Yaşam fəlsəfəsi
GÜNÜMÜZÜN FƏLSƏFƏSİ
I
Əgər həyatın əsas mənası
dünyanı və böyük Yaradanı dərk etməkdirsə,
bütün elmlər bu niyyətlə hərəkət edərək
biliklər toplayırsa, bu biliklər birləşərək
fəlsəfəni yaradırsa, deməli, fəlsəfə
ilahi elmdir. Fəlsəfəyə bağlı olmayan nəsnənin
əbədiliyinə heç bir varlıq qarant dura bilməz.
Məlumdur ki, fəlsəfənin öz predmeti yoxdur,
onun obyekti düşüncədir. Düşüncənin obyekti isə
hər şey ola bilər. Yəni,
körpünün, nərdtaxtanın, lap papağın da fəlsəfəsi
olar. Fəlsəfənin cəmiyyətdə yeri və rolu
haqda Rene Dekartın fikri çox dəyərlidir: “Hər bir
xalq nə qədər təhsilli və vətənpərvərdirsə,
onda filosofluq etmək də bir o qədər asandır; buna
görə də dövlət üçün həqiqi
filosoflara malik olmaqdan böyük səadət yoxdur “. Fəlsəfə - birləşdirici elm olub dövlətin
rəsmi ideologiyasının açar komponenti hesab edilir.
Fəlsəfəni bilmək fəaliyyətdə
əminlik yaradır.
Həyatın
fəlsəfəsi
Həyatın məqsədi və mənası var. Həyatın
mənası nəsil artırmaq, məqsəd isə xoşbəxt
yaşamaqdır. Bu proseslərin qaranlıq tərəflərinə
işığı həyatın fəlsəfəsi
salır.
Həyat fəlsəfəsinin əsas məqsədi
xoşbəxtliyin açarını tapmaqdır. Bu niyyətlə
biz “necə yaşamalı?” və “nə etməli?” - kimi bəzi suallara cavab axtarmalıyıq.
XX əsrin böyük ixtiraçısı, “Aplle”
firmasının təsisçisi, dünyanın ən
varlı adamlarından biri olmuş Stiv Cobsa görə, “biz bu
dünyaya öz töhfəmizi verməyə gəlmişik”. Sevgili peyğəmbərimiz
“Yaxşı iş görməkdə bir-birinizi ötün” -
tövsiyəsini söyləmişdi. Demək,
biz bu dünyaya pozitiv işlər görmək
üçün, başqa sözlə, Allahın göstərdiyi
yolla getməyə gəlmişik. Mükafatımız
isə Cənnət olacaqdır. Həzrət
Əliyə görə, insanı xoşbəxt etmək
üçün “ona var- dövlət vermək yox, onun
arzularını azaltmaq kifayətdir”. Deməli,
hətta kasıb olub, xoşbəxt yaşamaq
mümkündür. Varlılıq xoşbəxtlik
üçün əsas yaradır, amma təminat vermir.
XX əsrin
böyük mütəfəkkiri Cubran Xəlilin
yuxarıdakı suallara dolayısı ilə belə cavab
verilir: “Lənətə gəlsin o milləti ki, əkmədiyini
yeyir; lənətə gəlsin o milləti ki, özü
hazırlamadığını içir; lənətə gəlsin
o milləti ki, tikmədiyini geyir”.
Bu fikri günümüzə tətbiq etsək, bu o deməkdir
ki, biz öz tikdiyimizi geyməli, öz əkdiyimizi yeməliyik. Onda bu işlə
məşğul olanların əməyini ödəyərik,
işsizliyi aradan qaldırarıq və
iqtisadiyyatımızı gücləndirərik.
Həyatımızın ən böyük problemi
Qarabağdır. Bu dərdlə yatıb, bu dərdlə
yuxudan duranlarımız çoxdur. Bu problemin həlli
baxımından bir sıra vacib suallara cavab axtarmalıyıq:
“ Gələcəyə hansı düşüncə ilə
gedək: Şərq, yoxsa Qərb?
“ Qarabağın standart və ya qeyri standart həllini necə tapaq?”
“ Özümüzü, yoxsa dövləti varlandırsaq, bu
problemi tez həll edərik?”
Belə suallara düzgün cavab tapa bilmədiyimizdən
20 ildən çoxdur ki, zamanın uğursuzluq
zolağında yaşayırıq. Qarşıda duran
fundamental problemi düzgün həll etmək, xoşbəxt gələcəyə
gedən yolu tapmaq üçün yüzlərlə mütəxəssisin
yox, cəmiyyətin tam potensialından istifadə etmək
düzgün olardı. Düşüncəmə
görə, vətənə məhəbbət, ailəyə
məhəbbət və peşəyə məhəbbət
keyfiyyətli həyatın tərkib hissələri olub, həyatın
fəlsəfəsinin əsasını təşkil edir.
