Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası

 

 

(əvvəli ötən sayımızda)

 

Akademik Eyyub Bəşirovun elmi yaradıcılığı ötən əsrin ortalarından bu günə kimi istər ölkə, istərsə də beynəlxalq elmi ictimaiyyət tərəfindən daim izlənməkdədir.

 

Azərbaycan, Rusiya, keçmiş İttifaqın digər respublikalarının, ayrı-ayrı xarici ölkələrin tanınmış alimləri, mütəxəssisləri hələ o dövrdə Eyyub Bəşirovla müntəzəm olaraq fikir mübadilələri aparır, onun işləyib hazırladığı süni mayalanmanın qabaqcıl metod və texnologiyalarla, apardığı müxtəlif təcrübələrlə tanış olurdular. Bu elmi araşdırmaları, elmi təcrübələri, əldə edilmiş nəticələri yüksək qiymətləndirərək öyrənir, bunların öz ölkəsində də geniş tətbiq edilməsinə çalışırdılar.

 

E.Bəşirovun elmi yaradıcılığının əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı heyvanlarının yeni məhsuldar cinslərinin, hər cins üzrə damazlıq təsərrüfatlarının yaradılması, naxırların, sürülərin cins tərkibinin yaxşılaşdırılması, ölkəmizin təbii şəraitinə uyğun hibridlərin alınması və bunların ölkəmizin müxtəlif bölgələrinə yayılmasının təmin olunmasıdır. Dediklərimizin ən bariz nümunəsi kimi, Azərbaycanın subtropik zonasında, Lerikdə, 1976-1978-ci illərdə "Sosialist Kubası" sovxozunda Kubadan yarımvəhşi zebuların gətirilib yerli şəraitə uyğunlaşdırılması və yerli zebu və digər qaramal cinsləri ilə çarpazlaşdırılaraq hibridlərin alınması, bunların respublikamızın on altı dağ rayonlarına yayılmasını misal gətirmək olar.

 

Eyyub Bəşirov görkəmli alimlərimiz, professorlar Ağaxan Ağabəyli, Abdulla Həşimov, Surxay Quliyev, İnqilab Hüseynovla birgə dünyada ilk ağ camış sürüsünü yaradıb.

 

2007-ci il iyunun 29-da Respublika Kənd Təsərrüfatı Nazirliyinin Damazlıq Şurası tərəfindən iki yeni qoyun cinsi təsdiq edildi. Bunlardan biri Morul Dəmirovun seleksiyası əsasında yaradılmış "Mil-Qarabağ", digəri isə Nəcəf Nəcəfovun "Abşeron" cinsləridir. Hər iki cinslərin yaradılmasının elmi rəhbəri və təşkilatçısı Eyyub Bəşirovdur.

 

Azərbaycan kənd təsərrüfatı sistemində özünü bacarıqlı elm və təsərrüfat təşkilatçısı kimi göstərən alimin respublikada uzun müddət rəhbərlik etdiyi damazlıq-seleksiya sisteminin, süni mayalama laboratoriyalarının, stansiyalarının, mərkəzlərinin yaradılmasında, səmərəli fəaliyyət göstərilməsində müstəsna rolu olub, istər elmi, istərsə də həmin sistem üçün savadlı, səriştəli praktik kadrların yetişdirilməsi Eyyub Bəşirovun fəaliyyətinin ən mühüm istiqamətlərindəndir.

 

Respublikada heyvandarlığın elmi əsaslarla inkişafının yüksəldilməsi, həmin əsasların möhkəmləndirilməsi, damazlıq sisteminin, süni mayalama stansiyalarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Eyyub müəllim bir sıra islahatlar aparır. 1971-ci ildə təşkil etdiyi, Pirşağıda yerləşən, Dövlət Damazlıq və Süni Mayalama Stansiyasını genişləndirir. Mərdəkandakı Abşeron Dövlət Damazlıq və Süni Mayalama Stansiyasına birləşdirir. Sabirabaddakı Elmi-Tədqiqat Heyvandarlıq Stansiyası isə Mərdəkana köçürülür. Həmin bu stansiya 1971-ci ildən bu günə qədər Abşeron Elmi-Tədqiqat Heyvandarlıq Təcrübə Stansiyası kimi fəaliyyət göstərir.

