Ürəyi incitmək olmaz
İşıq
sönmüşdü...
Yandı...
İşıq seli otaq-otaq, ev-ev, həyət-həyət,
küçə-küçə sızaraq böyük
ümman əmələ gətirdi.
lll
Uff... Yenə bu əzik kart. “Ürək valet”. Köpək uşaqları kartı necə
paylayırlarsa, hər dəfə bu andıra qalmış ona
düşür. Əlini masanın
altına tutub ikinci kartı sıxdı. Açılan
küncdən onun qara işarəli olduğunu görüb əsəbi
halda üçüncünü də açdı. Heç nə. Zibil. Üç karta cəmi doqquz xal. Dodaqaltı söyüş
yağdıra-yağdıra kartları masanın üstünə
tulladı.
Kondisioner içərini kifayət qədər
soyutmuşdu, amma nədənsə ona çox isti idi, tər-su
onu aparırdı. Oturduğu divan da narahat idi,
cırıltısı baş ağrıdırdı.
Hər
“seka”dan 10 manat götürməklə evinin
qapısını onların məclisinə açıq elan
edən Qoşa adlı ev sahibinin əndrəbadi sifətinə
baxa-baxa (almacıq sümükləri o qədər irəli
çıxmışdı ki, hətta üzbəüz
dayananda sənə toxunacağından çəkinirdin)
barmağıyla “bir” işarəsi verdi. Yəni
bir dənə pivə gətir.
Onlara bir
manatlıq “Xırdalan” pivəsini üç manatdan
sırımaq - ev sahibinin başqa bir qazanc
mənbəyi idi. Dörd nəfərə
oynayırdılar, təqribən bir gecəyə adama 6-7 pivə
içirdilər.
Üzbəüzdəki Vasiflə solundakı Mərdan
“qırğına” çıxmışdılar.
-
Açım?
-
Aç!
-
Aça yoxdur, Mərdancıq, üçlüdür, iyirmi
yeddi xal.
- Ə, Vasifcik, cik, cik, pulu hara qapırsan? Asta ye,
boğazında qalar. Məndə otuzdur.
Mərdan apardı. Bəxtəvər başına. Bayaqdan neçənci dəfədir aparır. Dərindən içini çəkdi. Və birdən fikri yayındı, fikri yayınan
kimi də darıxmağa başladı.
Həyat ona həmişə cansıxıcı gəlib. Uşaqlıqda
da, yeniyetməlikdə də, indi - gəncliyində də.
Heç vaxt əsl dostu olmayıb. Oturub-durduqları çoxdur. Elə
məsəlçün bu üç tələbə
yoldaşı - Mərdan, Tural və Vasif. Amma
heç kəs ona həyatın üzdə olmayan kəsimini
göstərə bilmir, onda həyata maraq oyada bilmir.
Bir az Yəhya fərqlidir, hərdən maraqlı
söhbətlər eləyir. Qəribəlikləri
çoxdur onun. Həm də oxuyan
uşaqdır, qiymətlərini özü alır.
O gün
dərsdən sonra Yəhyayla evə gedirdilər. Yəhyagilin
eviylə onun kirayələdiyi ev
yaxındır. Yamyaşıl, qara zolaqlı şümal
qarpızlar satılan “Qazel”i görüb maşını
saxladı, dedi, gəl qarpız alaq.
Mövsümü olmadığı üçün Yəhya
xeyli nəm-nüm etdi, axırda razılaşdı.
Adama bir qarpız aldılar, evə çatan kimi
qarpızı kəsdi, gördü ağappaqdır. Satıcını yamanlaya-yamanlaya
Yəhyaya zəng vurdu, deməzsənmiş, onun
qarpızı da ağ
çıxıbmış. Dedi, gəl gedək yenə alaq,
ürəyim qarpız istəyir, ürəyi incitmək olmaz!
Yəhya boyun qaçırdı, zarafatla da dedi ki, bəxtimizə
nə çıxıb odur, olan-qalan pulumuzu qarpıza verəsi
deyilik ki...
Bax bu cəhəti zaydır Yəhyanın. Özünə
çox şeyi qıymır. Amma o,
“heç olmasa biri babat çıxar” fikriylə gedib düz
üçünü birdən aldı. Çıxdı
da. Soyuducuda yaxşıca soyudub qıpqırmızı,
bal kimi qarpızı ləzzətlə
yedi...
“Pas” idi.
Kartlarını masaya qoyub sakitcə
dostlarını seyr etməkdəydi.
Vasif oyundan çıxıb telefona
sarılmışdı, kiminləsə
yazışırdı. Mərdanla Tural dil-boğaza qoymadan “vuruşurdular”.
- Mərdan,
nəfəsin hələ gəlir?
- Niyə
də gəlməsin?