Tomas Manna görə, həyat və mənəviyyat
bölünməzdi. Xoş gələcəyə Allahın ətəyindən
tutub getməliyik.
Xoşbəxtliyin
açarı
Pifaqora
görə, “xoşbəxtlik tək adam
işi deyil”. Demək, xoşbəxt həyatın
zəruri şərti ailə qurmaqdır. Ailə
cəmiyyətin elementar əsasını (qəfəsini) təşkil
edir. Ailəsiz yer kürəsi bərbad
halda olardı. Evin başçısı
qadındır, ailənin başçısı kişidir.
Ailə modeli - bir cut ayaqqabıdır. Düz
geymək lazımdır, tərs geyinərsən, incidər.
Bu o deyəndir ki, ailədə hər kəsin
öz yeri vardır. Qadının işini kişi, kişinin işini qadın görməməlidir.
Xoşbəxt həyatın kafi şərti
düzgün seçimdən, düzgün qərar qəbul
etməkdən keçir. Başqa sözlə,
xeyri şərdən, düzü əyridən, dostu
düşməndən, yaxşını pisdən seçməyi,
keyfiyyətli həyatı təmin etməyi bacarmaq
lazımdır.
Qeyd edildiyi kimi həyatın məqsədi xoşbəxt
yaşamaqdır. İnsan sevdiyi, ürək verdiyi işlə
məşğul olanda xoşbəxt olur. İnsan
oğlu sənətini, gələcək həyat
yoldaşını düzgün seçəndə xoşbəxtliyini
təmin edir. Bu səbəbdən də deyirlər: səhər
işə, axşam evə tələsən adam
xoşbəxtdir.
Xoşbəxtliyə gedən yolun təməlini
uşaqlıqdan qoymaq lazımdır. Məlumdur ki, normal
uşaqlar ümumi qabiliyyətlə bərabər, həm də
xüsusi qabiliyyətlə doğulurlar. Valideynin
istəyi ilə bu xüsusi qabiliyyət üst- üstə
düşərsə uşaq (gənc) parlaq bir vətəndaşa
çevrilər. Bir türk misalında deyilir:
“Çörəyini əli ilə qazanan fəhlədir. Çörəyini əli və ağlı ilə
qazanan ustadır. Çörəyini əli,
ağlı və ürəyi ilə qazanan ustaddır”. Çünki ürək işə qoşulanda insan
yorulmaz. Yorulmaz insan çox iş
görər, sənətinin zirvəsinə qalxar, ustad olar. Ustad namərd olmaz, şəxsiyyət olar. Belə insanlar kamil olurlar və özləri
üçüm harmonik mühit yaradırlar. Xoşbəxt olmayan ustad tanımıram. Amma xoşbəxt olmayan milyonerlər, yəqin ki, var.
Xoşbəxtliyin digər açarı zamandadır. Kim zamanını düz xərcləyirsə,
o adam xoşbəxtdir. Zaman haqda bir az sonra.
Böyük
Şəhriyarın:
Valterin əlindən
qələmini al,
Ona
kamança ver, de, bir hava çal!
Bəlkəm də alıb, çalardı.
Ançaq bəşəriyyət Valtersiz qalardı.
Bu şeir parçasından görünür ki, Valter
anadan ədib və mütəfəkkir kimi doğulubdur. Əgər
valideynləri onu məcburən musiqiyə yönəltsələr,
onda bəşəriyyət Valtersiz qalardı. Hesab etmək olar ki, hansı ailə
uşağın xüsusi qabiliyyətini erkən müəyyənləşdirə
bilirsə və o istiqamətdə övladına təhsil verə
bilirsə, həm övladı qarşısında, həm də
milləti qarşısında üzü ağdır. Milləti kütlə yox, şəxsiyyətlər
ucaldır.
Hər kəs ürəyi istədiyi işin dalınca
getsə, uğurlar çox olar. Yeniyetmə ilə
valideynin arzusu haçalanmamalıdır. Örnək
olaraq bir misal çəkmək istəyirəm:
Bir
neçə il öncə ADDU-nin təşkil
etdiyi elmi konfransda məşhur amerikalı professor məruzəsində
qeyd etdi ki, mənim qızım orta məktəbi qurtaranda
dedi, mən aşbaz olmaq istəyirəm. Biz ona
mane olmadıq. Dedik, istəyirsən, get aşbaz ol.
İxtisas seçimində gənclərin arzusu hökmən
təmin edilməlidir. Belə olanda gənclər sevdiyi
ixtisasın zirvəsinə qalxarlar.
Yəhudilər erkən xüsusi qabiliyyəti müəyyənləşdirib,
uşağı o istiqamətdə inkişaf etdirirlər. Bu səbəbdən
də 15 milyonluq yəhudi xalqının 200-ə yaxın
Nobelçisi var.