 

Eyyub müəllim 1989-1993-cü illərdə Abşeron Dövlət Damazlıq və Süni Mayalama Stansiyasının nəzdində Moskva Mərkəzi Elmi-Tədqiqat Yemlərin Texnologiyası və Kənd Təsərrüfatı Heyvanlarının Yemləndirilməsi İnstitutunun Azərbaycan filialını təşkil etdi və onun rəhbəri oldu. Bu gün də həmin filiala ictimai əsaslarla rəhbərliyi davam etdirir.

 

Eyyub müəllim müxtəlif dövrlərdə Hindistanda, Əlcəzairdə, Çilidə və Əfqanıstanda olarkən bu ölkələrin kənd təsərrüfatı sahəsinin, damazlıq-döllük sisteminin təşkilində, inkişaf etdirilməsində və möhkəmləndirilməsində, milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Elə buna görə də həmin dövlətlərin başçıları alimimizin şəxsən özünə və Sovet dövlətinin lideri Leonid Brejnevə dərin minnətdarlığını bildirirdilər.

 

İstər Çilinin o vaxtkı prezidenti Salvador Alyendenin, istərsə də Əlcəzair prezidenti Huarı Bumedyanın minnətdarlıq məktublarının arxasında Azərbaycan aliminin gərgin əməyi, bu ölkələrin kənd təsərrüfatı sisteminin dirçəlməsinə, möhkəmləndirilməsinə yönəlmiş elmi tədqiqatları, yazdığı elmi əsəri, həyata keçirdiyi əməli tədbirləri dayanırdı.

 

Bu məqamda bir tarixi epizodu xatırlatmaq yerinə düşərdi.

 

1971-ci ildə Sov.İKP MK-nın katibi A.P. Kirilenko Çiliyə gedəcək iki nəfər mütəxəssisin, alimin, Smirnovun və bir də bu sətirlərin müəllifinin sənədlərini Baş katib Leonid İliç Brejnevə təqdim edir. O: - Azərbaycan elminin nəzəriyyəsi də var, təcrübəsi də, - deyib, Azərbaycan heyvandarlıq elmi məktəbinə üstünlük verir.

 

Çiliyə ezam olunan Eyyub Bəşirov bu ölkənin iqlim şəraitini, otlaqların, çöl-çəmən, meşə, ot örtüklərini, su mənbələrini, yağan yağıntının miqdarını, heyvandarlığın ayrı-ayrı bölgələrdə inkişaf perspektivlərini, maddi-texniki bazasını, sahənin inkişafına lazım gələn bütün amilləri araşdırıb öyrənir, tədqiq edirdi. Aparılan tədqiqatların nəticəsi kimi "Çilinin heyvandarlığı" adlı fundamental əsər ortaya qoyuldu.

 

Çili prezidenti Salvador Alyendenin aşağıdakı sözləri isə azərbaycanlı alimin əməyinə verilən ən yüksək qiymətdir:

 

- "Mister Eyyub Bəşirovun 45 gündə gördüyü iş Çilinin birinci dərəcəli elmi-tədqiqat institutlarının altı ayda gördüyü işlərə bərabərdir".

 

Bu sözlər, həm də, bütövlükdə dünya aqrar elminin inkişafı naminə göstərilən xidmətin qarşılığıdır.

 

Eyyub müəllimin 1946-1966 və 1968-1970-ci illərdə Əlcəzairdə gördüyü işlər, apardığı elmi tədqiqatlar bu ölkənin kənd təsərrüfatının, heyvandarlığının inkişafında mühüm rol oynadı.