- İndi onu kəsim, sən də gör. Əlli manat getdim!
-
Neçə?!
-
Əlli!
-
Doğrudan deyirsən?
- Zarafat
başqa yerdə olur, qumarda olmur.
-
Yaxşı, aç.
-
Uşaqlar, bəlkə vuraq gedək Las-Veqasa?
- Bir elə
Las-Veqasımız əskikdir. Kartını de.
- Las-Veqas
nisyədir, düzdür, amma Tiflisə gedə bilərik. Oranın kazinolarını çox tərifləyirlər.
Sabah gedək? Açdırırsan
ki?
- Ala, sabah sessiya başlayır e. Hə,
açdırıram, kartını de.
- Sessiya
başlasın da. Pulumuza minnət. Məndə on səkkiz.
- Ha-ha-ha.
Məndə iyirmidir!
- İt
aparan olsun!
Yenə Mərdan apardı. İşə bax e,
bir sən. Burda da əli gətirir,
universitetdə də, həyatda da. Kimin atası
kartına iki yüz min pul vurar ki, bala, get özünə ad
gününə maşından-zaddan al? Bunun atası guya Mərdanınkından
az qazanır? Amma oğluna
aldığı maşına bir bax. Tfu...
Otağın küncündəki servantın içi
şüşə qablarla doluydu. Bir dənə də dəmir
məcməyi var idi, qədimiydi, əl işiydi. Belə şeylərdən başı
çıxır. Rayonda evlərindən
bir tin aralıda Misgər Cümşüdün emalatxanası
var, tez-tez ora gedərdi. Əslən Lahıcdan olan
Cümşüd kişi misdən necə
tavalar, qazanlar, məcməyilər hazırlayır... Onun vurduğu naxışlar o qədər zərif,
valehedicidir ki, iki göz istəyir tamaşasına dursun.
Ən hündür rəfdə XV əsrdən
qalmış antikvar bir kasa saxlayır, vaxtı ilə
Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında
işlədilib. Cümşüd
kişinin ulu babasının əl işidir. İrili-xırdalı buta naxışlarının
arasında ustanın imzası da həkk olunub. Necə də
əladır, 500-dən çox il
keçir, amma sənin yaratdığın gözəllik hələ
də qalır.
Həvəsliydi, bu sənətin hər incəliyini
öyrənmək istəyirdi. Cümşüd kişi
istedadını duyub misgərliyin özü bildiyi
bütün sirlərini ona da öyrədirdi. Hətta bir dəfə
Cümşüd kişi söyləmişdi,
üstünə düşsən, səndən gözəl
misgər çıxacaq.
Atası
xəbər tutanda onu xeyli danladı, dedi, ayıb olsun sənə,
bircə misgərimiz əskikdir, səni prokuror eləyəcəyəm...
Bayaqdan
birinci dəfəydi pul aparırdı, üç
kartının üçü də “pika” idi, iyirmi beş xal. Deyəsən duyuq
düşüb hamı “pas” getdi, ona ancaq yer pulunu
götürmək qaldı. Yoxa lənət.
Bəlkə bundan sonra şeytanın qıçını sındırıb o
da düz-əməlli pul udar...
İçərinin havasızlığı
onunçün lap dözülməz hal almışdı.
Əli gətirməyən
Tural kartlarını yerə çırpıb nümayişkəranə
durdu, “oynamıram” dedi.
Onu dilə tutdular ki, oyunu davam eləsin. Tural da az
aşın duzu deyil. Oyun boyu uduzsa da, axırda
evlərinə bir qalaq pulla dönür.
Mərdanla Vasif yenə sözləşdilər.
-
Dörddən üç payla, qoy kartlar bir az
qarışsın.
- Mənə
əziyyət verirsən də həmişə. Eybi yox, mənim sifarişim olanda “beş kart payla”
deyəcəm sənə. Onda tər
tökərsən.
- Ala, cik,
cik, dörd kart saymaq elə çətin şeydir? Sənə
demirəm ki, atanın obyektlərini say.
-
Atamın obyektləri gözünə girir? Payatonnan,
guyam bunlarda obyekt-falan heç yox imiş.
Üzbəüz yarımaçıq qapıdan üfunət
iyi gəlirdi, tualet idi. İy arabir lap kəskinləşirdi.
Üz-gözünü turşutdu. Bu
köpəkoğlu Qoşa hər oyunda bunlardan filan qədər
pul qazanır, ancaq ev-eşiyinə əl gəzdirməyə
can çəkir. Hələ bunun Nuh əyyamından qalan
kondisionerinə bax, toz basmış narahat divanına bax...
Alçağı bir dəfə tutub özü qalan evə
aparmalıdır ki, nümunəvi evin necə olduğunu
göstərsin...
