Azərbaycan ədəbiyyatının dostu

 

 

Özbək-Azərbaycan, Azərbaycan-özbək ədəbi əlaqələrinin min illik keçmişi vardır.  Bu əlaqələrin beşiyi başında Nizami və Nəvai, Füzuli, Nəsimi kimi şairlər durublar. Bu iki xalqın əsrlər boyu davam edən tarixi münasibətləri iki ölkənin istedadlı mədəniyyət xadimlərinin yaradıcılıq əlaqələrində də özünü daim biruzə verib. XX əsrdə Səməd Vurğun və Qafur Qulam, Bəxtiyar Vahabzadə və Cüməniyaz Cabbarov, Nəbi Xəzri və Mirtemir kimi ağsaqqal şairlərimizin dostluğu, yaradıcı həmkarlığı hər iki ədəbiyyat üçün gözəl bəhrələr verib və bugünkü nəsillər haqlı olaraq bununla fəxr edirlər.

 

Özbək sənətkarları müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatının tanınmış  nümayəndələrinin əsərlərini özbək dilinə çevirərək kitab halında nəşr etdiriblər. Vaxtilə Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri kimi məşhur Azərbaycan şairlərinin kitablarının özbək dilində kütləvi tirajla çap edilməsi Özbəkistanın mədəni həyatında böyük hadisə olmuşdu.  Bu ənənə sonrakı dövrlərdə də davam etdirildi. Zatən, böyük əsərlər zaman və məkan baxımından sərhəd tanımır. Ədəbiyyatın əbədiliyi məhz onun bu xüsusiyyəti  ilə əlaqədardır. Müəlliflərin ardıcılları, şagirdləri və ya tədqiqatçıları bu əsərləri başqa zaman və məkanlarda özgə dillərə tərcümə edib gələcək nəsillərə çatdırırlar.

 

Ölməz əsərlər tərcüməçilər sayəsində yenidən həyat tapır. Onlar səhifələrin alt qatlarında gizlənən ilahi sirləri açmaqda bizə kömək edirlər. Tərcümə əsərləri bizi dürlü millətlərin və xalqların həyatı, tarixi, mədəniyyəti, sevinci, dərdi, iztirabı ilə tanış edir.

 

Tərcüməçilər başqa xalqların yaratdığı gözəl ədəbi əsərləri xalqımıza tanıdırlar. Tərcümə sənəti iki mədəniyyəti bir-birinə bağlamaqla dünya mədəniyyətinin  inkişafına xidmət edir. Tanınmış özbək tərcüməşünası Qeybulla Salamov haqlı olaraq yazmışdır: “Tərcümə iki xalqın dilindəki, maddi və mənəvi həyatındakı oxşar, bənzər, müştərək və bərabər cəhətləri axtarmaq deməkdir”.

 

Azərbaycan-özbək ədəbi əlaqələri tarixində iki ölkənin dövlət müstəqilliyi əldə etməsindən sonrakı dövr müstəsna yer tutur. Bu dövrdə həmin əlaqələr daha da çiçəklənmiş, yeni və parlaq mərhələyə qədəm qoymuşdur. Mirəziz Əzəm, Aydın Hacıyeva, Feyzi Şahismayıl, Tahir Qəhhar, Usman Kuçqar, Xasiyyət Rüstəmova kimi mütərcimlər özbək oxucularını Azərbaycan ədiblərinin saysız-hesabsız dəyərli əsərləri ilə tanış etmişlər.

 