 

1966-cı ilin yayında Fransanın Kənd Təsərrüfatı nazirinin, baytarlıq xidməti generalının Əlcəzairə gəlməsi, Eyyub Bəşirovla görüşməsi, onun bu ölkədə apardığı təcrübələr və əldə etdiyi elmi -təcrübəvi nailiyyətlərlə tanışlığı və ondan aldığı məsləhətlər nəticəsində, sonralar Fransada yeni bir texnologiya-fransız süni mayalama texnologiyası yaradıldı. Hazırda ən mütərəqqi, ən proqressiv texnologiya kimi bundan dünyanın bütün qabaqcıl ölkələrində istifadə edilir.

 

Ötən əsrin səksəninci illərində Əfqanıstanda gedən dərin, mürəkkəb tarixi proseslərin ən qızğın çağında Eyyub Bəşirov bu ölkədə işləməli oldu. Kənd təsərrüfatı nazirinin müşaviri vəzifəsində çalışan alim bu ölkənin aqrar sektorunun dirçəlməsinə, məhsul istehsalının artırılmasına, sahənin elmi əsaslarının yaradılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nail oldu.

 

Bu kimi neçə-neçə dəyərli fakt Eyyub Bəşirov yaradıcılığının, bütövlükdə, Azərbaycan aqrar elminin dünya aqrar elminə verdiyi töhfələrdir. Dünya aqrar elminin inkişafına xidmət edən elmi qənaətlərin, elmi araşdırmaların, tədqiqatların uğurlu nəticələri, onu möhkəmləndirən elmi zəminlər, elmi əsaslardır. İstər Azərbaycanın, istərsə də hər hansı xarici ölkənin kənd təsərrüfatı ilə bağlı olsun, Eyyub Bəşirovun apardığı elmi-tədqiqat işlərinin məqsədi, yönümü birdir - insanların sağlamlığı, rifahı, firavanlığı, məhsul bolluğunun yaradılması, iqtisadiyyatın, aqrar sahənin inkişafının gücləndirilməsi, ekologiyanın təmizliyi olmuşdur. Alimin elmi irsinin mahiyyəti, əhəmiyyəti bundadır.

 

Təbii ki, Eyyub Bəşirovun, elmi yaradıcılığı bütövlükdə Azərbaycanla, onun kənd təsərrüfatı, heyvandarlığı ilə bağlıdır. Bu yaradıcılıq Azərbaycan aqrar elminin mühüm tərkib hissəsidir.

 

Azərbaycan heyvandarlıq elminin elə bir sahəsi yoxdur ki, bu, alimin apardığı tədqiqatların obyekti olmasın, camışçılıqdan başqa, maldarlıq, dəvəçilik, atçılıq, qoyunçuluq, quşçuluq, arıçılıq, balıqçılıq, ipəkçilik kimi sahələrin inkişaf perspektivləri Eyyub Bəşirov tərəfindən müntəzəm tədqiq edilib öyrənilməsin. Hətta bu sahələrin kompleks halında, əlaqəli inkişaf etdirilməsi problemi də araşdırılıb. Məsələn, Abşeronda maldarlığın, camışçılığın, balıqçılığın, quşçuluğun, arıçılığın kompleksli, əlaqəli inkişafına nail olmağın yollarını aydın göstərən elmi tədqiqat işi, dövlət əhəmiyyətli lahiyəsi bu baxımdan böyük önəm daşıyır. Bu əsərdə iqlim şəraitinin heyvandarlıqdakı rolu, yem bazasının möhkəmləndirilməsi, yem kimi yoncanın, arpa-dən senajının rasiondakı yeri, bataqlıqların, onların bitki örtüyünün camışçılıqdakı əhəmiyyəti və yeri geniş, əhatəli, həm də bir-biri ilə əlaqəli şəkildə öyrənilmişdir.

