun dondurulması)", "Azərbaycanın aran yerlərində
döllük qoçlardan səmərəli istifadə edilməsinə
dair", "Camışlarda süni mayalanmanın tətbiqi",
"Azərbaycan şəraitində inək və
camışların döllənməsi, onlardan alınan
balaların yaşama qabiliyyətinin yüksəldilməsi
üsulları", "Kənd təsərrüfatı
heyvanlarını törədici kimi hazırlamağın yeni
üsulu" və s. kimi elmi məqalələr aqrar elmin
incilərindən sayılır.
Onu da qeyd edək ki, alimin 800-dən çox elmi məqalələri
var ki, bunların da yarıdan çoxu müxtəlif vaxtlarda
dərc olunub, bir qismi çapa hazırlanır, bir qismi hələ
çap olunmamış qalır, daha doğrusu öz növbələrini
gözləyir.
E.Bəşirovun
1959-1962-ci illərdə yazdığı "Qaramal" və
"Kənd təsərrüfatı heyvanlarının
süni mayalandırılması" və "Kənd təsərrüfatı
heyvanlarının törəmə qabiliyyətinin
yaxşılaşdırılması yolları" adlı
kitabları, təlimatları Azərbaycan dilində çap
olunmuş, sahəyə aid ilk dərsliklər idi. "Əlcəzairin heyvandarlığı"
("Jivotnovodstva Aljira". Moskva, 1976)
monoqrafiyası qiymətli elmi mənbə kimi mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilir.
Eyyub
müəllimin qələminin məhsulları olan "Azərbaycanda
damazlıq heyvanların biologiyası və yetişdirilməsi"
2005-ci ildə, "Azərbaycanda damazlıq
heyvandarlığın problemləri və
inkişafının elmi əsasları" 2008-ci ildə
("Fiziologiya reproduktivnoy buyvolov Azerbaydjane"), "Azərbaycan
camışının törəyib çoxalmasının
fiziologiyası" 2009-cu ildə, "Azərbaycanda
heyvandarlığın inkişafının elmi əsasları"
2011-ci ildə çap olunmuşdur. Adlarını
çəkdiyimiz və çəkə bilmədiyimiz əsərlərdə,
xüsusən də süni mayalanma ilə bağlı əsərlərdəki
hər fikir, hər bənd elmə gətirilən yenilikdir.
lll
E.Bəşirov elmi yaradıcılığa ötən
əsrin ortalarında, 1947-ci ildə başlamışdır. Alimin
yaradıcılığı şərti olaraq üç
dövrə bölünür.
Birincisi Moskva dövrüdür. 1947-1954-cü illəri
əhatə edir. Bu dövrə akademik K. A. Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı
Akademiyasında oxuduğu illərdə yazılmış əsərlər,
aparılmış elmi tədqiqatlar aiddir.
İkinci dövr Azərbaycan dövrüdür. Bu dövr
1950-ci ildən başlayır və bu günün
özündə də davam edir.
Üçüncü dövr isə xarici ölkələrə
ezamiyyətlər dövrüdür.
Hindistan -
1961-ci il (altı ay) İtaliya - 1964-cü il, 6-25 sentyabr,
Əlcəzair - 1964-1966-cı, 1968-1970-ci illər, Çili -
1971-ci il (noyabr, dekabr), Əfqanıstan - 1981-1983-cü illər.
"Əlcəzairin
heyvandarlığı", "Çilinin
heyvandarlığı" və "Milli Birlik hökuməti
dövründə onun inkişaf perspektivləri",
"Əfqanıstanın heyvandarlığı",
"Hindistan və Bolqarıstanda
camışçılıq" və "Yeni Bolqar mürrəhi
camış cinsinin yaradılması" adlı əsərləri
bu dövrdə yazılmışdır.