Özbək-Azərbaycan ədəbi əlaqələrinin rəvac tapmasında tanınmış alim, naşir və tərcüməçi Babaxan Məhəmməd Şərifin əlahiddə yeri var. O, tanınmış bir alim kimi Türkiyə, Rusiya, Makedoniya, Türkmənistan və başqa ölkələrdə keçirilən elmi simpoziumlarda dərin məzmunlu məruzələrlə çıxış etmişdir. Azərbaycan ədəbiyyatından özbək dilinə tərcümələr edən başqa şəxslərdən fərqli olaraq onun bu sahədəki fəaliyyəti bəzi xüsusiyyətləri ilə seçilir. Babaxan Şərif yalnız mahir tərcüməçi deyil, həm də Azərbaycan ədəbiyyatının Özbəkistandakı ən tanınmış  təbliğatçısı və təşviqatçısıdır. Əvvəla, o, çağdaş Azərbaycan ədəbiyyatı haqqında sanballı ədəbi-tənqidi məqalələr yazmış, onları dövri mətbuatda dərc etdirmiş və özbək oxucusunda maraq oyatmışdır. Bu qəbildənBabaxanın tanınmış Azərbaycan alimi Ramiz Əskər və gənc istedad Pərvin haqqındakı məqalələrini göstərmək olar. Onun “Ədalətin məşəqqətli yolu” məqaləsini məxsusi vurğulamaq istərdim. Bu məqalədə o, XX əsr Azərbaycan ədəbiyyatının aparıcı milli şairlərinin yaradıcılığını ictimai ədalət mövzusunu işıqlandırmaq baxımından geniş şəkildə təhlil etmişdir. O belə yazmışdır: “Keçmiş dövrdə, xüsusən də ötən əsrdə Azərbaycan şairlərinin yaradıcılığına baxdıqda onların ədalətli, azad və hürr həyat mövzusunu işlədiklərini görürük”. Alim bu fikrini Məhəmməd Hadi, Əli Nəzmi, Əhməd Cavad, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Xəlil Rza və başqalarının yaradıcılığını təhlil edərək sübuta yetirmişdir: “Ədalətin yolu hamar deyil, əksinə, cəngəlliklər arasından keçir. Cəngəllik əzabına qatlaşmaq üçün möhkəm etiqad və güclü iradə sahibi olmaq lazımdır. Azərbaycanın həqiqi şairləri məhz belə insanlar idi. Onlar daima öz xalqının dərdini-həsrətini, arzu və ümidlərini qələmə aldılar, bütün şəraitlərdə fikir mübahisələrindən qalib çıxdılar”. Babaxan Şərifin ədalət mövzusuna vurğu etməsi heç də əbəs deyil. O, özbək ədəbiyyatı haqqında yazdığı məqalələrində də ədalət məsələsinə əlahiddə əhəmiyyət verir, ədaləti himayə edir: “Millət azad olmasa, ədalətin bərqərar olması mümkün deyil”.

 

Babaxan Şərif həm ədəbiyyatşünas alim kimi yazdığı məqalələrində, həm də elmi konfranslarda oxuduğu məruzələrində türk xalqlarını sevən, onların tərəqqisi üçün çalışan adam kimi diqqəti cəlb edir.

 

İkincisi, Babaxan Şərif məşhur Azərbaycan ədibləri, alimləri ilə ədəbi söhbətlər keçirib, özbək oxucusunu onların fikirləri ilə tanış etmişdir. Bu baxımdan onun Azərbaycan yazıçılarının rəhbəri Anar müəllimlə, məşhur yazıçı Yunus Oğuzla və türk dünyasında yaxşı tanınan alim Ramiz Əskərlə elmi-ədəbi söhbətlərini misal göstərmək olar. Onun bu müsahibələri Özbəkistanın “Kitab dünyası” qəzetində çap edilmişdir. Məsələn, Anar müəllimlə apardığı müsahibədə o, ədəbiyyatlarımızda peyda olan yeni üslub və yönəlmələrin yaradıcılıq hadisəsi sayılmasını milli psixologiyamıza, ənənələrimizə, əxlaqımıza yad ünsürlərin daxil olması hesab etmiş və ustada belə bir sual vermişdir: “Son vaxtlarda dünya, o cümlədən də türk xalqları ədəbiyyatında bəzi dəyişikliklər baş verdi. Dünya ədəbiyyatının ən yaxşı nümunələrindən təsirlənən, yeni üslub və yönəlmələrlə əsərlər yazan yazıçılar peyda oldu. Bununla birlikdə bəzi gənc yazıçılar keçmiş təsəvvürlərimizə sığmayan ünsürləri (məsələn, kişi və qadın arasındakı sevgi mövzusunu, erotikanı demirəm, erotika ilə pornoqrafiyanın fərqi var) qələmə alarkən açıq-saçıq səhnələri təsvir edirlər. Bu, oxucunu cəlb etməyin yeni yoludur, yoxsa kütləvi Qərb mədəniyyətinə səcdə etməkdir?”

 

Ustad Anarın cavabında minillik tarixə malik ədəbiyyatlarımızın əsas dəyəri yığcam və parlaq şəkildə verilmişdir: “Ədəbiyyat üçün qadağan olunan mövzu yoxdur, hər şey haqqında, o cümlədən, kişi-qadın münasibətləri barədə yazmaq mümkündür. Məsələ hansı məqsədlə necə yazmaqdadır! İstedadlı yazıçı bu məsələlər barədə hər hansı rəzilliyə yol vermədən yaza bilər. Fəqət ehtirasları qıdıqlamaq və ya diqqəti cəlb etmək üçün yazmağın həqiqi ədəbi dəyərlə heç bir əlaqəsi yoxdur...”