Heyif deyil öz “xozeyini”. Ayda 400 manata ona ev
yox e, muzey verib, muzey.
Oyuna qayıdışından sonra yerini rahatlayan Tural
onun pivəsinə əl atanda cin vurdu təpəsinə. Çox yekəbaşdır
bu Tural. Həmişə artıq-əskik
hərəkətlər eləyir.
Pivəni Turalın əlindən qapdı.
- Pivəmlə
nə işin var?! Pulun azdır?! Al da.
- Elvin, nə
olub sənə?! Baxırdım görüm sərindir
ya yox. Nə özünə əl
qatmısan? Kraxabor.
Uşaqların içində ən acığı gələn
Turaldır. İki-üç gündən bir hamını
azdırıb gah əyyaşlığa, gah bazlığa
aparır. Yenə bunlar dözüləsidir.
Keçən dəfə lap ağını
çıxartdı, yeyib-içəndən sonra marihuana qoydu
ortaya.
Pozğun və tərbiyəsizdir. O boyda kişinin oğluna
bir bax. Üstəlik, adam
aşağılamağı da var. “Rayonlusan” deyib hərdən
onu cırnadır. Guya, hamı bakılı
olmalıdır?
Nə isə. Sıxsın bu dörddən
üçü. Görsün
başına nə gəlir.
Kartlarını sıxdı. Ay da, nə yaxşı, birinci kart
“tuzdur”, “xaç tuz”. Ürəkləndi. “Bir manat getdim” deyib digər kartlara baxmadan gediş
etdi. Dostlarının hər
üçü gediş etdilər.
Məcbur qalıb digər kartlarını da
sıxdı.
Lənət şeytana, ardı gəlmədi.
“Kərpic kral”. “Ürək
səkkizlik” və “ürək yeddilik”. Cəmi on beş xal. Getsin, getməsin?
Tərəddüd içində yenə bir manatlıq
gediş etdi.
Tural gedişi beş manata qaldırdı. Digər oyunçulardan Mərdan “pas” dedi, Vasif “on
manat” deyib gedişi bir qədər də artırdı.
Kartını yerə tulladı. Heç gətirmir.
Pivəni açıb şüşəni başına
çəkdi.
Sabaha gör nə qədər pul lazımdır ona. Sessiyadır,
“starosta” deyib 500 manatdan gətirin. Marketə
haradasa 300 manata yaxın borcu var. İstədiyi qızın -
Leylanın da ad günüdür, ona babat hədiyyə
almalıdır. Azı 300 manatlıq.
Ev kirəsindən də düz 800 manat borcu var,
iki aydır pul vermir. Üstəlik,
maşını da ustadadır. O gün vurub əzib
qabağını, bufer dəyişdiriləsidir.
Atası hər ay 2000 manat göndərir. Amma bəs eləmir.
Bunun ev kirayəsi, benzini, yeməyi, konturu,
siqareti var. Kişi son vaxtlar dəhşət xəsisləşib.
2000 manat nə puldur?
... Kartını sıxdı. Yenə
xal yoxdur.
Pivənin axırına çıxdı. Ardınca da
siqaret yandırdı.
Bu nə deməkdir axı? Niyə onunku gətirmir?
Bu dəfə Vasif masadakı pulları
xışmalayıb götürdü. İşə
bax, Vasifin də vəziyyəti onunkundan yaxşıdır.
Halbuki, bunun atası o boyda rayonda söz yiyəsidir, amma Vasifin
atası cəmi-cümlətanı təmir-tikintiyə
baxır...
Bir
anlıq itən Qoşa yenidən gəlib başlarının
üstündə durmuşdu, irişə-irişə
soruşdu:
- Hə,
necədir vəziyyət, kim udur? Pivədən, siqaretdən kimə gətirək?
Mərdan bir qutu siqaret gətizdirdi, Qoşaya da təpindi
ki, gələn dəfə satdığı siqaret “Marlboro”
olsun, pivə də ən azı “Müller”.
Qoşa
irişməyini davam etdirib (alın sümükləri ilə
adam bıçaqlamaq olardı) söylədi
ki, bahalı malı necə alım, birdən istəməzsiniz,
üstümdə qalar...
Görəsən Leylaya nə hədiyyə edə bilər? Sevgililər günündə
“Bvulgari”dən bahalı ətir dəsti almışdı,
insafsız “çox sağ ol” deməkdən
ağzını büzdü... Bəlkə “Swarovski”dən
zinət şeyləri alsın?..
Yəhyagilə
get-gəli var, Yəhyanın bacısının yəqin elə
şeylərdən başı çıxır, ondan
xahiş edər, qəşəng bir şey seçərlər...
Kartını sıxdı. Lənət
şeytana. Yenə xalı yox idi...
lll
İşıq söndü, yenidən yandı.