Zaman və
Məkan
Cəmiyyətin inkişafı zaman və məkandan kənarda
mümkün deyil. Zaman və məkan məsələsi həyat
fəlsəfəsində mərkəzi yer tutur. Bu baxımından bu anlayışları aydın dərk
etmək lazımdır. Bu kateqoriyalar həyatımız
üçün əsasdır.
Məkanımızı itirə-itirə gedirik. Qeyd etmək kifayətdir ki,
son 100 ildə torpaqlarımız 116 min kv.km -dən 86,6 min
kv.km qədər azalıbdır. Bunun üstə
Qarabağı da gəlsək, vəziyyət daha utancvericidir.
Son yüz ildə 6 dəfə siyasi sistemimiz, yəni
dövlət quruluşumuz dəyişibdir. Bu keçidlərin hər biri bizim üçün
əlavə ağır problemlər yaradıbdır. Bu onu göstərir ki, zaman və məkanı
düz dərk etməmişik, içərisindən
keçdiyin proseslərin subyekti yox, obyekti olmuşuq.
M. Hard və
A. Neqrinin “İmperiya” (ABŞ, 2003) kitabında ABŞ-ın
sıçrayışla inkişafını məhz onun yerləşdiyi
geosiyasi məkanla əlaqələndirilir. Sağ və sol tərəfdən
okeanla əhatə olunan ABŞ-ın paxıl qonşuları
yoxdur. İngiltərə, Danimarka, Yaponiya,
Avstraliya qonşusuz və uğurla inkişaf edən ada
ölkələridir. Azərbaycan çox
mürəkkəb bir məkanda yerləşir. Qonşuların bəziləri hər zaman
inkişafımızı ləngitmək üçün əllərindən
gələni əsirgəməyiblər. Ancaq
biz qonşuları seçə bilmərik. Bu səbəbdən də həyatımızda
zamanın oynaya biləcəyi rola diqqət yetirək.
Türk
imperatorları bir neçə min il ərzində
məkanın potensialından uğurla istifadə etdilər və
min illər boyu Şərq-Qərb məkanının
çox hissəsinə sahib çıxdılar. 1452 -ci ildə
Fateh Sultan Mehmet, dənizin potensialından uğurla istifadə
edərək, üç dənizin ortasında İstanbulu fəth
etdi. M.K. Atatürkün: “İstiqbalımız səmadadır”
- xəbərdarlığı yeni məkan -səmanın fəthinə
ünvanlanmış kəlamdır. Çox təəssüf
ki, bu kəlam vaxtında axıracan dərk olunmadı.
Kosmosa sahib çıxa və kosmos klubunun üzvü ola bilmədi. Bu kəlamı M.
Atatürk söyləyəndə çoxları səmanın
gələcək həyatda oynayacağı rolu dərk
etmirdi. Kosmosa yol nə at belindən, nə
də gəmilərdən keçir. Kosmosa
yol təhsildən və elmdən keçir.
Cəmiyyətin inkişafı zamandan düzgün
istifadə etməkdən asılıdır. Zamanın fəlsəfi
dərki mükəmməldir. Zaman-halətin
(vəziyyətin) dəyişmə nizamıdır. Bircinslilik, kəsilməzlik, biristiqamətlilik,
dövrsüzlük zamanın xassələrindəndir.
Zamanı izləmək üçün bu gün istifadə
etdiyimiz saatlar əsasən Qərbdə icad edilibdir. Zamandan daha
effektli istifadə etmək üçün onlar həm də
sürət maşınları (avtomobil, təyyarə) icad
ediblər. Qərb cəmiyyətlərində
zamana hörmət və qənaət hökm sürür.
Həyat tərzi sanki zaman üzərində
köklənib. Ziyafətlər,
qonaqlıqlar elə təşkil olunur ki, zaman hədər
getməsin. Mehmanxanalarında səhər
yeməkləri elə təşkil edilir ki, zamandan effektiv
istifadə edilsin. Qonaqlar ayaqüstü
bir-biri ilə söhbətləşə, informasiya mübadiləsi
apara bilsinlər.
Müsəlman cəmiyyətlərində vaxtdan-zamandan
israfçılıqla istifadə edilir. Məclislərdə-mərasimlərdə
zamana hörmət edilmir. Baxmayaraq ki, həmişə
mütəfəkkirlərimiz zamana layiqincə qiymət veriblər.
Şərqdə zaman atalar sözü səviyyəsində dəyərləndirilib:
Köçəri
quşlar qayıdacaq,
Solan otlar
göyərəcək,
Ötən
günlər dönməz daha...
Dövlətimizin müstəqilliyini daimi etmək
üçün hər kəs zamanı dərk etməlidir
ki, xoş gələcəyə gedən yolumuzu düz
seçək.