Alimin
heyvandarlığın sürətli inkişafına, ekoloji
baxımdan təmiz, yüksək keyfiyyətli, bioloji qiymətli
məhsul istehsalına, kənd təsərrüfatı
heyvanlarının genefondunun
sağlamlaşdırılmasına, cinsi, məhsuldarlıq və
balavermə keyfiyyətinin
yaxşılaşdırılmasına,
çoxaldılmasına, qorunub saxlanmasına yönəlmiş
elmi araşdırmaları, işləyib
hazırladığı metod və texnologiyalar buna geniş
imkan verir. Lakin tarixin elə məqamları da
olur ki, həmin vaxtlarda bu imkanlar da kifayət etmir, gərək
sinəni də qabağa verəsən.
Ötən əsrin yetmişinci illərində, ümumən,
respublikamızın heyvandarlığında heç də
birmənalı qarşılanmayan tendensiya
yaranmışdı.Yerli inək cinsləri bəyənilmirdi,
Rusiyadan, Pribaltikadan gətirilən cinslərə
üstünlük verilirdi. Bu cinslər də
yerli şəraitə çətin
uyğunlaşırdılar. Xəstələnmə,
xüsusən də qızdırma ilə bağlı
ölüm halları çoxalırdı. Məhsuldarlıq və balavermə aşağı
düşürdü. Məcburi kəsim
çoxalırdı. Qısırlıq həddən
artıq yüksək idi.
Camışçılığa münasibət lap pis
idi. Sanki yerli inək, camış cinslərinə
qarşı səlib yürüşü
aparılırdı. Fikir
yaradılırdı ki, yerli cinslər, xüsusən də
camış rentabelli deyil, məhsul istehsalı
aşağıdır. Yeri gəldi-gəlmədi
inəklərin yerinə ağır çəkili
olduğundan camışlar kəsimə göndərilirdi.
Camışa münasibət lap acınacaqlı
vəziyyətə gəlib çıxmışdı.
Hətta o vaxtlar başda Azərbaycan KP MK-nin
ikinci katibi Kozlov olmaqla bir qrup məmur tərəfindən
Respublika Kommunist Partiyası MK-nın bürosuna
camışçılığın ləğvi barədə
qərar layihəsinin çıxarılması da
planlaşdırılmışdı. Bu isə
təkcə yanlış fikir, düşünülməmiş
addım deyildi. Ata-babalarımızın ən
qədim dövrdən məşğul olduğu bir sahə,
camışçılıq məhv edilmək təhlükəsi
qarşısında idi. Bu məqamda
mütəxəssislərimiz, ziyalılarımız əsl vətəndaşlıq
mövqeyi tutdular, iradə və qətiyyət göstərdilər.
Eyyub
müəllim və həmfikirləri - mərhum Arif Mustafayev,
Ağaxan Ağabəyli, İmran Əbilov, Surxay
Tağızadə, Sadıq Murtuzayev kimi Azərbaycan
heyvandarlığında camışın,
camışçılığın yerini, çəkisini
yaxşı bilən mütəxəssislər bu qərəzli
ideyanın gerçəkləşməsinə qarşı
çıxdılar. Onlar həmin dövrdə
respublikamıza rəhbərlik edən ümummilli liderimiz, mərhum
prezident Heydər Əliyevə müraciət etdilər.
Camışçılığın
üstünlükləri haqda, insana, onun sağlamlığına
camış məhsullarının misilsiz faydası barədə
hərtərəfli məlumat verdilər. Müraciətdən
sonra mərhum liderimiz Heydər Əliyev qərar layihəsinin
büroda müzakirəyə çıxarılmasına belə
yol vermədi. Ümumiyyətlə, bu məsələ
birdəfəlik bağlandı. Haqq-ədalət
öz yerini tapdı.
lll
Təcrübə ilə nəzəriyyənin vəhdəti
Eyyub müəllimin elmi yaradıcılığından
qırmızı xətlə keçir. Alimin elə
bir elmi müddəası, elə bir araşdırması
yoxdur ki, təcrübədə təsdiqini tapmasın.