Xırda ulduzcuqlar şəklində milyonlarla
işıq zərrəcikləri birləşib zülmətin
bağrını yardılar.
- Nə
oldu, niyə oturdun?
- Vallah
qolumda güc qalmayıb, belim də qırılır...
- Hələ
adama cəmi səksən-doxsan kisə
daşımışıq. Nə tez yoruldun?
-
Düzü, universitet məni çox yorur, dərslərimiz
ağırdır.
- Elədirsə,
gəlmə də.
- Necə
gəlməyim? Pula ehtiyacım var axı.
- A kişi, dünyanın pulu dünyada qalacaq e. Bəsdir,
belə pulgir oldun.
Pörtmüş qıpqırmızı sifətindən
şırhaşır tər axan Batyanı acıqlı-acıqlı
süzüb ona artıq-əskik deməkdən
özünü zorla saxladı.
Əlinin sement tozunu onsuz da rəngi bilinməyən
şalvarının dizinə çırpdı. Durub su
kranını açdı, əllərini yaxalayıb
ağzını ilıq suyun altına qoydu, doyunca içdi.
Batya: -
Perekur deyirsən, ay Yəhya, olsun perekur - deyə
mızıldanıb işə ara
vermişdi, onun su kranından çəkilməsini gözləyirdi,
o çəkilən kimi əllərini yudu, qalaqlanmış
sement kisələrinin arxasında qərarlaşmış
masaya yaxınlaşdı. Deyəsən yemək
yeyəcəkdi. Hə, elədir. Sellofan torbadakı bükülünü
açdı, soyutma yumurta, çörəklə kotlet,
pomidor-xiyar və bir şüşə “Fanta”dan ibarət yemək
süfrəsi hazırladı, dilucu onu da səslədi.
Xiyarın çox gözəl ətri gəlib burnuna
dolmuşdu, iri kotletlər də iştahoyadıcı idi. Ağzının
sulandığını hiss etdi. Amma “Yox,
nuş eləyin, mən toxam” söyləyib yenidən
ağzını su kranının altına tutmaqla quruldayan
qarnını ovutmaq istədi.
Bu gecə də hərgünkü kimi 400 kisə
yükləməli idilər. Adama 200 kisə
düşür, hər kisə də 40 kiloqramlıq. Batya ondan canlıdır, güclüdür. Amma elə bil yeziddir, öz normasını qurtarandan
sonra başını atıb yatır, bununkulardan bircə kisəyə
də kömək eləmir.
Uf.
Xiyarın ətri adamı necə də tutur, buraxmır...
Kürəyini kisə tayasına söykəyib yerə
oturdu. Əslində, necə çətin olsa da,
dolanardılar. Atasının əli
qızıl idi, bənnaydı, babat qazanırdı. Onun da, bacısının da rahat tələbəçilik
çəkmələri var idi. Bədbəxtçilik
qəfil, sən gözləmədən gəlir.
Atasının sağ qolu qanqrena oldu, kəsmək lazım gəldi.
Əllərində-ovuclarında pul olmadığı
üçün cərrahiyyə əməliyyatıyçün
borc pul götürdülər (Yazıq kişi.
Hey deyir ki, camaat çörək
qazanmaqçün borc götürür, mənsə
çörək ağacımı kəsməyə
götürdüm). Bununla da əzablı
günləri başladı. Evə qazanc gəlməsi
dayandı, üstəlik aybaay pul ödəməli oldular.
Bir müddət anasının onun-bunun evini
yığışdırıb beş-on manat gətirməsinə
göz dikdilər. Amma bu, kifayət etmədiyi
üçün o da qonşuluqda yaşayan Batyaya qoşulub
gecələr burada - sement zavodunda işləməklə
qazanc əldə etməyə məcbur oldu...
-
Haydı, dur! Vaxt yoxdur!
Yeməkdən sonra ağzını marçıldadan
Batyanın bu çağırışını eşidib
könülsüz-könülsüz yerindən durdu. Ayaqları,
qolları sızıldayırdı. Belini dikəldə
bilmirdi...
Səksən
səkkiz...
Səksən
doqquz...
Doxsan...
Sabahdan sessiya başlayır. Bircə, kaş, kəsiri
olmayaydı... Universitet onunçün xoşbəxt
sabahını qurmağa əsas tutalqadır. İnşallah, oxuyub qurtarar, hüquq-mühafizə
sistemində işə düzələr (Özünün
meyli başqa sahəyəydi, atasının təhrikiylə
buranı seçmişdi). Pul qazanar, ailəsini
sıxıntı çəkməkdən qurtarar,
bacısını cer-cehizlə ərə verər, sevimli Rənasıyla
qovuşar...