Bizim toy və yas mərasimlərində zaman
sözün əsl mənasında zorlanır. Yas mərasimlərində molla məclisin
anlamadığı dildə oxuyur, ancaq izahat vermir. Məclisin
axırında isə deyir: “Camaat, imkan verin çörəklə
duzu yığışdırsınlar, ondan sonra dura bilərsiniz”.
Hörmətli
molla! Min il öncə bəlkə də
bu qaydaya ehtiyac olubdur. O zamanlar yəqin ki, mərasim
iştirakçıları stolda yox, yerdə otururdular, bu səbəbdən
də çörəyin üstdən keçmək
olmazdı. Çörək indi stolun üzərindədir.
Bizim stolun arxasından keçib getməyimiz bir
tərəfdən zamana hörmət, digər tərəfdən
çörəyin səliqəli yığılması
üçün imkandır. Bir mərasimdə
iştirak edən təqribən 300 nəfərin hərəsindən
5 dəqiqə vaxt almaq bir nəfərin 30 saatına və ya
dörd günlük iş vaxtına bərabərdir. İtirilən bu vaxta heyfiniz gəlmirmi? Biz toy və yas mərasimlərinin təşkilində
Sovet düşüncə tərzindən uzaqlaşmalı,
qonşu dövlətlərin (İran və Türkiyə) ənənələrindən
bəhrələnməliyik. Əgər 100 il öncə bir nəfər həftədə
bir vacib iş görərdisə, indi hər adam gündə
5-6 vacib iş görmək məcburiyyətindədir. Bu səbəbdən də vaxta ehtiyac
böyükdür. Hər kəs zamana qənaət
edən əşya və xidmətə daha çox pul xərcləməyə
hazırdır.
Zamana münasibətə görə insanları iki yerə bölmək olar. Zamanı idarə edənlər və zaman tərəfindən idarə olunanlar. Qənaətimə görə, qərblilər zamanı idarə edirlər, şərqlilər isə zaman tərəfindən idarə olunurlar. Bu qüsurumuza qarşı mübarizə aparmalıyıq. Zamana sahib çıxmaq həyat prinsipinə çevrilməli, mənəvi dəyər səviyyəsinə qalxmalıdır. Bu cür düşünərək hesab edirəm ki, XXI əsrdə tərbiyə deyəndə - zamana hörmət və qənaət basa düşülməlidir.
Zamanı idarə etmək üçün divar və stolüstü təqvimlər, qeyd kitabçıları və cədvəllər düzəldiblər. Hər kəs bu vasitələrlə öz zamanını idarə etməyi bacarmalıdır. Müvəffəqiyyətin, uğurun kökü zamana sahib çıxmaqdadır. Müasir amerikan filosofu Brayan Treysinin fikrincə, vaxt - müasir biznesin valyutasıdır və bilik qədər dəyərli hesab edilir.
Günümüzdən bir misal çəkmək istəyirəm. Qonşu İranın atom proqramı ətrafında gərgin vəziyyət yaranıb. Bu problemin bütün geosiyasi aspektlərinə toxunmadan zaman baxımından məsələyə yanaşsaq görərik ki, gərginliyin səbəbi zamanın seçilməsindədir. Vaxtında (30-40 il öncə) zamana sahib çıxıb, bu işi görsəydi, heç kəs İrana bir söz deməzdi. Necə ki, Pakistana demədilər.
Çox zaman tələbələrimə deyirəm ki, Allah sizə iki qiymətli potensial verib. Biri sağlam bədən, biri isə zaman-vaxtdır. Sağlamlığınız Allahın və sizin, zamanınız isə ancaq sizin əlinizdədir. Zamanınızdan düzgün və məsuliyyətlə istifadə etsəniz gələcəkdə vətənimiz üçün güclü mütəxəssisə çevrilə bilərsiniz. Tələbə həyatını xurcuna bənzətsək, onun bir torbasına istifadə edilmiş vaxt, digər torbasına qazanılmış bilik və vərdişlərdir toplanır. Vaxt tərəf dolu olarsa, o biri tərəf də dolu olar. Zamanı illərlə, günlərlə, saatlarla yox, dəqiqələrlə nəzarətə götürmək vacibdir və bu XXI əsrin sərt tələblərindəndir. Bakı işıqforları artıq saniyə dəqiqliyi ilə işləyir. Zamana belə hörmət həyatımızın hər sahəsində olmalıdır.
Qədim yunan filosofu Böyük Dionisiydən soruşurlar: Sizin sərbəst vaxtınız varmı? - “Yoxdur və qoy heç zaman da olmasın!” - cavabını verir.
(Ardı var)
Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi
525-ci qəzet.- 2015.- 5 sentyabr.- S.27