 

Eyyub Bəşirovun elmi yaradıcılığında heyvandarlığın ümumi inkişafı, bunun elmi əsasları, onunla birbaşa bağlı olan amillər yerli iqlim şəraiti, çöl-çəmən bitkilərinin və bunların ilin fəsillərindən asılı olaraq necə inkişaf etmələri, yem bazasının yaradılması, heyvanların səmərəli yemləndirilməsi üsulları, arpa-dən, qarğıdalı, yonca, qarışıq senajın hazırlanması, otlaqların, yem bazasının vəziyyəti və digər vacib şərtlərlə sıx əlaqədə, eləcə də bunların bir-birinə qarşılıqlı təsiri ilə vəhdətdə götürülür, tədqiq edilir.

 

Akademik Eyyub Bəşirov bu gün də əvvəlki coşqu ilə işləyir. Çalışır ki, bütün əlyazmalarını, elmi əsərlərini çap elətdirib oxuculara çatdırsın. "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" adlı kitabı da bu qəbildəndir. Kitab böyük bir dövrün və bu dövrdəki mövcud cəmiyyətin təsərrüfat fəaliyyətinin əsas sahələrindən birinin, iqtisadiyyatın önəmli istiqamətlərindən olan ictimai heyvandarlığın, eləcə də biologiya və heyvandarlıq elmlərinin inkişafının ümumi mənzərəsini yaradır, bunların üzərinə işıq salır.

 

Kitabda 49 elmi məruzə, 57 arayış toplanıb. Bunların vasitəsilə də heyvandarlığın elmi və təsərrüfat bazalarının ümumi vəziyyəti, heyvandarlığa münasibət, ona verilən önəm, bu sahəyə cavabdeh olan elmi, təsərrüfat, dövlət qurumlarının fəaliyyəti, aqrar sahənin inkişafına yönəlmiş elmi tədqiqat işləri, bunların təcrübədə təsdiqi, rayonlardakı heyvandarlıq təsərrüfatlarının, damazlıq-seleksiya, süni mayalama stansiyalarının və s. işlərinin istiqamətləndirilməsi, fərdi təsərrüfatlara münasibət kimi çoxsaylı məsələlərə, eləcə də bütövlükdə biologiya və heyvandarlıq elmlərinin ümumi inkişaf səviyyəsini işıqlandırır. Mövcud problemlər, ortada olan çətinliklər, həlli vacib məsələlər, bütün bunların həlli yolları göstərilir, lazımi məqamda təkliflər də irəli sürülür. Təsərrüfatların, hətta sahəyə məsul dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması, daha düzgün istiqamətləndirilməsi, mövcud nöqsanların, problemlərin tezliklə aradan qaldırılması məqsədi ilə nazirlik, komitə, birliklər səviyyəsində direktiv sənədlər hazırlanır, tədbirlər görülür. Belə sənədlərdə də təbii ki, heyvandarlıq tariximizin müəyyən məqamları, anları, detalları öz əksini tapmaqla, sahənin o dövrdəki ümumi mənzərəsini tamamlayır ki, bunlar da oxuculara təqdim olunur.

 

Kitabda haqqında bəhs olunan problemlər, aqrar elmi düşündürən, aparılan elmi tədqiqatlar, araşdırmalar, bunlardan alınan elmi-nəzəri, təcrübəvi nəticələr, təsərrüfatların qarşısına çıxan problemlər hansılardır? Aparılan işlərin gedişi, əldə edilən nəticələrin tətbiqi hansı səviyyədə olub?   Təsərrüfatları geri salan hansı amillər, çətinliklər, problemlərdir? Bu problemlərin həlli yolları tapılırmı?

 

Kitabın birinci hissəsində toplanmış materiallarda bu və ya digər çoxsaylı sualların, problem məsələlərin üzərində dayanılır.

 

(Ardı var)

 

Əfqan MƏMMƏDOV

525-ci qəzet.- 2015.- 4 sentyabr.- S.4.