Telefonunun mesaj qutusunda Rənanın son mesajı
gözünün önündən çəkilmirdi ki,
çəkilmirdi.
“Allah bilir, Elvinlə indi harada kefə baxırsan. Adicə
mesajımı da cavablandırmırsan. Əgər
səninçün heç kiməmsə, de, işimi bilim,
daha səni narahat etməyim”.
İkicə manatlıq kontur vura bilərdimi telefonuna?
Borcun ödənilmə günü biri gündür. Bu gün və
sabahkı qazancını - 40 manatı qəpiyinə belə
toxunmadan evə aparmalıdır. 360 manat
ödəyirlər aylıq. Evdə 300 manatları var...
Doxsan səkkiz...
Doxsan
doqquz...
Yüz...
Yarı
elədi yükünü... Nə yaxşı.
İçinə sevinc doldu.
İşə bax, Rəna elə bilir ki, o Elvinlə kefdədir. Kef a. Əcəb
kefdir.
Tərli-tozlu
köynəyi kürəyinə yapışmışdı,
bədəni həm yanırdı, həm
qaşınırdı...
Elvin qrupdakı uşaqlardan ona ən yaxın
olanıdır, onunla danışmaq, bölüşmək
mümkündür. Adama qulaq asmaq mədəniyyəti var
onun. O birilər var-dövlətləri ilə
öyünəndirlər. O isə sadədir. Heç
nəyini gözə soxmur. Amma çox
inadcıldır, tərsdir. Elə o dəfəki
qarpız məsələsindəki kimi. Qarpız ağ çıxdı, ərinmədi, durub
gedib başqasını aldı...
Eh...
İnsanın təkrar şansının olması gözəl
şeydir...
Yüz on
beş...
Yüz on
altı...
Yüz on
yeddi...
Adamları sanki rəssam eyni fırçayla eyni boyayla
çəkir.
Valideynlərin övladlardan tələbləri
eyni, övladların valideynlərdən istəkləri eyni.
Onlar deyir, ağıllı olun, dərs oxuyun.
Bunlar deyir, filan qədər pul ver, filan şeyi al... Qızların oğlanlardan, oğlanların
qızlardan umacağı da eyni. Bunlar deyir mənə
diqqət, qayğı göstər... Onlar deyir,
başqasına göz qoyma... Görəsən
necə olar, bir gün rəssamın
fırçasını, boyasını dəyişəsən.
Dünyaya yeni tələblər, istəklər,
umacaqlar gələ. Hər şey dəyişə.
Büsbütün dəyişə...
- Perekur!
Batyanın səsi onu fikirlərindən ayırdı. Belini ikiqat
bükmüş lənətə gəlmiş kisəni
hıqqana-hıqqana iri yük maşınının
arxasında yerləşdirib elə oradaca - yük
maşınını arxa təkərinə söykənərək
yerə çökdü.
Qasıq nahiyəsində küt ağrı var idi,
sancıya keçdi. Keçən dəfə Batyadan soruşub, bu nə
ağrı ola bilər. O da deyib, yəqin
“qrijadır”.
Allah eləməsin, birdən doğrudan nasazlayar. Onda neyniyər?
Saat neçəydi? Kəmərinə
keçirdiyi mobil telefonuna baxdı. 03:42. Saat beşə
qurtara bilsəydi, heç olmasa iki saat yata bilərdi. Yuxu
yatmadan dərsə getmək çox ağırdır, hətta
dözülməzdir...
Gözlərini qaranlıq səmaya zillədi. Ulduz az
idi, Ay görünməziydi. Üçbucaq
şəklində yanıb-sönən qırmızı
işıq səmada qövsvari trayektoriya cızaraq irəliləyirdi.
Ürəyi atlandı. Təyyarələr
onun yaralı yeridir. Uşaqlıqdan evlərindəki
köhnə “Nauka i jizn” jurnallarından “göyün
üzündə dayanan o nəhəng” barədə
bütün məlumatları acgözlüklə oxuyardı.
Bütün detallarını, mühərrikini,
panel cihazlarını tanıyırdı. Hətta
tərpənməz qanadıyla vertolyotdan, mühərrikinin
olmasıyla planyordan, aerodinamik qalxma gücünə görə
isə dirijabl və aerostatdan fərqlənən təyyarənin
bütün bu cihazların müxtəlif üstünlükləriylə
zənginləşmiş simbiozunu da kəşf etmişdi,
kağızdan modelini yaratmışdı. Elmlər Akademiyasına gedib soraqlaşaraq bir alimlə
görüşmüş, simbiozun mini variantını yaratmaq
istəyini dilə gətirmişdi. Alim də
ona hansı ehtiyat hissələrini haradan və təqribən
hansı qiymətə almağın
mümkünlüyünü başa salmışdı.