 

Müsahibin verdiyi suallardan onun daxili dünyası, ruhi aləmi, bədii-estetik görüşləri haqqında müəyyən nəticə çıxarmaq mümkündür. Babaxan Şərifin öz həmsöhbətlərinə verdiyi suallardan onun ədəbiyyatı, tarixi yaxşı bilən mütəxəssis olduğu dərhal gözə çarpır. Alimin Yunus Oğuzla “Kitab dünyası” qəzetinin 2015-ci il 10 iyun tarixli sayında dərc olunan müsahibəsi buna dəlildir. O, məşhur Azərbaycan yazıçısına Əmir Teymurun həyatı və fəaliyyəti haqqında suallar verəndə Nizaməddin Şəmi, Şərafəddin Əli Yəzdi, İbn Ərəbşah, İbn Xəldun kimi tanınmış müvərrixləri unutmadı. Oxucuya çox da tanış olmayan mənbələri, hazırda unudulan müəllifləri də xatırlatdı. O cümlədən, Əmir Teymur haqqında tarixi əsərlər yazan Şiltilberger, Səlahəddin Daşkəndi, fransız alimi K.d'Osson, R.Rəhmanəliyev kimi ədibləri də yada saldı. Sonuncu iki müəllifi Özbəkistanın geniş oxucu kütləsi, hətta bəzi tarixçilər də yaxşı tanımırlar. Babaxan bu barədə Azərbaycanın məhdud dairədəki alimlərinə məlum olan bir əsəri, M.S.Ordubadinin Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanan “İldırım Bəyazid və Teymur” pyesini xatırlatdı. Bu biz özbək alimləri üçün də yenilik oldu.

 

Üçüncüsü, Babaxan Şərifin naşirlik fəaliyyətində Azərbaycan ədiblərinin əsərlərinin nəşri əlahiddə yer tutur. O, 2013-cü ildə Daşkənddə “XX əsr Azərbaycan şeiri antologiyası” nəşr etmişdir. Antologiyanı ərsəyə gətirməkdə ona professor Ramiz Əskər və AZƏRTAC-ın Özbəkistandakı müxbiri Qulu Kəngərli yaxından kömək etmişlər. Azərbaycan alimi Ramiz Əskərlə dostluq və əməli həmkarlıq hər iki ədəbiyyat üçün yaxşı meyvələr vermişdir. Babaxan Şərif 2009-cu ildə Ramiz Əskərlə birlikdə Bakıda “XX əsr özbək şeiri antologiyası” çap etdirmişdi. Bu iki antologiya son iyirmi ildə Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik olmuşdur. Müəllif “XX əsr Azərbaycan şeiri antologiyası”na yazdığı müqəddimədə ədəbiyyatın cəmiyyət həyatındakı əhəmiyyəti, qədim köklərə malik olan böyük Azərbaycan ədəbiyyatı, xüsusən də bu milli ədəbiyyatın qabaqcıl nümayəndələrinin yaradıcılığındakı  ən mühüm qayələri bədii-estetik cəhətdən təhlil etmişdir. Ümumən, müəllifin həmin giriş məqaləsi antologiyanın mahiyyətini və bədii niyyətini dolğun şəkildə əks etdirir. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının parlaq nümayəndələri olan Əli Nəzmi, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Mikayıl Müşfiq və başqalarının yaradıcılığında maarifpərvərlik, azadlıq, ədalət, istiqlal qayələri çox bariz şəkildə idi. Bu isə istər-istəməz XX əsrin əvvəllərindəki özbək şairləri Behbudi, Çolpan, Fitrət, Münəvvər Qarinin yaradıcılığını yada salır. Deməli, buradan belə bir nəticə çıxara bilərik ki, özbək-Azərbaycan ədəbi əlaqələrini, müəyyən ədəbi-ictimai dövrün ədəbiyyatını müqayisəli, tipoloji, ədəbi təsir problemləri ilə birlikdə, dövrləşdirərək poetik obraz, üslub və sənətkarlıq nöqteyi-nəzərindən öyrəndikdə iki xalqa xas ədəbi,  ictimai-siyasi, mənəvi-əxlaqi həyatdakı bir sıra bənzərliklər və fərqliliklər müşahidə edilir.

 

Dördüncüsü, Babaxan Şərif Azərbaycan dilini öyrətməyə də mühüm töhfə vermişdir. O, 2014-cü ildə Daşkənddə nəşr edilən “Azərbaycanca-özbəkcə danışıq kitabı”nın müəlliflərindən biridir.

