Fədakar alim, dəyərli şərqşünas
PROFESSOR MAQSUD HACIYEVİN 80
İLLİYİNƏ
Maqsud
Hacıyev. Çağdaş Azərbaycan şərqşünaslığında
özünü təsdiq edən, Şərq ədəbiyyatı
ilə bağlı onlarla məqalənin, bir neçə
kitabın müəllifi. Eyni zamanda bir
dilçi kimi də maraqlı yazıları ilə diqqəti
cəlb edən alim. Yazıçı və
publisist. Tərcüməçi. Bu adlar onun
altmış illik elmi, bədii, publisistik
yaradıcılığını ümumi şəkildə
səciyyələndirir.
Tanınmış, elm aləmində öz
sözünü deyən bir alimdən söz açanda
öncə onun keçdiyi həyat yolu gözlərimiz
qarşısında canlanır. Keçmiş Qonaqkənd
rayonunun Gümür kəndində, kasıb bir kolxozçu
ailəsində dünyaya göz açan Maqsud Hacıyevin
uşaqlığı çox fərəhsiz keçib, həyatında
çox ağır günlər olub. Yetimçilik
yazılıbmış ömrünün uşaqlıq və
ilk gənclik illərinə. Atası da,
anası da onu vaxtsız tərk ediblər və Maqsud
Hacıyev uşaq evində böyüyüb başa
çatıb. Amma bu uşaq fərasətli
olub, orta məktəbi bitirən kimi heç kimin köməyi
olmadan BDU-nun Şərqşünaslıq fakültəsinə
daxil olub, 1959-cu ildə oranı müvəffəqiyyətlə
bitirib. Bundan sonra isə elmə fanatik məhəbbəti
onu pillə-pillə arzuladığı zirvəyə
çatdırıb. Amma zirvəyə gedən
yollar heç də asan olmayıb. Həyatda,
məşğul olduğu elm sahəsində nəyə qadir
olduğunu sübut eləmək üçün ən
etibarlı dayağı kitablar olub. Aylarla,
illərlə kitabxanalarda, onun öz sevimli ifadəsiylə desək,
“dünyanın ən varlı məbədgahı”nda
oturmağı, saatlarla oxumağı. Mütaliə
etməyi, bununla da zənginləşməyi özünə
borc bilib. İndi Maqsud müəllimin
özünün müəllifi olduğu, redaktorluq etdiyi və
rəy verdiyi kitabları, sayı-hesabı bilinməyən məqalələrini
görəndə bütün bunların arxasında zəhmətlə
keçən bir ömrün dəqiqələrini,
saatlarını, günlərini, aylarını, illərini
görürsən.
Maqsud Hacıyevi bir alim kimi səciyyələndirərkən
onun çoxcəhətli yaradıcılığı,
geniş erudusiyası səndə heyranlıq, yaxşı mənada
qibtə doğurur. Onun Şərq ədəbiyyatı ilə
bağlı onlarla elmi məqalələri çap olunub, beynəlxalq
elmi konfranslarda məruzələr edib və Azərbaycan şərqşünaslığını
layiqincə təmsil edib. O, İran və Əfqan ədəbiyyatının
mötəbər tədqiqatçılarındandır. Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi
və təbliği ilə bağlı xeyli yazıların
müəllifidir. Maqsud müəllimin fars,
əfqan, tat dilləri ilə bağlı dərslikləri,
proqramları, metodik vəsaitləri və tədris
materialları işıq üzü görüb. Elə bircə
bu faktı nəzərə çatdıraq ki, bizim
Ensiklopediyanın elmi məlumat xarakterli “Avesta dili”, “İran
dilləri”, “Tacik dili”, “Tat dili”, “Puştu (əfqan) dili”, “Dəri
dili”, “Bəluc dili”, “Yazqulam dili”, “İşkasım dili”, “Pəncab
dili”, “Qədim fars dili”, “Orta fars dili”, “Yeni fars dili”, “Lor və
bəxtiyari dil və ləhcələri” oçerklərinin
müəllifi Maqsud Hacıyevdir.
Hər bir şərqşünasın fəaliyyəti ədəbiyyat
tarixi və ümumən ədəbiyyatşünaslıq elmi
ilə sıx bağlı olur və Maqsud Hacıyev bu mənada
həm də tanınmış ədəbiyyatşünasdır.