Amma atasına niyyətini deyib pul istəyəndə atası
baxışlarını yerə dikib söyləmişdi ki,
bizim elə şeylərə pul xərcləməyə
imkanımız yoxdur...
lll
İşıq yenə sönüb yandı. Bu nədir e. Bayaqdan
neçə dəfə sönüb yanıb...
Kartlar hər dəfə dəyişilir, hər oyun
gününə yenisini alıb gətirirlər, amma oyunun
sonunda nimdaş hala düşür. Arxasından
çoxunu tanımaq olur.
Amma hamısı “ürək valet” kimi yadda da qalmır
axı. Necə
biləsən ki, küncü çox əzilmiş
hansıdır, küncü bir az əzilmiş
hansıdır? Ortadan üfüqi xətt
keçən hansıdır, şaquli hansıdır? Necə yadda saxlayasan ki, iki yerdən əziyi olan
hansıdır, üç yerdən olanı hansıdır?
Sarı ləkəli hansıdır, qara ləkəli
hansı? Kaş Allah adama fitri istedad verə, bir
baxışla bütün kartları tanıyıb beyninə
həkk edəsən... Bu köpək uşağının
analarını mələdib bütün pullarını
udasan...
Diqqətlə oyun yoldaşlarına göz qoydu. Mərdanla
Tural dördgözlə oynayırdılar, fikirləri-zikirləri
oyundaydı.
Vasifinsə bir gözü telefondaydı. Əhlikefdir e
bu lap. Elə bil ortadakı pul deyil, konfet
kağızıdır. Uduzanda da heyifslənməz.
Universitetdə də belədir, bütün günü
telefon əlindən düşmür. Hətta maşın
sürəndə də bir əliylə sükanı tutur,
biriylə mesajlaşır.
Bayaqdan neçə dəfə Vasifdən telefonu
qırağa qoymağı, oyunu soyutmamağı xahiş
ediblərsə də xeyri yoxdur. Üstəlik, bunlara xox da gəlir
ki, qumar oynayan yerdə şəklinizi çəkib
“İnstaqram”a qoyacağam, atalarınız biabır olacaq...
Ani olaraq beyni yükləndi. Son vaxtlar tez-tez belə
olur. Fikir beynini tutur, bir müddət
sıxıb incidəndən sonra buraxır.
Niyə gündüz-gecə növbələşməsi
kimi sevinc-kədər növbələşməsi də
daimidir? Və niyə eyni şeylər həmişə
sevinc, yaxud kədər gətirmirlər, bu gün sevinc gətirən
başqa gün kədər gətirir?
Bir dəfə
o qədər fikirləşmişdi, az
qalmışdı ağlını itirə: Hər şey
yeknəsəq, cansıxıcıydı. Maşınla
avtoşluq eləmək, qızlarla yataqda kef çəkmək,
ən bərkgedən restoranlarda arağı sel kimi
axıtmaq, özünə ən bahalı əyin-baş
almaq... Heç nə adamı xilas eləmirdi...
Axırda gedib bir ağsaqqal müəllimləri var,
Bünyad müəllim, ondan soruşmuşdu, palitramda bu qədər
rəng var ikən niyə kətanımda çəkdiyim rəsm
bozdur? O da
çox aqil adamdır, xeyli düşünüb cavab
vermişdi: “Necə ki rəngin olmamağı rəngsizlik
yaradır, eləcə də, bəzən rəngin
çoxluğu da rəngsizlik yaradır. Üst-üstdən
yaxırsan hamısını, qarmaqarışıq bir mənasızlıq
əmələ gəlir...”
Vasifin payladığı kartları götürdü. İkisi də
zibil. Hirsindən masanı yumruqladı.
Bayaq xərclərini sayırdı, biri
yadına düşməmişdi. Təcili
telefonunu da dəyişməlidir. “Ayfon 6”
çıxıb, bunda hələ “Ayfon 5”dir. Ürəyi təzə
telefon istəyir, ürəyi incitmək olmaz!
Qoşa
pivənin cana xeyrindən
danışırdı. Guya ki, bir tanış
həkimdən eşidib, pivə əsl eliksirdir. Bunda da sifət
var e. Mənfi şeyləri - içkini, siqareti, qumarı necə
tərifləyir... Nədi, nədi, pulu onlardan
çıxır...
Qoşadan
servantdakı məcməyini soruşdu, dedi, qədimidir, əl
işidir, hə? O, “Nə bilim, dədə-babadan qalandır”
söyləyəndə - “Üstündəki naxışlar
Lahıc məktəbinindir” - deməklə dostlarının təəccübdən
gözlərini bərəltmələrinə səbəb
oldu.