 

Beşincisi, Babaxan Şərif təşkilatçı olaraq Azərbaycan ədəbiyyatını təbliğ və təşviq etmədə səmərəli fəaliyyət göstərir. O, Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində yaradılan Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən bütün mədəni tədbirlərdə fəal iştirak etməklə qalmır, özü də belə tədbirlər keçirməyə çalışır. Məsələn, onun səyi və təşəbbüsü ilə 2014-cü ilin 12 fevralında Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan ədəbiyyatı özbək dilində” mövzusunda elmi simpozium təşkil edilmişdir. Simpoziumda Özbəkistanın tanınmış alimləri, dövlət adamları, ictimai xadimləri, yazıçıları, tərcüməçiləri iştirak etmiş, elmi məruzələr oxumuşlar.

 

Altıncısı, Babaxan Şərif Azərbaycan ədəbiyyatının mahir tərcümanı kimi də tanınır. Özbək oxucusu onun tərcüməsində Pərvinin hekayələrini, Adil Cəmilin şeirlərini ana dilində oxumaq imkanı tapmışdır. Bundan başqa, o, Elmira Axundovanın Azərbaycanın mərhum prezidenti Heydər Əliyev haqqındakı əsərini də özbəkcəyə tərcümə etmişdir. Xüsusi qeyd etmək lazımdır ki, Babaxan Şərif Oleq Kuznetsovun “Qarabağ münaqişəsi haqqında həqiqət” kitabını rus dilindən özbəkcəyə çevirmişdir. Əlbəttə, hər bir tərcümə əsəri yalnız tərcüməçinin deyil, həm də dövrün məhsuludur. Tərcümə sənəti böyük bilik, iki-üç dili dərindən bilməyi, həm də bu xalqların ruhi-mənəvi dünyasını, tarixini, milli örf-adət və ənənələrini, iqlimini, mədəniyyətini yaxından bilməyi tələb edir.

 

Babaxan Şərif Azərbaycan şairi Adil Cəmilin “Avtoportret”, “Bir gün qiyamət var”, “Vətən mənə qürbət oldu” şeirlərini sadəcə özbəkcələşdirməyib. Əvvəla, Adil Cəmilin şeirlərində dərd var, fikir var. Hətta onun şeirlərində türkmən şairi Məxtumqulunun, klassik özbək şairi Yəsəvinin ahəngləri sezilir.  Bu cəhətdən o bizə çox yaxındır. Tərcüməçi Azərbaycan şairini özbək dilində ustalıqla “danışdırmışdır”.

 

Zira, dilsiz tərcümə etmək mümkün olmadığı kimi, sadəcə dili bilmək də tərcümə üçün yetərli əsas sayıla bilməz. Babaxan Şərif tərcümə cərəyanında mühüm olanı mühüm olmayandan ayıran, yazıçı konsepsiyasını dərindən anlayan mütərcimdir. O, gənc istedad Pərvin haqqında yazdığı “Pərvin - Azərbaycan ədəbiyyatının ümidi” məqaləsində bədii tərcümə, tərcüməçilik sənəti haqqında dərin və diqqətəlayiq fikirlərini ortaya qoyaraq qeyd edir: “Zatən tərcüməyə girişməzdən əvvəl əsəri diqqətlə oxumaq, onun xalqa bir şey verib-verməyəcəyini anlamaq, sonra işə başlamaq gərək. ...Əsas etibarı ilə, istedadlı mütərcim belə əsəri tərcümə etməkdən zövq alır, mənəvi rahatlıq tapır. “Şeir tərcümanı müəllifin rəqibi, nəsr mütərcimi müəllifin quludur” şəklində bir söz vardır. Bu sözü doğru saymaq olmaz. Mahir nəsr tərcümanı da orijinalın müəllifi ilə rəqabətə girə bilər, onu öz dilində bülbül kimi ötdürə bilər. Zatən, tərcümə - sənətdir. Özgə dili bilmək özlüyündə yetərli deyil, öz dilinin bütün imkanlarını işə salmaq, gözəl ifadələri müqabil şəkildə işlətmək qayət mühümdür”. Ustadın tərcümələrinə baxaraq onun bu qaydalara qəti şəkildə əməl etdiyinin şahidi oluruq.

 

Biz yuxarıda alim, naşir, mütərcim Babaxan Şərifin təqdir və təhsinə layiq fəaliyyətinin əsas istiqamətlərinə qısaca toxunduq. Ustad öz coşğun fəaliyyəti ilə biz gənclərə örnək olmaqda davam edir və bu fəaliyyət özbək-Azərbaycan ədəbi əlaqələrinin inkişafında yeni-yeni uğurlara imza atır.

 

(Özbəkcədən çevirən: Ramiz Əskər)

 

Gülnaz SƏTTAROVA

Filologiya elmləri namizədi, Özbəkistan Elmlər Akademiyası Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi

525-ci qəzet.- 2015.- 5 sentyabr.- S.24-25