O, Azərbaycan oxucularına böyük bir həvəs
və şövqlə İran və Fəqan ədəbiyyatının
müxtəlif problemlərindən, bu xalqların söz-sənət
korifeylərindən bəhs edən məqalələri ilə
yaxşı tanışdır. Ədəbiyyat tarixinin “ədəbi
əlaqələr” deyilən çox mühüm bir
bölməsi var və bu baxımdan da Maqsud Hacıyevin xidmətləri
danılmazdır. O, bir məqaləsində
“Arşın mal alan” operettasının İran səhnəsində
oynanılmasından söz açır, başqa bir məqaləsində
isə Azərbaycan nağıllarının Tehran
çapı barəsində müfəssəl məlumat
verir. Bir yazısında isə nakam
yazıçı Səməd Behrəngini bizim oxuculara
tanıdır. Azərbaycan-əfqan ədəbi
əlaqələrinin qədimliyi də onun bir sıra
yazılarında öz elmi şərhini tapır.
Burada
vacib bir faktı oxucuların nəzərinə
çatdırmaq istəyirəm.Maqsud Hacıyev bu səksən
illik ömrünün on beş ilini
İranda və Əfqanıstanda keçirib. Əlbəttə,
Sovet dönəmində İran və Əfqanıstanla
bağlı bir çox həqiqətlər bizə məlum
deyildi. Biz Şərqin bu iki böyük
ölkəsinin müasir durumu, ictimai-siyasi vəziyyəti və
həmin ölkələrdə baş verən olaylar
haqqında yalnız Sovet ideologiyasının təbirincə
olan məlumatlardan xəbər tuturduq. Maqsud Hacıyev
ilk azərbaycanlı alim və diplomatlarından biri idi ki,
keçən əsrin 70-80-ci illərində Əfqanıstanda və
İranda gördükləri barədə bir sıra həqiqətləri
oxuculara çatdırdı. Vaxtilə “Azərbaycan”
jurnalında çap olunan “Beş il qonşu diyarda” publisistik
yazısı oxucuların rəğbətini qazandı. 1985-ci ildə Maqsud müəllimin yenə həmin
jurnalda “Dörd ildə gördüklərim” adlı başqa
bir yazısı da işıq üzü gördü və bu
yazı da böyük maraqla qarşılandı. Nə idi bu
yazıları oxuculara sevdirən? Birincisi; Maqsud
Hacıyev həm İran, həm də Əfqanıstan
haqqında yazılarında bir
“Sovet adamı” və diplomat kimi deyil, şərqli və azərbaycanlı
kimi çıxış edirdi. Ona görə də
hər iki yazıda mümkün qədər siyasi məsələlərə
toxunulmurdu. İkincisi; həmin yazılarda Azərbaycan-İran-Əfqanıstan
xalqlarının tarixən bir-birinə yaxın
xalqlar olduğu, bu səbəbdən də xalqlar
arasındakı dil, mədəniyyət, etnoqrafiya, folklor
paralelləri şərh edilirdi. Üçüncüsü,
həm İranda, həm də Əfqanıstanda tarixən azərbaycanlılar
yaşamışlar və indi də yaşayırlar.
Onun yazdığına görə Əfqanıstanda 300 minə
yaxın əfşarlar,
yəni azərilər yaşayır. Azəri türkləri
Nadir şah dövründə bu yerlərə
köçürülmüşlər. Onlar əsasən
Kabul yaxınlığındakı Yuxarı Əfşar,
Aşağı Əfşar, Əfşartəpə və Nənəkçi
kəndlərində yaşayır, ana dillərini də
qoruyub saxlayırlar. Əfşarlar daha çox Təbriz və Marağa
ləhcəsində danışırlar. Onlar
Əfqanıstanın hər tərəfinə səpələnmişlər.
Maqsud
müəllimin araşdırmalarında bizdə az qala
unudulmuş, lakin bir sıra Şərq xalqlarında indi də
yaşarılığını itirməyən adət-ənənələr
haqqında
çox maraqlı faktlarla
qarşılaşırıq. Məsələn, vaxtilə bizdə
kommunist ideolojiyasının təsirilə qızla
oğlanın toyu ərəfəsində, bəzən lap toya
bir neçə saat qalmış 26-ların heykəlinin
qarşısında (indiki Sahil bağında-nə
yaxşı ki, o heykəl uçuruldu) şəkil çəkdirmək
az qala ənənəyə çevrilmişdi. İranda,
Əfqanıstanda isə kəbindən qabaq oğlanı,
qızı göndərirdilər babalarının, nənələrinin
qəbrinin üstünə, cavanlar bu qəbirlərin torpağından
götürərlər, ölənlərin ruhlarından
xeyir-dua alarlar. Bu, əcdadların ruhuna
sitayişdən gələn adət idi.
Maqsud müəllim öz araşdırmaları ilə
sübut edir ki, Azərbaycan xalqının əsrlərdən
bəri yaşayıb gələn bir sıra adət-ənənələri
var ki, onları heç bir yadelli xalq, heç bir istila və
assimilyasiya bu xalqın ruhundan qopara bilmədi.