... Tural
yenə şitlik eləmişdi, demişdi, gəlin
cananları çağıraq, gecə vaxtı bizə
striptiz göstərsinlər... Hərə onu bir cür
danlamaqdaydı...
Amma həyatındakı ən axmaq işi Turalın yox,
Mərdanın təhrikiylə edib. Mərdanın əlavə
bir maşını da var axı, “Niva”. Avtoşluq
etməkçündür. Bir dəfə bekar idilər,
Mərdan dedi, gəlin ekstrim yaşamaq üçün
sürət yığıb özümüz bayıra
atılaraq maşını aşıraq. Turalla Vasif dərhal
razılaşdılar, o dedi, bu səfehlikdir. Amma
“qorxaq” adlandırılaraq ortaya qoyulanda razılaşmağa məcbur
oldu. Cəngi tərəfdə bir yer var, vəhşi
döngə, ora getdilər, dibəcən qaza basacaqları,
maşından atılacaqları yerləri taxta basdırıb
işarələdilər. Cəsarətə gəlməkçün
yaxşıca da içdilər...
Yalnız
Mərdan salamat qurtarmışdı, Vasifin qolu, Turalın
qabırğası sınmışdı, onun isə
başı partlamışdı...
Hə,
Bünyad müəllim bir dəfə belə bir fikir də
işlətmişdi: “Gül susuz qalanda da xarab olur, çox su
veriləndə də”. Nə mənada işlətmişdi,
anlamamışdı.
Turalın payladığı kartları
götürdü. Mərdan iki kart sifariş vermişdi,
“seka” oldu, oyun gərginləşdi. Dördü
də “sekada” idi. Növbəti iki kartı
götürdü. Sıxdı. Birinci kart “kərpic dama”
idi. İşə bax, bura gələndə
cibində düz 5 dənə bütöv yüzlük, bir də
gediş etməyə 30 dənə manatlıq var idi. Amma indi cəmi 26 manatı qalmışdı.
“Kərpic
damanın” çox gözəl siması var idi, hətta bir az Leylanı da xatırladırdı, ürəyinə
damdı ki, bunun ardı gələcək. İkinci
kartın küncünü azacıq araladı,
qırmızı idi, ürəyi atlandı. Sıxdı. O da kərpic idi. “Kərpic valet”. İyirmi xal. Tanrı, şükür sənə!
Bədəni boyunca qanının necə sürətlə
cövlan etdiyini duydu. Pivənin yüngülcə
dumanlandırdığı beyninə xoş
sızıltı gəldi. Bayaqdan bu
anı gözləyirdi, öz saatını gözləyirdi.
Budur, saatı yetişmişdi. Gedişi qaldırıb rəqibləri duyuq salmamaq
üçün rola girdi, burnunu sallayıb bir manatlıq
gediş etdi. Mərdan kartını
tulladı, Turalla Vasif oyunda qaldılar.
O, səbirsizlənib
gedişi beş manata qaldırdı, rəqiblər
yenə oyunu davam etdirdilər.
O, on manat
getdi, onlar da on manat getdilər. Masanın
üstündə təqribən 600 manat pul var idi. Hər iki rəqib oynadığından o,
kartları açdıra da bilmirdi. Baxışmağa
isə risk eləmirdi. Birdən
baxışdığı ilə xalı eyni olardı,
heç nədən oyundan çıxardı...
Cəmi on bir manatı qalmışdı, yenə on manat
getdi. Turalla Vasif bir-birinin üzünə baxdılar.
Vasif ona işarə edib “Hərifin xalı var, yoxsa buracan gəlməzdi”,
- deyərək kartlarını “pasa” atdı.
Birdən sanki sakit səmada şimşək
çaxdı.
Tural gözlənilmədən “Üç yüz manat gedirəm”
söylədi..
Qanı it qanı kimi qaraldı. Bircə elə bu əskik
idi. Bəlkə xoxa gedir? Nə oldu elə, eyni məqamda ona da böyük xal
gəldi?
Xeyli
döyüküb qalandan sonra: “Adam kişi olar, erməni-zaddır
qabağındakı? Açdır” söylədisə
də Tural dediyindən dönmədi.
Gör nə qədər puldur. Uduzduğu da qayıdır, hələ
filan qədər qabağa da düşür..
Az qala
yalvardı ki, gəl açılaq, kim çoxdur aparsın,
xeyri olmadı.
Dedi,
yaxşı, gəl onda pulu bölək. Amma bircə donuz
gülləsi əskik olan Tural soyuq baxışlarla “yox ki yox”
dedi.
Naəlac qalıb “Üç yüzə aç”
söyləyəndə Tural tələb elədi ki, onun
qoyduğu yüzlüklərin üstünə üç
yüz qoyulmalıdır, nisyə oyun yoxdur.