Heyvandarlığın, xüsusən də
camışçılığın, damazlıq heyvandarlığın
inkişafında yeni cinslərin yaradılmasında, kənd təsərrüfatı
heyvanlarının çoxaldılmasında,
sağlamlaşdırılmasında süni mayalanmanın
böyük əhəmiyyəti var. Dünyada ilk dəfə
camışın süni mayalandırılmasının həyata
keçirilməsinin metod və texnologiyalarının
hazırlanması, tətbiqi və ən əsası nəzəriyyə
ilə təcrübənın vəhdəti Eyyub Bəşirovun
yaradıcılığının ən üstün, ən əhəmiyyətli
cəhətlərindəndir.
Başqa bir cəhət də bundan ibarətdir ki, rus və
Azərbaycan aqrar elmi məktəblərinin ən qədim, ən
zəngin, ən qabaqcıl ənənələri alimimizin
yaradıcılığında öz dərin əksini
tapır. Həm
də bu iki böyük məktəbin təsiri, əhatə
dairəsi o qədər geniş, o qədər
güclüdür ki, həmin irslə
tanışlığın ilk anındaca yəqinlik hiss edirsən,
inanırsan ki, bu iki məktəb Eyyub Bəşirov
yaradıcılığının nəhəng kökləri,
qaynaqlarıdır.
Eyyub Bəşirovun elmi
yaradıcılığının ilkin, həm də olduqca
möhkəm təməli, bünövrəsi qeyd etdiyimiz
kimi, Moskvada təhsil aldığı dövrdə, ötən
əsrin əllinci illərinin əvvəllərində
qoyuldu. 1951-1953-cü illərdə alimin yazmış
olduğu referatlar, elmi hesabatlar, məruzələr Moskva elmi
mühiti, Moskva elmi ictimaiyyəti tərəfindən təqdir
olunur, rəğbətlə qarşılanırdı. Məhz həmin elmi əlyazmalar, referatlar, məruzələr,
hesabatlar alimin yaradıcılığının dayaqları,
dirəkləri idi. Bu dayaqların daha da
möhkəmlənməsi üçün Moskva elmi mühiti
münbit şərait, münbit zəmin yaradırdı.
O illərdə Moskva dünya aqrar elminin ən nəhəng, ən
tanınmış mərkəzlərindən idi. Burada aqrar
elmin müxtəlif problemləri ilə məşğul olan,
nüfuzlu elmi təşkilatlar, elmi müəssisələr,
elmi tədqiqat institutları kimi fəaliyyət göstərən
Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı
Elmlər Akademiyası (indi Rusiya Kənd Təsərrüfatı
Elmlər Akademiyası), akademik K.A.Timiryazev adına Moskva Kənd
Təsərrüfatı Akademiyası, Baytarlıq
Akademiyası, Atçılıq İnstitutu, Ümumittifaq
Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu və s. dövrün
ən qabaqcıl elm ocaqları, elmi idarələrdən idilər.
Təkcə elə Ümumittifaq Kənd Təsərrüfatı
nailiyyətləri sərgisinin özü böyük bir
akademiya idi. Həmin dövrdə Viktor Konstantinoviç
Milovanov, Firuz Əli oğlu Məlikov, İrina İvanovna Sokolovskaya
kimi bir çox nəhəng alimlər aqrar elmin problemlərinin
həllinin ağırlığını öz çiyinlərinə
götürmüşlər. Məhz belə
alimlərin adları ilə bağlı elmi məktəblər
formalaşmış, yaranmışdı. Bunların da arasında ən qabaqcılları
akademiklər V.K.Milovanov və F.Ə.Məlikov elmi məktəbi
idi. Bu məktəblər aqrar elmin bir
çox aktual problemlərini həll etməklə onun
inkişafına böyük təkan vermişdilər. Bu elmi məktəblər keçmiş İttifaqda
həll etdikləri problemlərin əhəmiyyətinə,
özlərinin nüfuz və əhatə dairələrinə
görə fərqlənirdi.
(Ardı var)
Əfqan
MƏMMƏDOV
525-ci qəzet.-
2015.- 3 sentyabr.- S.4.