Bu adət-ənənələri Şərq
xalqlarının bir çoxunda da görə bilərik.
Ərəblər Novruz ənənəsini-milli
ruhun oyanması simvolunu heç cür aradan çıxara
bilmədilər. Deyək ki, lap qədimlərdə-Novruz
bayramı keçiriləndə süfrə üstündə
“ş” hərfi ilə başlayan yeddi cür təam
qoyulardı: şərbət, şəkər, şəkərbura,
şorqoğalı və s. Ərəblər bunu aradan
çıxarmağa çalışdılar, çünki
süfrədə şərab da var idi. Ona görə ərəblər
bunu yeddi “s” elədilər: sarımsaq, sirkə, səbzi və
s. Amma bircə şərabı götürməkdən
başqa heç nəyə nail ola bilmədilər.
Professor Maqsud Hacıyev təkcə Azərbaycanda deyil,
bir sıra Şərq ölkələrində tanınır. Onun fars,
dəri (əfqan) və rus dillərində neçə
kitabı işıq üzü görüb. Əfqanıstanda
yaşadığı illərdə
“Cvəndun”, “Milliyyəthaye bəradər”, “Dusti”, “Həqiqəte
inqilabe Sair”, “Pamir”, “Ənis”, İranda yaşadığı
illərdə isə “Ettelaat”, “Mərdom”, “Peyame nevin”, “Həftəgiye
ketab” qəzet və jurnallarında elmi və publisistik məqalələri
çap olunmuşdur.
Əlbəttə, bir yubiley yazısında bu görkəmli alimin elmi-pedoqoji fəaliyyətini dolğunluğu ilə əks etdirmək qeyri-mümkündür. O, uzun müddət Milli Aviasiya Akademiyasında və Bakı Avrasiya Universitetində Şərq ədəbiyyatından və diplomatiya tarixindən mühazirələr oxumuşdur. Elə bu mühazirələrin mövzularına diqqət yetirsək, Maqsud Hacıyevin hərtərəfli biliyə malik bir ziyalı olduğu qənaətinə gələrik: “Diplomatik xidmətin əsasları”, “Diplomatik etiket və nitq”, “Diplomatik portret”, “Beynəlxalq münasibətlər tarixi”, “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, “Səfir və konsul hüquqları”, “Beynəlxalq təşkilatların hüquqları” və s.
Maqsud Hacıyev Azərbaycan-tat Mədəniyyət Mərkəzinin sədri kimi də səmərəli işlər görüb. Məlumdur ki, Azərbaycanın şimal bölgəsində bir sıra xalqların nümayəndələri yaşayır və tatlar bu sırada önəmli yer tutur. M.Hacıyevin xeyli sayda elmi-publisistik yazıları tat dilinə həsr olunub və onun “Tat dilinin Qonaqkənd ləhcəsi” adlı sanballı bir monoqrafiyası da var.
Maqsud Hacıyev həm də bədii yaradıcılıqla və tərcümə ilə məşğul olur və bu yaradıcılıq sahələri ötəri həvəsdən deyil, ürəkdən gələn bir tələbdir. “Bu, mənim həyatımdır” adlı bir sənədli povesti var ki, Maqsud müəllim ömrünün acılı-şirinli, enişli-yoxuşlu günlərindən söz açır. Povestdə qırxıncı illərin bir Azərbaycan kəndindən, müəllifin o kənddə yaşayan əzizlərindən, doğmalarından danışılır. Həmin povestdə bir sıra şeir parçaları da təqdim edilir və o şeirlərdə Maqsud müəllim Qonaqkəndin Gümür kəndini-doğulduğu kəndi çox təbii, səmimi bir dillə təsvir edir:
Gümür adlı səfalı, buzbulaqlı kənd vardı,
Yayda yaylağı gözəl, qışda aləm olardı.
Dəyirmanı
bircə an dayanmazdı il boyu,
Götürərdi başına yeddi dağı hər
toyu.
Təndirində
çörəyi küt getməzdi bu kəndin,
Tərifini deməyə söz yetməzdi bu kəndin.
Qadir
Allahın kefi sarı simdə olanda,
Bir cənnət yaratmışdı Gümür adlı
məkanda.
Bu yazıda biz onun çoxsaylı
şeirlərindən, əhvalat və lətifələrindən,
tərcümələrindən (rus, fars və əfqanca) söhbət aça bilmədik.
Bir sözlə, çoxcəhətli
yaradıcılığa malikdir və səksən
yaşlı bu qocaman alimə, şair və publisistə
cansağlığı, könül xoşluğu, daha
gözəl günlər arzulayırıq.
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2015.- 5 sentyabr.- S.30