“Sabah verərəm”
desə də, xeyri olmadı, Tural iki ayağını bir
başmağa dirəmişdi...
Oyunun
qayda-qanunlarına görə oyun zamanı digər oynayanlardan
borc istəmək də yasaq idi...
lll
Yüz
qırx dörd...
Yüz
qırx be
ş...
Yüz
qırx altı...
Yəhya nəfəs belə ala bilmirdi, nəhəng
dağ ağırlığında olan kisələr kələyini
kəsməkdə idi.
Batya işini qurtarmışdı, duş otağında
yuyunurdu. Ordan gələn şırıltı səsi Yəhyanı
hayıl-mayıl edirdi. İşə bax, cəmi bircə
addımlıqda rahatlıq var, xoşbəxtlik var. Ancaq sən
onu hələ qazanmalısan...
Eybi yox,
yay tətilində bir az dincələr,
yorğunluğunu çıxarar... Gündüzlər
istirahət edər, gecələr işləyər. Bu yaxşı işdir, onu itirmək olmaz.
Sağ olsun Batya. Çörəkverən
adamdır. Düzdür, xasiyyəti pisdir, mərhəmət
hissindən uzaq birisidir, amma hər halda, üstündə
haqqı böyükdür...
Yay tətilinə
də bir şey qalmayıb...
Amma yox, nə dincəlmək, Mərdanın
atasının Buzovna tərəfdə restoranı var. Qrup
yoldaşlarından indiyədək nəsə xahiş etməyib. Bu dəfə
edər. Gündüzlər gedib orada
ofisiant işləyər, axşamlar da bura gələr. Evləri də uçulub, tökülür. Əl gəzdirmək lazımdır. Ev əşyaları hamısı
nimdaşlaşıb sıradan çıxmaq üzrədir,
yeniləmək lazımdır.
Hələ çox pul qazanmalıdır. Yuxusuzluq,
görünür, onun alnına yazılıb.
Yazıq
bacısı, o gün dirənib ki, sən yuxusuz qalırsan, əziyyət
çəkirsən, məni də özünlə sement
daşımağa apar...
Allah xoşbəxt eləsin, çox yaxşı
qızdır, ürəyiyanandır.
Bir az pul artırmaq olsaydı, ona yaxşı əyin-baş
alardı. Yazıq qız rəfiqələrindən
çox seçilir.
Anbara
kiminsə daxil olduğunu sezəndə təəccübləndi:
Kim ola bilər bu gecə vaxtı?
Elvinin
qaralmış sifətini gördü, təəccübü
birə beş artdı.
- Elvin?! Xeyirdir?! - deyə həyəcanla
soruşdu.
Elvinin söylədikləri bıçaq kimi ürəyinə
sancıldı.
- Zibilə
düşmüşəm. Mənə
üç yüz manat lazımdır.
Sakitcə
üst-başını çırpdı, əl-üzünü
su kranında yuyub: - Gedək, - dedi.
lll
İçəridə siqaret tüstüsündən
göz gözü görmürdü. Sovet dövründən
qalma BK kondisionerinin buraxdığı spesifik qoxu tər,
siqaret və alkoqol qoxusuna qarışır, üzbəüzdəki
açıq tualet qapısından gələn üfunət
qoxusunu tamamlayırdı.
Siqaret dumanını yararaq kobud barmaqlar masanın
üstünə əzik-üzük xırda iyirmiliklərdən,
onluqlardan, beşliklərdən ibarət əskinaslar
düzdü.
Sonra iki kart - “kərpic dama” və “kərpic
valet” şəstlə ortaya atıldı.
Elvinin: -
Axmaq gədə, sənə dedim də dərinə getmə,
- sözləri ilə pulu xışlaması eyni ana təsadüf
etdi.
Amma dərhal da siqaret dumanını ucları
bıçaq tiyəsi kimi sivri olan, parıltılı
“ürək onluqla” “ürək tuz” kartları yardı,
Turalın “Əlini çək ala, pulları murdarlama”
nidası servantın içindəki qab-qacağı belə
cingildətdi.
Elvin: “Ola
bilməz, necə yəni, iki kartda iyirmiyə iyirmi bir?”
sözlərini iniltiylə təkrarlaya-təkrarlaya ürək
onluqla ürək tuzu götürdü, titrəyən əlləriylə
kartları bir neçə dəfə o üz-bu üzünə
çevirdi...
Tüstü
bir qədər də qatılaşmış, qoxu bir qədər
də tündləşmişdi...
lll
İşıq yenidən söndü.
Otaq-otaq, ev-ev, həyət-həyət, küçə-küçə
yığışaraq işıq seli böyük, qara
boşluqda qərq oldu.
VARİS
525-ci qəzet.-
2015.- 5 sentyabr.- S.28-29-31.